Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5011/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavadehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “mənzilə görə qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 2-1(112)-9251/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 6-cı binasında, 6-cı blok, 3-cü mərtəbə, 4 №-li, 2 otaqlı mənzilə görə iddiaçıya qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka "xxxx" ASC-nin Müştəri Xidmətləri Departamentinə ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mənəvi ziyana görə ona 2 000 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçı üçüncü şəxslə 0165 saylı Payçı müqaviləsini bağlamış, həmin müqaviləyə əsasən ünvan 2 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 3-cü mərtəbə, 4 №-li, 2 otaqlı mənzili almış və bu mənzilə görə ƏDV daxil 96 195 manat məbləğində pul vəsaiti üçüncü şəxsin hesablarına mədaxil edilmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə ödəniş etdikdən sonra cavabdehə hazırkı tələblə elektron ərizə ilə xx.xx.2025-ci il tarixində müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Hesab edir ki, bu tamamilə əsassız qərardır. Çünki tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, üçüncü şəxsə ödəniş etsə də müvafiq qaydada sonuncu da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Bundan sonra iddiaçı üçüncü şəxsə müraciət etmiş və təsdiq olunmuşdur ki, tərəfindən üçüncü şəxsin cari hesabına ödənilmiş ƏDV məbləği sonucu tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür. Göründüyü kimi cavabdeh formal tələblərə əsaslanaraq imtina etmişdir. Belə ki, tərəfindən ödənilmiş ƏDV məbləği hazırda dövlət büdcəsinə ödənilib. Sadəcə iki hesaba deyil, bir hesaba ödənilməsi səbəbi imtina üçün heç bir halda əsas ola bilməz. Сavabdeh müvafiq qaydalardan əvvəlki dövrdə həmin MTK üzrə mənzilləri alan alıcılara güzəşt tətbiq olunan ƏDV-nin 30%-nin ödənilməsi üçün təxmini 25-30 nəfərə ƏDV-nin yekun məbləği barədə məlumatları müvəkkil banklara ötürmüşdür. İddiaçı üçüncü şəxs ilə müqavilə bağladığı zaman müvafiq qaydalar nəinki qüvvəyə minməmişdi, həmçinin bu Qaydalar qəbul edilməmişdi. Belə ki, müqaviləni xx.xx.2022-ci il tarixində bağladığı üçün onun ƏDV-nin yekun məbləğindən güzəşti əldə etmək hüququ Qaydanın Keçid müddəalarının tətbiq dairəsinə daxildir. Cavabdeh tərəfindən təqdim edilmiş etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı müqavilə üzrə yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Fiziki şəxsə ƏDV qaytarmaq ərizəsindən imtina barədə Bildiriş və Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********376900 nömrəli Qərar göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyriyaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Ödənişin düzgün formada həyata keçirilməsi üçün iddiaçının heç bir əngəli olmamışdır. Sözügedən qaydalar isə şəxsən fiziki şəxs tərəfindən ödənişin hansı formada həyata keçirilməli olduğunu göstərir. Yəni MTK deyil, fiziki şəxs tərəfindən yaşayış sahəsinə görə ƏDV məbləği depozit hesabına ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 02 oktyabr 2025-ci il tarixli 2-1(112)-9251/2025 nömrəli qərarı ilə (hakim E.Abdullayev) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə qərarında ilk növbədə Qaydanın 2.0.4.-cü bəndi üzrə operatorun anlayışını verib, cavabdehin operator kimi ƏDVnin qaytarılması şərtilə alıcılara təqdimedilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkili və idarə edilməsi vəzifələrini əks etdirsə də cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək qeyd olunan vəzifələrinin tam icra olunmasını və ya qismən icra olunmasını araşdırmamış, bir tək sadəcə portalın işlək vəziyyətdə olmasını deyil, sadəcə xx.xx.2022-ci il tarixdə elan edilməsini formal olaraq nəzərə almışdır. Amma tam əksinə İddiaçının hüquqlarının gerçəkləşməsi səbəbilə Qaydanın cari məbləğin cari hesaba, ƏDV məbləğinin isə ƏDV deposit hesabına ödənilməsi müddəasını formal olaraq qəbul edib, “İnzibati İcraat” haqqında qanunun 15-ci maddəsinin tələblərini tətbiq etməli idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza edərək, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur.İddiaçı inzibati orqanın üzərinə ünvan 1 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksinin 6cı binasında, 6-cı blok, 3-cü mərtəbə, 4 №-li, 2 otaqlı olan mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti) ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 153.1-ci maddəsinə əsasən Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. - 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. - 159.1-ci maddəsinə əsasən Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. - 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: 1.1-ci bəndinə əsasən Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda göstərilmişdir ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. 1.2-ci bəndinə əsasən bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. -1.3-cü bəndinə əsasən ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. -Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. -2.0.2-ci bəndinə əsasən alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçıdır. -2.0.3-cü bəndinə əsasən satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir. -2.0.4-cü bəndinə əsasən operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir. (bundan sonra – Dövlət Vergi Xidməti). -2.0.6-cı bəndinə əsasən Müvəkkil bank – ƏDV-nin qaytarılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən bank və ya banklardır -2.0.7-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. 3.1-ci bəndinə əsasən operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 4.1-ci bəndinə əsasən satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar göstərilir: elektron qaimə-fakturanın seriyası, nömrəsi və tarixi; satıcının tam adı, VÖEN-i və təsərrüfat subyektinin (obyektinin) ünvanı; alıcının soyadı, adı və atasının adı; alıcının şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verildiyi yer; alıcının vətəndaşı olduğu ölkənin adı (vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin adı); obyektin tikintisinə icazə sənədinin rekvizitləri; tikinti obyektinin istismarına icazə sənədinin (olduğu halda) rekvizitləri; yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi barədə sənədin rekvizitləri; binanın təqdim edilmiş tərkib hissəsinin növü (yaşayış və qeyri-yaşayış sahəsi); tərkib hissəsi təqdim edilmiş binanın ünvanı; yaşayış və qeyri-yaşayış sahələrinin yerləşdiyi mərtəbə və mənzilin nömrəsi; binanın təqdim edilmiş tərkib hissəsinin yaşayış və qeyri-yaşayış sahələri olmasını göstərməklə, hər birinin sahəsi (kvadratmetrlə); təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin 1 (bir) kvadratmetrinin satış qiyməti, ƏDV-siz (manatla); binanın təqdim edilmiş tərkib hissəsinin dəyəri, ƏDV-siz (manatla); vergi tutulan əməliyyatlardan hesablanmış ƏDV (manatla); cəmi məbləğ (manatla); yekun; qaytarılacaq ƏDV-nin məbləği (manatla); satıcının səlahiyyətli şəxsinin imzası, adı, soyadı və vəzifəsi; alıcının imzası, adı və soyadı; satıcının bank hesabının nömrəsi. -5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDVnin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: -5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. - 5.4-cü bəndinə əsasən alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. -5.5-ci bəndinə əsasən elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. -5.6-cı bəndinə əsasən operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. -5.7-ci bəndinə əsasən müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. -5.8-ci bəndinə əsasən qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir.
6. Keçid müddəası 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyriyaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. 6.2-ci bəndinə əsasən bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.
Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
Avant MTK xx.xx.2022-ci il tarixli, 0165 saylı payçı müqaviləsinə əsasən ünvan 3 ünvanında tikilməkdə olan “AVANT PARK” Yaşayış Kompleksinin 6-cı binasında, 6-cı blok, 3-cü mərtəbə, 4 №-li, 2 otaqlı mənzili tikib və iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə mənzili qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri üçüncü şəxs ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən Mənzil Tikinti Kooperativinə, aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hissə-hissə ödənişlər həyata keçirilmiş və sonuncu ödəniş 10 mart 2025-ci ildə olunmuşdur. İşin mübahisəsiz halıdır ki, mənzilin dəyəri olan 96195 manat iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı həmin ödənişlə bağlı ƏDV-nin geri qaytarılması üçün cavabdehə müraciət etsə də, cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas isə iddiaçının üçüncü şəxsə etdiyi ödənişlərin Qaydalara uyğun olaraq həyata keçirilməməsi ilə bağlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Vergi Məcəlləsinin 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş 165.6-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Göründüyü kimi, istinad edilən norma fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılmasına dair yeni tənzimləmələr gətirmişdir. Bununla yanaşı, qanun, qaytarılmanın şərtlərinə və qaydasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə normativ tənzimləmələr aparılmalı olduğunu təsbit etmişdir. Bundan sonra, həmin normativ tənzimləmələrin həyata keçirilməsi məqsədilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən, bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV, alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV, yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. Həmin Qaydanın 5.1.1 və 5.1.2-ci bəndlərinə əsasən isə Alıcı yaşayış və qeyriyaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini, eyni zamanda müvafiq sənədləri, o cümlədən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən bank ödəniş sənədini portala göndərir. Bununla yanaşı, Qaydanın 6-cı bəndi keçid müddəaları nəzərdə tutmuşdur. Keçid müddəaları Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il 01 yanvar tarixdən Qaydanın qüvvəyə mindiyi 2022-ci il 25 may tarixədək olan dövr ərzində yaranmış münasibətləri tənzimləmiş, Qaydanın zaman etibarilə qanunun qüvvəyə minməsindən xeyli müddət sonra qəbul edilməsinin yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərə münasibətdə yarada biləcəyi əlverişsiz vəziyyətləri onların maraqlarını nəzərə almaqla nizamlamağa yönəlmişdir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1498/2024 saylı, xx.xx.2024-cü il tarixli, 2-1(102)-477/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarlarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, Bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən aydınlaşdırılmalı olan əsas məqamlardan biri mübahisənin keçid normalarının təsiri altına düşüb-düşmədiyi ilə bağlı məsələdir. Keçid normalarının təsiri altına düşə bilməsi üçün yaşayış və qeyriyaşayış sahələri Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək əldə edilmiş olmalıdır. Əldə edilmə dedikdə isə 2020-ci il yanvarın 1-dən 2022-ci il mayın 25-dək yaşayış və qeyri-yaşayış sahələrinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada müqavilələrin bağlanılması nəzərdə tutulur. Həmin tarixlər arasında müqavilə bağlamaqla və ödəniş etməklə sahə əldə etmiş şəxslərdən ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmur. Bundan fərqli olaraq, yaşayış və qeyri-yaşayış sahələrini Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra müqavilə bağlamaqla əldə etmiş şəxslərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndi tətbiq olunmalıdır. Yəni, həmin şəxslər alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödədikləri halda, onların ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüquqları yaranır. Əlavə olaraq, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixədək yaşayış və qeyri-yaşayış sahələri əldə etmiş, lakin ödənişləri həm Qaydaların qəbul olunmasından əvvəl, həm də sonra həyata keçirən şəxslərə münasibətdə isə qeyd edilməlidir ki, həmin şəxslərdən Qaydanın qüvvəyə mindiyi tarixədək aparılan ödənişlərə münasibətdə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmamalı, Qaydanın qüvvəyə mindiyi tarixdən sonra aparılan ödənişlərə münasibətdə isə Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə riayət edildiyi halda, başqa sözlə, alıcı qalan ödənişi (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödədiyi halda, onun ödənilmiş ƏDV-nin 30 faizini geri almaq hüququ tanınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçı yaşayış sahəsinə dair müqaviləni 14 aprel 2022-ci il tarixdə bağlamış, ödənişlər isə müxtəlif vaxtlarda hissəhissə xx.xx.2025-ci il tarixədək davam etmişdir. Bu zaman oxşar işlər üzrə kassasiya instansiya məhkəməsinin qərarlarında qeyd edildiyi kimi iddiaçı tərəfindən Qaydanın qüvvəyə mindiyi tarixədək aparılan ödənişlərə münasibətdə ƏDV məbləğinin satıcının ƏDV depozit hesabına ödənilməsi tələb olunmadığı halda, Qaydanın qüvvəyə mindiyi tarixdən sonra aparılan ödənişlərə münasibətdə Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə riayət edilməsi tələb olunur. Hazırki iş üzrə də apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının məhz Qaydanın qüvvəyə mindiyi vaxtdan sonra ödədiyi ödənişləri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəyib-ödəməməsi araşdırılmışdır. Bundan əlavə qeyri-yaşayış sahəsinə görə iddiaçının ödənişlərin tamamını Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun ödəməsinin müəyyən edilməsi də araşdırma predmeti olmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Qaydanın qüvvəyə minməsindən əvvəl aparılan ödənişlərlə bağlı tərəflər arasında mübahisə mövcud deyil. Eyni zamanda, Qaydanın qüvvəyə minməsindən sonra isə iddiaçı tərəfindən aparılan ödənişlərin 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olmadığı da işin tərəflər arasında mübahisəli olmayan hallarına aiddir. Bununla belə nəzərə alınmalıdır ki, Qaydanın qüvvəyə mindiyi 25 may 2022-ci il tarixdən sonra alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı mövcud olmalıdır. Yalnız belə imkanın mövcudluğu halında ona riayət edilməmənin nəticələri tətbiq oluna bilər. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də o istiqamətdədir ki, bu qəbildən olan işlərə baxarkən məhkəmələr alıcılara təqdim edilməli olan yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsi ilə bağlı texniki imkanların mövcud olub-olmamasını araşdırmalıdır. Başqa sözlə, hazırkı iş üzrə də satıcı tərəfindən alıcıya mənzilin dəyərinin və onun ƏDV-nin ayrı-ayrılıqda ödənilməsinə imkan verən e-qaimənin tərtib edilməsinin texniki cəhətdən mümkün olub-olmaması araşdırılmışdır. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, oxşar işlər üzrə məhkəmə araşdırmaları zamanı hətta o da müəyyən edilmişdir ki, portalın istifadəyə verilməsi barədə mətbuatda rəsmi açıqlama xx.xx.2022-ci il tarixdən https://www.taxes.gov.az/az/post/2200 saytında yerləşdirilmişdir. Göründüyü kimi, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” 25 may 2022-ci il tarixdə qüvvəyə minsə də, alıcıların ƏDV məbləğini satıcının ƏDV depozit hesabına ödəməsi imkanı xx.xx.2022-ci il tarixdən yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçı tərəfindən aparılmış sonuncu ödənişlər portalın istifadəyə verilməsindən sonrakı vaxta təsadüf edir, başqa sözlə, mübahisəsiz olaraq texniki imkanın mövcud olmasına baxmayaraq, ödəniş Qaydanın 5.1.2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun həyata keçirilməmişdir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, mənzilin dəyərinə görə ödənilmiş məbləğin ƏDV-nin qismən əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Qanunvericilik mənzilin dəyərinin tam şəkildə Qaydalara uyğun ödənilməsi halında ƏDVnin əvəzləşdirilməsini təsbit etmişdir. Belə olan halda, hazırkı iş üzrə iddiaçı tərəfindən Qayda qüvvəyə mindiyi və portal işlək vəziyyətdə olduğu vaxtdan sonra (xx.xx.2022-ci ildən sonra) aparılan ödənişlər Qaydalara uyğun olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin, diqqətə çatdirir ki, iş üzrə araşdırma zamanı oxşar işlər üzrə məhkəmə təcrübəsi əsas götürülmüşdür (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-477/2025 №-li, xx.xx.2025-ci il tarixli, 2- 1(102)-667/2025 №-li, xx.xx.2025-ci il tarixli, 2-1(102)-1120/2025 №-li, xx.xx.2025-ci il tarixli, 2-1(102)-2593/2025 №-li, xx.xx.2025-ci il tarixli qərarları). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin oktyabr 2025-ci il tarixli 2-1(112)-9251/2025 nömrəli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli