Məhkəmə qərarları › İş №2-1(103)-5029/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5029/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5029/2025 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10104/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun barəsində inzibati icraata başlamaq haqqında qərarını və nəticə etibarı ilə qəbul edilmiş inzibati aktın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi nəzərə alınaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Əmək pensiyasının yenidən hesablanması” barədə 23 yanvar 2025-ci il tarixli, 3-17-1/3-3- 1330/2025 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Ədliyyə Nazirliyinin sabiq əməkdaşı kimi pensiyaya çıxmışdır və pensiyaya çıxma müddəti 17 ildən çoxdur. 2024-cü ilin dekabr ayına qədər vaxtaşırı olaraq pensiyası müvafiq qaydada artırılmaqla 1609 manat təqaüd almışdır. 2025-ci ilin əvvəllərindən onun pensiyası məlum olmayan səbəblərdən azaldılmışdır. Pensiya azaldılan zaman o, heç yerə dəvət olunmamış, ondan heç nə soruşulmamış və işin halları araşdırılmadan barəsində inzibati akt qəbul edilmişdir. İddiaçı bunun səbəbini soruşmaq üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona verilən cavab onu qane etməmişdir. Cavabdeh 17 il sonra bu məsələni qaldırmaqla iddia müddətini ötürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10104/2025 nömrəli 24 sentyabr 2025-ci il tarixli qərarı (hakim E.Abdullayev) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaşın pensiya işi üzrə sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. İddiaçıya ilkin pensiya təyin edilərkən onun ümumi iş stajı 22 il olaraq müəyyən edilmişdir. Belə ki, 19 il 3 ay müddətinə dair izahat təqdim olunsa da, 19 ildən 22 ilədək olan dövrün hesablanması barədə hər hansı izahat verilməmişdir. Məlumata görə, iddiaçının xx.xx.1983–xx.xx.2000 və xx.xx.2000–xx.xx.2022 tarixləri arasında əmək stajı nəzərə alınmışdır. Lakin cavabdeh tərəfindən Ədliyyə Nazirliyinə göndərilmiş sorğuya təqdim olunan cavab məktubunda iddiaçının Ədliyyə orqanlarında qulluq stajının 10 il 10 ay 7 gün olduğu qeyd olunmuşdur. Nəticədə, iddiaçı əvvəlcə 1609,82 manat məbləğində pensiya aldığı halda, sonradan onun pensiyasının məbləği azaldılaraq 961 manat müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından yalnız son üç il üçün tutulur. Bu səbəbdən, sözügedən vətəndaşın işi üzrə müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç ilə aid dövr üzrə müəyyən edilmişdir. Belə ki, ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar olaraq, xx.xx.2013 tarixindən etibarən həmin şəxsin vaxtilə qulluq etdiyi vəzifələr üzrə orta aylıq vəzifə maaşı 582,17 manat, qulluq illərinə görə əlavəsi 112,74 manat, rütbəyə görə əlavəsi 130,00 manat, mükafat və müavinətlərə görə əlavəsi 40,25 manat olmaqla ümumilikdə 865,16 manat təşkil etmişdir. Bu əsasda əmək pensiyası Qanunun 20.19.2-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, onun 10 il 10 ay 7 gün qulluq stajına görə orta aylıq əmək haqqının 55%-i – yəni 475,84 manat məbləğində hesablanmışdır. Həmçinin, Qanunun 26.3-cü maddəsinin əvvəlki redaksiyasına uyğun olaraq, 2017-ci il iyulun 1-dək təyin olunmuş əmək pensiyalarına qulluq stajına görə əlavələrin indeksləşdirilərək yenidən hesablanması Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə tənzimlənmiş və bu zaman stajın 15 ildən az olduğu hallar üçün xüsusi hesablama mexanizmi tətbiq olunmuşdur. Nəticədə həmin şəxsin qulluq stajı 10 il 10 ay 7 gün olduğundan, müvafiq hesablamaya əsasən, orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,11 faiz təşkil etmişdir. Sonrakı mərhələlər üzrə: xx.xx.2018 tarixindən: Orta aylıq əmək haqqı 936,84 manat olmuş, bu dövrdə əvvəlki əmək haqqı ilə fərq – 71,68 manat, 36,11%-lik əlavə ilə 25,88 manat əlavə olunaraq pensiyası 501,72 manat müəyyən edilmişdir. xx.xx.2019 tarixindən: Orta aylıq əmək haqqı 1330,99 manat, əvvəlki dövr ilə fərq – 394,15 manat, 36,11%-lik əlavə ilə 142,33 manat əlavə olunaraq pensiyası 644,05 manat təşkil etməli idi. Lakin faktiki olaraq həmin şəxsə xx.xx.2021–xx.xx.2022 tarixləri arasında hər ay 1147,40 manat ödənilmiş, nəticədə bu dövr üçün 6462,36 manat artıq vəsait ödənilmişdir. Bundan əlavə: 2023-cü il ərzində: Ödənilməli olan pensiya məbləği 812,60 manat olduğu halda, 1447,68 manat ödənilmiş və 7620,96 manat artıq ödəniş yaranmışdır. 2024-cü il ərzində: Pensiya 903,61 manat olmalı ikən, 1609,82 manat ödənilmiş və 8474,52 manat artıq ödəniş baş vermişdir. Ümumilikdə, son üç il üzrə 22557,84 manat artıq pensiya ödənişi qeydə alınmışdır. Bundan başqa, 2022-ci il üzrə maddi yardım kimi 603,96 manat artıq ödənilmiş, bunun 100,66 manatı artıq tutulmuş, qalan 503,30 manat isə bərpa olunmalı məbləğ kimi qalmışdır. Qeyd edilən faktlara əsasən, "İnzibati icraat haqqında" Qanunun 28.1.2-ci maddəsinə uyğun olaraq, əmək pensiyasının hesablanmasına yenidən baxılması ilə bağlı inzibati icraata başlanılmış, vətəndaşa bu barədə məlumat verilmiş və onu dinləmək üçün Mərkəzi Filiala dəvət olunmuşdur. Lakin o, göstərilən tarixlərdə gəlmədiyindən qanunvericiliyə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması barədə inzibati akt qəbul olunmuşdur. Bundan əlavə, həmin şəxs 2025-ci il 31 yanvar tarixində əmək pensiyasının işlədiyi dövrlərə görə yığılan pensiya kapitalına əsasən yenidən hesablanması üçün müraciət etmişdir. Bu müraciət əsasında pensiyası aşağıdakı kimi yenidən hesablanmışdır: xx.xx.2022 tarixindən – 656,45 manat; xx.xx.2023 tarixindən – 828,24 manat; xx.xx.2024 tarixindən – 921,00 manat; xx.xx.2025 tarixindən – 995,60 manat. Bu hesablamalara əsasən, ümumi artıq ödəniş məbləği 21932,69 manata endirilmiş, maddi yardım üzrə artıq ödəmə isə 489,69 manat təşkil etmişdir. Bunun 97,94 manatı tutulmuş, 391,75 manatı qalıq borc qismində saxlanılmışdır. Beləliklə, ümumilikdə vətəndaşa aid son üç il üzrə artıq ödənilmiş ümumi məbləğ 22324,44 manat təşkil edir. Həmin vəsaitin hissə-hissə pensiyadan tutulmasına dair xx.xx.2025 tarixli ərizəsi nəzərə alınaraq, müvafiq bərpa tədbirləri bu tarixdən etibarən icraya yönəldilmişdir. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Ədliyyə Nazirliyinin sorğu məktubuna əsasən cavab olaraq onun qulluq stajını heç bir əsas olmadan 10 il 10 ay 7 gün olduğunu qeyd edir. Bildirilmişdir ki, Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 saylı Qərarına əsasən qulluq illəri Ədliyyə Nazirliyi tərəfindən səlahiyyət verilən xüsusi komissiya tərəfindən hesablanır. Qulluq illərinə həmin Qərarın 3.2.7-ci maddəsinə və 2.2.7-ci maddəsinə əsasən hərbi xidmət illəri də daxil edilməlidir. O,3 il X2 hərbi xidmət etmişdir. Bundan başqa “Dövlət Qulluğu haqqında” Qanunun 8.1.4cü maddəsinə əsasən Ağır Cinayətlər Məhkəməsində işlədiyi 1 il 11 ay 29 gün, Bakı Şəhər Məhkəməsində işlədiyi 4 il 4 ay da qulluq illərinə əlavə edilməlidir. Onun vəzifə maaşı və qulluq illərinə görə əlavələr mükafat və müavinətlərə, o cümlədən vaxtilə qulluq etdiyi vəzifələrə görə orta aylıq əmək haqqı da səhv hesablanmışdır. Onun qulluq illəri cavabdeh tərəfindən düzgün olmayaraq 15 ildən az hesablandığına görə qulluq illərinə görə ödənişlər də az hesablanmışdır. Cavabdeh əmək pensiyasının yenidən hesablanması zamanı onun iştirakın təmin etməmişdir. Bununla da “İnzibati icraat haqında” 21 oktyabr 2005-ci il tarixli 1036 saylı Qanunun 21-ci maddəsinin, 25-ci maddəsinin tələblərini kobud surətdə pozmuşdur. Onu da qeyd etmək lazımdır ki, o, 2006-cı ilin yanvar ayından (bu müddət 20 il təşkil edir) pensiya alır. Pensiyası 2006-cı ildə qüvvədə olmuş və sonradan qəbul edilmiş ağırlaşdırıcı hallarda geriyə qüvvəsi olmayan Qanunlar əsasında hesablanır. Cavabdeh pensiya aldığı 20 illik müddəti nəzərə almadan Mülki Məcəllənin 372-373-cü maddələrinin və “İnzibati icraat haqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir. Hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin bu iş üzrə olan xx.xx.2025-ci il tarixli 10104/25 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunsuz inzibati akt, həmin aktın ləğv edilməsini şərtləndirən hallar 1 il ərzində ləğv edilə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia prosessual müddətə əməl edilməklə qaldırılmışdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İnzibati işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya Fondun Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bundan sonra iddiaçının əmək pensiyası inventarlaşdırma səbəbi ilə iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanmış və nəticədə son üç il üzrə iddiaçıya ümumilikdə 22557,84 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin məbləğ azaldılaraq 21932,69 manat təşkil etmişdir. İddiaçı barəsində “Əmək pensiyasının yenidən hesablanması” barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, iddiaçının yenidən hesablanmış pensiya məbləği 903,61 manat təşkil etmişdir. İddiaçı hazırda həmin qərarla razılaşmayaraq onun ləğv edilməsini xahiş edir. Qərarın qəbul edilməsinin əsası ondan ibarət olmuşdur ki, cavabdehin sorğusuna əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin cavab məktubunda iddiaçının əmək pensiyasının təqvimi hesablama ilə 10 il 10 ay 07 gün təşkil etdiyi bildirilmişdir. Bu isə ona əmək pensiyası təyin edilməsi üçün kifayət deyildir. İş materiallarında olan: - İddiaçının İT ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1972-ci ildən xx.xx.1978-ci ilədək Sovet ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1978-ci ildə Polad sexində 1-ci dərəcəli metal emalçısı vəzifəsində işə qəbul edilmişdir. xx.xx.1980-ci ildə Bakı Polad Zavodunda 1-ci dərəcəli metal emalçısı, xx.xx.1980-ci ildə OTK-da 1-ci dərəcəli nəzarətçi işləmiş, xx.xx.1982-ci ildə 2-ci dərəcəli qəbuledici vəzifəsinə keçirilmiş və xx.xx.1983-cü ildə öz ərizəsi əsasında işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə Azərbaycan SSR Ədliyyə Nazirliydə ümumi şöbənin məsləhətçisi təyin edilmiş, 10.1983-cü ildə Məhkəmə Praktikası və Statistikanın ümumiləşdirilməsi şöbəsində məsləhətçi təyin edilmiş və xx.xx.1984-cü ildə Xalq Məhkəməsində stajor vəzifəyə təyin edilmişdir. xx.xx.1985-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə keçərək Bakı şəhər 2 saylı Hüquq məsləhətxanasında işləmiş, xx.xx.1990-cı ildə Vəkillər Kollegiyasının üzvlüyündən çıxmışdır. Həmin tarixdə Ədliyyə Nazirliyinin Xalq Təsərrüfatı Hüquq işləri şöbəsində mütəxəssis kimi işə başlamış, xx.xx.1992-ci ildə kadrlar şöbəsində aparıcı mütəxəssis, xx.xx.1992-ci ildə şöbənin baş mütəxəssisi işləmişdir. İddiaçı xx.xx.1994-cü ildə M.O.İ-də aparıcı mütəxəssis, xx.xx.1994-cü ildə baş mütəxəssis, xx.xx.1995-ci ildə aparıcı mütəxəssis, xx.xx.1995-ci ildə baş mütəxəssis vəzifələrində işləmişdir. xx.xx.1996-cı ildə həmin vəzifədən ərizəsi ilə çıxmış və Bakı Şəhər Məhkəməsində məsləhətçi kimi işə başlamış, 08.2000-ci ildə həmin məhkəmənin ləğvi ilə əlaqədar işdən azad olunmuşdur. O, xx.xx.2000-ci ildə Ağır Cinayətlərə dair Məhkəmədə sınaq müddəti ilə məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2004cü ildə Bakı şəhəri Yasamal rayonu Qaz İstismarı İdarəsində 9-cu dərəcəli hüquq məsləhətçisi kimi işə qəbul olunmuş, xx.xx.2005-ci ildə 10-cu dərəcə almışdır. - 602278 nömrəli pensiya uçot vərəqindən görünür ki, iddiaçıya Yasamal rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. - xx.xx.2019-cu il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən İddiaçı 823,09 manat pensiya məbləği yenidən hesablanaraq 1147,40 manata çatdırılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin cavabdehə ünvanladığı xx.xx.2024- cü il tarixli məktubda göstərilmişdir ki, iddiaçının ədliyyə orqanlarında qulluq illəri 10 il 10 ay 7 gün təşkil edir. - İddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında məktubun məzmunundan aydın olur ki, ədliyyə orqanının sabiq əməkdaşı kimi əlilliyə görə əmək pensiyası təyin edilərkən ədliyyə orqanlardakı qulluq stajının və orta aylıq əmək haqqının düzgün hesablanmadığı aşkar olunmuş və iddiaçı mülahizələrinin dinlənilməsi üçün cavabdeh inzibati orqana dəvət olunmuşdur. - xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-1330/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən inventarizasiya səbəbi ilə iddiaçının pensiya məbləği 1609,82 manatdan azaldılaraq 903,61 manat müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli aktdan müəyyən edilir ki, maraqlı şəxs xx.xx.2025-ci il tarixində Mərkəzi Filiala gəlmiş, vəzifəli şəxslər tərəfindən qəbul edilmiş, maraqlı şəxsə vaxtilə sabiq ədliyyə işçisi kimi əlilliyə görə əmək pensiyası təyin edilərkən qulluq illərinin düzgün müəyyən edilmədiyi və ya orta aylıq əmək haqqının düzgün hesablanmadığının aşkar olunduğu barədə məlumat verilmişdir. - xx.xx.2025-ci il tarixli 3-17-1/3-3-2347/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərardan görünür ki, iddiaçının 976,80 manat pensiya məbləği ərizəsinə əsasən yenidən hesablanaraq 995,60 manat müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli cavabdeh inzibati orqanın məktubu ilə bildirilmişdir ki, müvafiq hesablama aparılarkən iddiaçının artıqödəmə məbləği son üç il üçün müəyyən edilmiş, iddiaçıya 22557,84 manat artıq pul ödənildiyi aşkar edilmiş və həmin məbləğ azaldılaraq 21932,69 manat müəyyən edilmişdir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, iddiaçının əmək pensiyası Qanunun 20.19.2-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, onun 10 il 10 ay 7 gün qulluq stajına görə orta aylıq əmək haqqının 55%-i – yəni 475,84 manat məbləğində hesablanmışdır. Həmçinin, Qanunun 26.3-cü maddəsinin əvvəlki redaksiyasına uyğun olaraq, 2017-ci il iyulun 1-dək təyin olunmuş əmək pensiyalarına qulluq stajına görə əlavələrin indeksləşdirilərək yenidən hesablanması Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə tənzimlənmiş və bu zaman stajın 15 ildən az olduğu hallar üçün xüsusi hesablama mexanizmi tətbiq olunmuşdur. Nəticədə artıq ödəmələr – son üç il üzrə artıq ödənilmiş ümumi məbləğ 22324,44 manat olmuşdur. Cavabdeh inzibati orqan iddiaçıya səhv pensiya məbləğinin hesablanması halında, yenə cavabdeh özü araşdırma apararaq iddiaçının pensiya məbləğini aşağı salmışdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmış, inzibati orqanın qərarının ləğv edilməsi nəticəsinə gəlmiş, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 yanvar 2025-ci il tarixli, 3-17-1/3-3-1330/2025 saylı qərarı ləğv edilmişdir. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə ilə bağlı qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir; 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir; 67.8-ci maddəsinə əsasən, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.1-ci maddəsinə əsasən, qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər; 68.2-ci maddəsinə əsasən, qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır; 68.4-cü maddəsinə əsasən, qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Nə əmək pensiyasının yenidən hesablanması barədə qərarda, nə də məhkəmələrə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə ona pensiya təyininə müdaxilə etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmiş və bundan 17 ildən çox müddət keçdikdən sonra cavabdeh həmin pensiyasının düzgün müəyyən olunmadığına istinad etmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın inzibati aktın ləğv olunmasını şərtləndirən halların ona məlum olduğu gündən 1 il ərzində ləğv etməsi barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir. Məhkəmə Kollegiyası bir daha diqqətə çatdırır ki, pensiya təyin edildikdən sonra buna dair təyinatı həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində pensiyanın düzgün təyin edilmədiyini aşkar etdikdə, bununla bağlı şəxsin təyinatına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə ona pensiya təyininə müdaxilə etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin edilmiş və uzun illər iddiaçı bundan 17 ildən çox müddət keçdikdən sonra cavabdeh həmin pensiyasının düzgün müəyyən olunmadığına istinad etmişdir. Cavabdeh ehtimal etdiyi yanlışı (səhv hesablamanı) nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə hər hansı sübut hazırda təqdim etməmişdir. Hazırkı mərhələdə cavabdeh inzibati orqanın qərar qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etdiyi müəyyən edilmir. Belə ki, iddiaçı uzun müddət cavabdeh tərəfindən müəyyən edilmiş qaydada əmək pensiyası almışdır. Sonradan onun əmək pensiyasının yenidən hesablanması isə iddiaçının ümid etdiklərindən məhrum olmasına, hətta onun dövlət büdcəsinə ödənilməli olan borcunun yaranmasına səbəb olmuşdur ki, bu, etimad prinsipinə zidd hesab edilməlidir. Beləliklə, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının düzgün təyin edilmədiyi barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Məhkəmə kollegiyası həmçinin onu da, qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, yuxarıda qeyd edilən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında (★★★) öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmaldır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10104/2025 nömrəli, 24 sentyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar