Məhkəmə qərarları › İş №2-1(103)-504/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-504/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-504/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), oğlu, X3, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1411/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş 3-cü dərəcə əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 06 mart 2017-ci il tarixdən əlillik təyin edilmiş, lakin sonradan, ona təyin edilmiş həmin əlillik etibarsız hesab edilmiş, ona bu barədə hər hansı bir inzibati akt təqdim edilməmiş və hal-hazırda da göndərişin hansı səbəbdən əsassız hesab edildiyi ona aydın deyildir. Onun əlilliyin səhv olmasına səbəb ola biləcək tibbi yoxlamada aparılmamış, əlilliyinin əsaslı olub-olmaması müəyyən edilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, audit zamanı bir sıra şəxslərin əlilliyinin təkrar qiymətləndirilməsi və təkrar müayinəsi aparılmış, bu zaman Ucar rayonu üzrə əlillik dərəcəsi olan 50 nəfər şəxsin təkrar müayinəsi aparılarkən iddiaçının tibbi sənədləri və sağlamlıq vəziyyətinin əlillik dərəcəsinə uyğun olmadığı müəyyən edilmiş və bu səbəbdən onun əlilliyi etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1411/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı təyin edilmiş 3-cü dərəcəli əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətini cavabdeh iddia ərizəsinə dair etirazında göstərilənlərə uyğun əsaslandırmış, eyni zamanda, qeyd etmişdir ki, iddiaçının əlilliyin etibarsız hesab edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmadığına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhduduluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə, maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.İsmayılova apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil cavabdehin nümayəndəsi ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqında iddia vasitəsilə səhiyyə müəssisəsinin göndərişi (forma 088) əsasında ona 06 mart 2017-ci il tarixdən təyin olunmuş 3-cü dərəcə əlilliyinin cavabdeh tərəfindən etibarsız hesab edildiyi tarixdən bərpa edilməsinin həvalə edilməsi vəzifəsinin sonucuya həvalə edilməsini tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən həmin tələbi təmin olunmuşdur. Birinci instansiya məhkəməsi qərarında iddianı təmin edərkən qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır.Cavabdehin əlilliyin etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamış, müvafiq nəticəyə gəlinərkən inzibati icraat haqqında hüquq normaların tələbləri nəzərə alınmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının iştirakı ilə hərtərəfli müayinəsi aparılmaqla, inzibati araşdırmanın nəticələri üzrə ona TSEK tərəfindən Ucar rayon Mərkəzi Xəstəxanasının 0323003AACUQ nömrəli göndərişi əsasında müvafiq qiymətləndirmə ilə 06 mart 2017-ci il tarixdən 3-cü dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul olunduğu halda, sonradan, ona təyin olunmuş həmin əlilliyinin əsaslılığının araşdırılması ilə bağlı iştirakı olmadan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilmiş tədbirlər çərçivəsində iddiaçının tibbi sənədlərinin və sağlamlıq vəziyyətinin əlillik dərəcəsinə uyğun olmadığının aşqkar olunması səbəbi ilə, həmin əlilliyi cavabdehin faktiki hərəkətləri ilə (xx.xx.2019-cu il tarixində barədə protokol tərtib olunmaqla) MEİS- in “Əlillik” altsistemində etibarsız edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin xx.xx.2020ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbindən isə görünür ki, qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilliyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. İşdən isə görünür ki, qanunvericiliyin sözügedən tələblərinə cavabdeh inzibati orqan tərəfindən riayət olunmamış, iddiaçını da qanuni mənafelərinə toxunduğu halda, onun iştirakı ilə barəsində inzibati icraat başlamağa borclu olduğu halda, qanunla üzərinə düşən bu öhdəlyini yerinə yetirməmiş, əlillik dərəcəsi təyin edildikdən xeyli müddət keçdikdən sonra, barəsində olan onun etimad göstərdiyi əlverişli inzibati aktı (qərarı) ”Əlillik alt sistemi”nə daxil etməklə faktiki hərəkətləri ilə etibarsız hesab etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1-ci inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Göründüyü kimi, iddiaçının qanunla qorunan hüquqları əsaslı şəkildə pozulmuşdur. Ümumiyyətlə, qeyd olunmalıdır ki, adıçəkilən “Əsasnamə”nin və “Qayda”nın müddəalarında TSEK tərəfindən qiymətləndirilmə yolu ilə təyin edilmiş əlillik dərəcəsinin etibarız hesab edilməsi nəzərdə tutulmur. Əgər cavabdeh hesab edirdisə, iddiaçıya təyin olunan əlillik dərəcəsi qanunsuz olmuşdur, belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələbləri qaydasında həmin qərarını ləğv etmək imkanı mövcud olmuşdur. Bu halda da, maraqlarına toxunan iddiaçının cavabdehin həmin qərarını mübahisləndirmək hüququndan istifadə etmək imkanına malik olurdu. Ümumiyyətlə, əlillik təyinatı barədə qərarın etibarsız hesab edilməsinə əsas ola bilən “İnzabati icraat haqqında” Qanunun 65-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud deyildir. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunmasını işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1411/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1411/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar