Məhkəmə qərarları › İş №2-1(103)-5057/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5057/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5057/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X5 və Ceyhun Bəşir oğlu Məmmədovdan ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2654/2025 saylı, 06 oktyabr 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli 250 nömrəli travma haqqında arayışda qeyd edilmişdir ki, gizir İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüş tapşırığı yerinə yetirərkən mövcud bədən xəsarəti almışdır, diaqnoz – “Barotravma (xx.xx.2020) hər iki ətrafın əzilməsi və yumşaq toxumaların küt travması. Kəllə beyin silkələnməsi”.

2. Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 2317 nömrəli xx.xx.2023-cü il tarixli həkim psixiatriya rəyində diaqnoz – üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, tez tez baş verən dekompensasiyalarla F07.0 qeyd edilmişdir.

3. 08.08.2024-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xəsdəlik vəziyyəti xx.xx.2024-cü ildə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir.

4. 661 nömrəli 23 yanvar 2024-cü il tarixli “Xəstəlik haqqında şəhadətnamə”də aşağıdakılar qeyd edilmişdir: “ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-4/2-469/23 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq 'haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 14a, 23b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.

5. Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı: Diaqnoz: Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalarla. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Diaqnoz: “Vazomotor rinit. Çıxsaylı kariyes”. Ümumi xəstəlikdir.

6. İddiaçıya məxsus AO ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 02 oktyabr 2005ci ildə hərbi xidmətə çağırılmış, 02 aprel 2007-ci ildə tərxis edilmiş, xx.xx.2007-ci ildə silahlə qüvvələrə çağırılmış və xx.xx.2023-cü ildə ehtiyata buraxılmışdır.

7. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-5766/2024 nömrəli Qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

8. Qərarda qeyd edilmişdir - Bakı şəhər sakini xx.xx.1987-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 23.01,2024-cü il tarixli 661 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Aqır (kəskin) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalarla. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalqik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Vazomotor rinit. Çoxsaylı kar/yes” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 5813/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Başbeynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X1 PHŞ xx.xx.2023xx.xx.2023-cü il tarixli 7972/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Başbeynin üzvi xəstəliyi (İİ Qarabaq müharibəsi zamanı alınmış barotravma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12543/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2317 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 1247/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabaq müharibəsi zamanı alınmış barotravma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Müayinə otağına özündən razı, aqressiv davranışlarla daxil olmuş, göz kontaktı qurmamışdır. Danışığı nümayişkar olmuş, dramatik cümlələrdən istifadə etmişdir. İnstrumental müayinə nəticələri üzvi patologiyanı təsdiqləməmişdir. Ailəli, 5 və 8 yaşlarında iki oğlunun olduğunu söyləmişdir. Psixi xəstəliyinin həyat yoldaşına keçdiyini iddia etmiş, emosional sferası təqdim etdiyi klinikaya müvafiq gəlməmişdir. Affekti fizioloji, mühakimə və analiz qabiliyyəti tam qorunmuşdur. Hərbi xidmət zamanı xəstə olduğu halda onu bilərək xəstəxanaya göndərmədiklərini, qəsdli şəkildə müqaviləsinə xitam verildiyini bildirmişdir. İrsi saç tökülməsini belə müharibənin stressi ilə əlaqələndirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış və aqravasiya" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən dekompensasiya halları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır.

9. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli Qərardadı ilə xx.xx.2025-ci il tarixli Qərardadı ilə aşağıdakı suallar göstərilməklə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir: - Əsas diaqnoz kimi göstərilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntusu ilə” diaqnozu aşkar edilirmi? - Qeyd olunan diaqnoz aşkar olunduğu təqdirdə həmin diaqnoz səbəbindən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalması, ətrafdakılarla ünsiyyətdə tez-tez çətinliklər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) hallarından ən azı biri müşahidə edilirmi?- Aşkar olunduğu təqdirdə, iddiaçıda məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti hallarından ən azı biri müşahidə edilirmi?- İddiaçıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuş “Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalarla. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya nəticəsi” diaqnozu aşkar edilirmi?- Həmin xəstəliklərdən hər hansı biri mövcuddursa xəstəliklərin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? - Müalicə olunmaqla reabilitasiyası mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı mövcuddurmu?

10. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 2380 nömrəli ambulator məhkəmə psixiatrik ekspertiza rəyinin nəticə hissəsində qeyd edilmişdir: “ Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı hazırda “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ VƏ DEPRESSİV DAXİLOLMALARLA” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası’da “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, kobuda davranış pozuntulan, tez-tez baş verən dekompensasiyalaria F07.0”diaqnozu təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən gərgin olması, təfəkkürünün ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yekun hissəsi: İnzibati işi materiallarını və ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Cavab: Yoxlanılan şəxs İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntulan və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. Əsas diaqnoz kimi göstərilmiş “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntusu ilə” diaqnozu aşkar edilir. 2-ci sual:Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 3-cü sual: Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil.4-cü sual: Cavab: İddiaçıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuş “Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalarla. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə- beyin travması, baş-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya nəticəsi” diaqnozu aşkar edilir. 5-ci sual: Cavab: Bu sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil. 6-cı sual: Cavab: Bu sualı cavablandırmaq məhkəməpsixiatik ekspertizasının səlahiyyətlərinə aid deyil.”

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia qaldıraraq “əlilliyin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2005-ci ildən etibarən hərbi xidmətdə olmuş, vətən müharibəsində aktiv iştirak etmişdir. Müharibə iştirakçısı hesab olunmuş, 2022-ci ildə veteran vəsiqəsi almış, 2023-cü ildə isə ehtiyata buraxılmışdır. Müharibədən sonra aldığı travmalardan psixikası pozulmuş, psixi xəstə olmuşdur. İddiaçıya 2023-cü ildə “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, tez-tez baş verən dekompensasiyalarla F 07.0)” diaqnozu qoyulmuşdur. Dəfələrlə ruhi-əsəb dispanserində stasionar müalicələr almışdır. Bütün bunlara baxmayaraq iddiaçıya əlillik təyin edilməmişdir. İddiaçının əlillik dərəcəsinin təyin olunmaması mümkünsüzdür. O, 18 il vətən yolunda can qoymuş və xəstəlik tapdığı üçün fəaliyyət qabiliyyəti məhduddur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli psixiatriya xəstəxanasının xx.xx.2024-ci il tarixli göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi ( İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə tibb müəssisəsinə geri göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına, mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2654/2025 saylı, 06 oktyabr 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı müharibə zamanı döyüşlərdə partlayış travması, qapalı kəllə-beyin travması xəsarəti almışdır. Uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün cavabdehə müraciət etsə də, ona əlillik təyin edilməsindən imtina edilmişdir. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından cavabdeh imtina etmiş və bu zaman forma 088 arayışda diaqnoz kimi göstərilən “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə” diaqnozun əlillik təyin etmədiyi bildirilmişdir.

16. Məhkəmə qeyd edir ki, göndərişin göndərildiyi dövrdə və hal-hazırda qüvvədə olan Meyarlarda F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh isə, göstərilənləri, iddiaçıda olan diaqnozları və onların yaranma səbəblərini və həmin xəstəliklərin tam reablitasiyası mümkün olmadığını nəzərə almamış və ona əlilliyin təyinatından əsassız imtina etmişdir. Məhkəmə iş materiallarında olan tibbi sənədlər və forma 088 arayışı ilə kifayətlənməmiş, öz səlahiyyətləri çərçivəsində iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində təqdim olunmuş ekspert rəyindən görünür ki, İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntulan və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir.

17. Bundan əlavə nəzərə alınmalıdır ki, iddiaçı 2005-ci ildə 18 yaşında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin vaxtdan iddiaçı hərbi xidməti özünə peşə seçmiş, pəşəkar hərbi qulluqçu kimi xidməti davam etmişdi, müharibə iştirakçısı, veterandır. O, 23 yanvar 2024-cü il tarixli MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə hərbi xidmətə həm dinc dövrdə, həm də müharibə dövründə yararsız hesab edilmişdir. Göründüyü kimi, iddiaçı hərbi travmadan sonra psixi pozuntuları nəticəsində hərbi qulluqçu kimi əmək qabiliyyətini itirmişdir.

18. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2654/2025 saylı, 06 oktyabr 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirlər ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları intrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

d) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”

1. Ümumi müddəalar ... 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1 əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 2.1 insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1 anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) 2.1.1. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə - 35-60% - 1 il 2.1.2. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - 65-80% - 2 il 2.1.3. arterial hipertenziya İ-İİİ dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə - 85-100% - müddətsiz 6.1... Vegetativ (avtonom) sinir sisteminin pozuntuları (G90) 6.1.10. Müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativdistrofik). Hentinqton xəstəliyi (G10). İrsi ataksiya (G11)

27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən : 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

32. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı müharibə zamanı döyüşlərdə partlayış travması, qapalı kəllə-beyin travması xəsarəti almışdır. Uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır. İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün cavabdehə müraciət etsə də, ona əlillik təyin edilməsindən imtina edilmişdir.

33. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından cavabdeh imtina etmiş və bu zaman forma 088 arayışda diaqnoz kimi göstərilən “üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə” diaqnozun əlillik təyin etmədiyi bildirilmişdir.

34. Məhkəmə qeyd edir ki, göndərişin göndərildiyi dövrdə və hal-hazırda qüvvədə olan Meyarlarda F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh isə, göstərilənləri, iddiaçıda olan diaqnozları və onların yaranma səbəblərini və həmin xəstəliklərin tam reablitasiyası mümkün olmadığını nəzərə almamış və ona əlilliyin təyinatından əsassız imtina etmişdir.

35. Məhkəmə iş materiallarında olan tibbi sənədlər və forma 088 arayışı ilə kifayətlənməmiş, öz səlahiyyətləri çərçivəsində iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmişdir.

36. Aparılmış ekspertiza tədqiqatının nəticəsində təqdim olunmuş ekspert rəyindən görünür ki, İddiaçı hazırda “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, davranış pozuntulan və depressiv daxilolmalarla” (F07.0) aşkar edilir. (i/v-112-113)

37. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun: - 1.0.10. psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi; - 1.0.11. psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. 15.0. Dövlət aşağıdakılara təminat verir: 15.0.3. psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə-psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyi müəyyən edilməsinə;

38. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, bu sahədə hüququ mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müəyyən edilməsidir.

39. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, iddiaçı stasionar müalicələr almış, mütəmadi olaraq həkim müşahidə altında olmuşdur. Göründüyü kimi iddiaçının forma 088 arayışında göstərilən xəstəlikdən əziyyət çəkməsi müvafiq tibb sənədlər ilə təsdiq olunur və forma 088 arayışı əlilliyin təyini üçün kifayət qədər obyektiv arqument hesab olunur.

40. Bundan əlavə nəzərə alınmalıdır ki, iddiaçı 2005-ci ildə 18 yaşında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Həmin vaxtdan iddiaçı hərbi xidməti özünə peşə seçmiş, pəşəkar hərbi qulluqçu kimi xidməti davam etmişdi, müharibə iştirakçısı, veterandır. O, 23 yanvar 2024-cü il tarixli MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə hərbi xidmətə həm dinc dövrdə, həm də müharibə dövründə yararsız hesab edilmişdir. Göründüyü kimi, iddiaçı hərbi travmadan sonra psixi pozuntuları nəticəsində hərbi qulluqçu kimi əmək qabiliyyətini itirmişdir.

41. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

42. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillər üzrə hüquqi qiymətləndirmə aparılmışdır.

43. Həmçinin, məhkəmə Kollegiyası diqqətə çəkir ki, göndərişin göndərildiyi dövrdə və halhazırda qüvvədə olan Meyarlarda F07.0 - üzvi mənşəli şəxsiyyət pozuntusu göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir. Belə ki, qiymətləndirmə bölməsində isə bu diaqnoz üzrə aşağıdakı halda əlillik təyin oluna bilər:

1. Meyarların 7.6.2.1.-ci bəndi - ... ətrafdakılarla tez-tez problemlər yaranmasına səbəb olan simptomlar - orqanizmin 35-60 faiz pozulması ilə 2 il müddətinə əlillik təyin olunması; 44.Məhkəmə Kollegiyası nəzərə alır ki, iş materiallarına əsasən bu hal tibbi göndərişin “iddiaçının statusu” qrafasında orta qiymətləndirilmiş “Şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi” orta qiymətləndirilməklə təsdiq edir. Həmçinin, iddiaçıda yaranmış baş beynin xəstəliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə bağlı olması müəyyən edilir.(İ/v-76)

45. Məhkəmə Kollegiyası işin yuxarıda istinad olunan hallarından və tətbiq olunan normalardan çıxış edərək apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin olunmasını istisna etmir.Bununla belə, iddia təmin olunsa da, iddiaçıya hansı tarixdən, hansı müddətə və orqanizmin neçə faiz pozulması ilə bağlı əlillik təyin edilməsi müəyyən olunmamışdır.

46. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2654/2025 saylı, 06 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilməklə iddiaçıya xx.xx.2024-cü il tarixdən orqanizmin 35-60 faiz pozulması ilə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə bağlı əlillik təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2654/2025 saylı, 06 oktyabr 2025-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı iİddiaçı xx.xx.2024-cü il tarixdən orqanizmin 35-60 faiz pozulması ilə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə bağlı əlillik təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar