Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-502/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi vəzifəsinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5268/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli Vİ-14/1 nömrəli qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, ona qaçqın statusunun verilməsinə dair vəsatətinin təmin edilərək, qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı Cağoridə yerli özünümüdafiə dəstələri ilə taliblər arasında baş vermiş döyüşdə yerli özünümüdafiə dəstələrinə kömək etmiş, Taliban qalib gəldiyi üçün həyatı təhlükədə olduğuna görə Əfqanıstandan qaçmaq məcburiyyətində qalmışdır. İddaçı Taliban tərəfindən zorakılığa və təqibə məruz qalacağına görə Əfqanıstana geri qayıtmaq istəmir. DMX işin mühüm faktlarını müəyyən etməyib və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməyib. Belə ki, iş üzrə mühüm fakt iddiaçınin Cağoridə yerli özünümüdafiə dəstələri ilə taliblərə qarşı döyüşdüyü üçün Taliban tərəfindən təqib edilməsi riskidir. İddiaçı həzara etnik qrupuna mənsub olmasına görə də təqib edilir. Əfqanıstana dair Mənşə Ölkəsi Məlumatlarına əsasən rəsmi orqanlar təqibə qarşı iddiaçını mühafizə etmək iqtidarında deyillər. Bundan əlavə, iddiaçının ölkədaxili yerdəyişmə imkanları mövcud deyil. Əfqanıstanda icma münasibətləri güclüdür və şəxslər öz yaşadıqları yerdən kənarda digər icmalar tərəfindən dəstəklənmirlər. Göstərilənlərə əsasən iddiaçı öz ölkəsinin himayəsindən istifadə edə bilmir və onun ölkədaxili alternativ yerdəyişmə imkanı yoxdur. İddiaçı həzara etnik qrupuna mənsubdur və həzaralar digər etnik azlıqlar kimi hakimiyyət orqanları tərəfindən adekvat müdafiə edilmirlər. Həmçinin, həzara kimi hakimiyyət orqanlarının müdafiəsindən məhrumdur və ikiqat diskriminasiya ilə qarşı-qarşıyadır. Bu səbəbdən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. İşə apellyasiya qaydasında baxılarkən iddiaaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdırib, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdən müəyyən edilir ki, qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı iddiaçı Əfqanıstan İslam Respublikasının Qəzni vilayətinin Cağori ulusvaliliyinin Səngeşandə kəndində anadan olduğunu, milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, “X1” adlı məktəbdə 5 illik ibtidai təhsil aldığını, sonradan ailəsinin maddi vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq təhsilini yarımçıq saxladığını, təxminən 2009-cu ildə işləmək məqsədilə İrana getdiyini, bir müddət tikintilərdə fəhlə kimi işlədiyini, sonralar bənnalığı öyrəndiyini, Tehran şəhərinə gələrək 2 il burada bənna kimi işlədiyini, lakin anasının xəstəliyi ilə əlaqədar olaraq Əfqanıstana qayıtdığını qeyd etmişdir. İddiaçı Əfqanıstana qayıtdıqdan sonra təxminən 4-5 il yükdaşıma işi ilə məşğul olduğunu, sonra (xx.xx.2018-ci il) Cağoridə taliblərlə müharibə başladığını, təxminən 1 həftə gedən döyüşlərdə taliblərə qarşı döyüşən yerli özünümüdafiə dəstələrinə və məscidlərə sığınan həmyerlilərinə pulsuz çörək və yemək daşıdığını, lakin taliblərin bu döyüşdə qalib gəldiklərini bildirmişdir. Ərizəçi taliblərdən ehtiyat etdiyi üçün qeyri-qanuni yolla İrana qaçdığını, təxminən 1 il orada qalıb tikintilərdə bənnalıq etdiyini, lakin sonradan İranda qanunsuz yaşadığı aşkar olunaraq Əfqanıstana deportasiya edildiyini qeyd etmişdir. İddiaçı təxminən 3-4 ay Kabil şəhərində yaşadığını, lakin taliblərə qarşı gedən döyüşlərdə yerli özünümüdafiə dəstələrinə və məscidlərə göstərdiyi yardımlara görə təqib oluna biləcəyindən ehtiyat etdiyini, bu səbəbdən də ölkəsini tərk etdiyini və Özbəkistandan keçməklə xx.xx.2020-ci il tarixdə Azərbaycana gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı iddiaçının verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, iddiaçı etibarlı pasportunu təqdim edərək adını, yaşını, doğulduğu yeri, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. İddiaçının Əfqanıstanda taliblər tərəfindən təqib oluna biləcəyi barədə ehtimalları əsaslı qəbul edilməmişdir. Belə ki, o, Əfqanıstanda olduğu müddətdə taliblər tərəfindən təqib olunmamış, təhdid və ya təzyiqə məruz qalmamış, dediklərindən Əfqanıstanı yalnız işləmək məqsədilə tərk edərək İrana getdiyi məlum olmuşdur. O, İranda olduğu müddət ərzində qaçqın statusu ilə bağlı heç bir təşkilata müraciət etməmiş, Əfqanıstana sonuncu dəfə qayıtdıqdan sonra isə təxminən 3-4 ay Kabil şəhərində qalmış, lakin həyatı üçün heç bir təhlükə yaranmamışdır. İddiaçının müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra iddiaçının şəxsi işi “İnzibati icraat haqqında” AR Qanununun 21.1 və 21.2-ci maddələrinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada onun iştirakı ilə müzakirə edilmiş, Komissiyada dinlənilməsi, o, cümlədən qeyd edilən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı təmin edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” AR Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2020-ci il tarixli Vİ-14/1 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmiş, iddiaçı bu qərardan inzibati şikayət vermiş, lakin qərar cavabdehin İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2020-ci il tarixli 137 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 8.4-cü bəndinə görə, immiqrasiya haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasını təmin etmək, miqrasiyanın və daxili miqrasiyanın tənzimlənməsində iştirak etmək cavabdehin fəaliyyət istiqamətlərinə aiddir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: 1-ci maddəsinə əsasən, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb, oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir; 10-cu maddəsinin birinci hissəsinə görə, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; 12-ci maddəsinin birinci hissəsinə əsasən, qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir; 13-cü maddəsinin birinci hissəsinə görə, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın: 3-cü bəndinə əsasən, “Qaçqın” statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir; 9-cu bəndinə görə, “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmış, onun tərcüməçinin iştirakı ilə dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı vətəndaşı olduğu ölkəyə qayıtmaq istəməməsini dini və etnik ayrıseçkiliyə məruz qalması, bu səbəbdən ölkəsini tərk etməyə məcbur qalması ilə əlaqələndirmək istəsə də, müsahibə zamanı verdiyi izahatlardan onun təhdid və təqibə məruz qaldığı aşkar olunmamışdır. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamış, dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır, ölkəsində həzaralarla bağlı dini və etnik dözümsüzlüyün hökm sürməsi ehtimalı isə ona qarşı da belə bir münasibətin nəticəsi kimi əsaslandırılmış təqib qorxusunun mövcudluğuna dəlalət etmir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır (İPM-in 14.3-cü maddəsi), “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsi). Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5268/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-502/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-502/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver