Məhkəmə qərarları › İş №2-1(103)-5030/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5030/2025

21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5030/2025 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin 23 sentyabr 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin” şüarı ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(112)-3127/2025 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 və İddiaçı19 Qasım qızı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş X1nı pozan, 27 sentyabr 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-dək müddətdə, yəni 60 dəqiqə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin” şüarı ilə piket keçirilməsinə icazə verilməməsi barədə cavabdehin 23 sentyabr 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin” şüarı ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Atatürk prospektində, üzü Gənclik Metrosuna tərəf hissədə restoran və ticarət obyektləri tikilmiş və səki bağlanmışdır, insanlar həmin ərazidə piyada keçidindən məhrum olmuşlar. Halbuki, həmin ərazi əvvəllər park olmuşdur. Binəqədi İcra Hakimiyyəti yüzlərlə ağacın kəsilməsinə, piyada səkilərinin tam bağlanmasına qarşı hər hansı tədbir görməmişdir. Dəfələrlə şikayətlər edilsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də, piket keçirmək üçün iddiaçılar belə qərara gəlmişlər ki, onlar Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin” şüarı ilə piket keçirsinlər. İddiaçılar 19 sentyabr 2024-cü il tarixdə cavabdehə müraciət edərək xahiş etmişlər ki, 27 sentyabr 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-dək müddətdə, yəni 60 dəqiqə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin” şüarı ilə piket keçirilməsinə razılıq versin. Lakin cavabdeh 23 sentyabr 2024-cü il tarixli qərarı ilə piket keçirməyə icazə verməmiş, həmin piketi məqsədəmüvafiq hesab etməmişdir. Qeyd edilir ki, X1na müdaxilə yalnız qanunvericilikdə göstərilən məhdudiyyətlər çərçivəsində ola bilər. Ərizəçilərin aksiyası isə dinc aksiya idi və “X1 haqqında” Qanunun 3-cü maddəsinin əhatəsinə düşmürdü. Cavabdehin məktubunun hüquqi əsası yoxdur və bu faktiki olaraq X1nın məhdudlaşdırılması deyil, qadağan edilməsidir. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(112)-3127/2025 saylı qərardadı ilə (hakim E.A.Abdullayev) iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 22 oktyabr 2025-ci il tarixli, 2-1(112)-3127/2025 saylı qərardadından iddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmiş və şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iki günə baxmalı olduğu işə bir il bir aya baxmışdır. Belə ki, iş məhkəməyə xx.xx.2024-cü il tarixdə daxı olmuşdur, məhkəmə qeyri-mümkünlüyə dair qərardadı xx.xx.2025-ci il tarixdə vermişdir. “Sərbəst toplaşmaq haqqında” Qanunun 11-ci maddəsinə əsasən bu Qanunun 7-9-cu maddələrində nəzərdə tutulmuş bütün qərarlardan inzibati qaydada və (və ya) müvafiq məhkəməyə şikayət verilə bilər. Şikayətə məhkəmə tərəfindən 2 gün müddətində baxılmalıdır. Bakı şəhər İcra Hakimiyyətinin imtina məktubunda Qanunun 7-ci maddəsinə istinad olduğundan işə iki gün müddətində baxılmalı idi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş və həmin ərizədə iddiaçılar cavabdehin üzərinə konkret tarixdə keçirilməsi nəzərdə tutulan toplantının keçirilməsinə icazə verilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə baxışı operativ şəkildə həyata keçirməmiş, təxminən bir il ərzində tərəflərin iştirakı olmadan yeddi məhkəmə iclası keçirmiş, yalnız xx.xx.2025-ci il tarixdə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Qərardadın əsaslandırılması isə əsasən onun üzərində qurulmuşdur ki, iddiada göstərilən tədbirin keçirilməsi üçün nəzərdə tutulan tarix artıq keçmiş, nəticədə məsələ öz aktuallığını itirmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi “iddianın mümkün olmaması” nəticəsini düzgün hesab etsə də, bu nəticənin əsaslandırılmasının maddi və prosessual hüququn tələblərinə uyğun qurulmadığı qənaətinə gəlir. Belə ki, iş üzrə “məsələnin artıq aktual olmaması” halı iddiaçının hərəkətsizliyi və ya gec müraciəti nəticəsində deyil, məhz birinci instansiyası məhkəməsində işə baxılma müddətləri səbəbindən yaranmışdır. İddiaçı ərizəni məhkəməyə təqdim etdiyi anda hüquqi marağı mövcud olmuş, iddia predmeti real və aktual olmuş və məhkəmə işə münasib müddətdə baxdığı halda, məcburetmə xarakterli qərarın qəbulu və icrası hüquqi və faktiki baxımdan mümkün idi. Məhkəmənin özünün fəaliyyəti nəticəsində yaranmış vəziyyətin sonradan iddiaçının əleyhinə hüquqi arqument kimi istifadə edilməsi isə ədalət mühakiməsinin prinsipləri ilə uzlaşmır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyü iddiaçının seçdiyi müdafiə vasitəsi ilə real və hüquqi baxımdan icraolunan nəticəyə nail olub-olmaması meyarı əsasında müəyyən edilir. Hazırkı iş üzrə iddiaçılar cavabdehin üzərinə konkret tarixdə keçirilməsi nəzərdə tutulan tədbirə icazə verilməsi vəzifəsinin qoyulmasını - yəni məcburetmə xarakterli müdafiə vasitəsini seçmişdir. Lakin məhkəmə tərəfindən qərar qəbul edildiyi vaxtda həmin tarix artıq keçmiş və bu halda məhkəmənin məcburetmə xarakterli qərar qəbul etməsi obyektiv olaraq icra edilə bilən hüquqi nəticə yaratmır. Beləliklə, seçilmiş iddia növü ilə iddiaçının güddüyü məqsəd arasında artıq hüquqi baxımdan əlaqə mövcud deyil və iddiaçı bu müdafiə vasitəsi ilə hüquqi marağını təmin edə bilmir. Bu səbəbdən, iddianın mümkün sayılmaması “məsələnin aktuallığını itirməsi” faktına deyil, məhz seçilmiş iddia növünün hazırkı mərhələdə məqsədə çatdırmamasına söykənir. Həmçinin qeyd olunmalıdır ki, iş üzrə mübahisələndirilən cavab məktubu inzibati orqan tərəfindən verilmiş olsa da, müstəqil hüquqi nəticə yaradan inzibati akt xarakteri daşımır. Həmin cavab iddiaçının hüquqi vəziyyətini dəyişmir, icrası məcburi olan yeni hüquq və ya vəzifə müəyyən etmir. Bu baxımdan, belə cavab əsasında məcburetmə tələbinin irəli sürülməsi inzibati məhkəmə icraatının predmetinə uyğun gəlmir və bu hal da iddianın mümkünlüyünü istisna edən hüquqi amil kimi qiymətləndirilməlidir. Belə ki, hazırkı işdən görünür ki, iddiaçılar xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, Atatürk prospektində, üzü Gənclik Metrosuna tərəf hissədə tikilən restoran və ticarət obyektlərinə görə səkinin bağlanması, insanların həmin ərazidə piyada keçidindən məhrum olması və cavabdehin yüzlərlə ağacın kəsilməsinə, piyada səkilərinin tam bağlanmasına qarşı hər hansı tədbir görməməsi səbəbindən 27 sentyabr 2024-cü il tarixdə, saat 12:00-dan 13:00-dək müddətdə, yəni 60 dəqiqə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin” şüarı ilə piket keçirilməsinə razılıq verilməsini xahiş etmişlər. Bakı Şəhər İcra Hakimiyyətinin hazırkı iddiaçılara ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda isə müraciətin «X1 haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin tələblərinə cavab vermədiyi, xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında planlaşdırılan toplantının keçirilməsinin məqsədəuyğun hesab edilmədiyi göstərilmişdir. «X1 haqqında» Azərbaycan Respublİkasının Qanununun 3-cü maddəsinə əsasən, bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə görə, bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun 5-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır: 1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması; 2) toplantının ümumi məqsədi; 3) toplantının keçirilmə yeri və vaxtı; 4) iştirakçıların təxmini sayı; 5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer); 6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı); 7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix; 8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı. Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, X1 yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər: ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; ictimai asayişin pozulmasının qarşısını almaq üçün; iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; əhalinin sağlamlığının mühafizəsi üçün; əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün; başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün. Həmin Qanunun 9-ci maddəsinin 1-ci hissəsinə və 10-cü maddələrinə müvafiq olaraq, dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bütün qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır. Göründüyü kimi, X1na toplantıların məhdudlaşdırılması halı yalnız qanunvericilikdə göstərilənlər əsaslar olduqda icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda iddiaçıların “X1 haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin İ hissəsinə və həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən piketin keçiriləcəyi barədə etdikləri xəbərdarlıqla bağlı cavabdehin piketin keçirilməsinin məqsədəuyğun hesab edilməməsi barədə bildirdiyi mövqe ilə iddiaçıların hər hansı bir subyektiv hüququ, o cümlədən sərbəst toplaşmaq azadlıqları pozulmur, belə ki cavabdehin öz mövqeyini ifadə etməsi onun hüququdur və bu məktubda ifadə olunan qadağanedici hərəkət hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, " ... İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır ". Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbində də konkret olaraq göstərilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubu müstəqil hüquqi nəticə yaratmadığından, inzibati akt sayıla bilməz. Belə ki, iddiaçıların müraciəti üzrə cavabdeh müvafiq tövsiyə vermiş, müraciətin qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi bildirilmiş və qaldırılan məsələnin həllinin məqsədəuyğun olmadığını bildirmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, göstərilən hallar hazırkı mübahisənin inzibati icraat qaydasında baxılmasını mümkünsüz edir. İddiaçılar keçmişdə baş vermiş müdaxilənin hüquqi qiymətləndirilməsini və ya cavabdehin hərəkətlərinin qanunsuzluğunun tanınmasını istəyirdisə, bunun üçün müvafiq subsidiar müdafiə vasitələri mövcuddur. Lakin hazırkı iş üzrə seçilmiş iddia növü belə bir məqsədə xidmət etmir və real hüquqi nəticə yaratmaq imkanına malik deyil. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 3127/2025 saylı qərardadı ləğv edilməli, iddia ərizəsi mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-3127/2025 saylı qərardadı ləğv edilsin. İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı cavabdehin 23 sentyabr 2024-cü il tarixli qərarının qanunsuz hesab edilməsi, iddiaçılara qərar qüvvəyə mindikdən sonra 10 gün ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının əsas giriş qapısının önündə “Binəqədi İcra Hakimiyyətində korrupsiyaya son, korrupsioner icra başçısını həbs edin” şüarı ilə piket keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi mümkün mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar