Məhkəmə qərarları › İş №2-1(103)-505/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-505/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-505/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya 2-ci qrup müddətsiz əlilliyin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1462/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci qrup müddətsiz əlilliyin verilməsi barədə inzibati aktın qəbul edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiltasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “iddiaçıya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 3-cü qrup gözdən əlildir. Müraciətinin səbəbi odur ki, xx.xx.2021-ci ildə görmə sinirinin atrofiyası və yanaşı digər ağır xəstəliklərə görə 3 qrup əlillik dərəcəsi alıb. Qiymətləndirilmədən razı olmayaraq, təkrar xx.xx.2023-cü ildə eyni xəstəliklərlə və daha da ağırlaşma ilə TSEK tərəfindən olaraq 3-cü dərəcə əlillik verdi. Komissyanın müayinə qiymətləndirilməsini əsassız hesab edir. Onsuzda görmə qabiliyyətimin qismən itirilməsinə görə 3-cü dərəcə qrup əlillik meyarına düşür. Əlavə olaraq yanaşı ağır xəstəliklərin nəzərə alınmamağı, eyni qrup üzrə təkrar qiymətləndirilməyi nə dərəcədə ədalətlidir. Belə ki, sol gözü sıfır dərəcədi, atrofiya, sağ qulaq 4 dərəcəli ağır eşitmə, başında şunt (aparat), sağ əli 50% işləməsi barmaqlarında hissiyat yoxdur, onurğasında 10-cu fəqərədə 8 şurub plastinka, kürəyi skalioz əyrilik, gezəndə sağ tərəfə aşmaları var, baş ağrılar da hər gün olur, saçında sebariya - dəri xəstəliyi qaşınır, qanıyır. Bu vəziyyətdə normal hərəkət edə bilmir, hər kəs kimi eyni ola bilmir. Düşünür ki, komissyanın rəyi əsassız və qərəzlidir və dəfələrlə təkrar eyni dərəcə ilə qiymətləndirməsi qanunvericiliyə əsasən hüquqlarının kobud şəkildə pozulmasıdır. İnzibati orqanın imtina ilə bağlı hərəkətlərini qanunsuz hesab edir və məsələyə obyektiv baxılması üçün məhkəmədən vicdanlılıq, ədalətlilik prinsipləri əsasında baxılmasını xahiş edir. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il rarixli göndərişi əsasında əlavə əyani müayinə edilərək baxılmış və “Səbəbi: Ümumi xəstəlik => Gözdən əlilliyi olan şəxs; Diaqnozun mətni: Görmə sinirinin atrofiyası, OS-Görmə sinirinin atrofiyası. Baş beynin silkələnməsi, - drosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə cuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şurıt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük, O - Xar gözlük.,; Meyar: “Gözün və gözün əlavə aparatının xəstəlikləri => Görmə itiliyi -> Görmə itiliyi => Görmə itiliyi bir gözdə tarreksiya ilə 0-0,05, digər gözdə korı 0,3-dən yuxarı ОРТ 50 faiz” olmaqla müddətsiz əlillik dərəcəsi verilmişdir. Bundan əlavə, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik AR ərazi bütövlüyü ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1462/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərarı ilə (Hakim L.Musayeva) iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən ümumi normaları sadalamaqla iddiaçının xeyrinə əsassız və qanunsuz qərar qəbul etmişdir. Vətəndaşda beyin maddəsində yad cisim yoxdur, bu səbəblə də Əlilliyin müəyyən olunması meyarlan”nda 6-cı bənd Sinir sistemi xəstəlikləri - 6.1.7-ci bəndinin tətbiqi qanunsuzdur. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. Həmçinin bildirmək istəyirlər ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4. bəndinə müvafiq olaraq ümumi xəstəlik - gözdən əlil səbəbindən orqanizmin funksiyaların 50% pozulmasına görə müddətsiz 3-cü qrup əlillik təyin edilmişdir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə də əsassız olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixdə “H47.2 Görmə sinirinin atrofiyası,. Ağırlaşma H54.4 Monokulyar korluq. Vis OD = 1.0(vahid).Vis OS = işıq duygusu.TİBBİ RƏY 4892 Yanaşı xəstəliklər G83.2 Yuxarı ətrafların monoptegiyası, Sag yuxarı ətrafın distal parezi. Yanaşı xəstəliklər S22.0 Döş fəqərəsinin sınığı, Th10 fəqərə sınığına görə laminektomiya və transpedikulyar biksasiyadan sonrakı vəziyyət. Yanaşı xəstəliklər S06.0 Baş beynin silkələnməsi. Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Yanaşı xəstəliklər H90.4 Eşitmənin əks tərəfdə normal eşitmə ilə müşahidə olunan bir tərəfli neyrosensor tipli itirilməsi, Sağ tərəfdə ağır dərəcədə sensonevral tipdə eşitmə azlığı..” diaqnozu ilə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2023cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Görmə sinirinin atrofiyası, OS- Görmə sinirinin atrofiyası. Baş beynin silkələnməsi, - drosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə cuxurununepidural hematoma və təkrari ventrikulo-peritoneal şurıt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük, O - Xar gözlük.” diaqnozu ilə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4. bəndinə uyğun olaraq ümumi xəstəlik - gözdən əlil səbəbindən orqanizmin funksiyaların 50% pozulmasına görə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Qərardan narazı qalan iddiaçı məhkəməyə müraciət etmiş, 28 dekabr 2023-cü tarixində məhkəmə qərardadı əsasında iddiaçı DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4-cü bəndinə müvafiq, ümumi xəstəlik - gözdən əlil səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulması barədə qərar qüvvədə saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı hazırki tələbində orqanizmin funksiyalarının müddətsiz 61-80 faiz pozulmasının təyin edilməsini xahiş edir. İddia tələbini əsaslı hesab edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022- ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 8.1.4-cü bəndinə müvafiq olaraq ümumi xəstəlik - gözdən əlil səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50% (əlli faiz) pozulmasına görə müddətsiz təyin edilmiş üçüncü dərəcə əlillik onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır, belə ki, 1984-cü il təvəllüdlü İddiaçı gözdən əlilliyi ilə yanaşı “Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət” xəstəliyindən əziyyət çəkmiş, başqa sözlə baş beyninə əməliyyat nəticəsində yad cisim - şunt yerləşdirilmişdir, lakin cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Sonda məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd Sinir sistemi xəstəlikləri - 6.1.7-ci bəndində- beyin maddəsində yad cismin olması əlillik (orqanizmin funksiyalarının 80 faiz müddətsiz pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmasına istinad edərək iddiaçıya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasının xx.xx.2023-cü il tarixdən müddətsiz təyin edilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı qərar qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, məhkəmə iddiaçının baş beyninə əməliyyat nəticəsində yerləşdirilmiş şuntun sözdə yad cisim olmasını bildirməklə kifayətlənmiş, şuntun qanunvericiliyin tələbləri baxımından həqiqətən də yad cisim hesab edilib-edilməməsi məsələsinə hüquqi qiymət verməmişdir, halbuki iddia tələbinin əsaslılığının qiymətləndirilməsi üçün ilk növbədə şuntun qanunvericiliyin tələbləri baxımından yad cisim hesab edilib-edilməməsi məsələsinə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd Sinir sistemi xəstəlikləri - 6.1.7 və 6.1.8-ci bəndlərində beyin maddəsində yad cismin olması və ventrikuloperitoneal şuntlama fərqləndirilmiş, beyin maddəsində yad cismin olmasına görə orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə müddətsiz, ventrikuloperitoneal şuntlama üçün isə orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iddiaçıda olan “Arxa kəllə cuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət” diaqnozu, başqa sözlə baş beyninə əməliyyat nəticəsində şunt kateterinin yerləşdirilməsi də elə qanunvericilik anlamında ventrikuloperitoneal şuntlamanı özündə ehtiva edir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə Respublika Neyrocərrahiyyə Xəstəxanasının baş həkimi X5 məktub ünvanlanaraq həkim-mütəxəssisin məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuş, məhkəmə iclasında iştirak edən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-mütəxəssis X6 izahatında qeyd etmişdir ki, şunt taxılması əməliyyatı beyində olan artıq mayenin qarın boşluğuna evakuasiyasını təmin etmək üçün edilir, şunt beyinə taxılan materialdır, bütün şunt əməliyyatları zamanı şunt kateterinin bir ucu beynin sağ və ya sol mədəcəyinə və digər ucu qarın boşluğuna taxılır, bütün şuntlama əməliyyatı keçirən xəstələr həyatları boyu orta hesabla 4 dəfə yenə şuntlama əməliyyatı keçirirlər. Sədrlik edənin sualına cavab olaraq həkim-mütəxəssis qeyd etmişdir ki, tibbi cəhətdən beyində yad cisim dedikdə, adətən qəlpə, daş və s. bu kimi yad cisimlər nəzərdə tutulur, şunt kateteri yad cisim hesab olunmur, şunt kateteri əməliyyat vasitəsilə şəxsin beyninə yerləşdirilir və yad cisimdən fərqli olaraq məqsədi şəxsin həyatı fəaliyyətini yaxşılaşdırmağa xidmət edir. Yad cisim isə orqanızmə hər an təhlükə yaradır. Beləliklə, iddiaçının baş beyninə əməliyyat nəticəsində yerləşdirilmiş şunt kateteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd Sinir sistemi xəstəlikləri - 6.1.7-ci bəndində nəzərdə tutulmuş beyin maddəsində olan yad cisim hesab olunmadığından hazırki iddia tələbi əsaslı hesab edilə və təmin edilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd Sinir sistemi xəstəlikləri - 6.1.8-ci bəndində ventrikuloperitoneal şuntlama üçün isə orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə 2 il müddətinə əlillik təyin edilməsi nəzərdə tutulsa da, cavabdeh inzibati orqanın iddiaçıya xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində “Görmə sinirinin atrofiyası, OS-Görmə sinirinin atrofiyası. Baş beynin silkələnməsi, - drosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə cuxurununepidural hematoma və təkrari ventrikulo-peritoneal şurıt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük, O - Xar gözlük.” diaqnozu ilə üçüncü dərəcəli müddətsiz əlillik təyin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin 2-1(112)- 11195/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X11 X3” X7 məhkəməyə təqdim etdiyi T601/2023 saylı ekspert rəyinə əsasən komissiyanın gəldiyi nəticə:

1. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli D0010310FİD nömrəli Forma 088 göndərişində qeyd edilən “Görmə sinirinin atrofiyası. OS- Görmə sinirinin atrofiyası. Baş beyin silkələnməsi. Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük. OS-Xarici çəpgözlük” diaqnoz onun hazırkı vəziyyətini əks etdirir. 2.3. Həmin diaqnoz Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarında orqanizmin funksiyasının pozulmasının müddətsiz 50% faiz göstəricisinə uyğun olduğundan ona ümumi xəstəliklə əlaaədar İİİ dərəcəli əlillik düzgün təyin edilmişdir. Həmçinin məhkəmənin 2-1(112)-1462/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X11 X3” X7 məhkəməyə təqdim etdiyi T407/2024 saylı ekspert rəyinə əsasən komissiya qərardadda qoyulmuş suallar üzrə aşağıdakı nəticəyə gəlmişdir:

1. Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından İddiaçı hazırda konkret olaraq hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin onun iş materiallarında olan əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində XBT 10 kodu ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli D0010310FİD nömrəli Forma 088 göndərişində qeyd edilən “H47.2- Görmə sinirinin atrofiyası. OS- Görmə sinirinin atrofiyası. Baş beyin silkələnməsi. Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət. Müştərək xarici çəpgözlük. OS- Xarici çəpgözlük” diaqnoz onun hazırkı vəziyyətini əks etdirir. Həmin diaqnoz Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması” meyarlarının 8.1.4 bəndinin orqanizmin funksiyasının pozulmasının müddətsiz 50% faiz göstəricisinə uyğun olduğundan ona ümumi xəstəliklə əlaqədar İİİ dərəcəli əlillik təyinatı düzgün olmuşdur.

2. İddiaçı sol qulağında eşitmə dərəcəsinin normal, sağ qulaqda ağır dərəcəli sensonevral tipli eşitmə azlığının olması, eşitmənin praktiki itirilməsi deyil, eşitmənin bir tərəfli neyrosensor tipli itirilməsi deməkdir. 3.4. İddiaçı Akad. Z.Əliyeva adına Milli Oftalmologiya İnsitutunda tərtib edilmiş Tibbi Rəyə əsasən xx.xx.2020-ci il tarixdə müayinəsi zamanı “Monokulyar korluq. Mürəkkəb xarici çəpgözlük, xarici çəpgözlük” diaqnoz müəyyən edilmişdir. Bu isə İİİ-İV eşitmə zəifliyi ilə birgə tam (total) və ya praktiki görmənin itirilməsi demək deyildir. Onun sağ gözünün görmə itiliyi =1,0 (vahid), sol gözündə isə işıq duyğusu müəyyən edilir.

5. İddiaçı xx.xx.2021-ci il tarixdə baş beyinin MRT müayinəsi zamanı şunt kateteri müəyyən edilmişdir. 6.7.8. Qərardadın (6.7.8,-ci) bəndlərində sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, TSEK-in mütəxəssis ekspertlərinin səlahiyyətlərinə aiddir. Göründüyü kimi məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası nəticəsində əldə edilən ekspert rəyləri ilə də iddiaçıda “Baş beyin silkələnməsi. Hidrosefaliya səbəbli qapalı kəllə beyin travması. Arxa kəllə çuxurunun epidural hematoma və təkrari ventrikulo-peritoneal şunt taxılması əməliyyatından sonrakı vəziyyət.” xəstəliyi ilə yanaşı, “H47.2- Görmə sinirinin atrofiyası. OS- Görmə sinirinin atrofıyası. Müştərək xarici çəpgözlük. OS- Xarici çəpgözlük” xəstəliyinin mövcudluğu öz təsdiqini tapmışdır. Diaqnozda qeyd edilmiş xəstəliklər hazırda qüvvədə olan Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda müvafiq əlilliyin təyininə əsas verir. Belə ki, 2022-ci il iyulun 1-dən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının 8.1-ci Görmə itiliyi bəndinin 8.1.4-cü yarımbəndində görmə itiliyi bir gözdə korreksiya ilə 0-0,05, digər gözdə korreksiya ilə 0,3-dən yuxarı qeyd edilmişdir. Həmin xəstəliyə görə orqanizmin funksiyalarının pozulması faizi 50 % olmaqla müddətsiz əlilliyin təyin edilməsi nəzərdə tutulmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1462/2024 saylı, 29 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya 2-ci qrup müddətsiz əlilliyin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar