Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-505/2023 27.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-6174/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 01 aprel 2017-ci il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 01 iyul 2017-ci ilədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və müraciət tarixindən əvvəlki son 36 ay üçün yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 01 iyul 2017-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin 01 iyul 2017-cı il tarixinə kimi qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki 36 ay üçün yaranmış pensiya ödənişi fərqinin ödənilməsi xahişi ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmən müraciət etmişdir. Lakin cavabdeh 22 dekabr 2021-ci il tarixli **********8 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, Azərnəqliyyatyoltikinti ASÇ-nin 445 saylı Tikinti İdarəsinin xx.xx.2002-ci ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəblə, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Pensiya kapitalı, lazım olduğundan azdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" ASC-nin 445 saylı Tikinti İdarəsinin iddiaçı Nuşirəvan Cabbarova dair 12 iyun 2019-cu il tarixli 06-k nömrəli arayışında xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək dövr ərzində adıçəkilən müəssisədə iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi zamanı "xxxx" ASC-nin 445 saylı Tikinti İdarəsinin xx.xx.2002-ci ildən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" ASC-nin 445 saylı Tikinti İdarəsinin 16 dekabr 2021-ci il tarixli aktı və xx.xx.2021-ci il tarixli arayışı ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 06 aydan az (10 il 04 ay 28 gün) (xx.xx.1984-xx.xx.1989, xx.xx.1996-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 36.800 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27.437,26 manat təşkil edir. Məhz bu səbəblərə görə də X2 qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-6174/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti mahiyyətcə imtina və etirazın eynilik təşkil edən məzmununa uyğun tərtib edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə vurğulamağı zəruri hesab etmişdir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməli, bundan başqa ümumiyyətlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalı ilə bağlı şərtin zəruri olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılması üçün “Əmək pensiyaları haqqında” Qanunun və “Vətəndaşların pensiya təminatı” haqqında Qanununun müddəalarına istinad etmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Şərh olunan hər iki qanunvericiliyin müddəalarının müqayisəli təhlilindən görünür ki, həm “Əmək pensiyaları haqqında” Qanunun, həmçinin də “Vətəndaşların pensiya təminatı haqqında” Qanununa görə kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi iş stajının 25 il, güzəştli iş stajının 12 il 06 aydan çox olmasını şərtləndirmişdir. Burada yeganə fərq odur ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunundan fərqli olaraq ƏMQ-nın tələbinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplanmalıdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç şərtin ödənilməsi tələb olunur. 1) xx.xx.2017-ci il tarixədək 25 il ümumi iş stajının olması; (57 yaşı tamam olanadək) 2) bu müddətin azı 12 il 06 ayının güzəştli iş stajı olması; 3) iddiaçının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməsidir. Məhkəmə ilk öncə qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri əmək kitabçasında olan qeydlər ilə birgə nəzərə alınaraq sosial sığorta stajına da daxil edilməlidir. İddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdən keçmişdir. 02 il 09 gün təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. İddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyəti ilə bağlı isə məhkəmə aşağıdakıları qeyd etmişdir. Belə ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdə Bakı Dəniz Ticarət Limanına yükləməyükboşaltma işləri ilə əlaqəsi olmayan işlər üzrə fəhlə vəzifəsinə təyin edilmiş və xx.xx.1984-cü il tarixdə işdən azad edilmiş (03 il 03 ay 22 gün), xx.xx.1984-cü il tarixdə Tİ “Azərbaycan Nəqliyyat Tikinti” 446 trestinə 2-ci dərəcəli bənnaçı qəbul olunmuş, xx.xx.1987ci il tarixdə ona ikinci dərəcəli bənnaçı dərəcəsi verilmiş və xx.xx.1988-ci il tarixdə işdən azad edilmiş (04 il 02 ay 13 gün), xx.xx.1988-ci il tarixdə TM “Azərbaycan Nəqliyyat Tikinti” 446 trestindən keçirilməklə 2-ci dərəcəli bənnaçı qəbul edilmiş, xx.xx.1989-cu il tarixdə 3-cü dərəcəli montajçı ixtisası verilmiş və xx.xx.1989-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş (01 il 02 ay 18 gün), xx.xx.1990-cı il tarixdə Tİ “Azərbaycan Nəqliyyat Tikinti” 446 trestindən keçirilməklə kompleks şöbəsinə 3-cü dərəcəli mühəndis qəbul olunmuş, xx.xx.1990-cı il tarixdə SMT şöbəsinə keçirilmiş, xx.xx.1990-ci il tarixdə yol şöbəsinə keçirilmiş, xx.xx.1992ci il tarixdə həqiqi hərbi xidmətə çağrılması ilə əlaqədar işdən azad edilmiş (02 il 01 ay 14 gün), xx.xx.1994-cü il tarixdə Yol Şöbəsinin 2-ci dərəcəli mühəndisi kimi qəbul edilmiş və xx.xx.1996-cı il tarixdə işdən azad edilmiş (02 il 07 ay 12 gün), xx.xx.1996-cı il tarixdə "xxxx" ASC-nin 445 №-li Trestinə tikinti ustası vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci il tarixdə ştat cədvəlinə uyğun olaraq iş icraçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş (11 il 09 ay), xx.xx.2009-cu il tarixdə "xxxx" MMC-yə baş mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdə müəssisənin direktoru vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş (04 il 06 ay 01 gün), xx.xx.2014-cü il tarixdə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə təyin edilmiş və xx.xx.2014-cü il tarixdə işdən azad olunmuş (03 ay), xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC-də iş icraçısı (06 ay 28 gün), xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-də mühəndis (02 ay 22 gün), xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MTK-da iş icraçısı (01 il 07 ay 04 gün), xx.xx.2020-ci il tarixdə "xxxx" MTKya sədr vəzifəsinə təyin olunmuşdur. Məhkəmə qanunvericiliyin müddəalarını hərbi biletdə və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etmişdir ki, iddiaçının xx.xx.2017-cı il tarixədək ümumi iş stajı 25 ildən (mübahisələndirilən xx.xx.2002-xx.xx.2008 dövr istisna olmaqla) çox təşkil edir. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının güzəştli iş stajının tamamlanmasını bilavasitə onun xx.xx.2002-xx.xx.2008-ci il tarixlərdə işlədiyi İdarənin fəaliyyətinin dayandırılması ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının həmin dövrlərdə işlədiyi müəssisənin fəaliyyətdə olub-olmamasının müəyyən edilməsi iddianın həllində, yəni iddiaçının ümumi və güzəştli iş stajının müəyyən edilməsində mühüm rol oynayır Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" ASC-nin 445 nömrəli Tikinti İdarəsinin xx.xx.2002-ci ildən sonrakı fəaliyyəti ilə bağlı araşdırımanın aparılması məqsədi ilə aidiyyəti üzrə orqanlara sorğular ünvanlanmışdır. Sorğulara cavab məktublarından görünür ki: -"xxxx" ASC-nin 445 nömrəli Tikinti İdarəsi Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161B ünvanında dövlət əmlakının Registrində qeydiyyata alınmış və hal hazırda maliyyə təsərrüfat fəaliyyəti yoxdur (İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) - Azərnəqliyyat Yol Tikinti Açıq Səhmdar Cəmiyyətinin 445 saylı Tikinti İdarəsinin (VÖEN:**********) xx.xx.2000-ci il tarixdə D-3166 nömrə ilə dövlət qeydiyyatdan keçməsi və fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatın olmaması barədə müxtəlif tarixlərdə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında həmin Tikinti İdarəsinin fəaliyyətinin xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılması barədə qeyd aparılmışdır. (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) İşdən görünür ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi xx.xx.2002-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi dövrləri mübahisələndirmişdir ki, həmin dövrlərdə iddiaçı Azərnəqliyyat Yol Tikinti Açıq Səhmdar Cəmiyyətinin 445 saylı Tikinti İdarəsində işləmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh həmin dövrlərdə müəssisənin fəaliyyətdə olmamasına istinad etmişdir. Halbuki, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, həmin İdarə fəaliyyətini xx.xx.2007-xx.xx.2008 və xx.xx.2014-xx.xx.2019 dövrlər aralığında dayandırmışdır. Məhkəmə qeyd etmişdir ki, İdarənin həmin dövrlərdə fəaliyyətinin dayandırılması ilə bağlı təqdim olunmuş məlumatın mötəbərliyi şübhə altına alınmır. Belə ki, təqdim olunmuş məlumatlar müvafiq olaraq hüquqi şəxslərinin dövlət reyestr fəaliyyətini tənzimləyən qurum tərəfindən verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 2.0.5ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsini və dövlət reyestrinin aparılmasını təmin etmək Xidmətin əsas fəaliyyət istiqamətlərinə aiddir. Məhkəmə qeyd etmişdir ki, hər nə qədər də cavabdeh yazılı etirazda "xxxx" ASC-nin 445 saylı Tikinti İdarəsinin xx.xx.2021-ci il tarixli aktına əsaslanaraq İdarənin xx.xx.2002xx.xx.2008-ci il tarixlərdə fəaliyyətinin dayandırıldığını iddia etsə də, İdarənin xx.xx.2007xx.xx.2008-ci il tarixlər arasında fəaliyyətinin dayandırıldığı təsdiq olunmuşdur. Məhkəmə hesab etmişdir ki, hətta iddiaçının "xxxx" ASC-nin 445 saylı Tikinti İdarəsində işlədiyi yalnız fəaliyyətdə olduğu dövr nəzərə alınsa belə iddiaçının həm ümumi, həmçinin güzəştli iş stajı ilə bağlı şərti ödənilmiş olur. Qeyd olunmuşdur ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçının güzəştli iş stajının 10 il 04 ay 28 gün (xx.xx.1984-xx.xx.1989, xx.xx.1996-xx.xx.2002) olması işin mübahisəsiz hallarına aiddir. Nəzərə alınmalıdır ki, cavabdehin mübahisələndirdiyi məqam iddiaçının xx.xx.2002xx.xx.2008-ci il tarixlərdə işlədiyi qeyd olunan "xxxx" ASC-nin 445 saylı Tikinti İdarəsinin fəaliyyətdə olmamasıdır. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı cavabdehin qismən əsaslı olduğu müəyyən edilmiş, bununla bağlı yuxarıda münasibət bildirilmişdir. Qeyd olunmalıdır ki, "xxxx" ASC-nin 445 saylı Tikinti İdarəsi xx.xx.2007-xx.xx.2008-ci il tarixlər arasında fəaliyyətini dayandırdığından, iddiaçının güzəştli iş stajı müəyyən edilərkən onun xx.xx.2002-xx.xx.2007-ci il tarixlər arasında işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid olub-olmaması yoxlanılmalıdır. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş "xxxx" ASC-nin 445 saylı Tikinti İdarəsinin arayışından müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2008ci il tarixədək iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısına nəzər yetirdikdə görünür ki, “iş icraçıları” vəzifəsi XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000b—24441 kod altında nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçının işlədiyi “iş icraçısı” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında 2290000b—24441 kod altında nəzərdə tutulduğundan, iddiaçının xx.xx.2002xx.xx.2007-ci il tarixədək (müəssisəsinin fəaliyyətdə olduğu tarixədək) işlədiyi müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Həmin müddət üzrə müvafiq illəri cəmlədikdə məlum olur ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan (10 il 04 ay 28 gün) + (05 il 03 ay 01 gün) = 15 il 07 ay 29 gün çox təşkil edir. "xxxx" ASC-nin 445 saylı Tikinti İdarəsi tərəfindən mübahisələndirilən dövrlərdə məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsi hissəsində araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Belə ki, iddiaçının güzəştli iş stajı kimi yalnız xx.xx.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınsa, onun güzəştli iş stajının 12 il 06 aydan çox olması təsdiq olunur. Məhkəmə qeyd etmişdir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur. İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasından savayi, həmçinin də, təqdim olunmuş güzəştli arayışda aşkar olaraq göstərilmişdir. Məhkəmə həmçinin iddiaçı tələbində ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsi hissəsində də iddia tələbini təmin edərək aşağıdakıları qeyd etmişdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə səlahiyyətli inzibati orqan öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə xx.xx.2021ci il tarixdə (ilkin imtina məktubunda göstərilən tarix) cavabdehə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni xx.xx.2018-ci il tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri imtinanın, eləcə də etirazın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2-1(112)-6174/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.