Məhkəmə qərarları › İş №2-1(103)-503/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-503/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-503/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinin iddiaçının adına qeydiyyata alınaraq çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4497/2021 saylı 09.09.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək - Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3a saylı binanın yaxınlığında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün 40 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 35 saylı, 01 fevral 2006-cı il tarixli qərarı ilə 2-ci qrup Qarabağ müharibəsi əlili kimi Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3a saylı binanın yaxınlığında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün 40 kv.m torpaq sahəsinin verilmiş, onunla müvafiq alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin, 01 fevral 2006-cı il tarixində həmin ünvanda sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün alqı-satqı yolu ilə onun mülkiyyətinə 40 kv.m sahənin verilməsi haqqında müqavilə bağlanmışdır. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən təklif edilən torpaq sahəsinin situasiya planı işlənib hazırlanmış, 2006-cı ildə layihəçi "xxxx" LTD MMC tərəfindən həmin sahədə inşa ediləcək dükanın eskiz layihəsi tərtib olunmuşdur. O, həmin torpaq sahəsində eskiz layihəyə uyğun olaraq qeyri-yaşayış sahəsi (dükan) tikdirmiş, həmin tarixdən də qeyri-yaşayış sahəsi onun istifadəsində olmuş və faktiki olaraq ona sahiblik etmişdir. Həmin qeyri-yaşayış sahəsinin qeydiyyata alınması üçün bütün əsaslar mövcud olsa da, cavabdeh hərəkətsizliyə yol vermiş, tədbir görməmişdir (Cavabdehin işdə olan iddiaçıya ünvanladığı 15.01.2021-ci il tarixli i məktubundan görünür ki, mübahisəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunda göstərilən əsaslar mövcud olmadığı əsas gətirilməklə qeydiyyatdan imtina olunmuşdur) Cavabdeh orqan məhkəməyə təqdim etdiyi 15.01.2021-ci tarixli iddia ərizəsinə yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçı Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3a binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi üzərində hüquqlarının qeydə alınması üçün 20.11.2020-ci il tarixli ərizə ilə idarəyə müraciətinə idarə tərəfindən baxıldığını qeyd edərək, bununla əlaqədar bildirmişdir ki, torpaq sahəsinə dair keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı, icarə müqaviləsində qeyd edilən bələdiyyə qərarı və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmişdir. Həmçinin, həmin qeyri-yaşayş binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş və ünvanda yerləşən qeyri-yaşayış binasında idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4497/2021 saylı 09.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, qanuni əsaslarla ona ayrılmış torpaq sahəsində təyinatına uyğun olaraq inşa edilmiş qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsi mülkiyyətə bərabər tutulmalı və torpaq sahəsinə ayrıldığı vaxt verilmişsənədlər və üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinə aid eskiz layihə hüquqmüəyyənedici sənədlər kimi qəbul edilməlidir. Cavabdehin Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3a binanın qarşısında yerləşən qeyriyaşayış sahəsinin qeydiyyata alınmasından imtina etməsi əsassızdır. Onun həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı hüquqlarının tam həyata keçirilməsi üçün çıxarışın verilməsi vacibdir. İşin faktiki halları işə baxan məhkəmə tərəfindən tam araşdırılmamış, məhkəmə yalnız qanunvericilik normalarını sadalamaqla kifayətlənmiş və düzgün olmayan qərar çıxarımışdır. Məhkəmə tərəfindən bu torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsi artıq 15 ildən artıq onun istifadəsində və sahibliyində olması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə lazımi məlumat verilmiş və gəlmədiyi təqdirdə onların iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Cavabdehin 17.03.2022-ci il tarixli iclasında iştirak edən nümayəndəsi X1 apellyasiya şikayəti ilə razılaşmayaraq, iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarın qüvvəsində saxlanılmasını xahiş etmişdir). İİ. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının tələbindən göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia qaldırmaqla, Bakı şəhəri Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 3a saylı binanın yaxınlığında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün 40 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını cavabdehə həvalə edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsinin qəraında iddianı rədd edərkən qeyd etmişdir ki, Binəqədi rayon Bələdiyyəsinin qərarı ilə iddiaçının mülkiyyətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş torpaq sahəsində tikilmiş qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər mövcud olmamış, torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış sahəsinin tikintisi üçün müvafiq icazələri almamışdır ki, bu fakt iddiaçı məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, 8.0 və 8.0.9-cu maddələrinin tələbinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: “...8.0.9.2-ci maddələrinin - çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı” Qanunun qeyd olunan tələblərindən göründüyü kimi, 2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə, o cümlədən, qeyri-yaşayış binalarına münasibətdə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qeydiyyat orqanına aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd;

2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə;

3. müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı,;

4. istismara qəbul aktı . İş materiallarına əsasən isə müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə həmin sənədlərin tam toplusu ilə cavabdehə təqdim olunmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından 24.05.2021-ci il tarixində məhkəməyə daxil olmuş məhkəmə sorğusuna cavabından görünür ki, həqiqətən də Azərbaycan Respublikası Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 01 fevral 2006-cı il tarixli 35 saylı qərarı ilə vətəndaş sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı mülkiyyətinə Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan 7 mkr., S.S.Axundov küçəsi, 3a saylı binanın yaxınlığında 40 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin iddiaçı tərəfindən nə cavabdehə, nə də məhkəməyə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihənin, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, inşa edilmiş tikilinin istismara qəbul aktı təqdim olunmamışdır. İşə əlavə olunmuş, mübahisəli ünvanda yerləşən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsinin istinad etdiyi 2006-cı ildə "xxxx" LTD MMC tərəfindən hazırlanmış eskiz layihəsinə gəldikdə isə həmin layihə müvafiq icra hakimiyyəti orqanı tərəfiindən razılaşdırılmamış, tikintiya icazə qərarı və istismara qəbul aktı isə, üumiyyətlə, mövcüd deyil. Beləliklə də qeyd olunanlardan göründyü kimi, iddiaçının mübahisəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsində göstərilən əsas yoxdur. Belə olan halda isə iddiaçı tərəfindən qeydə alınması üçün cavabdehə müraciət olunan hüquq bu qanuna əsassən qeydə alınmalı olan hüquq kimi qiymətləndirilə bilməz. Sözügedən Qanunun 15.1.1-ci maddəsi də məhz, onu nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların qeydə alınmasından imtina edilə bilər. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı olan imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin məzmunundan da görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirirərək, iddiaçının apellyasiya şikayətinin, həmin qərarın qanununsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4497/2021 saylı 09.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-nin 14, 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4497/2021 saylı 09.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Həmid Həmidov

Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar