Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5042/2025 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Kərimov İsgəndər Kərim oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mənzillərin fərdi yaşayış evi kimi qeyd edilməsi və torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Həmid Azər oğlu Ağalarovdan və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Bağırov Namiq İmran oğlunun iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9712/2025 saylı, 24.09.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 1012200 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 27, mənzil 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə Kərimov İsgəndər Kərim oğluna məxsusdur.
2. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 247390 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 27, mənzil 2 Kərimov İsgəndər Kərim oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 03 saylı reyestr kitabında, 398-ci səhifə, 30/2534 qeydə alma nömrəsi, 29.09.2005-ci il tarixində qeydiyyat aparılmışdır.
3. Bakplan yanında Şəhər hesab-inventarlaşdırma bürosu tərəfindən 17.06.1955-ci il tarixdə tərtib olunmuş plana əlavə eskplikasiyasına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 27 saylı fərdi yaşayış evi 1928-ci ildə tikilməklə 1 mərtəbədən və 190.48 kv.m sahədən ibarətdir, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin həyətyanı sahəsi 889.52, tikinti altı sahəsi 190.48 kv.m göstərilmişdir.
4. Cavabdeh tərəfindən 4 iyun 2025-ci il tarixli, 3-21-3-30/2-23291/2025 nömrəli məktubla bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 27/1 və 27/2 saylı fərdi yaşayış evlərinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Sorğu ilə əlaqədar olaraq Kərimov İsgəndər Kərim oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 27, 1 saylı mənzilə və ev 27, 2 saylı mənzilə dair müvafiq sənədlərin təsdiq edilmliş surətləri məhkəməyə təqdim edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat.
5. İddiaçı Kərimov İsgəndər Kərim oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Kərimov İsgəndər Kərim oğlunun xüsusi mülkiyyətində olmaqla Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən 27/1 və 27/2 saylı mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata düzəliş edilərək həmin mənzillərin fərdi yaşayış evi kimi qeyd edilməsi, həmin evin 1026 kv.m torpaq (həyətyanı və tikintialtı) sahəsi üzərində Kərimov İsgəndər Kərim oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın və torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir (iddia tələb dəqiqləşdirilmişdir).
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xüsusi mülkiyyətində olmaqla yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən 27/1 və 27/2 saylı yaşayış evi arxiv sənədlərinə görə 20-ci əsrdə (1926-cı ildə) tikilmiş, 27/1 saylı ev 24.04.1990-cı ildən ilkin olaraq mərhum anası Kərimova Nadirəxanım Xudu qızına, anasının 01.03.1994-cü ildə vəfatından sonra isə iddiaçının mülkiyyətinə keçmiş, eləcə də, 27/2 saylı ev isə 04.02.1994-cü ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən həmin vaxtdan iddiaçının xüsusi mülkiyyətindədir. Yaşayış evi mənzil kimi xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınsa da, iddiaçının evinin yerləşdiyi torpaq (həyətyanı və tikintialtı) sahəsi dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmamış, həmçinin, yaşayış evi formal olaraq mənzil sahəsi kimi 2 hissəyə bölünmüşdür. Bakı SovetiBakı Plan yanında şəhər Hesab-İnventarizasiya Bürosu tərəfindən 17 iyun 1955-ci ildə həmin yaşayış evininin planı tərtib edilmiş, plana əsasən evin tikintialtı torpaq sahəsi 190.48 kv.m, boş torpaq sahəsi 889,52 kv.m olmaqla, ümumi torpaq sahəsi 1080 kv.m təşkil edir. İddiaçı dəfələrlə sənədlərini cavabdehə təqdim edərək müvafiq düzəlişlərin aparılmasını tələb etmiş, ona şifahi formada hüquqmüəyyənedici sənədlər təqdim etməməsi adı altında imtina cavabı verilmiş, hüquqların müdafiəsi ilə bağlı vəkil ilə müqavilə bağlanılmış, tərəflərindən 03.03.2025-i il tarixli ərizə və ona əlavə edilmiş notarial qaydada təsdiq edilmi sənədlərlə cavabdeh inzibati orqana müraciət edilərək yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata düzəliş edilərək həmin mənzillərin fərdi yaşayış evi kimi qeyd edilməsi, həmin evin yerləşdiyi torpaq (həyətyanı və tikintialtı) sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın və torpaq sahəsinə plan-ölçünün verilməsini xahiş etsə də, ərizənin poçt vasitəsilə icraata qəbul edilməsindən 35 gündən artıq müddət keçməsinə baxmayaraq, cavab verilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin hərəkətsizliyi əsassız və qanunsuz olmaqla iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qeyd edir ki, hələ 17.06.1955-ci ildə Bakı Soveti Bakplan yanında Şəhər Hesab-İnventarizasiya Bürosu tərəfindən qeyd olunan fərdi yaşayış evinin texniki pasportu tərtib edilmiş, həmin planda yaşayış evinin və torpaq sahələrinin ölçüləri konkret qeyd edilmişdir. Həmin texniki pasport hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslardan biridir. Bundan əlavə, eynilə iddiaçı kimi, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25/2 saylı yaşayış evi sonradan avabdeh inzibati orqan tərəfindən yaşayış evi kimi daşınmaz əlmakın dövlət reyestrində “ev 25B” kimi qeydiyyata alınmış, yeni qaydada Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 79 kimi qeyd edilərək texniki pasportda qeyd olunan 1110 kv.m torpaq sahəsinin 621.8 kv.m sahə xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni, iki mənzilə dair 1110 kv.m torpaq sahəsinin 621.8 kv.m hissəsi artıq 16.01.2020-ci ildə Həsənov Yaqub Əliş oğlunun adına özəlləşdirilmişdir. Habelə, digər qonşu Vəliyev Əbülfət Həmzə oğlu qanuni qüvvəsini almış məhkəmə qərarı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, 25/1 saylı yaşayış evini və onun altındakı torpaq sahəsini özəlləşdirmişdir. Bununla da, iddiaçının hüquqları əsassız yerə məhdudlaşdırılmışdır. İddiaçı məhz 1926-cı ildə tikilmiş fərdi yaşayış evinin 1955-ci ildə səlahiyyətli qurum tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənədlər əsasında mövcud olan həyətyanı və tikintialtı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılmasını tələb edir ki, bu zaman hər hansı qanunsuzluğa yol verilməmişdir.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq daşınmaz əmlaklar daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzillərin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 1026 kv.m-dir. Çoxmərtəbəli yaşayış binasından 10 metr məsafədədir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9712/2025 saylı, 24.09.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Kərimov İsgəndər Kərim oğlunun xüsusi mülkiyyətində olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən 27/1 və 27/2 saylı mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata düzəliş edilərək həmin mənzillərin fərdi yaşayış evi kimi qeyd edilməsi, həmin evin 1026 kv.m torpaq (həyətyanı və tikintialtı) sahəsi üzərində Kərimov İsgəndər Kərim oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın və torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.
9. Cavabdeh orqan apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmışdır.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
f) Proses iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6.mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8.bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 -ci maddələrinə əsasən)
21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-17-ci bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
22. Belə ki, iddiaçı mənzillərin fərdi yaşayış evi kimi qeyd edilməsi, torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın verilməsini tələb edir.
23. İddiaçının dəlili isə ondan ibarətdir ki, həmin torpaq sahəsi 1994-cü il ildən faktiki olaraq onun sahibliyindədir.
24. Cavabdeh orqan isə bildirir ki, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən səndələrin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
25. İşin apellyasiya baxışı zamanı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsin tərəfindən verilmiş 12.02.2026-cı il tarixli sorğuya cavab məktubuna əsasən Kərimov İsgəndər Kərim oğlunun mülkiyyətində olan daşınmaz əmlaklara dair texniki sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir.
26. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən 27/1 və 27/2 saylı yaşayış evi arxiv sənədlərinə görə 20-ci əsrdə (1926-cı ildə) tikilmiş və hər iki mənzil 04.02.1994-cü ildə verilmiş qeydiyyat vəsiqəsinə əsasən həmin vaxtdan iddiaçının xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı həmin mənzillərin yerləşdiyi torpaq (həyətyanı və tikintialtı) sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını məhz həmin torpaq sahəsinin uzun müddətdir ki, onun istifadəsində olması əsası ilə realizə etmək istəyir.
27. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olması şəxsin həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını realizə etmək üçün kifayət etmir. Belə ki, uzun illər ərzində istifadə qanuni istifadə anlayışını tam ehtiva etmir və hüquqmüəyyənedici sənədlər mövcud olmadan torpaq sahəsinin uzun müddətli istifadəsi qanuni istifadə anlayışı ilə əhatə olunmur. İddiaçı bu hüquqlarının qeydiyyatını yalnız o zaman tələb edə bilər ki, əgər o, həmin torpaq sahəsinə münasibətdə yuxarıda göstərilən qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin birinə malik olsun. Hazırki mübahisə üzrə iddiaçının torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olması, torpaq sahəsinə dair hər hansı hüquqi xarakter daşıyan münasibətlərin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən bu halın əksini təsdiq edən sənəd təqdim edilməmişdir.
28. Qanunvericiliyin müddəalarına əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Lakin, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən torpaq sahəsi üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
29. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlarda torpaqla bağlı olan qeyd daşınmaz əmlakın üzərində hüquqların qeyd alınması üçün əsas sayılması (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) qeyd olunmuşdur. Bundan başqa qeyd olunan Fərmanın 7-ci bəndində Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçiriməsi göstərilmişdir.
30. Lakin, iş materiallarına əlavə edilmiş və iddiaçı tərəfindən texniki pasportu əvəz edən sənəd kimi təqdim etdiyi möhürlə təsdiq edilməmiş Bakplan yanında Şəhər hesab-inventarlaşdırma bürosu tərəfindən 17.06.1955-ci il tarixdə tərtib olunmuş plana əlavə eskplikasiyası və mənzillərin altında olan torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması qaydası yuxarıda qeyd olunan Siyahıda öz əksini tapmamışdır.
31. İddia tələbinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən 27/1 və 27/2 saylı mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata düzəliş edilərək həmin mənzillərin fərdi yaşayış evi kimi qeyd edilməsi hissəni araşdıran məhkəmə kollegiyası hesab edir ki, bu hissədədə iddia tələbinin təmin edilməsi mümkün deyil. Gəldiyi qənaəti kollegiya aşağıdakı kimi əsaslandırır.
32. Nəzərə alınmalıdır ki, yaşayış binasının yaşayış sahəsi olan mənzilə fərdi yaşayış evi adının verilməsi yenidən qurma və yenidən planlaşdırma tədbirləri həyata keçirildikdən sonra ola bilər və həmin tədbirlərin həyata keçirilməsi yalnız yerli icra hakimiyyətinin razılığı olduğu təqdirdə mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyriyaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Göründüyü kimi iddiaçı hər iki mənzilin mülkiyyətçisi olsa da həmin mənzillərin dövlət reyesterində fərdi yaşayış evi kimi qeyd olunması üçün yuxarıda qeyd olunan prossedurlara riayət etməmişdir. Ona görə də iddia tələbinin bu hissədədə təmin edilməsini kollegiya mümkün hesab etmir.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9712/2025 saylı, 24.09.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmamalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9712/2025 saylı, 24.09.2025-ci il tarixli qərarı ləğv edilsin. Kərimov İsgəndər Kərim oğlunun xüsusi mülkiyyətində olmaqla Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsində yerləşən 27/1 və 27/2 saylı mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata düzəliş edilərək həmin mənzillərin fərdi yaşayış evi kimi qeyd edilməsi, həmin evin 1026 kv.m torpaq (həyətyanı və tikintialtı) sahəsi üzərində Kərimov İsgəndər Kərim oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən yeni çıxarışın və torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.