Məhkəmə qərarları › İş №2-1(103)-504/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-504/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-504/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “gömrük ödənişinin geri qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)- 4958/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 11.03.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ABŞ-dan İddiaçı adına göndərilmiş VİN: WBAJE5C51JWA93992, BMW 540 İ markalı avtomobilin gömrük rəsmiləşdirilməsində dəyərinin 33.000 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 1.613 manat pulun iddiaçıya geri qaytarılmasını, habelə adıçəkilən avtomobilin buraxılış ilinin 2018-ci il göstərilməsi barədə 26.08.2020-ci il tarixli, 08.02.25461.20 saylı X1 və 698500 nömrəli vəsiqədə dəyişikliklər edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtonəqliyyat vasitəsi 03.06.2020-ci il tarixdə onlayn qaydada keçirilən hərrac vasitəsi ilə 25.200 ABŞ dolları məbləğində ödəniş edilərək alınmış, avto nəqliyyat vasitəsinin dəyəri vergi də daxil olmaqla 26.380 ABŞ dolları, Bakıya avtomobilin gətirilməsi üçün isə 1765 ABŞ dolları ödəniş edilmişdir. Qeyd olunan ödənişlərlə bağlı rəsmi sənədlər gömrük orqanına təqdim edilmişdir. Göründüyü kimi ümumilikdə avtonəqliyyat vasitəsi ilə bağlı 28.145 ABŞ dolları ödəniş edilmişdir ki, bununla bağlı dəqiq məlumatlar sənədlərlə birgə gömrük orqanına təqdim edilmişdir. Lakin gömrük orqanı tərəfindən ondan əsassız olaraq avtomobilin dəyəri 33.000 ABŞ dolları kimi nəzərə alınmış, ondan əlavə olaraq 1.613 manat pul tutulmuşdur. İddiaçı qeyd edir ki, avtomobilin dəyəri müəyyən edilərkən onun qiymətinin hansı səbəbdən yuxarı qeyd edilməsi əsaslandırılmamışdır. Bu zaman avtomobilin qəzalı vəziyyətdə olması da nəzərə alınmamışdır. Eyni zamanda iddiaçı qeyd edir ki, avtomobilin buraxılış ili də səhv olaraq 2017-ci il göstərimişdir. Halbuki avtonəqliyyat vasitəsi 2018-ci il tarixlidir. Belə ki, istehsal ili və buraxılış ili ifadəsi fərqli anlayışlardır. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)- 4958/2021 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “Gömrük bəyannaməsindən də göründüyü kimi iddiaçı həm gömrük bəyannaməsində malın gömrük və statistik dəyəri ilə yanaşı onun invoys dəyərini də ayrıca qeyd etmiş, başqa sözlə malın gömrük dəyərinin 56100 manat məbləğində olmasından məlumatlı olmuş, ödənişlərin həyata keçirilərək malın sərbəst dövriyyəyə buraxılmasına etiraz etməmişdir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 148.3-cü maddəsinə əsasən malları və nəqliyyat vasitlərini bəyan edən bəyannaməçinin malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək, malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək, gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək, gömrük ödənişlərini ödəmək, gömrük orqanlarına gömrük rəsmiləşdirilməsinə yardım göstərmək vəzifələri vardır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanuna müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhəddindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 1.1.-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra — Gömrük Məcəlləsi) 146.3-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra — gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatlar gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir. Həmin Qaydaların 2.3-ci bəndinə əsasən elektron formada təqdim edilən gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannaməsi bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan kağız üzərində yazılı və ya elektron formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların şifahi, kağız üzərində yazılı və ya elektron formalarda gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 03.06.2020-ci il tarixdə onlayn qaydada keçirilən hərrac vasitəsi ilə mühərrik həcmi 2998 sm3 olan “BMW 540 İ” markalı avtomobili 25.200 ABŞ dolları məbləğində pul vəsaiti ödənilməklə X2 satın almış və avtomobili kargo şirkəti tərəfindən Azərbaycana gətirmişdir. Bundan sonra iddiaçı avtomobilin hərrac vasitəsilə alınmasını təsdiq edən invoys, ödəniş qəbzləri, avtomobilin foto şəkilləri və ona aid digər zəruri sənədləri Gömrük orqanına bəyan etmişdir. Cavabdeh orqan tərəfindən isə statistik dəyəri 33000 ABŞ dolları olması əsas götürülərək ondan əlavə olaraq 1.613 manat pul tutulmuşdur. Halbuki, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin əsas üsulu kimi avtomobilin sövdələşmə qiymətini əks etdirən invoysu cavabdeh orqana bəyan etmişdir. Lakin cavabdeh orqan bəyannamədə 33.000 ABŞ dolları statistik dəyərin hansı əsasla götürülməsinin izahını verməmişdir. Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1-ci maddəsinə əssən gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun həmin maddədə göstərilən şərtlərə uyğunluğunu yoxlayır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əssən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 322.1-ci maddəsinə əsasən gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; malların gömrük dəyərinin təyin olunması; malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. Həmin Məcəllənin 322.2-ci maddəsinə əsasən gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. Yuxarıda istinad olunan normadan da görünür ki, gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Eyni zamanda istinad olunan normadan görünür ki, ekspertizasının aparılmasının məqsədi malların gömrük dəyərinin təyin olunmasını müəyyən etməkdir. Məhkəmə araşdırması zamanı cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa avtomobilin gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd edilən gömrük bəyannaməsinin iddiaçı tərəfindən doldurulmaması və bəyannamənin “Vəkalət verən” adlanan 50-ci qrafasında iddiaçının adının qarşısında “İmza” bölməsinin boş qalması dəlili ilə razılaşaraq qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, gömrük bəyannaməsi iddiaçı tərəfindən deyil, gömrük işçiləri tərəfindən elektron sistem vasitəsi ilə doldurulmuş və iddiaçının istəyinə uyğun tərtib olunmamışdır. Bu səbəbdən bəyannamə iddiaçı tərəfindən imzalanmamış, cavabdeh isə bunu tələb etməmişdir. Beləliklə, gömrük bəyannaməsində göstərilən məlumatlar iddiaçının sərbəst iradəsi ilə doldurulmadığından onun tərəfindən imzalanmayaraq təsdiqlənməmişdir. Lakin, onun idxal etdiyi nəqliyyat vasitəsi həmin bəyannamə əsasında sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2013-cü il tarixli 25 saylı qərarına əsasən təsdiq edilmiş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»n 2.1.2-ci maddəsinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə həmin ödənişlər geri qaytarılır. Həmin Qaydaların 4-cü maddəsinə əsasən gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Həmin Qaydaların 5.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh orqana müraciət edərək əlavə ödənilmiş 1613 manat məbləğin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının tələb etdiyi 1613 manat məbləğlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində olan gömrük ödənişlərinin hesablanmasına əsasən dəyəri 28.145 USD, istehsal tarixi bir ildən çox, mühərrik həcmi 3000 sm3 olan və “Azad ticarət sazişi bağlanan ölkədə istehsal olunmayan və oradan gətirilməyən” nəqliyyat vasitəsinin gömrük rəsmləşdirilməsi aşağıdakı qaydada müəyyən edilmişdir: - aksiz vergisi 5600 AZN; idxal gömrük rüsumu – 6120 AZN; ƏDV- 10.748,97 AZN; gömrük yığımları -120 AZN; Vəsiqə haqqı – 30 AZN; Elektron gömrük xidmət haqqı – 30 AZN; Elektron gömrük xidməti üzrə ƏDV – 5,40 AZN; cəmi 22654,37 AZN. İş materiallarından isə görünür ki, mühərrikin işçi həcmi 3000 sm3 təşkil edən, 2017ci il istehsalı “BMW 540 İ” markalı avtomobilin rəsmiləşdirilməsi üçün heç bir izah göstərilmədən iddiaçıdan 24.267 manat gömrük rüsumu alınmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan avtomobilə görə gömrük rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş 1613 manat məbləğində gömrük ödənişi iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin “adıçəkilən avtomobilin buraxılış ilinin 2018-ci il göstərilməsi barədə 26.08.2020-ci il tarixli, 08.02.25461.20 saylı X1 və 698500 nömrəli vəsiqədə dəyişikliklər edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan ABŞdan avtomobillə bağlı verilmiş “Salvage Certificate” avtomobilin buraxılış ili 2018-ci il kimi qeyd edilmişdir. Eyni zamanda iş materiallarında olan Avtomobillərin onlayn auksionunun keçirildiyi internet səhifəsindən çıxarışa əsasən avtomobilin buraxılış ili 2018-ci il kimi göstərilmişdir. Həmçinin qeyd edilməlidir ki, avtomobilin buraxılış ilinin 2017-ci il göstərildiyi gömrük bəyannaməsi iddiaçı tərəfindən doldurulmadığından və iddiaçının istəyinə uyğun tərtib olunmadığından, birinci instansiya məhkəməsinin qərarında qeyd edilənlərdən fərqli olaraq, iddiaçının həmin bəyannaməni , dolayısıyla avtomobilin buraxılış ilinin 2017-ci il kimi qəbul etməsi təkzib olunur. Göründüyü kimi avtomobilin buraxılış ilinin 2018-ci il göstərilməsi barədə 26.08.2020ci il tarixli, 08.02.25461.20 saylı X1 və 698500 nömrəli vəsiqədə dəyişikliklər edilməsi zərurəti meydana çıxmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi bu halları nəzərə almamış və iddianı təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2-1(112)- 4958/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən ABŞ-dan İddiaçı adına göndərilmiş VİN: WBAJE5C51JWA93992, BMW 540 İ markalı avtomobilin gömrük rəsmiləşdirilməsində dəyərinin 33.000 ABŞ dolları göstərilməsi qanunsuz hesab edilsin, artıq ödənilmiş 1.613 manat pul cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsindən tutularaq İddiaçı geri qaytarılsın. Adıçəkilən avtomobilin buraxılış ilinin 2018-ci il göstərilməsi barədə 26.08.2020-ci il tarixli, 08.02.25461.20 saylı X1 və 698500 nömrəli vəsiqədə dəyişikliklər edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar