Məhkəmə qərarları › İş №2-1(103)-5053/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5053/2025

05.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5053/2025 05.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə alınması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədovdan (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X9 ibarət tərkibdə, Şirazi Elxan oğlu Eldarzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8751/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. Qaçqınların və Məcburi Köçkünlərin işlər üzrə Dövlət Komitəsi Bakı şəhəri Sabunçu rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli 2109 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ramana-450 köçkünlər qəsəbəsində bina 80, mənzil 72-də müvəqqəti yaşayır.

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 5 saylı Bakı DOST Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-7/2-M- 16497/2023 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda İ dərəcə əlilliyə görə 303.74 manat (üç yüz manat 74 qəpik) əmək pensiyası alır.

3. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Daxili İşlər Nazirliyinin ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

4. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-18-10/2-0334/2024 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Zabrat qəsəbəsi, Sabit Orucov küçəsində özbaşına inşa edilmiş evdə qeydiyyatsız yaşayır.

5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı adına Azərbaycan Respublikası ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir.

6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025ci il tarixli arayışında qeyd edilmişdir ki, X2 adına Respublikası ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025ci il tarixli arayışında qeyd edilmişdir ki, X5 adına Azərbaycan Respublikası ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025ci il tarixli arayışında qeyd edilmişdir ki, X3 adına Masallı rayonu, Kosakül kəndi 0.1208 ha kənd təsərrüfatı təyinatli və Masallı rayonu, Kosakül kəndi 0.0969 ha yaşayış məntəqələrinin torpaqları aşkar edilmişdir.

9. 08 iyul 2025-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X1 rayonu, Kosakül kəndində yerləşən ümumi sahəsi 0.1208 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə ona məxsus olan hissəni hədiyyə alan X6 mülkiyyətinə verir.

10. Bakı şəhəri Xətai Rayon Xətai bələdiyyəsinin 03/M1032 nömrəli 10 iyul 2025-ci il tarixli arayışında qeyd edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı və onun həyat yoldaşı olan X4 Xətai rayon Xətai bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb.

11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin məhkəməyə ünvanladığı 3-21-3-02/2-8690/2025 nömrəli 18 avqust 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X3 adına Masallı rayonu, Kosakül kəndində yerləşən 0.0940 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınıb, İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

12. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun məhkəməyə ünvanladığı 18 avqust 2025-ci il tarixli 12-3/2-4126/2-25 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı və X4 verilmiş ipoteka kreditləri barədə Fondun elektron informasiya sistemlərində məlumat mövcud deyildir.

13. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısı aparatının xx.xx.2025-ci il tarixli 5- 11/2-M-55-068/25 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Xətai rayonu, Qvardiya küçəsində yerləşən 51 nömrəli evə daimi qeydiyyata düşməklə mənzil şəraitini süni şəkildə pisləşdirmişdir. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalan”nın 17-ci bəndinin 3-cü hissəsinə əsasən mənzilə ehtiyyacı olan hesab edilmiş vətəndaşlar, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyyacı olanların uçotuna bu şərtlə götürürlər ki, son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunu pasport qeydiyyatı təsdiq etsin. Qeyd olunanlara və qüvvədə olan qanunvericiliyinin tələblərini nəzərə alaraq xahişi təmin etmək imkan xaricindədir.

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

15. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “mənzil növbəsinə alınması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”ni xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin üzvüdür. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən, müddətsiz əlilliyini təsdiq edən tibbi sosial ekspert komissiyasının müayinə aktından çıxarış təqdim olunmuşdur. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinə 1-ci dərəcə gözdən əlil kimi güzəştli mənzil növbəsinə alınmağı üçün üç dəfə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina elmişdir. İmtinanın əsası kimi isə qeyd olunmuşdur ki, Xətai rayonu, Qvardiya küçəsində yerləşən 51 nömrəli evə daimi qeydiyyata düşməklə mənzil şəraitini süni surətdə pisləşdirdiyi müəyyən olunmuşdur. Şəxsin haradasa daimi qeydiyyatda olması, qeydiyyatda olduğu mənzilin onun mülkiyyətində olması anlamına gəlmir. Bu əsas yəni, haradasa daimi qeydiyyatda olmağı onun mənzil növbəsinə dayanmağından imtina üçün əsas оla bilməz. Belə ki, daimi qeydiyyatda olduğu yer üzrə yaşamır. Həmin qeydiyyat formal xarakter daşıyır və ümumiyyətlə qeydiyyatda olduğu həmin mənzildə yaşamamış və istifadə elməmişdir. Konstitusion hüquqlarnın həyata keçirilməsi müvafiq arayış və sənədlərin alınması, seçkilərdə iştirak edib səsvermə hüququmdan istifadə etmək və s. zəruri məsələlərin həlli üçün daimi qeydiyyata düşmək zərurəti yarandığından həmin mənzildə qeydiyyata düşmüşdür. Özü isə faktiki olaraq ünvan 4 ünvanında qeydiyyatsız yaşayır.

17. Cavabdeh orqan iddiaya dair hər hansı bir münasibət bildirməmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8751/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməsi, İddiaçı mənzil növbəsinə alınmağı ilə bağlı sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.

19. Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evində minlərlə imtiyazlı vətəndaşlar respublikanın digər rayonlarından qeydiyyatdan çıxaraq Bakı şəhərində mənzillə təmin olunmaları məqsədilə Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsində yerləşən ümumi sahəsi 39.50 kv.m olan vətəndaş X12 məxsus 51 nömrəli fərdi yaşayış evinə qeydiyyata alınaraq mənzil şəraitlərini süni şəkildə pisləşdirirlər. Bildiririk ki, imtiyazlı vətəndaşlar qeyd edilən ünvana formal olaraq qeydiyyata alınır, lakin ünvanda faktiki olaraq yaşamırlar və həmin fərdi yaşayış evinə dair hüquqları yaransada mövcüd qanunvericilikdə nəzərdə tutulmuş mənzil normasının pozulmasına səbəb olurlar. Bu da, həmin ünvanda hazırda minlərlə vətəndaşın daimi qeydiyyata alınmasına şərait yaradır. Odur ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

22. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin rədd edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10744/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının qüvvədə saxlanılması məhkəmədən xahiş etmişdir.

23. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh təşkilat məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmiş və elektron məhkəmə vasitəsi ilə məhkəməyə müraciət edərək iclasın onların iştrakı olmadan keçirilməsini xahiş etmişdi. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun:

2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

25. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. maddə 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə.

26.”Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 27.0-ci maddəsinə əsasən dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3-ci maddələrinə əsasən)

31. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 24-27-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

32. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı gözdən əlil olması ilə əlaqədar ona birinci dərəcə əlillik təyin olunduğunu, yaşayış sahəsinin olmadığını, ailə üzvləri ilə birgə yaşadığını bildirməklə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmasını tələb edir.

33. Cavabdeh orqan isə iddiaçının son beş il ərzində Bakı şəhərində yaşamaması, Xətai rayonu, Qvardiya küçəsi, 51 nömrəli evə daimi qeydiyyata düşməklə mənzil şəraitinin süni sürətdə pisləşdirdiyini bildirərək, imtina cavabı vermişdir.

34. İş materiallarından göründüyü kimi İddiaçı xx.xx.2003-cü il tarixdən “Ümumi xəstəlik-gözdən əlilliyi olan şəxs” səbəbindən müddətsiz birinci dərəcə əlillik statusuna malikdir. İddiaçı onun birinci dərəcə əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

35. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müvafiq sorğu verilmiş və 24 dekabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı xx.xx.2007-ci il tarixindən imumü¸ xəstəlik - gözdən əlilliyi olan şəxs səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır.

36. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisəslərinin və təhsil müəssisələrinin valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olunmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492s saylı 16 avqust 2021-ci il tarixli Sərəncamının birinci bəndindən görünür ki, 492s saylı Sərəncam Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 saylı Sərəncamının 1-ci hissəsinin icrası olaraq uçota götürülmüş şəxslərin mənzil şəraitin yaxşılaşdırılması üçün istifadə edilməlidir.

37. Göründüyü kimi həm Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamında, həm də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı Sərəncamında mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və qeyd olunan kateqoriyalardan olan şəxslərə mənzil verilməsi üçün zəruri olan şərtlərdən biri də onların uçota götürülməsindən ibarətdir.

38. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı gözdən əlilliyi olan şəxsdir, özünün və ailə üzvlərinin mülkiyyətində yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi, mənzil, fərdi yaşayış evi aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ailə üzvləri ilə birlikdə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində mənzil növbəsinə götürülməsi üçün hüquqi əsas vardır.

39. Kollegiya qeyd edir ki, mövcud qanunvericilik yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanı həyata keçirən orqanları təsbit etmiş, habelə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma qaydası və uçota almaqdan imtinanın əsaslarını Mənzil Məcəlləsinin müvafiq olaraq 51 və 53.1-ci maddəsində konkret müəyyən etmişdir. Lakin, cavabdeh iddiaçının mənzil növbəsinə götürülməsindən imtina əsaslarından hər hansı birinə istinad etməmiş, sübutlar təqdim etməmişdir.

40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

41. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

42. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8751/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8751/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar