Məhkəmə qərarları › İş №2-1(103)-5052/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5052/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5052/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, İbrahimova Nəzrin Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğvi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7645/2025 nömrəli, 06 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1978-ci il təvəllüdlüdür.

2. İddiaçıya Dövlət Sosial X7 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 1436 nömrəli Qərarına xx.xx.2017-ci il tarixdən ömürlük əmək pensiyası təyin edilmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 10155/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən xidməti araşdırma səbəbindən İddiaçı pensiyası dayandırılmış və artıq ödənilmiş pensiya məbləği hesablanmışdır.

4. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial X7 rayon şöbəsinin əmək pensiyasını təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10156/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı əmək peniyasının təyin edilməsi haqqında qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi qərara alınmışdır.

5. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Aleksey Yuriyeviçə ünvanladığı “Pensiya ödənişinin dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli 3-17-1/2-V-14628/2025 nömrəli məktubuna əsasən, İddiaçı ümumilikdə 19075,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyi bildirilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

6. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “cavabdehin iddiaçı barəsində pensiya ödənişinin dayandırılması haqqında qərarının ləğv edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialının İddiaçı barəsində “Əmək pensiyanın dayandırılması haqqlnda” xx.xx.2023-cü il tarixli, 3- 17-1/3- 3-10155/2023 saylı qərarın və “Əmək pensiya təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-10156 /2023 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il traixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizənin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli, 3-17-1/2-V-14628/2025 saylı “Pensiya ödənişinin dayandırılması haqqında” qərara əsasən, iddiaçıya təyin edilmiş pensiya Qanunun 9.1-ci maddəsinə əsasən dayandırılmışdır. Həmçinin Qanunun 9.3-cü maddəsinə əsasən sözügedən maddənin tələbləri nəzərə alınmaqla 19075,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilərək həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması tələb edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçının əmək pensiyası hüququnun araşdırılması ilə əlaqədar sözügedən maddənin tələbləri nəzərə alınmaqla pensiya ödənişinin dayandırılması tamamilə əsassız və qanunsuz olmuşdur. Belə ki, məlum olduğu kimi AR Milli Məclisinin 1992-ci il 14 iyul tarixli, 204 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası “Mülki aviasiya haqqında beynəlxalq konvensiyaya” qoşulmuşdur. Dövlətin İCAO-nun üzvü olduğunu rəhbər tutaraq bu təşkilatın mülki aviasiya sahəsi ilə bağlı tələblərinə riayət edilməsi zəruridir. “Normativ hüquqi aktlar haqqında” AR Qanunun 23-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı hökümətlərarası müqavilələr həmin müqavilələrin Azərbaycan Respublikası üçün məcburililiyinə razılığın ifadə olunduğu normativ hüquqi aktlardan daha üstün hüquqi qüvvəyə malikdir. Həmin Qanunun 23.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktların qəbul olunmasını tələb edən hallar istisna olmaqla birbaşa tətbiq edilməlidir. Uçuş ekipajı sayına və tərkibinə görə uçuş istismarı üzrə rəhbərlikdə (təlimatda) və ya uçuşlara yararlılıq sertifikatına aid olan digər sənədlərdə göstərilmiş tələblərdən aşağı olmayan tələblərə cavab verməlidir. (“Beynəlxalq Mülki Aviasiya hqqında Konvensiya”ya 6 nömrəli əlavə, Hissə İİ bənd 2.7.1- “Təyyarənin uçuş ekipajı”) “İL 76” tipli hava gəmilərinin “Uçuş istismarı Təlimatı ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL76” tipli hava gəmiləri uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsinə daxil olunmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, hava gəmisinin bort operatoru “uçuş istismarı təlimatının” tələblərinə uyğun olaraq hətta belə qalxma və enmə zamanı uçuş heyətinin rəhbəri (hava gəmisinin kapitanı) tərəfindən hava gəmisinin idarə edilməsi və ya iştirakı ilə bağlı müvafiq göstərişləri və komandaları yerinə yetirir. Bort operatoru tərəfindən həyata keçirilən işlərin mürəkkəbliyi və bununla bağlı məsuliyyət onun fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında iştirak edilməsi məsələləri bu işçinin uçuş heyətinin üzvü kimi tanınmasını birmənalı təsbir edir. Buna baxmayaraq xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialın qərarında göstərilən səbəbləri müvafiq normativ aktlara istinad edilməklə göstərilsə də əslində xüsusi mülahizələrə əsaslanır. Onların qanunsuz mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddələrinin tələblərinə zidd olmaqla, iddiaçının Konstitusion hüququ olan sosial təminat hüququnun (maddə 38) pozulmasına yönəlmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006- cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuştəlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçıbort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. İlqar Bağırovun xx.xx.1994-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində bort bələdçisi və bort operatoru vəzifələrində işlədiyi nəzərə alınaraq, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə müəyyən edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətinə aid vəzifələrinə uyğunlaşdırılmaqla ona qanunazidd olaraq xx.xx.2008- ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq, uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3- cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə deyil, Qanunun 9.1- ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Bildiririk ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş “İl-76" tipli hava gəmilərinin "Uçuş istismarı üzrə Təlimat”a istinad etmişdir. Belə ki, həmin Təlimat ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunduğu göstərilmişdir. Bununla bağlı bildiririk ki, qeyd olunan Təlimat normativ hüquqi akt deyil, texniki normativ hüquqi aktdır. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, iddiaçının “bort operator” vəzifəsində işlədiyi və uçuş saatlarına görə vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququna yenidən baxılması üçün 27 aprel 2023-cü il tarixində sürətli poçt vasitəsi ilə məktub göndərilməklə 8 may 2023-ci il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin e-2-1(112)-7645/2025 nömrəli, 06 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyanın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-10155/2023 saylı və “Əmək pensiya təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-10156 /2023 saylı qərarlarının ləğv edilməsi qərara alınmışdır.

11. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

Apellyasiya şikayətinin dəlilləri:

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 9.3-cü maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006- cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nın 2-ci bəndində hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri), uçuştəlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı, pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bort mexanik, təlimatçı bortradist) uçuş saatlarına görə güzəştli şərtlərlə əmək pensiyasının hüququ olan kateqoriyaya aid edilir. Bort operator vəzifəsi isə sözügedən Qaydalarda nəzərdə tutulmayıb. Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1- ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçıbortoperator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. İddiaçı xx.xx.1994-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində bort bələdçisi və bort operatoru vəzifələrində işlədiyi nəzərə alınaraq, Qanunun 9.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə müəyyən edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətinə aid vəzifələrinə uyğunlaşdırılmaqla ona qanunazidd olaraq xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Bununla əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi məqsədilə tərəfimizdən aidiyyəti üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğular ünvanlanıb. Cavab olaraq, uçuş heyəti üzvü və heyət üzvü anlayışlarının fərqli mənalara malik olduğu, bort operatorların hava gəmisinin idarə edilməsi ilə məşğul olmadıqları və buna görə də uçuş heyəti üzvləri hesab edilmədikləri bildirilib. Eyni zamanda, sözügedən məktubda bort operatorlarının Qanunun 9.3-cü maddəsinə və Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə deyil, Qanunun 9.1-ci maddəsinə əsaslanaraq Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıya uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları göstərilib. Bildiririk ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş “İl-76" tipli hava gəmilərinin "Uçuş istismarı üzrə Təlimat”a istinad etmişdir. Belə ki, həmin Təlimat ilə istehsalçı tərəfindən müəyyən olunmuş tələblər nəzərə alınmaqla "xxxx" MMC tərəfindən istismar olunan “İL 76” tipli hava gəmilərinin uçuş heyətinə (ekipajına), o cümlədən “hava gəmisinin bort operatoru” vəzifəsi daxil olunduğu göstərilmişdir. Bununla bağlı bildiririk ki, qeyd olunan Təlimat ormativ hüquqi akt deyil, texniki normativ hüquqi aktdır. “Beynəlxalq Mülki Aviasiya haqqında” Konvensiyaya (Çikaqo 7 dekabr 1944-cü il) “Personalın Şəhadətnamələndirilməsi” adlı 1 saylı Əlavədə bort operator vəzifəsi “uçuş heyəti üzvündən başqa digər personal”ın tərkibinə daxil edilməmişdir. Qeyd olunan beynəlxalq və milli qanunvericilik normalarına əsasən, “hava gəmisinin bort operatoru” vəzifəsinin “uçuş heyəti”, həmçinin “uçuş heyəti üzvündən başqa digər personal” kimi təsnifləşdirilmədiyini və Vahid X1 “Fəhlələr” kateqoriyasında müəyyənləşdiyini nəzərə alaraq, “digər uçuş mütəxəssisi” hesab edilmədiyi məktubda açıq aşkar göstərilmişdir. Göstərilənlərə əsasən aydın olur ki, ölkənin ən böyük aviadaşıyıcı şirkəti olan “AZAL”ın, Azərbaycan Respublikası ərazisində mülki aviasiya sahəsində dövlət nəzarətini və tənzimlənməsini həyata keçirən icra hakimiyyəti olan Mülki Aviasiya Agentliyinin məsələ ilə bağlı rəsmi mövqeyinə məhəl qoymadan, sadəcə hava gəmisinin istismarı qaydaları haqqında Təlimata əsaslanmaqla iş üzrə məhkəmədə analoji qərarlar qəbul edilmişdir. Yuxarıda qeyd olunan normativ aktlardan analoji işlər üzrə, inzibati orqanın və məhkəmənin sorğularına verilmiş cavablardan da göründüyü kimi, bort operatoru vəzifəsi zərərli və ağır iş şəraitində yerinə yetirilən vəzifə hesab olunur. Bu fakt cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda həmin vəzifə nəzərdə tutulub. Mübahisənin predmeti ondan ibarətdir ki, qeyd olunan 12 nömrəli Qərarla təsdiq olunmuş Siyahıda bort operator vəzifəsi birbaşa və qeyd-şərtsiz nəzərdə tutulduğu halda, həmin vəzifədə işləmiş şəxsə həmin Siyahıya əsasən Qanunun 9.1-ci maddəsi ilə deyil, vəzifənin adının nəzərdə tutulmadığı Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarına əsasən Qanunun 9.3-cü maddəsi ilə pensiya təyinatının həyata keçirilməsi qanunauyğun hesab olunmamasıdır. Belə olan halda, məhkəmə qarşısında belə bir sualın qoyulması zərurəti yaranır ki, hansı normativ akt və ya müddəa pensiya təyinatını həyata keçirən orqana əsas verir ki, Nazirlər Kabinetinin qərarında birbaşa nəzərdə tutulmuş müddəaya deyil, hər hansı təyyarənin uçuş təlimatına baxaraq, bort operatorunu uçuş heyəti üzvü kimi hesab edib, Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyinatını həyata keçirsin? Ümumiyyətlə, məhkəmələr tərəfindən mübahisənin bort operatorlarının uçuş heyəti üzvü olub-olmamasının müəyyən edilməsi kimi qiymətləndirilib, bu istiqamətdə həll olunması da ağlabatan deyil. Belə ki, bir təyyarə üçün bort operatoru heyət üzvü hesab oluna, digər bir təyyarə üçün isə uçuş təlimatında ekipaja daxil edilməyə də bilər. Məsələyə istehsalçıların tələbləri baxımından deyil, qanunvericiliyin normaları baxımından yanaşmaq lazımdır. Yəni, Nazirlər Kabinetinin 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda bort operatoru vəzifəsi nəzərdə tutulmasa idi, o zaman məhkəmələr həmin vəzifənin 231 nömrəli Qərarda göstərilən digər uçuş mütəxəssisi hesab olunubolunmaması məsələsinə qiymət verməkdə haqlı hesab oluna bilərdi. Baxılan halda isə qanunverici orqan bort operatorunu mülki aviasiya sahəsində zərərli və ağır iş şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid edib (12 nömrəli Qərar) və həmin vəzifədə işləyənlərin güzəştli pensiya hüququ cavabdeh tərəfindən qəbul edilir və mübahisələndirilmir. Digər tərəfdən belə bir sual meydana çıxır ki, analoji işlər üzrə məhkəmələrin mövqeyindən çıxış etsək, o zaman 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən bort operatorları kimlərdir və onlara pensiya təyinatı nə zaman aparılmalıdır? İnzibati orqan öz səlahiyyətlərinə aid olan məsələyə baxarkən qanunvericilik aktında birbaşa nəzərdə tutulmuş normanı tətbiq etdiyi halda, məhkəmə qərarı hansı əsasla inzibati orqanın mövqeyinin əleyhinə olmuşdur? Çünki baxılan işlərdə konkret normativ tənzimləmə mövcuddur. Yəni burada qanunun boşluğundan söhbət gedə bilməz (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.9-cu maddəsi). Əlavə olaraq, 12 nömrəli Qərarda bort operatorları ilə yanaşı bort bələdçisi, təlimatçı bort operatorlar, bütün adlarda mühəndislər vəzifələri nəzərə də qeyd olunub. Məhkəmələrin mövqeyindən çıxış etsək həmin vəzifələrdə işləmiş şəxslərə də 12 nömrəli Qərarda nəzərdə tutulması nəzərə alınmadan, 231 nömrəli Qərara əsasən pensiya təyin olunmalıdır. Bu isə birbaşa maddi hüquq normalarının pozulması deməkdir. Normativ aktlar arasında (Nazirlər Kabinetinin 12 nömrəli və 231 nömrəli qərarları) ziddiyyət də yoxdur. Sözügedən Təlimatla Nazirlər Kabinetinin 12 nömrəli Qərarı arasında ziddiyyətin olduğunu fərz etsək belə, əvvəla Təlimat texniki xarakterli akt olduğuna görə, Nazirlər Kabinetinin Qərarı daha üstün qüvvəyə malikdir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.1-ci maddəsi). İkincisi, yeni normativ hüquqi akt eyni məsələ üzrə əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 10.5-ci maddəsi). Həmçinin bildiririk ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən analoji işlər üzrə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini əks etdirən üç ulduz nişanı ilə indeksləşdirilmiş xx.xx.2024-cü il tarixli 2-1(102)-3135/2024 nömrəli qərarına istinad etmişdir. Həmin qərarın 39-cu bəndində qeyd edilir ki, əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Bununla əlaqədar olaraq bildiririk ki, iddiaçının əmək pensiyasının. Daha sonra xx.xx.2023-cü il tarixində ərizəçinin pensiyasının dayandırılması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunan qanunsuz inzibati aktın ləğv edilməsi üçün həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən (xx.xx.2023-cü il) 1 il ərzində ləğv edilmişdir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 19075,66 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə tam əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir.

Apellyasiya şikayətinə etirazın dəlilləri:

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

Tərəflərin izahatları

13. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.3 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür)

59. Mülki aviasiya uçuş və uçuş-sınaq heyətinin pensiya hüququnun müəyyən edilməsi şərtləri Kişilər azı 25 il, qadınlar azı 20 il uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışdıqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilər azı 20 il, qadınlar azı 15 il bu vəzifələrdə çalışdıqda xidmət illərinə görə pensiya hüququna malikdirlər. Uçuş və uçuş-sınaq həyətində işləyənlərin iş stajlarının hesablanması qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydaları Bənd 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: 2.1. hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) Bənd 3. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: 3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; 3.2. avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. Bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuş sığorta stajının hesablanması qaydası mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanlara yaşa görə əmək pensiyası təyin edilərkən həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla tətbiq edilir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

22. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırda cavabdehin xx.xx.2023cü il tarixli 3-17-1/3-3-10155/2023 və 3-17-1/3-3-10156 /2023 saylı qərarlarını mübahisələndirir. Həmin qərarlar işə birinci instansiya qaydasında baxılarkən təqdim olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür.

23. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “İddiaçı barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyanın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 10155/2023 saylı və “Əmək pensiya təyin edilməsi haqqında qərarın ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-10156 /2023 saylı qərarların ləğv edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. İşin faktiki hallarından görünür ki, iddiaçıya Dövlət Sosial X7 rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 1436 nömrəli Qərarına xx.xx.2017-ci il tarixdən ömürlük əmək pensiyası təyin edilmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 10155/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən xidməti araşdırma səbəbindən İddiaçı pensiyası dayandırılmış və artıq ödənilmiş pensiya məbləği hesablanmışdır. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial X7 rayon şöbəsinin əmək pensiyasını təyin edən komissiyasının İddiaçı əmək pensiyasının təyin edilməsi haqqında Qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10156/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı əmək peniyasının təyin edilməsi haqqında qərarın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci, 67.1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi qərara alınmışdır..

26. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati orqan tərəfindən iddiaçının pensiyasının məbləğində artıq ödəmələrin aparılması ilə bağlı inzibati icraat cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş və cavabdeh qurum tərəfindən tutulmalar aparıldıqdan sonra xx.xx.2025-ci il tarixli 3-17-1/2-V-14628/2025 nömrəli məktubla məlumat verilmiş və ona ümumilikdə 19075,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edildiyi bildirilərək həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağı xahiş edilmişdir..

27. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 28 Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.

29. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1).

31. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

32. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

33. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

34. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.

35. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

36. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

37. Həmin Qanununun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

38. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.

39. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

40. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

41. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

42. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.

43. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

44. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

45. Həmin Qanunun 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

46. Hazırki işdə iddiaçı barədə qəbul edilmiş inzibati aktların “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilən hallarla bağlı əldə edildiyi müəyyən olunmur.

47. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

48. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

49. Həmin Qanunun 67.13-cü maddəsinə əsasən qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

50. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi əmək pensiyasının dayandırılmasına əsas olan halların onlara xx.xx.2023-cü il tarixdən aşkarlanması dəlilinə münasibətdə qeyd edir ki, həqiqətən də həmin halların cavabdehə həmin tarixdən məlum olması iş materiallarında müəyyən olunmur. Cavabdeh bununla bağlı nə birinci, nə də ki apellyasiya instansiya məhkəməsinə qeyd olunan faktı təsdiq edən inzibati icraat materiallarını təqdim etməmişdir. Bundan başqa iddiaçıya pensiya 2017-ci il tarixdə təyin olunduğundan pensiyasının dayandırılmasına əsas olan halların 6 ildən sonra 2023-cü il tarixdə cavabdehə məlum olması da inandırıcı deyil.

52. Cavabdeh mübahisləndirilən qərarların qəbulunu onunla əsalandırır ki, bort operatoru vəzifəsində işləmiş şəxslərə “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən deyil, həmin Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin əsas dəlili stajın toplanmadığı ilə bağlı deyil, o, iddiaçının ümumiyyətlə, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olmadığını bildirir. Cavabdeh bu zaman ona istinad edir ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın "Nəqliyyat" bölməsinin (21) Mülki aviasiya bəndində (21.3) hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operator və hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi vəzifələri nəzərdə tutulub. İddiaçı xx.xx.1994-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində bort bələdçisi və bort operatoru vəzifələrində işlədiyi nəzərə alınaraq, Qanunun 9.3cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli Qərarı ilə müəyyən edilmiş mülki aviasiya uçuş və uçuş sınaq heyətinə aid vəzifələrinə uyğunlaşdırılmaqla ona qanunazidd olaraq xx.xx.2008-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib.

53. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə razılaşmır və qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən pensiya təyin edilə bilməsi üçün şəxsin məhz uçuş heyət üzvü kimi fəaliyyət göstərməsi şərti ödənilmiş olmalıdır. Belə ki, uçuş heyət üzvü və heyət üzvü anlayışı fərqli olmaqla qeyd edilən şəxslər uçuş zamanı müxtəlif əmək funksiyalarının yerinə yetirilməsi ilə məşğul olurlar. Onların həyata keçirdikləri əmək funksiyalarının xarakteri, ağırlığı və mürəkkəbliyi bir-birindən fərqli olduğu üçün qanunverici yalnız uçuş heyət üzvünə aid şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüquqlarının “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən yaranacağını qəbul etmişdir.

54. Nəzərə almaq lazımdır ki, qüvvədən düşmüş “Aviasiya haqqında” Qanunun 1.0.14-cü maddəsində hava gəmisinin ekipajına belə anlayış verilmişdir - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyət. Göründüyü kimi sözügedən qanunvericilik aktı hər iki qrupa (həm uçuş heyət üzvü, həm də heyət üzvü) daxil olan şəxslərin hava gəmisinin ekipaj üzvlərini təşkil edəcəyini təsbit etmişdir. Bununla belə, uçuş heyət üzvünə daxil olan şəxslər hava gəmisinin idarə edilməsi, heyət üzvləri isə idarə edilməli ilə bağlı olmayan digər xidmətlərin göstərilməsinə dair vəzifələri icra edən şəxslərdirlər.

55. Eyni zamanda, qeyd olunmalıdır ki, “Aviasiya haqqında” hazırda qüvvədə olan 22 dekabr 2023-cü il tarixli yeni Qanun da məsələyə dair oxşar yanaşmanı mənimsəməklə daha aydın tənzimləmələr gətirmişdir. Belə ki, sözügedən Qanunun 1.1.49 və 1.1.76-cı maddələrində kabinə heyəti və uçuş heyəti anlayışları fərqləndirilmişdir. Kabinə heyəti – uçuş heyətinin üzvü kimi çıxış etməyən, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istismarçı və ya hava gəmisi kapitanının (komanda verən pilotunun) verdiyi vəzifələri yerinə yetirən şəxsdir. Uçuş heyəti isə – uçuş xidməti vaxtı hava gəmisinin uçuş əməliyyatının həyata keçirilməsi üçün əsas vəzifələri yerinə yetirmək məqsədilə təyin edilmiş və şəhadətnamə verilmiş şəxslərdir. Qanun uçuş əməliyyatına belə bir anlayış vermişdir – hava daşımaları ilə əlaqədar hava gəmilərinin həyata keçirdiyi əməliyyatlar.

56. Beləliklə, sadalanan normalardan da göründüyü kimi həm iddiaçıya pensiya təyin edilərkən, həm də hazırda qüvvədə olan qanunvericilik normaları uçuş heyət üzvlərini heyət üzvlərindən (kabinə heyəti) açıq şəkildə fərqləndirmiş, onların müxtəlif əmək funksiyası yerinə yetirən şəxslər olduğunu qəbul etmişdir. Uçuş heyət üzvü kimi fəaliyyət göstərən şəxslərə isə stajla bağlı şərtlər ödənildiyi halda “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə əsasən əmək pensiyası təyin oluna bilər.

57. Belə olan halda, aydınlaşdırılmalı olan məsələ iddiaçının bort operator kimi işlədiyi vəzifələrin uçuş heyət üzvü hesab edilib-edilməməsi ilə bağlıdır.

58. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması” Qaydalarının 2.1-ci bəndində həmin şəxslərin dairəsinə daxil olanların bir qismi sadalansa da (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist) bitkin siyahı tərtib edilməmiş, digər uçuş mütəxəssislərinin də uçuş heyətinə aid edilməsinin mümkünlüyü qəbul edilmişdir. Belə olan halda, bort operatorlar digər uçuş mütəxəssisləri kimi o halda, uçuş heyətinə daxil olacaqlar ki, onlar hava gəmilərinin idarə edilməsi (uçuş əməliyyatının həyata keçirilməsi) ilə bağlı əmək funksiyalarını yerinə yetirmiş olsunlar.

59. Hava gəmilərinin idarə edilməsi (uçuş əməliyyatının həyata keçirilməsi) ilə bağlı əmək funksiyalarının yerinə yetirilib-yetirilmədiyinin müəyyənləşdirilməsi üçün isə həmin şəxslərin hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslər qrupuna daxil olub-olmadıqlarına baxmaq lazımdır. Bu məsələyə münasibətdə hazırkı işin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçının yerinə yetirdiyi bort operator vəzifəsi hava gəmisinin istismarçısı tərəfindən məhz həmin qrupa aid edilmişdir.

60. Hava gəmilərinin bort operatorları (geniş anlamda) aviasiya personalına daxildir. Lakin nəzərə almaq lazım gəlir ki, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsinə əsasən onlar daha dəqiq anlamda hava gəmisinin ekipajına daxildir. Qeyd edilən ekipaj (uçuş heyəti) isə öz növbəsində iki tərkib hissədən ibarətdir: 1) Kabin heyəti (pilotlar, naviqator (şturman), bort mühəndisi, bortmexanik və digər uçuş mütəxəssisləri); 2) Salon heyəti (bort bələdçiləri, stüard və stüardessalar və s.). Vəzifələrinə aid tələblərə uyğun olaraq bort operatorlar aidiyyəti treninqlərdə iştirak edərək müvafiq sertifikatlara malik olmalıdırlar. Sözügedən sertifikatlara malik olan bort operatorlar yükləmə operasiyaları zamanı hava gəmilərinin mürəkkəb texniki qurğularından istifadə edilməsinə buraxilirlar. Bu tələblər yüklərin daşınması üçün nəzərdə tutulan mülki hava gəmilərinin istənilən növü üçün eynidir. Hesab edilir ki, bort operatorlar tərəfindən həyata keçirilən işin mürəkkəbliyi və bununla bağlı məsuliyyət, onların fəaliyyəti ilə bağlı mövcud yüksək milli və beynəlxalq tələblər, hava gəmilərinin idarə olunmasında dolayısı ilə iştirak edilməsi məsələləri bort operatorların “digər uçuş mütəxəssisləri” sırasında daxil olmalarını labüdləşdirir.

61. İşin birinci istansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin iddiaçıya verdiyi arayışın surətindən görünür ki, iddaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2016-cı il tarixədək (5400 saat), xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək (252 saat) "xxxx" MMC-də nəqliyyat uçuşlarında bortoperator vəzfəsində işləmişdir, xidmət illərinə görə əmək stajı 26 il 1 aydır.

62. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2678/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-2407/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 2387/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)- 2134/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-2104/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1971/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1692/2024 nömrəli; xx.xx.2025-ci il tarixli 2-1(102)-1341/2025 nömrəli qərardadları; xx.xx.2024-cü il tarixli 2-1(102)-891/2024*** nömrəli qərarı) eyni mövqe nümayiş olunmuşdur.

63. Beləliklə, mübahisəli məsələyə münasibətdə vahid məhkəmə təcrübəsi mövcuddur və eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir.

64. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-7645/2025 nömrəli, 06 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

65. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7645/2025 nömrəli, 06 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar