Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-503/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının direktoru Nümayəndə1, iddiaçının nümayəndələri X5 və Vəkil3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin (VÖEN- **********; Hüquqi ünvanı - AZ1138, ünvan 1 Qanuni təmsilçisi –Qanuni nümayəndə, dövlət qeydiyyatına alındığı tarix- xx.xx.2016-cı il) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-53/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC xx.xx.2017-ci il tarixdə Cavabdehnə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri X2 İddiaçı MMC-yə vergilərin hesablanması barədə xx xxxxxxx 2017-ci il tarixli, **********625600 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx xxxxx 2016-cı il tarixdə təsis edilmişdir. Həmin tarixli Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Həmin vaxtdan fəaliyyət göstərən MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. Fəaliyyət dövrü ərzində MMC daima öz üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən gəlir vergisini vaxtı vaxtında vergi orqanına bəyan etmişdir. Bununla da, öz üzərinə düşən vergi öhdəliyini dürüst, qanunauyğun olaraq icra etmişdir. Lakin, xx xxxxxxx 2017-ci il tarixli Cavabdeh vergilərin hesablanması barədə **********25600 nömrəli qərarına əsasən vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində 85700 manat əlavə vergi məbləği hesablanmışdır. Halbuki MMC fəaliyyət göstərdiyi müddətdən vaxtı vaxtında vergilər gəlirə uyğun olaraq bəyan edildiyi və ödənildiyi halda formal əsaslarla Bakı şəhəri X4 əsassız olaraq əlavə vergi məbləği hesablamışdır. Buna görə də hesab edirlər ki, həmin məbləğ kifayət qədər şişirdilmişdir, həqiqəti əks etdirmir və bu səbəbdən də Bakı şəhəri X2 vergilərin hesablanması barədə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. xx.xx.2017-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Bakı şəhəri X2 xx.xx.2017-ci il tarixli vergilərin hesablanması barədə **********620200 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(81)-5970/17 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə (hakim Ş.Məmmədova) iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 32690№-li ekspertiza rəyi məhkəməyə daxil olmuşdur.(ekspert Elgün Səfərov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-53/2019 saylı qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il tarixli vergilərin hesablanması barədə **********620200 saylı qərarının ləğv edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul İddiaçı MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulması qərara alınmışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-53/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya hesablanmış vergi ilə bağlı araşdırma aparılmış və araşdırma zamanı vergi ödəyicisinin 2015-ci ilin sonuna 0,00 manat qalığınının olduğu, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 1.058.485,18 manat məbləğində mallar idxal olunduğu müəyyən edilmişdir. Satılmış mallara ticarət əlavəsi (40%) tətbiq edilməklə 1.481.879, 25 manat dövriyyə müəyyənləşdirilmişdir.Müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən dövriyyənin 920.068,12 manat göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********438400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat məktubu, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2017-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 85.700,00 manat (1.481.879,25- 920.068,12)x18/118} əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2017-ci il tarixli **********625600 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd edilən qərarın qəbul edilməsindən sonra iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə həmin dövrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, lakin dəqiqləşdirilmiş bəyannamənin qəbul edilməsi üçün əsaslar müəyyən olunmadığından iddiaçıya münasibətdə əvvəlki qərardakı hesablamanı təsdiq edən xx.xx.2017-ci il tarixli **********620200 nömrəli “Vergilərin hesablanması barədə” Qərar qəbul edilmiş və iddiaçıya göndərilmişdir. Məhkəmənin gedişində təyin olunmuş ekspertiza üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx xxxxxxx 2018-ci il tarixli 32690 saylı ekspert rəyi təqdim edilmişdir. Hesab edirlər ki, ekspert rəyi iş üzrə mötəbər sübut qismində qəbul edilə və məhkəmə qərarının əsasını təşkil edə bilməz. Belə ki, müəyyən edilmiş sual üzrə ekspert tərəfindən verilən rəydə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94-cü və 159-cu maddələrinə istinad edilərək, vergi orqanı tərəfindən kameral qaydada verginin hesablanması zamanı Vergi Məcəlləsinin tələblərinə əməl edilməməsi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1001/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər K.Abiyeva, M.Tağızadə, Ü.Mayılov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-53/2019 saylı , xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3216/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakimlər R.Nəbizadə, A.Hüseynov , X.Məmmədov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1001/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İşin təkrar apellyasiya icraatı zamanı xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi Vəkil3 tərəfindən məhkəməyə ərizə və əlavə olaraq 126 vərəqdən (göstərilməklə) ibarət gömrük bəyannamələrinin surətləri təqdim edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının direktoru Nümayəndə1, iddiaçının nümayəndələri X6 və Vəkil3 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Əlavə olaraq, iddiaçının nümayəndəsi X6, gömrükdə malın dəyərinin invoysdan yuxarı götürüldüyünü, malın maya dəyərinin invoysdakından yuxarı hesablandığını, sahibkarın malı satmaq üçün rüsum ödədiyini, daha sonra bunun əvəzləşdirildiyini, malın invoys dəyərinin üzərinə 2% gələrək malı satdıqlarını, 2% ticarət əlavəsinin bütün xərcləri tamamilə əvəz etdiyini, malın üzərinə 40% əlavə etməklə heçnə əldə etməyəcəklərini bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, o, sübutetmə yükünün qarşı tərəfə düşdüyünü, ödəyicinin ölkəyə malı gətirərkən ƏDV-ni ödədiyini daha sonra əvəzləşdirildiyini, vergi orqanının göstərilən malın dəyəri əsasında hesablama apardığını, ödəyicinin gömrük bəyannaməsində təqdim etdiyi mal ilə ölkəyə gətirdiyi mal arasında fərqin olduğunu, buna görə 85 000 manat ticarət əlavəsi tətbiq edilməklə hesablama aparıldığını, ödəyicinin malın satış qiymətini təqdim etmədiyindən ticarət əlavəsinin analoji olaraq 40% hesablandığını, gömrükdə ƏDV hesablandıqdan sonra əvəzləşdirmə aparıldığını bildirdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Ali Məhkəmənin işin yeni apellyasiya baxışına qaytarılması haqqında qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, “Apellyasiya instansiyası məhkəməsi məhkəmə ekspertizasının rəyinə əsaslanaraq cavabdehin şikayətini haqlı saymamışdır. İşin 170- 173-cü səhifələrində olan ekspert rəyində ticarət əlavəsinin hesablanması zamanı yalnız Vergi Məcəlləsinin tələblərinə əməl edilmədiyi vurğulanmış, cavabdeh tərəfindən hesablanmış ƏDV-nin məbləği ilə bağlı hər hansı əsaslandırma verilməmişdir. İPM-nin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları, o cümlədən ƏDV-nin hesablanması ilə bağlı cavabdehin təqdim etdiyi gömrük bəyannamələrindəki məlumatları araşdırıb qiymətləndirməmiş, rəydə xüsusi bilik tələb edilən suallarla bağlı deyil, Vergi Məcəlləsinin müddəaları qeyd edilib həmin müddəaların mövcudluğu ilə bağlı fikir bildirilməsi nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, onun vergiyə cəlb edilməsi barədə cavabdehin hərəkəti qanunsuz olmuşdur. Apellyasiya məhkəməsi qərarında iddiaçıya hesablanan vergi məbləği ilə bağlı heç bir araşdırma aparmamışdır. İddiaçının təqdim etdiyi bəyannamələrdə dövriyyə məbləğinin və ƏDV-nin azaldılmasının əsasları hüquqi araşdırmanın predmeti olmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İş materiallarında olan: Cavabdeh xx xxxxxxx 2017-ci il tarixli, **********620200 saylı “Vergilərin hesablanması barədə” qərarının surətinə əsasən 2017-ci ilin avqust ayı vergi dövrü üzrə 85.700 manat əlavə dəyər vergisi hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxxxxx 2018-ci il tarixli, 32690 saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli, **********620200 saylı vergi orqanının qərarında 2017-ci ilin avqust ayına görə hesablanmış ƏDV-nin hansı qaydada hesablanmasının aparılması göstərilmişdir. Həmin qərarda əlavə hesablanmış 85700.00 manat məbləğində ƏDV-nin yaranmasına səbəb satılmış mallara görə ticarət əlavəsi tətbiq olunması göstərilmişdir. Ekspert belə nəticəyə gəlmişdir ki, vergi orqanının xx.xx.2017-ci il tarixli, **********620200 saylı qərarı ilə 2017-ci ilin avqust ayı üzrə İddiaçı MMC-yə hesablanmış ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd olunmuşdur ki, kameral qaydada verginin hesablanması zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin tətbiq etdiyi hesabatlar qəbul olunmalıdır. xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsinə əsasən göndərən “Ortoteks Ortopedi ve Tekstil Ürün. Diş.Tic.San.Ltd.Şti” İstanbul/Türkiyə, Malı qəbul edən “xxxxxxxxxx”MMC AZ1138, Bakı şəh., Yasamal ray., Zaur Kərimov küç., ev 42; xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsinə əsasən göndərən “PETRACERS CERAMİCS SRL” İtaliya, malı qəbul edən “xxxxxxxxxx”MMC AZ1138, Bakı şəh., Yasamal ray., Zaur Kərimov küç., ev 42; xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsinə əsasən göndərən “X8.Paz.San.Tic.Ltd.Şti” Ankara/Türkiyə, malı qəbul edən “xxxxxxxxxx”MMC AZ1138, Bakı şəh., Yasamal ray., Zaur Kərimov küç., ev 42. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışa əsasən qurumun adı (əvvəlki) – “xxxxxxxxxx” MMC, qurumun adı (hazırkı)- İddiaçı MMC, qeydiyyata alındığı tarix – xx.xx.2016-cı il, VÖEN- **********, Hüquqi ünvanı – AZ1138,ünvan 2 , Qanuni təmsilçisi – Qanuni nümayəndə, çıxarışın verildiyi tarix- xx.xx.2017. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi məhkəmə ekspertizası rəyinə əsaslanaraq qeyd etmişdir ki, işdə olan sənədlərlə Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli, **********620200 saylı qərarda İddiaçı MMC-yə 2017-ci ilin avqust ayı üzrə əlavə olaraq 85.700,0 manat məbləğində ƏDV hesablandığı müəyyən edilmiş və həmin ƏDVnin yaranmasına səbəb satılmış mallara görə ticarət əlavəsi tətbiq olunması göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə vergi orqanının kameral vergi yoxlaması qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmişdir. Belə ki, iddiaçı tərəfindən bəyannamə cavabdehə xx xxxxxxxx 2017-ci il tarixdə təqdim edilmiş və xx xxxxxxx 2017-ci il tarixdə vergi orqanı tərəfindən kameral vergi yoxlamasının nəticəsi olaraq müvafiq qərar qəbul edilmişdir. Həm bəyannamənin təqdim edildiyi gün, həm də qərarın qəbul edildiyi gün nəzərə alınarsa, cavabdeh orqan tərəfindən mübahisələndirilən qərar qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsinin hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxxxxx 2018-ci il tarixli, 32690 saylı ekspert rəyinə əsaslanması düzgün olmamışdır. Azərbaycan Respublikası İPM-nin 29-1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 1.2-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə ekspertiza rəyində kameral qaydada verginin hesablanması zamanı Vergi Məcəlləsinin tələblərinə əməl olunmadığı və bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisinin tətbiq etdiyi hesabatlar qəbul olunmalı olduğu qeyd edilmiş, dolayısıyla, rəydə xüsusi bilik tələb edilən suallara deyil, Vergi Məcəlləsinin müddəalarının düzgün tətbiq edilib-edilməməsinə dair rəy verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin birinci instansiya icraatı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspertin əsas vəzifəsi mübahisələndirilən qərarlardakı hesablamaların düzgünlüyü ilə bağlı rəy verməkdən ibarətdir. Halbuki, ekspert öz rəyində hesablamalarla bağlı məsələyə ümumiyyətlə toxunmamış və əsassız olaraq prosessual normaların pozulmasına istinad etmişdir. Maddi və prosessual normaların düzgün tətbiq olunub-olunmamasına hüquqi qiymət verilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş məsələdir və bu hal ekspert rəyinin əsasını təşkil edə bilməz. Odur ki, birinci instansiya məhkəməsi mötəbər sübut qismində qəbul edilməsi mümkün olmayan ekspert rəyinin qərarında əsas kimi qeyd etməklə, yanlış nəticəyə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi öz qərarında Vergi Məcəlləsinin 159.1-ci maddəsini qeyd edərək, bildirmişdir ki, Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavə və vergi tutulan idxal vergitutma obyektidir. Həmin maddənin tələblərindən göründüyü kimi, ƏDVnin ticarət əlavəsi ilə hesablanması yalnız Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilə bilər. Müəssisə tərəfindən isə idxal əməliyyatları həyata keçirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin ƏDV ilə bağlı maddələrinin də tələbindən aydın olduğu kimi ƏDV malın dəyəri üzərinə gəlinən əlavə məbləğdən büdcəyə ödənilən vergidir. Yəni, tətbiq edilən ticarət əlavəsinə ƏDV-nin hesablanması məhz ƏDV-nin mahiyyətindən irəli gəlir. Odur ki, məhkəmə qərarında ticarət əlavəsinə ƏDV-nin hesablanmasının yalnız Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışına münasibətdə tətbiq oluna bilməsinin qeyd edilməsi müvafiq maddənin düzgün təfsir edilməməsini təsdiq edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 1.058.485, 18 manat məbləğində mallar idxal olunsa da, müvafiq dövr üzrə vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən dövriyyə 920.068,12 manat göstərilmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının fəaliyyət növü ixtisaslaşdırılmış topdansatış olduğundan nizamnaməyə uyğun olaraq, qanunla qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul olmaq hüququ olmuşdur. Vergi orqanı yuxarıda müəyyən edilən dövriyyəyə 40% ticarət əlavəsi tətbiq etməklə iddiaçı tərəfindən idxal edilmiş malların satış dəyərini müəyyən edərək həmin dəyərə ƏDV tətbiq etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.64-cu maddəsinə əsasən ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərqdir. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda yaranmış fərqlə bağlı malların təqdim edilməsi, vergi ödəyicisinin ƏDV bəyannaməsində göstərilməsi ya da mal qalığı kimi mənfəət vergisi bəyannaməsinin 1 №-li Əlavəsində əks etdirilməsi iş materiallarından müəyyən edilmir. Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Eyni zamanda, işin hazırkı apellyasiya icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş gömrük bəyannamələri tərəflərin nümayəndələrinin iştirakı ilə məhkəmə iclasında araşdırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş gömrük bəyannamələri iddia tələbinin əsaslı olduğunu təsdiq etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilən hallar hazırkı işin birinci instansiya icraatı zamanı nəzərə alınmamış, maddi normaların pozulması şəraitində qanunsuz və əsassız olaraq iddia tələbi təmin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası sübutların məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-53/2019 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh Bakı şəhəri X2 xx.xx.2017-ci il tarixli vergilərin hesablanması barədə **********620200 saylı qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul İddiaçı MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-503/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-503/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver