Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-503/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (“Kredo” Vəkil Bürosu) iştirakı ilə, X1 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4337/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Raza cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin İQ-34/1 saylı xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsini və cavabdehin üzərinə iddiaçının xx.xx.2019-cu il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı sığınacaq vəsatəti ilə hazırkı cavabdehə müraciət etmişdir. Vəsatət ***-**** nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin onunla apardığı müsahibə zamanı iddiaçı bildirmişdir ki, Əfqanıstanın Helmənd vilayətində doğulmuşdur, sonda Ləşgərdan şəhərinə köçmüş, orada tikinti işlərində günəmuzd çalışmış, ölkəsində qeyri-stabil vəziyyətdə, insanların sıx toplaşdıqları ictimai yerlərdə törədilən partlayışlarla əlaqələndirilmiş və gələcəkdə həyatı üçün təhlükə olacağını ehtimal edərək Əfqanıstanı tərk etmiş və BƏƏ-dən keçməklə Azərbaycana gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə AR Dövlət Miqrasiya Xidməti İQ-34/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd etmişdir. Xidmət qərarını onunla əsaslandırmışdlr ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyil. Hazırkı işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsidir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə – BMT Baş Məclisinin xx xxxx 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Konvensiyası və xx xxxxxx 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Protokoludur. Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisinin) x xxxxxx 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il Konvensiyası / 1967-ci il Protokoluna qoşulmuşdur (xx xxxxxx 1993-cü il tarixdən qüvvədədir). Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi və prosessual hüquq normalarına bölünür. Hesab olunur ki, cavabdehin qərarı (əlverişli inzibati aktın qəbulundan imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu, əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdehin qərarında fundamental səhvlərə yol verilmişdir. Cavabdeh işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin əsassız olaraq partlayışlar törədilən cinayətlərdə şübhəli bilindiyi üçün təqib edilməsi riskidir. Cavabdeh iddiaçının əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir. 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi, 2-ci mərhələ əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsidir. İş üzrə mühüm fakt ərizəçinin əsassız olaraq partlayışlar törədilən cinayətlərdə şübhəli bilinərək təqib edilməsidir. İş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlardır. Hüquq müəyyənedən orqan ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirdikdə, güman edilən faktların ağlabatanlığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitəliliyi, izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatları ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məğbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən müvafiq amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki,ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. DMX iddia üçün əsas ola bilən aşağıdakı faktları müəyyən və təhlil etməyib: ərizəçinin hazara olduğu üçün taliban və antihökumət elementləri tərəfindən təqiblərə məruz qalması, ərizəçinin ictimai yerlərdə törədilən partlayışlarda şübhəli bilindiyindən əsassız məsuliyyətə cəlb olunaraq qəddar rəftar qarşısında müdafiəsiz qalıb həyatı üçün real təhlükənin mövcud olması. Ərizəçinin işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir, buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir. Ərizəçi əsassız olaraq insanların sıx toplaşdığı ictimai yerlərdə törədilən partlayışlarla əlaqələndirildiyi üçün əsaslı təqib qorxusu olduğuna görə vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilməyən şəxsdir. Bundan əlavə AR Dövlət Miqrasiya Xidməti «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19, 45-ci maddələrinin pozuntusuna yol vermişdir. Belə ki, Xidmət ərizəçinin izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim edilmədiyi halda, izahatları mötəbərlik prezumsiyasına uyğun qiymətləndirməmişdir. Bununla da, həmin Qanunun 19-cu maddəsinin pozuntusuna yol vermişdir. Bundan əlavə, ərizəçinin izahatları həmin Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməmiş və araşdırılmamışdır. Eləcə də, Dövlət Miqrasiya Xidməti ərizəçinin müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməmişdir. Bununla da, sözügedən Qanunun 10 və 26-cı maddələrinin tələblərinin pozulmasına yol verilmişdir. Həmçinin, Xidmət ərizəçiyə lazımi hüquqi məsləhətləri verməmişdir. Dövlət Miqrasiya Xidmətinin qərarı yazılı akt olmasına baxmayaraq, həmin Qanunun 61-ci maddəsinə uyğun şəkildə əsaslandırılmamışdır. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Göstərilənlərə və İPM-in 2.2, 33, 35, 38-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 1, 2, 10, 19, 26, 45, 61-ci maddələrinə əsaslanaraq, cavabdehin İQ-34/1 saylı xx xxxxxx 2020-ci il tarixli “qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarının ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının xx xxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəyəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx xxxxxx 2020-ci il tarixli İQ- 34/1 saylı və xx xxxx 2020-ci il tarixli 95 saylı qərarlarının qanunsuz sayılaraq ləğv edilməsini və iddiaçıya qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4337/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qismən qəbul edilmiş, iddia tələbi «cavabdehin xx xxxxxx 2020-ci il tarixli İQ-34/1 saylı qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçıya qaçqın statusu verilməsi barədə vəsatəti təmin edərək qaçqın statusunun verilməsi» kimi göstərilməsi qərara alınmış, iddianın dəyişdirilməsinin qalan hissədə qəbulundan imtina edilmişdir. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4337/2020 nömrəli qərarı ilə (hakim R.Kərimli) X2 Razanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı «qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4337/2020 nömrəli qərarının, hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə cavabdehin xx.xx.2020-ci il tarixli AR DMX İQ-34/1 saylı qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının ləğv edilməsi və cavabdehin üzərinə iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul etmək öhdəliyi qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, MS-374-2019 №-li müvəqqəti şəhadətnaməyə dair arayışa əsasən xx.xx.2000-ci ildə anadan olmuş Əfqanıstan İslam Respublikasının vətəndaşı X4çqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxxxxx 2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, onun adına ***-**** saylı şəxsi işi açılmışdır. Bu sənəd xx.xx.2020-ci il tarixədək etibarlıdır və Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. -Azərbaycan Respublikasının Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ-34/1 saylı “Qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında qərarı”na əsasən iddiaçıya qaçqın statusu verilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun verilməsi haqqında ***-**** saylı Vəsatət (ərizə-anket) əsasən Adı- Adil Raza, atasının adı – Vacid Ali, soyadı –Amani, 05.03 2000-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikasının vətəndaşı, dini – islam, ana dili – fars, təhsili- ibtidai. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir: “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarına əsasən müəyyən edilir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı olan x xxxx 2000-ci il tarixdə doğulmuş hazırkı X2 Raza xx xxxxxx 2019-cu il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və ***-**** saylı şəxsi iş açılmış, iddiaçı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə hazara olduğunu, olduğu ölkədə təqiblərə məruz qaldığını və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə xx xxxxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Qərarda iddiaçı ilə keçirilmiş inzibati icraatda onun vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, özü və ailə üzvlərinin həmin ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçının qərardan verdiyi inzibati şikayət də təmin olunmamışdır. İddiaçı hazırda cavabdehin imtina barədə xx xxxxxx 2020-ci il tarixli həmin qərarını mübahisələndirir və ona qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. X2 Raza müsahibə zamanı verdiyi izahatlarından məlum olmuşdur ki, o vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası eyni zamanda apellyasiya şikayətinin dəlili olan cavabdehin ərizəçinin müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməməsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan ***-**** saylı Vəsatətə (ərizə-anket) əsasən iddiaçının ana dili fars dilidir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, ***- **** saylı vəsatətin 1№-li əlavəsinə əsasən Tərcüməçi – Cəmalə Mirzəyeva, dil – fars dili qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ana dili – fars dili üzrə tərcüməçinin iştirakı təmin edilmiş, iddiaçı tərəfindən tərcüməçinin qərəzli olması barədə hər hansı sənəd-sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4337/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : X2 Razanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4337/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-503/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-503/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver