Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-502/2022 02.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi, vəkil X4, cavabdehin nümayəndəsi, vəkil X2 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X3rşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4468/2021 saylı, 25.06.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (X9 Alayına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən onun barəsində verilmiş 04.10.2020-ci il tarixli Ə358 ş/h-033-20 nömrəli əmrin ləğv edilməsi və onun xidmət etdiyi Daxili İşlər Nazirliyi X9 Alayına işə bərpa olunması və işləməyi hər ay üçün bərpa olunana qədər ona ödəniləcək əmək haqqının caavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ilin aprel ayından Daxili İşlər Nazirliyinin X9 Alayında polis serjantı olaraq xidmətə başlamış, 4 oktyabr 2020-ci il tarixə qədər Daxili İşlər Nazirliyinin X9 Alayında polis əməkdaşı olaraq xidmət etmişdir. Azərbaycan Respublikasında keçirilən yerli və beynəlxalq tədbirlərin keçirilməsi zamanı layiqli xidmətlər göstərmişdir. Xidmət etdiyi illər ərzində layiqli xidmətimə görə dəfələrlə şəxsi işinə tikilməklə təşəkkürnamələrlə təltif olunmuşdur. 2013-cü ilin aprel ayından Daxili İşlər Nazirliyinin X9 Alayında polis serjantı olaraq xidmətə başladığı vaxtdan 4 oktyabr 2020-ci il tarixə qədər iddiaçının barəsində hər hansı intizam tənbehi və ya xəbərdarlıq, töhmət verilməmişdir. Lakin 4 oktyabr 2020-ci il tarixdə xidmət etdiyi Daxili İşlər Nazirliyinin X1 zəng edilərək işdən azad olunmağı ilə bağlı məlumat verilməklə işə gəlməməyini bildirmişlər və zəng edən əməkdaşdan işdən çıxarılmağının səbəbini soruşanda bildirmişdir ki, səbəbini əmri alanda biləcəkdir. İddiaçının həmin tarixdə səhhətində problem olduğundan və bununla bağlı tabeçiliyində olduğu rəhbərliyə telefonla məlumat vermiş, sonradan iş yoldaşlarından öyrənmişdir ki, onun işdən çıxarılmağı barədə əmri xidmət etdiyi Daxili İşlər Nazirliyinin X9 Alayının müvafiq bölmələrində elan etmişlər. İddiaçı bu məlumatı aldıqdan sonra tabeçiliyində olduğu rəhbərliyə dəfələrlə müraciət etmiş, lakin 01.06.2021-ci ildə işdən çıxarılmağı barədə müvafiq əmrin təsdiq olunmuş surətini almağa nail olmuşdur. Əmrdə qeyd etmişlər ki, iddiaçı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlər etdiyinə görə işdən azad edilmişdir. Daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkətlərin nədən ibarət olduğu haqqında iddiaçıya hər hansı məlumat və bildiriş verilməmişdir və həmin əmr əsassız və qanunsuzdur və bu səbəbdən də ləğv edilməlidir. 20 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək iddianın mümkünlüyü ilə bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Eyni zamanda iddia ərizəsində göstərilən cavabdehin dəqiqləşdirilməsi təklif olunmuş, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində cavabdeh kimi həm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 Alayını nəzərdə tutduqlarını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4468/2021 saylı, 25.06.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4468/2021 saylı, 25.06.2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, məhkəməyə 01.07.2021-ci ildə işdən çıxarılmasına dair müvafiq əmrin təsdiq olunmuş surətini alması barədə təsdiq olunmuş rəsmi sənəd təqdim etməyisinə baxmayaraq məhkəmə tərəfindən həmin hüquqi sənədə hüquqi qiymət verilməmişdir. Apellyasiya baxışı zamanı məhkmənin iclasında iştirak edən iddiaçı və vəkili şikayətə uyğun izahat verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4468/2021 saylı, 25.06.2021-ci il tarixli qərardadının ləğv olunmasını, işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4468/2021 saylı, 25.06.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4468/2021 saylı, 25.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 Alayının 04.10.2020-ci il tarixli, Ə286-033-20 əmrindən görünür ki, “Polis haqqında” Qanunun 29-cu maddəsinin, DİN-in 15.10.2015-ci il tarixli “06" nömrəli əmrinin, 28.09.2020-ci il tarixil Q29- 001-20 nömrəli Qərarının, “DİO əməkdaşlarının etik davranış Kodeksi”nln 1, 2, 14, 17 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi”nln 3.2-cl bəndinin tələblərini pozaraq 03.10.2020-ci il tarixdə Bakı şəhəri ərazisində komendant saatı rejimi qaydalarının kütləvi halda pozulması İlə elaqədar DİN-in rəhbərliyinin göstərişi əsasında Alay komandiri tərəfindən şəxsi heyətə verilmiş “Qığılcım” toplanış siqnalı ilə çağırılmasına baxmayaraq əsaslı səbəb olmadan çağırışa gəlmədiyinə, eyni zamanda xidməti vəzifəsindən suiistifadə edərək komendant saatı rejimi qaydalarını kobud şəkildə pozduğuna, xidməti təhqiqat zamanı qeyri-səmimi mövqe nümayiş etdirdiyinə, bu hərəkətləri ilə daxili İşlər orqanları əməkdaşının adına və nüfuzuna xələl gətirdiyinə görə Alayın 4-cü patrul bölüyünün polis nəfəri polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-cl maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Mübahisə predmeti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X9 Alayının 04.10.2020-ci il tarixli, Ə286-033-20 əmri xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Qeyd edilən xüsusat iddiaçı tərəfindən təsdiq edilmişdir, lakin əmrin surətini gec almasına istinad etmişdir. İddiaçının mübahisələndirilən həmin aktın surətini rəsmi qaydada gec almasına gəldikdə isə, məhkəmənin mövqeyi görə, iddiaçı həmin aktdan xəbərdar olmuş və bu, İPM-in 38.1-ci maddəsinin tələbi baxımından “elan” edilmə anlayışının mahiyyətinə tam cavab verir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə 26.07.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə həmin iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25.01.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu maddəsində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Baxılan iş mübahisələndirmə haqqında iddialara aiddir. İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Baxılan iş üzrə iddiaçının mübahisələndirilən qərardan qərarın qəbul olunduğu zaman xəbərdar olması işin mübahisə olunmayan hallarındandır. İddiaçı həmin aktdan xəbərdar olmuş və bu, İPM-in 38.1-ci maddəsinin tələbi baxımından “elan” edilmə anlayışının mahiyyətinə tam cavab verir. Apellyasiya icraatı zamanı məhkmə araşdırması nəticəsində də müəyyən edimişdir ki, iddiaçı işdən xaric edilmə haqqında elan zamanı onun vəsiqəsi və silahı alınmşı, həmçinin son haqq-hesab aparılmışdır. İddiaçı isə 26.07.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə qərarın mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Eyni zamanda qeyd olunmalıdır ki, iddianın işə bərpa və əmək haqqının ödənilməsi tələbinə münasibətdə kollegiya qeyd edir ki, həmin tələb əsas iddia tələbindən (əmrin ləğv edilməsi) asılı olduğundan, əsas tələbi mümkün sayılmadığından əlavə tələbə də baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4468/2021 saylı, 25.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-502/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-502/2022
02.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver