Məhkəmə qərarları › İş №2-1(103)-505/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-505/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-505/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “arxiv arayışının verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6247/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vətən müharibəsində 23 sentyabr 2020-ci il tarixindən 10.10.2020-ci il tarixinədək 704, N saylı hərbi hissələrinin Qubadlı və Zəngilan istiqamətində iştirak etməsinin əmdən çıxarışa dair arxiv arayışının verilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir Cavabdeh yazılı münasibət təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1.2-ci maddəsinə əsasən, “iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları iddia ərizəsində göstərilməlidir.” Həmin Məcəllənin 46.3cü maddəsinə görə: “iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim, yaxud məhkəmə tərkibinə sərdlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir.” İddia ərizəsində X2 faktiki ünvanı kimi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 139 C ünvanı göstərildiyindən, məhkəmənin sərəncamında da, həmin ünvan göstərilərək məhkəmə sənədləri ora göndərilmişdir. Halbuki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 139 C, İctimai Birliyin ünvanıdır. Müxtəlif məhkəmələrdə olan çəkişmələrdə İctimai Birlik iddiaçıların nümayəndəsi qismində iştirak edərək tərəfin ünvanı kimi Nobel prospekti 139 C qeyd edir. Nümayəndəliklə bağlı münasibətlərə aydınlıq gətirilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında fiziki şəxslər yaxın qohumları vasitəsilə təmsil oluna bilər göstərilmişdir. Göstərilənlərə əsasən, iddiaçı X2 iddia ərizəsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.3-cü maddəsinə əsasən həmin Məcəllənin 46.1-ci maddəsinin tələblərinə uyğunlaşdırmaq üçün müddət təyin edilməsi və iddiaçının həqiqi ünvanının müəyyən edilərək, bundan sonra iddia tələbinə dair etiraz (münasibət) təqdim edilməsi üçün cavabdehə ağlabatan müddət təyin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6247/2021 saylı qərardadı ilə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı vətən müharibəsində 23 sentyabr 2020-ci il tarixindən 10.10.2020-ci il tarixinədək 704, N saylı hərbi hissələrinin Qubadlı və Zəngilan istiqamətində iştirak etməsinin əmrindən çıxarışına dair arxiv arayışının verilməsi barədə iddia tələbinə dair 2-1(112)-6247/2021 saylı inzibati işin aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə yenidən baxılmasının təmin edilməsini, əks təqdirdə hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, formal qeydiyyatda Qax rayonunda olsa da, faktiki olaraq ünvan 3 ünvanında qeydiyyatsız yaşayır, həmin yaşadığı evin kommunal xərclərini ödəyir, bu da onu təsdiq edir ki, yuxarıda qeyd etdiyi ünvanda 30 ildir ki, yaşayır. Faktiki yaşadığım yeri Bakı şəhəri olduğu üçün, işə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmənin icraatında olan inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən «Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir». İddiaçı iddia ərizəsində faktiki ünvan kimi, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 139 C qeyd etmiş, lakin, məhkəmə araşdırması zamanı həmin ünvanın Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və X1 İctimai Birliyinin ünvanı olduğu, iddiaçının Bakı şəhərində faktiki yaşayış yerinin olmadığı, bundan əlavə onun yaşayış yerinin Qax rayonu, Qıpçaq ərazi dairəsi, Qıpçaq kəndi olması müəyyən edilmişdir. İddiaçı X2 yaşayış yeri Qax rayonudur. Qax rayonu isə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 dekabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın 19.6-cı maddəsinə əsasən bəndinə əsasən Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. Birinci instansiya məhkəməsi hazırkı işin aidiyyətı üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsində haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-6247/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar