Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-503/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehna qarşı «pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamın ləğv edilməsi, tutulmuş pensiya məbləğinin geri qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1030/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən qəbul olunmuş pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2020-ci il tarixli sərəncamın ləğv edilməsi, pensiyasından tutulmanın qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddianın əsaslarına görə iddiaçı xx.xx.1950-ci ildə Yevlax rayonunun Salahlı kəndində anadan olmuşdur. S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitunu bitirərək alim-aqronom ixtisası almışdır. Rəsmi əmək fəaliyyətinə xx.xx.1973-cüildə başlamış, xx.xx.1973-cü ildən Mingəçevir rayonlararası Təbiəti Mühafizə üzrə X1 müfəttişi vəzifəsinə qəbul edilmiş, xx.xx.1978-ci ildən həmin müfəttişliyin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin müfəttişliyin adı dəyişdirildiyinə görə xx.xx.1989-cu ildən Mingəçevir rayonlararası Təbiəti Mühafizə Komitəsinin sədri vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü ildə öz xahişi ilə bu vəzifədən azad edilmişdir. Ümumi iş stajı 43 ildir. O, xx.xx.2013-cü ildə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına çıxmışdır. 2019-cu ilin dekabr ayı və 2020-ci ilin yanvar ayında 982 manat təqaüd almışdır. 2020-ci ilin yanvar ayında Azərbaycan Respublikası Hesablama Palatası, AR ƏƏSMN tabeliyində DSMF PHŞ-in Mingəçevir şəhər filialında yoxlama keçirərkən, iddiaçının təqaüdə çıxdığı dövrdə Komitə sədri işlədiyi son 1992-1994-cü illərin əmək haqqı və mükafatın təqaüd sənədləri arasında olmadığını əsas gətirilərək, onun aylıq təqaüdünü 982 manatdan 774 manatadək azaldılması barədə qərar vermişdir. Yoxlama komissiyasının qənaətinə görə artıq hesablanmış 208 manatın iddiaçının aylıq pensiyasından tutulması qərara alınmış və 2 ayda ondan 416 manat pul tutulmuşdur. 2013-cü ilin iyun ayında dövlət qulluqçusu kimi təqaüdə çıxarkən tələb olunan sənədlərin hamısı iddiaçı tərəfindən təqdim edilmişdir. Bu sənədlər şöbənin xüsusi mühafizə olunan sənədləri arasında saxlanılır, 2-3 ildən bir Hesablama Palatası tərəfindən yoxlanılır, indiyə qədər bu nöqsanların aşkara çıxarılmamasına görə məsuliyyəti həmin qurum daşımalıdır. İddiaçının 1994-cü ildə işdən azad olunduğu vaxtdan 26 il keçmiş, bu ərəfədə isə Mingəçevir rayonlararası Təbiəti Mühafizə İdarəsində 10 dəfə müdir dəyişikliyi olmuşdur, təqaüdə çıxdığı 2013-cü ildən sonra təqaüdündə 5 dəfə artım olmuşdur. İddiaçının aylıq təqaüdü bu gün təbiəti mühafizə idarəsində işləyən müdirin əmək haqqı səviyyəsində olmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli iddiaya yazılı etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçı işlədiyi vəzifədə həmin illərə (1992-1994) dair əmək haqqı barədə arayışı təqdim edə bilmədiyi üçün vəzifəsinin uyğunlaşdırılaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hesablanmasında qeyd olunan əlavələr nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1030/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdehin pensiya miqdarının dəyişdirilməsi haqqında xx.xx.2020ci il tarixli sərəncam ləğv edilmiş və həmin sərəncama əsasən İddiaçı ödənilən əmək pensiyasından tutulan məbləğin iddiaçıya geri qaytarılması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassızdır. Belə ki, iddiaçıya dövlət qulluqçusu kimi orta aylıq əmək haqqı hesablanarkən mükafat nəzərə alındığından pensiyası düzgün hesablanmamış, ona görə də filial tərəfindən xx.xx.2020-ci il tarixdən onun pensiyası yenidən hesablanraq 823,88 manatdan 773,88 manata azaldılmış və ona ümumilikdə, 8105,52 manat artıq pensiya məbləği ödənildiyi müəyyən edilmişdir və həmin vəsaitin geri qaytarılması iddiaçıdan xahiş olunmuşdur. Şəxsə əsassız ödənilmiş pensiyanın qaytarılması inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Qeyd olunan tarixdən iddiaçıya artıq ödənilmiş 8105,52 manat məbləğdən hər ay 50 manat olmaqla, hissə-hissə əmək pensiyasından hissə-hissə tutulur. Mərkəzi Filial artıq ödənilmiş pul məbləğinin htələb edilməsi barədə qərar qəbul etməklə, öz diskression səlahiyyətlərindən istifadə etmişdir. Bakı İnzibati Məhkəməsi isə qeyd olunanları nəzərə almadan qanunsuz və əsassız qərarı qəbul edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi V.Əhmədov apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun cavabdehin mübahisələndirilən xx.xx.2020-ci il tarixli “pensiya miqdarının dəyişdirilməsi haqqında” sərəncamın qəbul olunduğu vaxt qüvvədə olan 39.1-ci maddəsinin redaksiyasına əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyasını təyin edən orqan əmək pensiyaçısının razılığı olduqda yalnız, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması barədə qərar qəbul edir. Lakin cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, inzibati icrpaat haqqında hüquq normalarının tələblərinə istinadən hesab edir ki, həmin qərarı qəbul etmək onun diskression səlahiyyətidir. Qeyd edilənlərdən göründüyü kimi, cavabdeh orqan, əsasında pensiya təyin etdiyi Qanunun tələblərini nəzərə almadan, başqa qanunvericiliyə istinadən qəbul etdiyi qərarın onun diskressin səlahiyyəti oludunu bildirir. Halbuki, “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 10.3-cü maddəsinin tələbinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir. Əmək pensiyaları sahəsində ictimai münasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin qeyd olunan imperativ tələbindən göründüyü kimi, pensiyaçının razılığı olduqda yalnız pensiya təyinedicisi ondan artıq pulun tutulması barədə qərar qəbul edir. Başqa sözlə, burada pensiya təyin edən cavabdeh orqanın diskression səlahiyyətinin mövcudluğu müəyyən edilmir. Lakin cavabdeh tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmamış, hüquqlarına toxunan iddiaçını inzibati icraata cəlb etmədən və onun razılığını almadan, xx.xx.2020-ci il tarixdən etibarən ayda 50 manatdan olmaqla, pensiyasından ümumilikdə 8105,52 manat pulun tutulması barədə pensiya qanunvericilyinin tələblərinin pozulması ilə qərar qəbul edilmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə inzibati orqan qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Göründüyü kimi, qərar maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə olan halda isə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qanunun qeyd olunan tələbəri baxımından, cavabdehin mübahisələndirilən sərəncamının birinci instansiya məhkəməsi tərəfindən ləğv edilməsi və tutulmuş pulların geri qaytarılmasının cavabdehə həvalə edilməsi əsaslıdır. Çünki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə iddiaçı tərəfindən yol verilməsi barədə iddia ərizəsində heç bir əsaslandırma mövcud deyildir. Ümumiyyətlə, cavabdehin də bununla bağlı heç bir mötəbər dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir… İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunması qauni və əsaslıdır. Odur ki, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1030/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1030/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-503/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-503/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver