Məhkəmə qərarları › İş №2-1(103)-501/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-501/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-501/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X16 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X8 və X15 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7541/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1980-ci il təvəllüdlüdür. İddiaçı “sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü"nün xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək (yəni övladı X7 18 yaşı tamam olan tarixədək) olan dövr üzrə ödənilməsi qərara alınmışdır. X9 18 yaşı tamam olan tarixdən (xx.xx.2023-cü il tarixdən) dərhal sonra xx.xx.2023cü il tarixdən Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 100 faiz) əlillik müəyyən edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3356/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamından görünür ki, İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş X7 üzərində qəyyum təyin edilməsi haqqında ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı Xəzər Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş övladı xx.xx.2005-ci il təvəllüdlü X7 üzərində qəyyum təyin olunması üçün İddiaçı müraciəti əsasında toplanılmış sənədləri, Xəzər Rayon Məhkəməsinin 2(003)-3356/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini, Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli qərarını və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 33.4-cü maddəsi rəhbər tutularaq İddiaçı Xəzər Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.2005-ci il təvəllüdlü X7 üzərində qəyyumluğunun təyin edilməsi, Qəyyum təyin edilən şəxs İddiaçı bundan sonra qəyyumluğunda olacaq X7 hüquq və mənafelərinin qorunması tapşırılması, Qəyyumluqda olan X7 yaşayış yeri dəyişdirildikdə İddiaçı mütləq qaydada Xəzər Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik komissiyasına məlumat verilməsi vəzifəsi tapşırılmışdır. İddiaçıya övladı X7 18 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən onun Xəzər Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyi tarixədək Prezident təqaüdü verilməmişdir. Bununla bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-39149/2024 nömrəli Prezident təqaüdünün ötən dövr üzrə ödənilməsinin mümkün olmaması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına əsasən 2019-cu ilin aprelin 1-dən “Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə” Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Sözügedən Qaydanın 2.2.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti təqdim olunmalıdır. Bildirilmişdir ki, orqanizmin funksiyalarının 81-100 aiz pozulmasına görə əlilliyi müəyyən edilmiş X4 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3356/2023 saylı qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən və Xəzər rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə xx.xx.2024-cü il tarixindən fəaliyyət qabiliyyəti olmayan Həmin Hüseynov üzərində qəyyum təyin edildiyinizdən Sizə həmin tarixdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Qeyd olunanlara əsasən qəyyumluq xx.xx.2024-cü il tarixdən verildiyindən ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, oğlu xx.xx.2005-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində 18 yaşına çatması ilə iddiaçının Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə oğlu üzərində qəyyum təyin edildiyi xx.xx.2024-cü il tarixi arasındakı aralıq keçmiş dövr üçün ona 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2001-ci il tarixində X14 ilə Bakı şəhəri Əzizbəyov rayonu VVADQ şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2005- ci il təvəllüdlü X12 adlı dörd övladı var. Övladlarından oğlu xx.xx.2005-ci il təvəllüdlü X12 anadangəlmə ruhi xəstədir, psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilmir. Oğlu ilə birgə yaşayaraq ona qulluq edir, qayğısına qalır. Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən oğluna birinci dərəcəli əlillik təyin edilmiş və kənar şəxslərin köməyinə ehtiyacı olduğu qeyd edilmişdir. Bununla əlaqədar məhkəməyə müraciət edərək, oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə məhkəmədən qətnamə çıxarılmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsinin 2(003)- 3356/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizəsi təmin olunmuş və oğlu X12 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. X2 orqanizminin funksiyaları anadangəlmə pozulmuşdur və doğulduğu ilk gündən bu günə qədər iddiaçı ilə yaşayır və qayğısına iddiaçı qalaraq ona qulluq edir. 18 yaşına çatdıqda fəaliyyət qabiliyyətinin olmadığının təsdiq olunması üçün məhkəməyə müraciət etməyi və qərar çıxarılmasının prosessual cəhətdən zaman aralığını aldığı təkzibolunmaz faktdır. Qeyd olunan fakt, oğlunun vəziyyətində hər hansı bir dəyişiklik yaratmır. Təqaüdün iddiaçıya ödənilmədiyi aralıq dövr ərzində oğlunun fiziki vəziyyətində hər hansı yaxşılaşma olmamış, əlilliyinin faiz dərəcəsi dəyişməmiş və ya ləğv edilməmişdir və anası olaraq ona qulluq edib, baxımı ilə bağlı bütün zəruri xərcləri (dərman vasitələrinin, gigiyenik baxım məhsulları (pampers və s.) və digər zəruri vasitələrin alınması ilə bağlı) maddi və fiziki cəhətdən iddiaçı qarşılamışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək keçmiş dövr üzrə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikasının Prezidenti təqaüüdünün ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-39149/2024 nömrəli imtina məktubunda keçmiş dövr üzrə təqaüdün ödənilməsindən imtina edildiyi bildirilmişdir. İş materiallarında olan MEİS-in “Sosial Ödənişlər" altsistemindən çıxarışlara əsasən İddiaçı xx.xx.2019-cu il tarixli qərar ilə xx.xx.2019-çu il /tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə “Sağlamlıq imkanlar məhdud 18 yaşınadək şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü”, xx.xx.2024-cü il tarixli qərar ilə isə xx.xx.2024-cü il tarixdən etibarən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü” təyin edilmişdir. İş materiallarında olan MEİS-in “Əlillik” altsistemindən çıxarışlara əsasən xx.xx.2005-ci il təvəllüdlü X9 Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 100 faiz) əlillik müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3356/2023 nömrəli qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamına əsasən İddiaçı Xəzər Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X7 üzərində qəyyum təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlili iyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Həm qanunvericiliyin tələbinə, həm də xx.xx.2019-cu il tarixli qərara uyğun olaraq İddiaçı “sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə şəxslərə qulluğa görə Azərbaycan Respublikası Prezidenti təqaüdü"nün xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək (yəni X7 18 yaşı tamam olan tarixədək) olan dövr üzrə ödənilməsi qərara alınmışdır. X9 18 yaşı tamam olan tarixdən (xx.xx.2023-cü il tarixdən) dərhal sonra xx.xx.2023- cü il tarixdən Azərbaycan Respublikası Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 100 faiz) əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydasının 2.2.1-ci yarımbəndinə əsasən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra - Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri təqdim olunmalıdır. Sözügedən Qaydanın 2.2.3cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarınınsurəti təqdim olunmalıdır. Cavabdeh inzibati orqan tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-39149/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)-3356/2023 nömrəli qətnaməsinə əsasən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən və Xəzər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə xx.xx.2024- cü il tarixdən fəaliyyət qabiliyyəti olmayan X12 üzərində İddiaçı qəyyum təyin edildiyindən ona həmin tarixdən orqanizm funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. Bu səbəbdən də İddiaçı qəyyumluq xx.xx.2024- cü il tarixdən təyin edilməsi səbəbindən iddia ərizəsində qeyd edilən dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Çünki iddia ərizəsində qeyd edilən “X7 18 yaşına çatdığı, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək” olan dövr ərzində H.Hüseynliyə xx.xx.2023-cü il tarixdə müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 100 faiz) əlillik müəyyən edilmiş, İddiaçı isə oğlu H.Hüseynli üzərində xx.xx.2024-cü il tarixdə qəyyum təyin edilmişdir. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu təqaüd orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə ödənilir. Göründüyü kimi bu təqaüdün təyinatı “qanuni surətdə yuxarıda qeyd olunan şəxslərə qulluq edənlər” olaraq məhdudlaşdırılmışdır. Qanunun tələbləri baxımından İddiaçı bu “Prezident təqaüd hüququnu” xx.xx.2024-cü il tarixdən (Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 11 nömrəli sərəncamına əsasən) qazandığından ona həmin tarixdən də Prezident təqaüdü təyin edilmişdir. İddia ərizəsində qeyd edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində isə onun qəyyumluğu hələ tanınmadığı üçün həmin dövrlər üzrə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdünün ona ödənilməsi qanunvericiliyə ziddir. Bu halda isə Mərkəzi Filial tərəfindən verilmiş imtina məktubu qanuni və əsaslı olmuşdur. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq 2-1(112)-7541/2024 nömrəli iş üzrə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ‘‘keçmiş dövr üzrə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikasının Prezidenti təqaüdünün ödənilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7541/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən ailə üzvlü kimi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin və ona əlavənin dəlilləri: Apellyasiya şikayəti və ona əlavə onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, Qanunun tələbləri baxımından İddiaçı bu “Prezident təqaüdü hüququnu” xx.xx.2024-cü il tarixdən (Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024cü il tarixli 54 nömrəli sərəncamına əsasən) qazandığından ona həmin tarixdən də Prezident təqaüdü təyin edilmişdir. İddia ərizəsində qeyd edilən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr ərzində isə onun qəyyumluğu hələ tanınmadığı üçün həmin dövrlər üzrə orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdünün ona ödənilməsi qanunvericiliyə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 iyul 2019-cu il tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə əsasən yalnız fəaliyyət qabiliyyəti olan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvlərinin həqiqətən ona qulluq etdiyi barədə ərizəsi özü tərəfindən müvafiq quruma və ya mərkəzə təqdim edilməlidir. Əgər şəxs həmin ərizəni şəxsən təqdim edə bilmirsə, bu zaman ərizə notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilərək təqdim edilməlidir. Ərizənin təqdim edilməsində əsas məsələ həmin ailə üzvünün həqiqətən əlilliyi müəyyən olunmuş şəxsə qulluq etməsinin müəyyən edilməsidir. Qaydanın 2.2.3-cü yarımbəndi isə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə, müraciət etmiş şəxsin əlilliyi olan şəxsin ailə üzvü olub-olmamasından asılı olmayaraq tətbiq edilir. Həmin bəndə uyğun olaraq, qulluq təqaüdünün təyin edilməsi üçün əsas müraciət etmiş şəxsin fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surətidir. Bu fərqləndirmənin hüquqi mahiyyəti həmin şəxslərin öz hərəkətinin əhəmiyyətini başa düşə bilməməsi, özləri üçün mülki hüquqlar və vəzifələr əldə etmək və ya icra etmək qabiliyyətindən məhrum olmalarıdır. Buna görə də onlar üzərində qəyyumluq müəyyən edilir və sözügedən məsələyə münasibətdə qəyyumun həmin şəxsə qulluq etməsi faktı rəsmiləşərək hüquqi nəticə doğurmaq xüsusiyyəti qazanır. Bu qaydada rəsmiləşmə olmadıqda isə müaciət edən şəxsin əlilliyi müəyyən edilmiş şəxsə həqiqətən qulluq etməsi faktını müəyyən etmək mümkün olmur. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “oğlu xx.xx.2005-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixində 18 yaşına çatması ilə iddiaçının Xəzər Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə oğlu üzərində qəyyum təyin edildiyi xx.xx.2024-cü il tarixi arasındakı aralıq keçmiş dövr üçün ona 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə müəyyən edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən iddiaçıya “qəyyumluq xx.xx.2024-cü il tarixindən verildiyindən ərizədə qeyd edilən dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi” əsası ilə imtina verilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli 294 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir. 1.2. Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. 1.6. Bu Qaydanın məqsədləri üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü dedikdə, onun valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), övladları (o cümlədən övladlığa götürülənlər), onların ərləri (arvadları), bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, bacıları, qardaşları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin ailə üzvü dedikdə isə onların valideynləri (və ya övladlığa götürənlər), babaları, nənələri, əri (arvadı), bacıları, qardaşları, ərinin (arvadının) valideynləri, bacıları və qardaşları nəzərdə tutulur. 2.1. Təqaüd təyin olunması üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxs (bundan sonra – Şəxs) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) “X1 Sistemi”nin “Sosial ödənişlər altsistemi”ndə tələb olunan məlumatları daxil edərək elektron qaydada və ya Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq yerli qurumuna (bundan sonra – Qurum), “DOST” mərkəzlərinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə (bundan sonra – Mərkəz) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 1 nömrəli əlavəyə uyğun kağız üzərində müraciət edir. Müraciətə daxil olduğu gündən 5 (beş) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir. 2.2. Müraciətə aşağıdakı sənədlər əlavə edilir: 2.2.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvlərinə münasibətdə Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun ərizəsi (bundan sonra – Ərizə) və onların qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətləri. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilməlidir; 2.2.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən, ailə üzvü olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39-cu maddəsinə uyğun olaraq patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti və Şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) ərizəsi. Şəxsin həqiqətən ona qulluq etdiyi barədə ərizə Quruma, “DOST” mərkəzlərinə və ya Mərkəzə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notariat fəaliyyətini həyata keçirən subyektlər tərəfindən təsdiq edilir; 2.2.3. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən Şəxsə münasibətdə onun fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin qəyyumu təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti; 2.2.4. 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onların qohumluq əlaqəsini təsdiq edən sənəd. Təqaüd təyin edilməsi barədə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə onlarla qohumluq əlaqəsi olmayan qəyyumlar (himayəçilər) müraciət etdikdə, müraciətə qəyyumluq (himayəçilik) təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının qərarının surəti əlavə edilir. İş üzrə birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-18053/2024 nömrəli məktubundan görünür ki, H.Hüseynlinin əlillik vəziyyəti Bakı 2 nömrəli X3 P00112705MED nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbindən dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Daha sonra, müraciəti əsasında H.Hüseynli xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinəyə dəvət edilmişdir. Müayinə zamanı təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq barəsində ilkin olaraq xx.xx.2023-cü il tarixindən müddətsiz orqanizmin funksiyalarının 100 faiz pozulması barədə qərarı qəbul edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3356/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ərizəçi İddiaçı ərizəsi təmin edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. İddiaçıya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluğa görə “Azərbaycan Respublikası Prezidenti təqaüdü"nün xx.xx.2019-cu il tarixdən xx.xx.2023- cü il tarixədək, yəni X7 18 yaşı tamam olan tarixədək olan dövr üzrə ödənilmiş, həmçinin, iddiaçıya sözügedən təqaüd Xəzər Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə xx.xx.2024-cü il tarixindən fəaliyyət qabiliyyəti olmayan Həmid Hüseynov üzərində qəyyum təyin edildiyi tarixdən də Prezident təqaüdü ödənilməyə başlanılmışdır. İddiaçı hazırda xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Prezidenti təqaüdünün ona verilməyən dövr üzrə ödənilməsini tələb edir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından görünür ki, 18 yaşına çatmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxsə qulluq edən ailə üzvü (o cümlədən valideyni) olan şəxsə təqaüd təyin edilməsi üçün qohumluq əlaqəsini təsdiq edən sənədlərin surətinin təqdim edilməsini, ailə üzvü olmayan şəxslərə münasibətdə qəyyumluq və himayəçilik orqanının qərarının və qulluq edilən əlilin ərizəsinin təqdim edilməsini zəruri sayırsa, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyətli olmayan sayılmış orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edənlərə münasibətdə isə yanız qəyyumluq və himayəçilik orqanının qərarının surətinin təqdim edilməsini tələb edir. Birinci instansiya məhkəməsi öz qərarında qanunvericiliyin normalarının müqayisəli təhlilindən çıxış edərək göstərmişdi ki, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edənin qulluq edilən əlilin ailə üzvü olması onu avtomatik digər bəndlərə aid etmədən daha sadə qaydada- yalnız qohumluğu təsdiq edən sənədin təqdim edilməsi ilə təqaüdün verilməsini mümkün hesab edir. Nəzərə alınmalıdır ki, iddiaçının 18 yaşınadək əlil uşağa qulluq edən valideyn olmaqla bərabər, eyni zamanda 18 yaşı tamam olduqdan sonra orqanızmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin ailə üzvü olmasından irəli gələrək, eləcə də orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hər əlil şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi qanunvericiliklə tələb edilmədiyindən iddiaçının birbaşa Qaydanın 2.2.1-ci bəndi ilə təqaüd almaq hüququ yaranır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, haqlı olaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X12 18 yaşı tamam olanadək ona qulluq edən ailə üzvü anasına (iddiaçıya) Prezident təqaüdü verildiyi kimi, eyni zamanda yetkinlik yaşına çatdıqdan sonra da, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olaraq ona qulluq edən ailə üzvü-anası İddiaçı tələb olunan dövr, yəni xx.xx.2023-cü il tarixdən (18 yaşının tamam olduğu tarixdən) xx.xx.2024cü il tarixədək (fəaliyyət qabiliyyəti olmayan hesab edildiyi üçün üzərində qəyyum təyin edildiyi tarixədək) yuxarıda adı çəkilən Qaydanın 2.2.1-ci bəndinə müvafiq olaraq Prezident təqaüdü hesablanaraq ödənilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunur ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv olunub, həmin hissədə iddianın rədd edilməsi üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7541/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7541/2024 saylı 29 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X21 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar