Məhkəmə qərarları › İş №2-1(103)-5036/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5036/2025

08.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5036/2025 08.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4415/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4415/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4415/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin apellyasiya şikayətinə ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə də əlavə edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4415/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı surəti rəsmi qaydada müraciət etdikdən sonra, xx.xx.2025-ci il tarixdə ona təqdim edilmişdir. Apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi ilə bağlı iddiaçının ərizəsinə baxılması xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Məhkəmədə iddiaçı ərizədə yazılanlara uyğun izahat verərək müddətin bərpasını xahiş etmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4415/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı iddiaçıya rəsmən xx.xx.2025-ci ildə təqdim edilmiş və məhkəmənin qeyd olunan qərarı iddiaçıya sadə poçtla göndərilib, yəni həmin qərarın iddiaçıya 2022-ci ildə təqdim edilməsinə dair hər hansı bir sübut yoxdur. Bundan başqa iddiaçı qeydiyyatda olduğu ünvanda yaşamır və Qarabağ bölgəsində tikinti işlərində işləməsi ilə bağlı vaxtının əksər hissəsini həmin bölgədə keçirir. Odur ki, iddiaçının vəkili müddətin bərpası ilə bağlı ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası iclasa cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən Prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.1. Həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Eyni zamanda “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X1 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta .. məhkəmə onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək (səh 94) işdə olan sənədlərin ona geri qaytarılmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixdə isə sənədlərin əsillərini qəbul etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə ərizə ilə yenidən müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)--4415/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarının surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə narazı qaldığı 30 noyabr 2022-ci il tarixli qərardan xəbərdar olmuşdur. Göstərilən hallar isə iddiaçının hazırkı halda qərardan zamanında məlumatlı olmaması, habelə prosessual müddətin üzrlü səbəbdən ötürülməsinə dair digər dəlillərini əsassız edir. Odur ki, apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddət üzrlü hesab edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin məzmunu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsinin tələblərinə uyğun hazırlanmışdır və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddət üzrlü hesab edilmədiyindən İddiaçı tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və verilmiş apellyasiya şikayəti mümkün hesab edilməməlidir. Qeyd olunanlara əsasən və İPM-in 83, 85, 87-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. Apellyasiya mümkün hesab edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar