Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5045/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10999/2025 saylı, 01 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İmtina məktubunda qeyd edilir ki, iddiaçıya 29 iyun 2022-ci il tarixdən əvvəl pensiya təyin edilməsinə baxmayaraq pensiya yenidən hesablanarkən sığorta kapitalı Qanunun 37.3.1 və 45-ci maddəsinin ikinci cümləsinin tələbinə əsasən 145 aya bölünməli olduğu halda, 06 dekabr 2023-cü il tarixindən hesablanaraq 72 aya bölündüyü müəyyən edilmiş, pensiya yenidən hesablanaraq 145 aya bölünməklə hesablama aparılmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2731/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin olunması qərara alınmışdır.
3. Əmək pensiyasının təyin edilməsi barədə 16 iyul 2019-cu il tarixli qərardan görünür ki, iddiaçının pensiya hüququ xx.xx.2017-ci il tarixdə yaranmışdır.
4. Əmək pensiyasının yenidən hesablanması barədə 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, təyin edilmiş pensiya iddiaçının pensiya təyin edildiyi yaşdan 6 il işlədiyinə görə xx.xx.2023-cü il tarixdən yenidən hesablanaraq 783,53 manata artırılmışdır.
5. Əmək pensiyasının yenidən hesablanması barədə mübahisələndirilən 19 may 2025-ci il tarixli qərardan görünür ki, pensiya yenidən hesablanaraq 732,56 manata azaldılmış, azaldılmaya əsas kimi Qanunun 45-ci maddəsinin tətbiqi göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək iddia tələbinin “cavabdehin 19 may 2025-ci il tarixli qərarının ləğv edilməsini əvvəlki pensiyanın hesablama qaydasının bərpa edilməsini və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.
8. İddia ərizəsinin məzmunu onunla əlaqədar olmuşdur ki, onun pensiya hüququ xx.xx.2017-cı il tarixdə yaranmış, sonra da işləməyə davam etmiş, xx.xx.2023-ci il tarixdə pensiya yenidən hesablanmış, sığorta kapitalı 72-aya bölünmüşdür. 2025-ci il may ayında isə həmin kapital 145 aya bölünərək pensiiyanın yenidən hesablanaraq azaldılması aparılmışdır. Səbəb kimi Qanunun 45-ci maddəsi göstərilmişdir. Halbuki, 45-ci maddəyə 29 iyun 2022-ci il tarixdə dəyişiklik edilmişdir.
9. Cavabdeh tərəfindən təqdim olunmuş etirazın məzmunu onunla əlaqədardır ki, iddiaçıya 29 iyun 2022-ci il tarixdən əvvəl pensiya təyin edilməsinə baxmayaraq pensiya yenidən hesablanarkən sığorta kapitalı Qanunun 37.3.1 və 45-ci maddəsinin ikinci cümləsinin tələbinə əsasən 145 aya bölünməli olduğu halda 72 aya bölündüyü müəyyən edilmiş, inzibati icraat başlanılaraq pensiya yenidən hesablanaraq 145 aya bölünməklə hesablama aparılmışdır. Qanunvericiliyin tələbinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun çıxarılmış 45-ci maddəsinin ikinci cümləsi çıxarılmı, Keçid müddəada isə Qanun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi keçid müdəa pensiyanın yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqni nəzərdə tutur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10999/2025 saylı, 01 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarmışdır. İşin faktiki hallarından isə görünür ki, iddiaçıya pensiya təyinatı 01 iyul 2017-ci il tarixdən sonra həyata keçirilsə də, yenidən hesablama 2023-cü il tarixdə, yəni xx.xx.2022-ci il tarixdən sonra olmuşdur. Göründüyü kimi pensiyanın yenidən hesblandığı dövrdə pensiyaçılara münasibətdə ağırlaşdırıcı norma kimi 45-ci maddənin ikinci cümləsi qüvvədə olmamışdır ki, göstərilən normanın iddiaçıya münasibətdə tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Göründüyü kimi iddiaçıya münasibətdə pensiyanın yenidən hesablandığı dövrdə qüvvədə olmayan, qanunvericilikdən çıxarılmış normaya istinad edilmişdir. Məhkəmə onun qeyd edilməsini zəruri hesab edir ki, mövcud formalaşmış məhkəmə təcrübəsindən də görünür ki, ümumiyyətlə 6 il və çox işlədikdən sonra şəxsin pensiyasının yenidən hesablanması zamanı 45-ci maddəsinin tətbiqinin istisna edilməli olması, hesablamanın Qanunun 37.3.1-ci maddəsi ilə aparılmalı olması xüsusi olaraq vurğulanmışdır.
12. Məhkəmə də qeyd olunan hallarla bağlı qeyd etməyi zəruri hesab edir ki, halhazırda cavabdehin özü tərəfindən əsaslılığı qəbul edilməyən 72-yə bölünmə ilə əlaqədar hesablamalar 2024-cü ilin fevral ayında qəbul edilmiş qərarla həyata keçirilmişdir. Həmin qərarda pensiya kapitalının 72-yə bölünməli olması cavabdeh tərəfindən təmin edilmişdir, həmin qərardan 1 il keçdikdən sonra isə, yoxlama aparılaraq həmin növ hesablamanın səhv olmasına dair inzibati icraatın başlanılması və qərarın qəbulu isə 2025-ci ilin may ayına, yəni səhv olduğu iddia edilən hesablamadan bir il sonra həyata keçirilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş həmin qərar əsassız olduğundan, ləğv olunmalıdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10999/2025 saylı, 01 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdən əvvəl pensiya təyin olunması, habelə pensiyasının xx.xx.2021-ci il yenidən hesablanmalı olmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 145 aya (65 il-60 il 11 ay=49 ay+(144 ay-48 ay)) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 3-17-1/3-3- 9950/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 732,56 manat məbləğində müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Əlavə olaraq bildirirlər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar İddiaçı mülahizələrinin dinlənilməsi üçün 19 may 2025-ci il tarixədək mülahizələrin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət olunmuşdur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buradan da aydın olur ki, məhkəmə qərarında göstərilən arqumentlər nə fakt, nə də sübutlarla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz məzmunlu ərizə daxil olmuşdur.
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. “Əmək pensiyaları haqqında” Qanunun: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. - xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.” xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: -xx.xx.2017-ci il tarixədək 144; -xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Qanunun 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
23. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarından müəyyən edilir ki, 2017-cı il tarixdən cavabdeh tərəfindən pensiya təyinatı aparılmış, daha sonra 6 il və daha çox keçdikdən sonra, pensiya məbləği fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalı 72 aya bölünməklə yenidən hesablanmışdır. Sonradan isə həmin hesablama qaydası ləğv edilmiş, sığorta kapitalı 72- yə yox, 145-ə bölünməklə yenidən hesablama ilə faktiki olaraq yenidən hesablanmış pensiya məbləği azaldılmışdır. Cavabdeh hesab edir ki, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 72 aya deyil 145 aya bölünməlidir.
24. Cavabdeh həmin növ hesablamanı onunla əsaslandırır ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş müddəasına əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılırdı. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45- ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (Keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45- ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuşsınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.
25. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarmışdır.
26. İşin faktiki hallarından isə görünür ki, iddiaçıya pensiya təyinatı 01 iyul 2017-ci il tarixdən sonra həyata keçirilsə də, yenidən hesablama 2023-cü il tarixdə, yəni xx.xx.2022-ci il tarixdən sonra olmuşdur. Göründüyü kimi pensiyanın yenidən hesblandığı dövrdə pensiyaçılara münasibətdə ağırlaşdırıcı norma kimi 45-ci maddənin ikinci cümləsi qüvvədə olmamışdır ki, göstərilən normanın iddiaçıya münasibətdə tətbiqini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur.
27. Göründüyü kimi iddiaçıya münasibətdə pensiyanın yenidən hesablandığı dövrdə qüvvədə olmayan, qanunvericilikdən çıxarılmış normaya istinad edilmişdir. Məhkəmə onun qeyd edilməsini zəruri hesab edir ki, mövcud formalaşmış məhkəmə təcrübəsindən də görünür ki, ümumiyyətlə 6 il və çox işlədikdən sonra şəxsin pensiyasının yenidən hesablanması zamanı 45-ci maddəsinin tətbiqinin istisna edilməli olması, hesablamanın Qanunun 37.3.1-ci maddəsi ilə aparılmalı olması xüsusi olaraq vurğulanmışdır.
28. Belə ki, Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-53/2025 saylı iş üzrə qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli Qərarına da istinad etməyi zəruri hesab edir ki, həmin Qərarda qeyd edilir ki,““Əmək pensiyaları haqqında” Qanunun 37.3.1- ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulmuşdur - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunmuşdur - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. İddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.”
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-214/2025 saylı iş üzrə qəbul edilmiş 05 fevral 2025-ci il tarixli Qərarına da istinad etməyi zəruri hesab edir ki, həmin Qərarda qeyd edilir ki, “Bundan əlavə, hazırda mübahisə predmeti olmasa da, məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri sayır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.”
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2-1(102)-215/2025 nömrəli iş üzrə qərarında qeyd edilmişdir: İddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ilə yanaşı, həm də həmin Qanunun 45-ci maddəsinin 2-ci cümləsinə də istinad edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022ci il tarixədək qüvvədə olmuş 2-ci cümləsi, həmin normanın qüvvədə olduğu dövrdə pensiya hüququ yaranmış şəxslərə münasibətdə tətbiq oluna bilərdi. İddiaçının pensiya hüququ isə 2008-ci ildə yaranmışdır və həmin ildən də ona müvafiq növdə pensiya təyin olunmuşdur. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində toplanmış 16719,79 manat pensiya kapitalı əsasında əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmalıdır və bu zaman həmin Qanunun 29.2-ci maddəsi və 45-ci maddəsinin 2-ci cümləsi iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
31. Göstərilən Məhkəmə qərarlarının tələblərindən də göründüyü kimi, hazırki növ mübahisələr üzrə cavabdehin əmək pensiyasının yenidən hesablanması zamanı “Əmək pensiyası haqqında” Qanunun 45-ci maddəsinin 2-ci cümləsinin tətbiqi qanunsuz hesab edilmiş, adıçəkilən Qanunun 37.3.1-ci maddəsinin tətbiq olunmalı olduğu qeyd edilmişdir. Adıçəkilən müddəanın tələbindən isə görünür ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
32. Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən, yenidən hesablandıqdan sonra buna dair təyinatı həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində pensiyanın düzgün təyin edilmədiyini və ya yenidən hesablandığını aşkar etdikdə, bununla bağlı şəxsin təyinatına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.
33. İnzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Buna dair göstərilən şərtlərə cavabdeh tərəfindən əməl edilməli olması mütləqdir ki, hazırkı mərhələdə göstərilən hallar müəyyən edilməsə də, icraatın gedişində təqdim edilən sənəd və sübutlar iddianın böyük ehtimalla uğurluluğunu istisna etmək xüsusiyyətinə malik olsa belə, hazırkı mərhələdə iddianın böyük ehtimalla uğurluluğu aşkar müəyyən edildiyindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmini zəruridir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardan (★★★) görünür ki, hazırkı qərar məhz adıçəkilən qərarda nəzərdə tutulmuş mövqe də əsas götürülməklə qəbul edilir.
35. Qərarda xüsusi olaraq qeyd edilmişdir ki, Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir.
36. Əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz.
37. Məhkəmə bu hallarla bağlı qeyd etməyi zəruri hesab edir ki, halhazırda cavabdehin özü tərəfindən əsaslılığı qəbul edilməyən 72-yə bölünmə ilə əlaqədar hesablamalar 2024-cü ilin fevral ayında qəbul edilmiş qərarla həyata keçirilmişdir. Həmin qərarda pensiya kapitalının 72-yə bölünməli olması cavabdeh tərəfindən təmin edilmişdir, həmin qərardan 1 il keçdikdən sonra isə, yoxlama aparılaraq həmin növ hesablamanın səhv olmasına dair inzibati icraatın başlanılması və qərarın qəbulu isə 2025-ci ilin may ayına, yəni səhv olduğu iddia edilən hesablamadan bir il sonra həyata keçirilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş həmin qərar əsassız olduğundan, ləğv olunmalıdır.
38. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10999/2025 saylı, 01 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10999/2025 saylı, 01 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.