Məhkəmə qərarları › İş №2-1(103)-504/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-504/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-504/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı (iddia ərizəsinə əsasən ünvan-ünvan 1 Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3350/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 14.02.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai Rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı gündən, yəni 05.09.2013-cü il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. 26.05.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamışdır, müxtəlif orqan və təşkilatlarda işləmişdir. İddiaçı əmək fəaliyyətinin 15 ilə yaxın müddətində Heydər Əliyev adına Neft emalı zavodunda işləmişdir. Belə ki, o, 27.08.1990-cı il tarixdən “texnoloji nasos maşinisti” vəzifəsinə təyin edilmişdir. 26.05.2015-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən Zavodun 15-1700/8-04-00 1370 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı məxsus əmək kitabçasında onun işə daxil olma və işdən çıxma barədə əmrlərin tarixləri və nömrələri barədə müvafiq qeydiyyat aparılmış və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmişdir. Eyni zamanda AR DNŞ-nin iddiaçıya iş stajının təsdiq olunması üçün verilən arxiv arayışında həmin məlumatlar öz əksini tapmışdır. Həmin sənədlərdən məlum olur ki, İddiaçı 01.01.2006-cı il tarixədək ümumi 23 il 3 ay 8 gün stajı olmuşdur və həmin müddətin 15 il 4 ay 4 gün müddətini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işləmişdir. İddiaçı ƏƏSMN yanında DSMF-nun Bakı şəhəri Xətai rayon şöbəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmişdir. Cavabdeh ƏƏSMN yanında DSMFnun Bakı şəhəri Xətai rayon şöbəsinin 10.01.2019- cu il tarixli və 17.04.2019-cu il tarixli cavab məktublarına əsasən, İddiaçı güzəştli iş stajına malik olmadığı üçün pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, imtina məktubunda göstərilmişdir ki, onun işlədiyi vəzifə Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulmadığı üçün ərizəsini təmin etmək mümkün olmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin İddiaçı göndərdiyi 19.07.2019-cu il tarixli cavab məktubunda 27.08.1990-05.12.2012-ci il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına” neft emalı zavodunda işlədiyi texnoloji nasos maşinisti peşəsinin Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulmadığı əsas göstərilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmadığı qeyd edilmişdir. Göründüyü kimi, İddiaçı müraciət etdiyi vaxt kifayət qədər güzəştli iş stajı olmasına baxmayaraq cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. 10.06.2020-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə ərizə daxil olmuş, ərizədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilməsi xahiş olunmuşdur. 10.06.2020-ci il tarixli məhkəmə iclas protokoluna əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3350/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı 26.11.2020-ci il tarixdə apellyasiya şikayəti (apellyasiya şikayəti iddiaçının nümayəndəsi və vəkili Vəkil (“Mərəndskiy və Partnyorları” Vəkil Bürosu) tərəfindən imzalanmışdır) verərək, Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3350/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Eyni tarixdə apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətinin bərpa edilməsi barədə ərizə təqdim olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilmişdir. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş AZ-İİ № 169931 seriya və nömrəli, 09.04.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin (qeyd edilən yer 2 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi) surətinə əsasən İddiaçı “böyrəklərin respirator pozğunluq sindromu” səbəbindən 03.04.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında aktlar kitabında 2021-ci ilin aprel ayının 9-da 274 №- ilə qeyd edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili işin gedişatını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və hazırkı inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci və 25.2-ci maddələrinə görə, Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Şərh olunan maddələrin normalarına görə, hüquq qabiliyyəti fiziki şəxsin doğulduğu an əmələ gəlir və ölümü ilə xətm olunur. Qanun ölüm anını beyinin fəaliyyətinin dayanması kimi müəyyən edir. “İnsan orqan və (və ya) toxumalarının transplantasiya haqqında” Qanunun 10-cu maddəsində “beyin ölümü” bioloji ölümünün baş verməsi və baş-beyin fəaliyyətinin tam dayanması kimi müəyyən olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən ölüm haqqında şəhadətnamədən göründüyü kimi İddiaçı 03.04.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Prosessual hüquq varisliyi maddi hüquq varisliyi ilə sıx bağlıdır. Ona görə də əgər maddi hüquq münasibətlərində hüquq varisliyinə yol verilirsə, prosessual hüquq varisliyi də mümkündür. Hüquq və vəzifələrin başqa şəxsə keçməsinə yol verilməyən öhdəliklərdə, habelə varisliyə yol verməyən hüquq münasibətlərində tərəfin sıradan çıxması həmin öhdəliyin və ya hüquq münasibətlərinin xitamına səbəb olur və belə halda prosessual hüquq varisliyi yarana bilməz (məsələn, alimentin tutulması, kreditorun şəxsiyyəti ilə sıx bağlı olan öhdəliyin (hər hansı incəsənət əsərinin yaradılması, qanunsuz olaraq işdən çıxarılmış işçinin işə bərpa olunması haqqında tələblər və s.). İşdən göründüyü kimi iddiaçının tələb etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi şəxsi xarakter daşıyır, yalnız onun özünə mənsub ola bilən hüquqdur və bu hüququn başqasına keçməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçı qismində çıxış etmiş İddiaçı vəfat etdiyindən və qanunvericilik normasının tələblərinə uyğun olaraq, barəsində mübahisə edilən hüquq münasibəti - güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə iddia tələbi hüquq varisliyinə yol vermədiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-in 1.2, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2-1(112)-3350/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı gündən, yəni 05.09.2013-cü il tarixdən əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi, 14, 1193cü məhəllə) inzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar