Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-502/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə və iddiaçının iştirakı ilə İddiaçı Cavabdehnə qarşı «iddiaçının ata adının dəyişdirilməsi tələbinə dair” inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5732/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Cavabdehnə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum haqqında şəhadətnamədə “ata adı” qrafasında “Nizami” adının dəyişdirilərək “Alişer” adının yazılması vəzifəsinin və hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarına görə iddiaçı (İddiaçı) 8 dekabr 1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Abşeron rayon qeydiyyat (əvvəlki VVAQ) şöbəsi tərəfindən verilmiş AZ-İV ******* nömrəli “Doğum haqqında şəhadətnamə”də onun atası kimi “X1”, anası kimi “X3” qeyd edilmişdir. İddiaçı atası Nizami Məlikovla heç vaxt görüşməmiş və onu tanımır. O, ata kimi, iddiaçının üzərində heç bir valideynlik qayğısı göstərməmişdir, iddiaçı ümumiyyətlə, onu görməmişdir. İddiaçı ata adının dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubunda məsələnin həllindən imtina edərək məhkəməyə müraciət etməsini münasib bilmişdir. Həmin imtinadan narazı qalan iddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə istinadən qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Cavabdeh iddia ərizəsi ilə bağlı məhkəməyə ünvanlanmış 4 mart 2022-ci il tarixli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, soyadın və ata adının dəyişdirilməsi Qaydaları»nın 6.4-cü bəndində göstərildiyi kimi, ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların “ata adı” yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. İddiaçı ata adının dəyişdirilməsi barədə iddiası üzrə işin həllini məhkəmənin mülahizəsinə buraxılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5732/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, eyni zamanda qeyd etmişdir ki, məhkəmə məlum nəticəyə gələrkən, maddi hüquq normalarının tələblərini pozmuşdur. Daha sonra, Ailə Məcəlləsinin 189, 190, 191.2 və 192-ci maddələrinə istinadən iddiaçı qeyd edir ki, qanunvericiliyin tələblərinin heç birində şəxsin doğum haqqında şəzadətnaməsində ata adının dəyişdirilməsi üçün müraciət edərkən ata adını dəyişdirmək istədiyi şəxsin onu tərbiyə etməsi faktını təsdiq edən sübutları məhkəməyə təqdim etməklə həyata keçirilməsinin mümkünlüyünə istinad etməmişdir. Hesab edir ki, hər bir vətəndaşın olduğu kimi onun da qanunla nəzərədə tutulmuş və qanunla qorunan hüququdur. Odur ki, məhkəmənin heç bir əsas göstərmədən “Alişer” adında şəxsin onu tərbiyə etməsi faktını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməməyinə istinad edərək qəbul etdiyi qərar qanunsuz və əsassız hesab edilməlidir. Bir daha qeyd edir ki, belə bir tələblə məhkəməyə müraciət etməkdə məqsədi doğum şəhadətnaməsində ata qrafasında göstərilmiş ömür boyu Rusiya Federasiyasında yaşamış, onunla bir gün belə maraqlanmamış, saxlanılmasında iştirak etməmiş, üzərində heç bir haqqı olmayan və 05.-2.2020-ci ildə vəfat etmiş şəxsin adını daşımaq istəməməsi olmuşdur. Məhkəmənin onun bu hüququnu pozmaq hüququ yoxdur. Bu əsasla hesab edir ki, birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 189, 190, 191 və 192-ci maddələrinin tələblərini pozmaqla çıxardığı qərar əsassız hesab edilməklə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək ata adını dəyişdirmək onun hüququ olduğunu, “Alişer” ata adının onun soyadına və adına səslənməsinə görə uyğun gəldiyini, həm də xoşuna gəldiyini bildirərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına əlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia vasitəsilə “Nizami” ata adını “Alişer” ata adına dəyişdirilməsini cavabdehə həvalə edilməsini tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qeydiyyat Qaydası”nın 7.1ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına əsasən isə: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir... 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Qanunvericiliyin qeyd olunan tələblərinin təhlilindən görünür ki, yetkinlik yaşına çatmış övlad ərizəsi əsasında o halda, ata adını dəyişə bilər ki, atanın adı dəyişmiş olsun. Konkret halda isə bu hal baş verməmişdir. Digər tərəfdən, iddia ərizəsinə, apellyasiya şikayətinə və hazırkı məhkəmə iclasında məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunur ki, atası “Nizami” vəfat etdikdən sonra ata adını dəyişdirməyə çalışan iddiaçının həmin ata adını “Alişer” ata adına dəyişdirməkdə məqsədi əsas etibarı ilə, “Alişer” ata adının deyilişinin (səslənməsinin) onun soyadı “Ağalarova” və adı “Alişa” sözləri ilə uzlaşmasına, yəni axarlı tələffüzünə nail olmaqdan ibarətdir. Birincisi, qanunvericiliyin qeyd olunan müddəalarından göründüyü kimi, o cümlədən, ata adının dəyişdirilməsinin belə bir əsası yoxdur. İkincisi, iddiaçının arzuladığı həmin əsasla onun əvvəlki ata adının dəyişdirməsi nəinki qanunvericiliyin qeyd olunan tələblərinə ziddir, o cümlədən, ictimai mənafelər baxımından düzgün olmayan və arzuolunmaz təcrübənin formalaşması ilə nəticələnəcəyini labüd edir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin ata adının dəyişdirilməsinə qanunvericilikdə qadağa qoyulmadığını və məhdudlaşdırılmadığını vurğulayan dəlillərini əsassız sayır. İPM-in 34.1-ci maddəsinin tələbi baxımından, cavabdeh qeydiyyat orqanının qanunla üzərinə o halda, müvafiq öhdəlik qoyula bilərdi ki, iddiaçının ata adının dəyişdirilməsi üçün qanunvericiliklə müəyyən edilən əsaslar və iddiaçının bu əsaslara uyğun gələn sübutlarla təsdiq olunan dəlilləri olsun. Konkret halda, belə əsaslar və dəlilsübut movcud olmadığı halda, deməli, cavabdeh qeydiyyat orqanını üzərinə düşən öhdəliyi də məhz, iddiaçının arzıladığı ata adının qeydiyyata alınmasından imtina etməkdir. Başqa sözlə, cavabdehin iddiaçının ərizəsinin təmin olunmasından imtina etməsi qanunvericiliyin tələblərinə uyğundur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət vermiş, tətbiq olunmalı maddi hüquq normalarını tətbiq edərək, haqlı olaraq iddianı təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbinin rədd edilməsini işin hallarına, maddi və prosssual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi hüquq normalarına uyğun olmadığını və qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5732/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5732/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-502/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-502/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver