Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-501/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(112)-173/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Dövlət Gömrük Komitəsinin 1000/1421S saylı 09 dekabr 2019-cu il tarixli Əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunmasının cavabdehin üzərinə vəzifə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/1421Ş saylı 09 dekabr 2019-cu il tarixli əmrinin ləğv olunması, İddiaçı əvvəlki işinə bərpa olunması, bərpa olunduğu dövrədək olan müddətdə aylıq əmək haqlarının hesablanaraq ödənilməsi və həmin dövrün qulluq stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh inzibati orqanın tabeliyində 2005-cü ildən müxtəlif yerlərdə və vəzifələrdə çalışmışdır. Cavabdehin 1000/1421Ş saylı 09 dekabr 2019-cu il tarixli Əmri ilə iddiaçı işdən çıxarılaraq sərəncama götürülmüşdür. İddiaçı cavabdeh inzibati orqanın bu əmrini-inzibati aktını özü üçün əlverişsiz inzibati akt və qanunsuz hesab edir. “Gömrük orqanlarında xidmət haqqında” əsasnamədə Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar nəzərdə tutulub. Onun işdən çıxmağına əsas kimi istinad edilən həmin əsasnamənin 120-ci maddəsinin 4-cü hissəsində deyilir ki, təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə. Həmin Əsasnamənin 127-ci maddəsinə əsasən Gömrük orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan gömrük orqanının vəzifəli şəxsinin həmin qərardan Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanına və (və ya) məhkəməyə şikayət vermək hüququ vardır. 124. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-6-cı bəndlərində nəzərdə tutulan əsaslarla xitam verildikdə, onlara xidmət illərindən asılı olaraq aşağıda göstərilən miqdarda birdəfəlik müavinət verilir; 1) 10 ilə qədər - aylıq vəzifə maaşının 5 mislində; 2) 10 ildən 15 ilə qədər - aylıq vəzifə maaşının 10 mislində; 3) 15 ildən 20 ilə qədər - aylıq vəzifə maaşının 15 mislində; 4) 20 ildən yuxarı - aylıq vəzifə maaşının 20 mislində. Xidmət dövründə dövlət təltifləri olan gömrük orqanlarının vəzifəli şəxslərinə verilən birdəfəlik müavinətin məbləği iki aylıq vəzifə maaşı miqdarında artırılır. İddiaçı məzuniyyətdə ola-ola işdən çıxarılması qanunsuz hesab edir. Heç bir ixtisar olmadan onu çıxardıb yerinə başqa adamlar götürüblər. Ailədə tək qazanc gətirəndir 2 övladı var. Mübahisənin başqa həlli mövcud olmadığı üçün mübahisələndirmə haqqında iddia vasitəsi kimi inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsi haqda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair yazılı etirazda göstərmişdir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin gömrük orqanlarında xidmətinə xitam verilə bilər. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirləri Komitə sədrinin diskresion səlahiyyətlərinə aiddir və gömrük əməkdaşlarının ixtisaslarına, bacarıqlarına uyğun ştatlar üzrə vəzifələrə yerləşdirilməsi, o cümlədən Dövlət Gömrük Komitəsinin şəxsi heyətinin daha təcrübəli, işgüzar, peşəkar və gömrük xidmətində istifadə olunan texnika və ya informasiya texnologiyaları sahəsi üzrə yüksək biliyə və təcrübəyə malik əməkdaşlar hesabına komplektləşdirilməsi məqsədilə əməkdaşların tutduqları vəzifələr üzrə ştat vahidlərinin hərəkəti (bir ştat vahidinin bir struktur bölməsindən digər struktura verilməsi, eləcə də əməkdaşların ştat vahidi ilə birlikdə digər struktur bölməsinə keçirilməsi və.s) Komitədə mütəmadi surətdə təşkilatı-ştat tədbirləri olaraq həyata keçirilir. Komitənin 2019-cu il 09 sentyabr tarixli 1000/1092ş nömrəli əmri ilə Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunun baş inspektoru Ağayev X1 50-ci maddəsinə əsasən (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar) Komitənin sərəncamına götürülmüş və sərəncamda qalma müddəti ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 9 dekabr tarixli 1000/1421 ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər bir iddianın hüquqi cəhətdən yoxlanılması mümkünlük və əsaslılılq olmaqla iki hissəyə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi- hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmasını aparmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı hazırki iddia tələbi ilə bağlı cavabdehə müraciət etməmişdir. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət olunan zaman hazırki tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(112)-173/2022 saylı qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019cu il tarixli 1000/1421Ş nömrəli əmrinin ləğv olunması, İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və həmin müddətin iş stajına hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, iddiaçının iddiasındakı ilk tələbi “əvvəlki iş yerinə bərpa edilmə” ilə bağlıdır ki, bununla əlaqədar məhkəmə orqanlarında mübahisələndirilən inzibati aktın qanuniliyi Bakı İnzibati Məhkəməsində məhkəmə tərəfindən formal-hüquqi baxımdan yoxlanılarkən həmin aktda “İnzibati icraat haqqında” Qanunun 58-ci (inzibati akta dair ümumi tələblər) və 61-ci (inzibati aktın əsaslandırılması) maddələrinin icraatla bağlı tələblərinə əməl olunduğu müəyyən olunmuşdur. Eyni zamanda mübahisələndirilən əmr maddi-hüquqi baxımdan da qanunidir, çünki qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarının tələbləri Dövlət Gömrük Komitəsi tərəfindən gözlənilmişdir. İş materiallarında öz əksini tapan və Komitə tərəfindən məhkəməyə sübut qismində təqdim olunan sənədlərdən, eyni zamanda eyni məzmunlu sorğular əsasında dəfələrlə təqdim edilmiş məlumatlardan da göründüyü kimi Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edilmişdir. Eyni zamanda Komitə tərəfindən istər məhkəməyə təqdim edilən etirazlarda, istərsə də məhkəmə tərəfindən verilmiş sorğulara əsasən təqdim edilmiş cavablarda Komitə üzrə təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) yuxarıda qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmrin (sərəncamın, qərarın) qəbul edilmədiyi, eyni zamanda Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsində nəzərdə tutulmuş təşkilati-ştat tədbirlərinin də Komitə sədrinin diskresion səlahiyyətlərinə aid olduğu bir neçə dəfə vurğulanmışdır. Dövlət Gömrük Komitəsində mütəmadi surətdə təşkilatı-ştat tədbirləri olaraq struktur bölmələrinin funksiyaları daim təhlil edilir, onların optimallaşdırılması üzrə vaxtında tədbirlər görülür, işin nəticələrinə görə fərdi məsuliyyət daşımaları ilə əlaqədar əməkdaşların müstəqilliyinin inkişaf etdirilməsi üzrə tədbirlər həyata keçirilir, kadrların rotasiyası üzrə təkliflər hazırlanır, kadrlarla iş praktikasına onların şəxsi keyfiyyətlərini qiymətləndirilməyin müasir metodları və metodikaları tətbiq edilir. Bütün qeyd olunanlar nəzərə alınmaqla gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının 1999cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə Komitənin sərəncamında saxlanıla bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, gömrük orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsindən, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədən və gömrük orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı - “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1421Ş nömrəli əmrinin ləğv olunması, İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-501/2023 saylı, 27 yanvar 2023-cü il tarixli qərardadı ilə iddia tələbi “iddiaçının xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddətin iş stajına hesablanması” hissəsində mümkün sayılmamışdır. İddiaçı 064ş saylı əmrlə xx.xx.2005-ci il tarixindən Biləsuvar Gömrük İdarəsinin yük şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, 100/546ş saylı, xx.xx.2012-ci il tarixli əmrə əsasən həmin tarixdən İdarənin “Qoşa təpə” gömrük postunun inspektoru vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli, 100/490ş nömrəli əmrlə həmin tarixdən həmin gömrük postunun böyük inspektoru vəzifəsinə keçirilmiş, 100/728ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixindən Bakı Baş Gömrük İdarəsi Yol Vergiləri şöəsinin inspektoru vəzifəsinə keçirilmiş, 100/979ş saylı xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən Baş İdarənin maliyyə-tarif şöbəsinin baş inspektoru vəzifəsinə keçirilmiş, 100/1182ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən xx.xx.2018-ci il tarixindən Komitənin sərəncamına götürülmüş, 100/1185ş saylı, xx.xx.2018-ci il tarixli əmrə əsasən həmin tarixdən Bakı Baş Gömrük İdarəsi İpək yolu gömrük postunun baş inspektoru vəzifəsinə təyin edilmiş, 1000/1092ş saylı xx.xx.2019-cu il tarixli əmrlə həmin tarixdən Komitənin sərəncamına götürülmüşdür. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin “Xidmətə xitam verilməsi haqqında” 1000/1421Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinə əsasən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə İddiaçı xidmətinə xx.xx.2019-cu il tarixdən xitam verilmişdir. Cavabdeh inzibati orqan hazırkı iddia tələbi ilə mübahisələndirilən əmri “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü (“təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə”) bəndi ilə əsaslandırmışdır. “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 1000/1421Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinə dəyişiklik edilməsi haqqında” Komitənin 2021-ci il 19 fevral tarixli 1000/151ş nömrəli əmrinə əsasən Dövlət Gömrük Komitəsinin 1000/1421Ş nömrəli xx.xx.2019-cu il tarixli əmrinin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözləri çıxarılmışdır. Beləliklə, göründüyü kimi iddiaçının gömrük orqanlarında xidmətinə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən “təşkilati ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmaması” səbəbi ilə xitam verilmişdir Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 50-ci maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Həmin Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyri-mümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. Həmin Əsasnamənin 128-ci maddəsinə əsasən gömrük orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının qərarı və ya qüvvəyə minmiş məhkəmə qərarıdır. Gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir. Həmin Əsasnamənin 130-cü maddəsinə əsasən xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası olan əmək haqqı ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə “təşkilati-ştat tədbirlərin keçirilməsi” gömrük xidmətinə xitam verilməsinə əsas kimi göstərilsə də, həmin təşkilati-ştat tədbirlərinin nədən ibarət olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Komitədə əvvəlcədən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə bağlı ayrıca əmrin verilməsi ilə bağlı da cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin, qanunvercilikdə təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyrimümkün olması və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxsin imtina etməsi ilə şərtləndirilmişdir. Hazırkı halda mübahisələndirilən əmr qəbul edilərkən əmrdə hər iki şərt (digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə) qeyd edilsə də, daha sonra inzibati orqan tərəfindən “və ya həmin vəzifədən imtina etdikdə” sözləri mübahisələndirilən əmrdən çıxarılmışdır Birinci instansiya məhkəməsi tərəfindən Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə verilmiş xx.xx.2021-ci il tarixli 1000-210/2xx-xx/016109 nömrəli və xx.xx.2022-ci il tarixli 1000-210/2xx-xx/002250 nömrəli cavab məktublarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatının strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə məxfi qaydada təsdiqlənmiş və yalnız xidməti istifadə üçün nəzərdə tutulmuşdur. Komitənin 2019-cu il 9 sentyabr tarixli 1000/1092Ş nömrəli əmri ilə sərəncamda olan İddiaçı sərəncamda olduğu müddət sorğu etdiyiniz (xx.xx.2019- xx.xx.2020) tarixləri deyil, xx.xx.2019-09 12 2019-cu il tarixlərini əhatə edir və göstərilən tarixlərdə Komitənin Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postunda, o cümlədən gömrük orqanlarında orta rəis heyəti üzrə vakant vəzifələr mövcud olmamış və bu səbəbdən də həmin tarixlərdə Bakı Baş Gömrük İdarəsinin İpək yolu gömrük postuna həmin heyət üzrə işə qəbul həyata keçirilməmişdir. xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində gömrük orqanlarında müvafiq vakant ştat vahidləri olmamış, bu səbəbdən də gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar Komitənin informasiya ehtiyatında, eyni zamanda digər kütləvi informasiya vasitələrində elan verilməmişdir. Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəlinin dövri nəşr olunmadığını, həyata keçirilən ştat tədbirləri ilə bağlı həmin cədvəlin elektron qaydada daima yeniləndiyini nəzərə alaraq sorğuda qeyd olunan tarixlər üzrə məlumatların əldə edilməsi, nəşr olunması faktiki olaraq imkan xaricindədir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının sərəncamda olduğu müddətdə ona hər hansı vakant ştat təklif etməsinə dair, həmçinin həmin müddət ərzində iddiaçının digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasına dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, yəni iddiaçının sərəncamda olduğu müddətdə ona hər hansı vakant ştat təklif edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, həmçinin həmin müddət ərzində iddiaçının digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasına dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, mübahisələndirilən inzibati akt ləğv olunmalıdır. Kollegiya qeyd edir ki, iddia tələbinin iddiaçının xidmətinə xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli 1000/1421Ş nömrəli əmrin ləğv edilərək əvvəlki iş yerinə bərpa edilməsi hisssinin maddi-hüquqi əsasını “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin “Gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə xitam verilməsi üçün əsaslar” adlı 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndi təşkil edir. Belə ki, gömrük orqanlarının vəzifəli şəxslərinin xidmətinə bu maddədə təsbit olunan 13 halda xitam verilə bilən hallardan biri kimi 4-cü bəndə istinad olunaraq, gömrük orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi, yəni bu bəndin dispozisiya şərtlərinə əməl olunması üçün: 1) vəzifəli şəxsin xidmətinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilməlidir; 2) bu əsasla xitam verilmə, bir halda, vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsinin qeyri-mümkün olması ilə bağlı olmalı; 3) digər halda isə, vəzifəli şəxs ona təklif olunan hər hansı belə vəzifəyə keçirilməkdən imtina etməlidir. Sözügedən normanın dispozisiya şərtlərindən üçüncüsünə iş üzrə əməl olunmaması, yəni iddiaçıya bu məqsədlə hər hansı alternativ vəzifənin təklif olunmaması işin mübahisəsiz halıdır. Cavabdeh orqan tərəfindən iddiaçının xidmətinə xitam verilməsi barədə əmrdə əsaslanan halları, yəni təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsinin mümkün olmamasını sübuta yetirə bilməmişdir. Eyni zamanda, sərəncamda olduğu müddətdə iddiaçıya hər hansı bir vəzifənin təklif olunması və ya həmin vəzifədən iddiaçı tərəfindən imtina olunması haqqında da sübut yoxdur. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1421Ş nömrəli əmri ləğv olunduğundan, birinci instansiya məhkəməsi İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunması, ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir. Belə ki, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə də xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət gömrük orqanlarında xidmətə bərpa edilmiş gömrük orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edildiyi və bu müddət üçün çatası olan əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1421Ş nömrəli əmrinin ləğv olunması, İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2-1(112)-173/2022 saylı qərarı-“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000/1421Ş nömrəli əmrinin ləğv olunması, İddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-501/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-501/2023
27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver