Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-501/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi X5 Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06.09.2021-ci il tarixli, 2-1(112)-5824/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi X5 Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni 05.06.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən, güzəştli iş stajının isə 12 il 06 aydan çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun ümumi və güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən aşağı olduğunu qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və arxiv arayışları mövcuddur. Bakı İnzibati Məhkəməsinin 06.09.2021-ci il tarixli, 2-1(112)-5824/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 06.09.2021-ci il tarixli, 2-1(112)-5824/2021 saylı qərarının ləğv edilməsi, iddiaçının 03.11.1980-ci ildən 31.12.1981-ci ilə kimi Cəlilabad rayon X3 Məntəqəsində baytar sanitarı vəzifəsində işlədiyi illərin, 01.09.1980-ci ildən 03.12.1980-ci ilə kimi Cəlilabad rayon Səməd Vurğun adına üzümçülük sovxozunda fəhlə peşəsində işlədiyi illərin, 1982-ci ildən 1989-cu ilə qədər Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunda “Əlvan metalların metallurgiyası” ixtisası üzrə təhsil aldığı illərin, 08.05.1983cü ildən 17.05.1985-ci ildə kimi həqiqi hərbi xidmətdə olduğum illərin, 01.09.1989-cu ildən 09.09.1992-ci ilə kimi "xxxx" Dövlət Şirkətinin İstehslat-Təmir Müəssisəsinin Qaynaq və X2 üzrə Mərkəzi Laboratoriyasında metalşunas-mühəndis vəzifəsinə işlədiyi illərin, 09.09.1992-ci ildən 15.05.2002-ci ilə kimi "xxxx" Dövlət Şirkətinin İstehslat - Təmir müəssisəsinin Bakı Qazan-Mexaniki sexinin tökmə qrupuna usta vəzifəsində işlədiyi illərin, 16.05.2002-ci ildən 04.11.2002-ci ilə kimi "xxxx" MMC-nin X1 X4 Sahəsində usta vəzifəsində işlədiyi illərin və 04.11.2002-ci ildən hal-hazıra kimi AZPETROL NEFT ŞİRKƏTİ” MMC də Yanacaq doldurma məntəqəsində növbə rəisi vəzifəsinə işlədiyi illərin onun sosial sığorta stajına daxil olmaqla güzəştli şərtlərlə təqaüdünün təyin edilməsi vəzifəsini AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X5 Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı malik olduğu ümumi stajına uyğun pensiya təyin olunmasını xahiş etməsinə baxmayaraq iddiası təmin olunmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 06.09.2021-ci il tarixli, 2-1(112)-5824/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında və arxiv arayışında olan qeydlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı: -01.09.1989-cu il tarixdə "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir müəssisəsinin Qaynaq və X2 üzrə mərkəzi laboratoriyasında metalşünas-mühəndis işinə qəbul olunmuş, 09.09.1992-ci il tarixdə Bakı Qazan-Mexaniki sexinin tökmə qrupuna usta işinə keçirilmiş, 01.06.1994-cü il tarixdə həmin sahəyə rəis vəzifəsinə təyin edilmiş və 15.05.2002-ci ildə öz xahişi ilə işdən azad edilmiş (12 il 08 ay 15 gün); -16.05.2002-ci il tarixdən 04.11.2002-ci il tarixədək "xxxx" MMC-nin Ehtiyat Hissələrinin hazırlanması sexinin Mexaniki Yiğma sahəsində usta vəzifəsində işləmiş (05 ay 20 gün); -04.11.2002-ci il tarixdən 01.12.2004-cü il tarixədək "xxxx" MMC-də yanacaq doldurma məntəqəsində növbə rəisi vəzifəsində işləmiş (02 il 28 gün); -01.12.2004-cü il tarixdən 15.05.2020-ci il tarixədək "xxxx" MMC-də yanacaq doldurma məntəqəsində növbə rəisi vəzifəsində işləyir (01.01.2006-cı il tarixədək 01 il 01 ay 01 gün). Məhkəməyə təqdim olunmuş arxiv arayışlarına əsasən iddiaçı “Səməd Vurğun adına” Sovxozun 4 №-li üzümçülük briqadasında fəhlə və Cəlilabad rayonu Əliqasimli baytar sahə məntəqəsində baytar sanitarı vəzifəsində işləmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsini, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasının 13-cü maddəsini, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndini, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsini, 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməni, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndini tətbiq etməklə belə qərara gəlmişdir ki, İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən də müəyyən olunur ki, xx.xx.1963-cü il təvəllüdlü iddiaçının 57 yaşı 01.07.2017-ci il tarixdən sonra, 05.06.2020-ci il tarixdə tamam olmuşdur. Beləliklə, iddiaçı 01.07.2017-ci il tarixədək 57 yaşına çatmadığından ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə yanaşı, 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən də 57 yaşdan güzəştli şərtlərlə pensiya təyini istisna olunur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün 01.01.2006-cı il tarixədək iddiaçının 25 ildən çox ümumi iş stajı olmalı və iddiaçı bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 1982-ci ilin sentyabr ayından 29.06.1989-cu il tarixədək Azərbaycan Respublikası Politexnik İnstitunda oxumuşdur. Lakin, iş materiallarında olan diplomun və hərbi biletin müqayisəli təhlilindən görünür ki, iddiaçı 08.05.1983-cü il tarixdən 17.05.1985-ci il tarixədək hərbi xidmətdən keçmişdir. Təhsil və hərbi müddətinin üst-üstə düşməsi təkzib olunmaz hal olduğundan, birinci instansiya məhkəmsi “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsini rəhbər tutmuşdurur. Həmin maddənin müddəalarına görə sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Hazırki iddia üzrə iddiaçı birinci instansiya məhkəsində icraat zamanı əmək fəaliyyətini əhatə edən dövrün nəzərə alınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə iddiaçının seçimi əsasında təhsil müddətini nəzərə almışdır. Eyni zamanda iddiaçı 01.09.1989-cu il tarixdə "xxxx" Dövlət Şirkətinin İstehsalat- Təmir müəssisəsinin Qaynaq və X2 üzrə mərkəzi laboratoriyasına metalşünas-mühəndis işinə qəbul olunmuş, 09.09.1992-ci il tarixdə Bakı Qazan-Mexaniki sexinin tökmə qrupuna usta işinə keçirilmiş, 01.06.1994-cü il tarixdə həmin sahəyə rəis vəzifəsinə təyin edilmiş və 15.05.2002-ci ildə öz xahişi ilə işdən azad edilmiş; (12 il 08 ay 15 gün) 16.05.2002-ci il tarixdən 04.11.2002-ci il tarixədək "xxxx" MMC-nin Ehtiyat Hissələrinin hazırlanması sexinin Mexaniki Yiğma sahəsində usta vəzifəsində işləmiş; (05 ay 20 gün) 04.11.2002-ci il tarixdən 01.12.2004-cü il tarixədək "xxxx" MMC-də yanacaq doldurma məntəqəsində növbə rəisi vəzifəsində işləmiş; (02 il 28 gün) 01.12.2004-cü il tarixdən 15.05.2020-ci il tarixədək "xxxx" MMC-də yanacaq doldurma məntəqəsində növbə rəisi vəzifəsində işləyir. (01 il 01 ay 01 gün-01.01.2006-cı il tarixədək) İddiaçının sovxozda işlədiyi dövrə münasibətdə isə qeyd olunmalıdır ki, arxiv arayışında iddiaçının 01.09.1980-ci il tarixdən 03.12.1980-ci il tarixədək işlədiyi göstərilsə də, həmin dövrun yalnız 01.09.1980-03.11.1980 hissəsi ümumi sığorta stajına daxil edilməlidir. Belə ki, arxiv arayışına əsasən iddiaçı dekabr ayı üzrə əmək haqqı almamış, həmçinin, 03.11.1980-31.12.1981-ci il dövrlərdə iddiaçı artıq Cəlilabad rayonu Əliqasimli baytar sahə məntəqəsində baytar sanitarı vəzifəsində işləmişdir. Belə olan halda, məhkəmə iddiaçının sovxozda işlədiyi müddətin 01.09.1980-03.11.1980-ci ili əhatə etdiyi qənaətinə gəlir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az olmaqla 24 il 6 ay 06 gün (01.09.1980-31.12.1981; 01.09.1982-29.06.1989; 01.09.1989-15.05.2002; 16.05.2002-01.01.2006) təşkil edir. İşin xarakteri haqqında arxiv arayışında iddiaçının güzəştli pensiya üçün nəzərdə tutulmuş iş stajının 12 il 06 aydan (13 il 02 ay 03 gün) çox olduğu göstərilmiş, məhkəmə sorğusuna cavab məktubunda isə bunun əksi, yəni stajın 10 il 01 ay 25 gün olduğu qeyd olunmuşdur. Məhkəmə hər iki arayışı iddiaçının əmək fəaliyyəti göstərdiyi dövrlər ilə birgə təhlil etdikdə müəyyən edir ki, iddiaçının güzəştli iş stajına yalnız 09.09.1992-04.11.2002ci il dövrü daxil edilir ki, həmin dövrdə iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li Siyahısının Xİİİ fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000b-23362 saylı şifrəsinə əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustaların və 2140000b-24125 saylı şifrəsinə əsasən isə rəislərin işi vəzifəsinə uyğun olmuşdur. İlkin arayışda iddiaçının 01.09.1989-cu il tarixdən 09.09.1992-ci il tarixədək "xxxx" Dövlət mərkəzi laboratoiyasında metalşünas-mühəndis vəzifəsində işlədiyi dövr nəzərə alınmışdır ki, həmin vəzifə ümumiyyətlə güzəştli pensiya hüququ verən Siyahıda nəzərdə tutulmamışdır. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçının 01.09.1989-cu il tarixdən 09.09.1992-ci il tarixədək "xxxx" Dövlət mərkəzi laboratoiyasında işlədiyi “metalşünas-mühəndis” vəzifəsinin zərərli olmamasını təsdiq edən digər arqument odur ki, həmin vəzifə həmçinin “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin” Siyahısında belə nəzərdə tutulmamışdır. Qeyd olunan hallar ona dəlalət edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 10 il 01 ay 25 gün təşkil etmişdir ki, bununla da güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajı ilə bağlı şərtin ödənilməməsi ilə yanaşı, həmçinin güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olmadığından onun barəsində hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun tətbiq olunmalıdır. İddiaçı 01.07.2017-ci il tarixədək 57 yaşına çatmadığından ona 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən də 57 yaşdan güzəştli şərtlərlə pensiya təyini istisna olunur. Beləliklə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün iddiaçı hazırda qüvvədə olan qanunvericiliyə uyğun olaraq 60 yaşına çatmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı ilmuş, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06.09.2021-ci il tarixli, 2-1(112)-5824/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-501/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-501/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver