Məhkəmə qərarları › İş №2-1(103)-502/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-502/2025

05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-502/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X5 ibarət ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7917/2024 saylı 13 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək hərbi xidmət keçmişdir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1980, 1981 və 1984-cü illərdə kolxozçu (cəmi 321 adam günü, illik adam günü norması 220 olmaqla, cəmi 1 il 5 ay 18 gün); xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilədək gözətçi; xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək “Bitmaş” zavodunda işçi. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı aşağıdakı kimidir: xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək gözətçi; xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək gözətçi; xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək Elektron hesablayıcı maşın zavodunda işləmiş, “Elekon” kiçik müəssisəsinə keçirilmə yolu ilə işdən azad edilmişdir; xx.xx.1991-ci ildən “Elekon” kiçik müəssəsində çilingər işləmiş, xx.xx.1992-ci ildə Azərbaycan Mərkəzləşmiş Korlar cəmiyyətinə keçirilmə yolu ilə işdən azad edilmişdir; xx.xx.1992-ci ildən xx.xx.1993cü ilədək səsyazma studiyasında mühəndis; xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək proqramçı; xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək mühəndis-proqramçı; xx.xx.2004-cü ildə “Xəzərdənizneftdonanması” idarəsinin “Gəmi təmiri zavodu”na elektrik quraşdırma sahəsinə 5-ci dərəcəli REA və cihazlarının tənzimləyicisi işinə qəbul edilmişdir. Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 51 saylı əmrinə əsasən zavod “Xəzər dəniz neft donanması Gəmi təmiri zavodu” adlandırılmışdır. xx.xx.2007-ci ildən ştat cədvəlində baş vermiş dəyişikliklərlə əlaqədar elektrik quraşdırma sahəsi elektrik quraşdırma sexi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X7 yenidən təşkili yolu ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2014-cü ildən “Bibiheybət” gəmi təmiri zavoduna elektrik quraşdırma sexinə 5-ci dərəcəli REA və cihazların tənzimləyicisi keçirilmişdir. xx.xx.2016-cı ildən elektrik quraşdırma bölməsində 5ci dərəcəli gəmi radio-elekton aparatların və cihazların tənzimləyicisi işinə keçirilmişdir. xx.xx.2017-ci ildən elektrik quraşdırma bölməsində 6-cı dərəcə gəmi radio-elektron aparatların və cihazların tənzimləyicisi işinə keçirilmişdir. “Bibiheybət” gəmi təmiri zavodunun verdiyi xx.xx.2024-cü il tarixli, A-01 nömrəli arayışdan görünür ki, xx.xx.2004-cü il tarixdən hal-hazıradək Zavodda gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işləyir. İş stajı 19 il, 11 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Gəmilərin qapalı sahələrində elektrik radioaparatlarının quraşdırılması, təmiri, tənzimləmə və sazlanması ilə məşğul olur. Gəmi radioaparatlarının kabel yollarının vaxtaşırı quraşdırılaraq nizamlanması və bərkidilməsi. Mürəkkəb radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması, aradan qaldırılaraq yenidən quraşdırılması. Gəmi elektrik və radioavadanlıqlarının mürəkkəb sxemlərinin quraşdırılması və qoşulması, habelə radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması və s. bu kimi işlər. Arayışda həmçinin qeyd olunur ki, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 11-ci bəndinə, 11.6 yarımbəndinə və “a” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Texniki Universitetinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, iddiaçı həqiqətən 160-U(p) nömrəli xx.xx.1984-cü il tarixli əmrə əsasən “Ç.İldırım” adına Azərbaycan Politexnik İnstitutunun (hazırkı Azərbaycan Texniki Universiteti) “Avtomatika və hesablama texnikası” fakültəsinin əyani şöbəsinə qəbul olmuş (qr.№644a), 148-U(p) nömrəli xx.xx.1989-cu il tarixli əmrə əsasən, “Ç.İldırım” adına Azərbaycan Politexnik İnstitutunun "Elektron hesablama aparatlarının konstruksiya edilməsi və istehsalı" ixtisası üzrə əyani olaraq bitirmiş və ona mühəndis-konstruktor texnoloq diplomu verilmişdir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) bəndində gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin 12 yanvar 2024-cü il tarixli A-01 nömrəli arayışında xx.xx.2004-cü il tarixindən bugünədək “Bibiheybət” gəmi təmiri zavodunda gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, işlədiyi gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə aid deyil. Bu səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin imtina məktubunun əsassız hesab edilməsi və ona xx.xx.2023-cü il tarixindən, yəni 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuşdur. xx.xx.2023-cü il tarixinə 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı olduğuna görə 60 yaşı tamam olan gündən, yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri ərizəsinə əlavə edərək xx.xx.2024-cü il tarixində cavabdehə müraciət etmiş, lakin onun müraciəti əsassız olaraq təmin olunmamışdır. Hesab edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçı qanunvericiliklə tələb olunan ümumi stajının azı 12 il 6 ayını güzəştli şərtlərlə yasa görə əmək pensiyası almaq hüququ verən işlərdə çalışmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) bəndində gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 12 yanvar 2024-cü il tarixli A-01 nömrəli arayışında xx.xx.2004-cü il tarixdən bugünədək “Bibiheybət” gəmi təmiri zavodunda gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, iddiaçının işlədiyi gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkpensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işçinin işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanlara əsasən, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasına və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 12 yanvar 2024-cü il tarixli A-01 nömrəli arayışına əsasən iddiaçının xx.xx.2004-cü il tarixdən Mərkəzi filiala müraciət etdiyi tarixədək “Bibiheybət” gəmi təmiri zavodunda gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri (11.6) bəndində gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələrinə uyğun deyildir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh etirazında qeyd olunan xüsusatlara əsasən iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz hesab olunmalı və məhkəmə tərəfindən təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7917/2024 saylı 13 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə yanaşı, əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona xx.xx.2023-cü il tarixindən, yəni 60 yaşı tamam olan gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun güzəştli iş stajının olmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. xx.xx.2022-ci il tarixdən adı çəkilən Qanunda pensiya kapitalı ilə bağlı nəzərdə tutulan tələb aradan qaldırılmışdır. İşdən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2023-cü il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını, təhsilinə dair arayışı, hərbi biletini və müvafiq güzəştli arayışı təqdim etmişdir. Azərbaycan Texniki Universitetinin xx.xx.2024-cü il tarixli arayışında qeyd olunur ki, iddiaçı həqiqətən 160-U(p) nömrəli xx.xx.1984-cü il tarixli əmrə əsasən “Ç.İldırım” adına Azərbaycan Politexnik İnstitutunun (hazırkı Azərbaycan Texniki Universiteti) “Avtomatika və hesablama texnikası” fakültəsinin əyani şöbəsinə qəbul olmuş (qr.№644a), 148-U(p) nömrəli xx.xx.1989-cu il tarixli əmrə əsasən, “Ç.İldırım” adına Azərbaycan Politexnik İnstitutunun "Elektron hesablama aparatlarının konstruksiya edilməsi və istehsalı" ixtisası üzrə əyani olaraq bitirmiş və ona mühəndis-konstruktor texnoloq diplomu verilmişdir. İddiaçıya məxsus hərbi biletin surətlərindən görünür ki, o, ddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə ümumi iş stajının iş materiallarında olan əmək kitabçasına əsasən 25 ildən artıq olduğu müəyyən olunur. Bu hal cavabdeh qurum tərəfindən də mübahisələndirilmir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının olması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, “iddiaçının xx.xx.2004-cü il tarixdən bugünədək “Bibiheybət” gəmi təmiri zavodunda “gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi” vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan “gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları” vəzifələrinə aid deyil və bu səbəbdən iddiaçının güzəştli iş stajı yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş materiallarında olan “Bibiheybət” gəmi təmiri zavodunun verdiyi xx.xx.2024-cü il tarixli, A-01 nömrəli arayışdan görünür ki, xx.xx.2004-cü il tarixdən hal-hazıradək Zavodda “gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi” vəzifəsində işləyir. İş stajı 19 il, 11 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Gəmilərin qapalı sahələrində elektrik radioaparatlarının quraşdırılması, təmiri, tənzimləmə və sazlanması ilə məşğul olur. Gəmi radioaparatlarının kabel yollarının vaxtaşırı quraşdırılaraq nizamlanması və bərkidilməsi. Mürəkkəb radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması, aradan qaldırılaraq yenidən quraşdırılması. Gəmi elektrik və radioavadanlıqlarının mürəkkəb sxemlərinin quraşdırılması və qoşulması, habelə radioaparatların içindəki mexaniki və elektrik zədələnmələrinin və qüsurların tapılması və s. bu kimi işlər. Arayışda həmçinin qeyd olunur ki, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 11-ci bəndinə, 11.6 yarımbəndinə və “a” vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş ““Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktda qeyd olunur ki, ştat cədvəli üzrə Elektrik quraşdırma bölməsinin tərkibində olan iki ixtisas qrupu “Gəmi radioelektron aparatların və cihazların quraşdırıcıları”, “Gəmi radioelektron aparatların tənzimləyiciləri və “Gəmi elektrik quraşdırıcı”ları təmir olunan gəmilərdə eyni şəraitdə eyni işləri yerinə yetirirlər və bu peşələrin əmək funksiyalarının arasında heç bir fərq yoxdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının xx.xx.2004cü il tarixdən bugünədək “Bibiheybət” gəmi təmiri zavodunda “gəmi radioelektron aparatların və cihazların tənzimləyicisi” vəzifəsi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 11-ci bəndinə, 11.6 yarımbəndinə və “a” vəzifə koduna uyğun gəlir. Buna görə də hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən onun iddia tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmuşdur. Bununla da cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və məhkəmənin 2-1(112)-7917/2024 saylı 13 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7917/2024 saylı 13 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X10 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar