Məhkəmə qərarları › İş №2-1(103)-5026/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5026/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5026/2025 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “ixtisas üzrə diplomun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7867/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ukrayna Respublikası Çerkasi Dövlət Texnologiya Universiteti tərəfindən verilmiş B18, 000582 saylı xx.xx.2018-ci il tarixli bakalavr diplomunun və ona əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı həmin təhsil müəssisəsini “müəssisələrin iqtisadiyyatı” ixtisası üzrə oxuyub bitirmiş və ona bakalavr dərəcəsi verilmişdir.

2. Cavabdehin xx.xx.2024-cü il tarixli NA00032255 saylı qərarından görünür ki, iddiaçının ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir.

3. Məhkəmə sorğusu əsasında iddiaçının 2013-2018-ci illər üzrə sərhədkeçməsi barədə məlumatlar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə göndərilmişdir. Həmin məlumatlardan görünür ki, iddiaçı xx.xx.2014-cü ildə Ukrayna istiqamətində ölkəni tərk etmiş və xx.xx.2014-cü ildə ölkəyə qayıtmış, xx.xx.2015-ci ildə Ukrayna istiqamətində ölkəni tərk etmiş və xx.xx.2015-ci ildə ölkəyə qayıtmış, xx.xx.2016- cı ildə Ukrayna istiqamətində ölkəni tərk etmiş və xx.xx.2016-cı ildə ölkəyə qayıtmış, xx.xx.2017-ci ildə Ukrayna istiqamətində ölkəni tərk etmiş və xx.xx.2017-ci il tarixdə ölkəyə qayıtmış, xx.xx.2017-ci ildə Ukrayna istiqamətində ölkəni tərk etmiş və xx.xx.2017- ci il tarixdə ölkəyə qayıtmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

4. İddiaçı “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun diplomunun tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 2018-ci ildə X3 Texnoloji Universiteti tərəfindən verilmiş “Müəssisələrin iqtisadiyyatı” ixtisası üzrə ali təhsilinin (diplomunun) Azərbaycan Respublikasında kvalifikasiyasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildə X3 Texnoloji Universitetinin “müəssisələrin iqtisadiyyatı” ixtisası üzrə ali təhsil almış, 2018-ci ildə universiteti müvəffəqiyyətlə bitirmişdir. 2018-ci ildə Ukrayna Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş (Apostil) diplom almışdır. Bu 5 il ərzində bütün tədris illəri üçün universitet tərəfindən göndərilən bildirişlərə tam uyğun olaraq göstərilən tarixlərdə yüksək davamiyyətlə imtahan sessiyalarında iştirak etmişdir. Təsdiqedici sənədlərindən də göründüyü kimi o, tədris müddətinin hər bir tədris ili ərzində imtahan sessiyalarında nəinki qaydalarda nəzərdə tutulan müddətin yarısı qədər, hətta üçdə ikisindən də artıq iştirak etmişdir. İmtahan sessiyaları ildə bir dəfə olmaqla bütün tədris müddətində ümumilikdə 100 gün imtahan sessiyası olmuş və iddiaçı faktiki olaraq 97 gün sessiyalarda iştirak etmişdir. Bu da onun diplomunun tanınması üçün kifayət edir. Lakin cavabdeh onun diplomunun tanınmasından imtina etmişdir.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi mümkünsüz hesab edilməlidir. Belə ki, iddiaçının hazırkı müraciəti üzrə inzibati icraat aparılmış və sözügedən ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməyərək NA00032110 nömrəli xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Qeyd olunan qərar barəsində ərizəçinin müraciətində göstərdiyi elektron poçt ünvanına qəbul edilmiş qərar barəsində məlumat göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli qərardan ən gec xx.xx.2024-cü il tarixədək məhkəmədə iddia qaldıra bilərdi. Lakin iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Tərəflər şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3cü maddəsinə əsasən işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7867/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının sərhədkemə məlumatlarından görünür ki, iddiaçı təhsil aldığı dövrdə 2013- cü ildə təhsil aldığı ölkədə olmamış, 2014-cü tədris ili üzrə - 9 gün, 2015-ci tədris ili üzrə - 25 gün, 2016-cı tədris ili üzrə 21 gün, 2017-ci tədris ili üzrə 45 gün təhsil aldığı ölkədə olmuşdur. İddiaçının 2013-cü ildə təhsil aldığı ölkədə olmaması, 2014-cü ildə isə cəmi 9 gün olması “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda müəyyən olunan müddətdən azdır.

10. Məhkəmə qeyd edir ki, burada həlledici olan xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmamağıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır.

11. Məhkəmə həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır.

12. Beləliklə, cavabdeh tərəfindən iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina edilməsi işin hallarına, eləcə də qanunvericiliyə uyğun olduğundan imtina onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7867/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi bir nümunə göstərsin ki, qiyabi təhsil alan tələbə universitetin seminar-imtahan barədə çağırışbildirişi olmadan sessiyaya getməlidir. Agentlikdə elə bir fakt varmı ki, 2013-cü ildə (sentyabr-dekabr) universitet sessiya barədə iddiaçıya bildiriş göndərib, o isə iştirak etməyib? İ-kursda universitet imtahan sessiyasını ilin tamamında yox, 6 aydan sonra keçirdiyi üçün 21 günlük əvəzinə 14 günlük (23.İİİ-05.İV) sessiya üçün ona bildiriş göndərilmişdir.(bildirişin surəti əlavə olunur) Eyni zamanda bildirir ki, onlar 7 nəfər tələbə bu 4 il 6 ay ərzində eyni təyyarə ilə gedib, eyni təyyarə ilə qayıdıblar və bu tələbələrin bir neçəsinin diplomu artıq tanınıb. Seminar məşğələlər hər gün nəzərdə tutulduğu kimi 5-6 saat yox, 8-9 saat davam etmiş və sessiya bu səbəbdən nəzərdə tutulduğundan 4 gün tez (01 apreldə) başa çatmışdır. 02 apreldə İİ-kursa keçməyi barədə arayış təqdim olunub, (arayış əlavə olunur.) Universitet tərəfindən seminarın 21 günlük yox, 14 günlük təyin etmək və faktiki 10 günə başa çatdırmaqda iddiaçı günahkardır? Nədənsə Agentlik təhsil dövründəki müsbət halları görmür, yaxud da görmək istəmir. Belə ki, 2015 tədris ilində 21 gün əvəzinə 25 gün, 2016- cı ildə 21 gün əvəzinə 28 gün, 2017-ei ildə təhsilin müddəti 6 aylıq olduğu üçün 11 günlük seminar kifayət etdiyi halda, 17 gün olmuşdur. Ümumilikdə 4 il 6 aylıq təhsil üçün 95 gün kifayət etdiyi halda, 100 gün auditoriya seminar-imtahanları olmuşdur. Lakin bu və yuxarıda qeyd etdiyim digər hallar araşdırılmamış və məhkəmə qərarında öz əksini tapmamışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmipedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur (6.1.). Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat) (13.1.). Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir (27.1. ). Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir (27.4. ). Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir (44.1.). Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir (44.2.)

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydalarında göstərilmişdir ki, bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (bundan sonra – tanınma) qaydalarını müəyyən edir (1.1.). Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir (1.2). Tanınma ərizəçinin müraciəti əsasında həyata keçirilir (2.1.). Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır (3.1.). Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda (3.10.). Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) (4.1.)

20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nda göstərilmişdir ki, tanınma üzrə ümumi tələblər aşağıdakılardır: müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) (4.1.).

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

25. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona 2018-ci ildə X3 Texnoloji Universiteti tərəfindən verilmiş “Müəssisələrin iqtisadiyyatı” ixtisası üzrə ali təhsilinin (diplomunun) Azərbaycan Respublikasında kvalifikasiyasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda göstərilmişdir ki, ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır (8.7.1.). Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrıayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur (8.7.2.)

27. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.

28. Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğunluğun müəyyən olunması baxımından isə nəzərə alınmalıdır ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır.

29. Göründüyü kimi Azərbaycan Respublikasında qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə minimum 180 saatdır ki, onun yarısı 90 saat təşkil edir. Həftəlik auditoriya dərslərinin bakalavriat səviyyəsində 30 saat olması nəzərə alınarsa iddiaçı təhsil aldığı dövlətdə hər tədris ilində minimum 3 həftə, yəni 21 gün olmalıdır.

30. İddiaçının sərhədkemə məlumatlarından görünür ki, iddiaçı təhsil aldığı dövrdə 2013cü ildə təhsil aldığı ölkədə olmamış, 2014-cü tədris ili üzrə - 9 gün, 2015-ci tədris ili üzrə - 25 gün, 2016-cı tədris ili üzrə 21 gün, 2017-ci tədris ili üzrə 45 gün təhsil aldığı ölkədə olmuşdur. İddiaçının 2013-cü ildə təhsil aldığı ölkədə olmaması, 2014-cü ildə isə cəmi 9 gün olması “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nda müəyyən olunan müddətdən azdır.

31. Məhkəmə qeyd edir ki, burada həlledici olan xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmamağıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır.

32. Məhkəmə həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır.

33. Beləliklə, cavabdeh tərəfindən iddiaçının diplom üzrə ixtisasının tanınmasından imtina edilməsi işin hallarına, eləcə də qanunvericiliyə uyğun olduğundan imtina onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

34. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi bir nümunə göstərsin ki, qiyabi təhsil alan tələbə universitetin seminar-imtahan barədə çağırış-bildirişi olmadan sessiyaya getməlidir. Agentlikdə elə bir fakt varmı ki, 2013-cü ildə (sentyabr-dekabr) universitet sessiya barədə iddiaçıya bildiriş göndərib, o isə iştirak etməyib?.

35. Bununla bağlı məhkəmə Kollegiyası bir daha vurğulayır ki, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir.Hazırkı işdə isə sözügedən tələbə riayət olunmamışdır.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7867/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7867/2025 saylı, 24 sentyabr 2025-ci il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar