Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-506/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8 qızının, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-432/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon Şöbəsinə qarşı pensiya tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı tarixdən güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Əmək fəaliyyətinə 02.03.1979-cu il tarixində başlamışdır. 01.03.1979-cu il tarixdən 27.04.1979-cu il tarixədək Azərnəqliyyattikinti trestində 1 dərəcəli fəhlə, 02.08.1981-ci il tarixdən 01.04.1983-cü il tarixədək TPB obyektində fəhlə, 3-cü dərəcəli betonçu, 01.04.1983-cü il tarixdən 27.10.1983- cü il tarixə kimi Azərnəqliyyattikinti trestində 3-cü dərəcəli betonçu, 09.11.1983-cü il tarixdən 10.12.1985-ci il tarixə kimi 3-cü dərəcəli, 4-cü dərəcəli avtoçilingər, 5-ci dərəcəli motorçu çilingər, 5-cü dərəcəli qreyder maşinisti, 5-ci dərəcəli qaya kəsici, 10.12.1985-ci il tarixdən 01.03.1990-cı il tarixədək kran maşinist köməkçisi, 01.03.1990-cı il tarixdən 01.09.1991-ci il tarixədək kran maşinisti, 01.09.1991ci il tarixdən 08.11.1997-ci il tarixədək Üzən Tikinti Montaj Dəstəsində kran maşinisti, 08.11.1997-ci il tarixdən 01.01.1998-ci il tarixədək “DRAVO” gəmisində krançı, 01.01.1998-ci il tarixdən 18.02.2002-ci il tarixədək və 30.12.2002-ci il tarixdən 22.06.2004cü il tarixədək “ÜK-315” gəmisində krançı, 26.06.2004-cü il tarixdən 01.10.2007-ci il tarixədək “X6” İB-də Üzən kapyor-315 gəmisində kranmeyster, 11.07. 2008-ci ildən 31.07.2015-ci ilədək Üzən kapyor-315 gəmisində krançı, 24.09.2018-ci il tarixdən X6 İdarəsində kranmeyster qismində işləmişdir. 06.05.1979-18.05.1981-ci illərdə hərbi xidmətdə olmuşdur. Hal-hazırda “Azərbaycan X6” QSC X9 Donanmasında kranmeyster vəzifəsində işləyir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçının iddiasında göstərdiyi xüsusatları təsdiq etmək məqsədi ilə əmək kitabçasını təqdim etmişdir. Lakin, həmin əmək kitabçasının çox hissələri xarici dildə tərtib edildiyi üçün həmin əmək kitabçasında iddiaçının hansı peşələrdə işləməsini müəyyən etmək mümkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kolleqiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının 3.2-cü bəndində göstərilmişdir- 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə Müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edillər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən- Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir.(əlavənin 2.4-cü bəndi). İddiaçının təqdim etdiyi “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu tərəfindən 29.04.2019-cu il tarixdə tərtib edilmiş arxiv arayışından göründüyü kimi, iddiaçı 26.02.2004-cü il tarixdən -Üzən kopyora altıncı dərəcəli kranmeyster peşəsində işə qəbul edilmiş, 08.08.2007-ci ildən ikinci peşə-üçüncü dərəcəli portal kranın maşinisti peşəsi verilmiş, 01.10.2007-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir.(3 il 7 ay) Həmin arayışda qeyd edilən peşələrin güzəştli pensiya hüququ verən peşələr olması qeyd edilməmişdir. Azərbaycan Respublikası Xəzər Dəniz Gəmiçilik QSC tərəfindən iddiaçının adına verilmiş arayışdan göründüyü kimi, iddiaçı 11.07.2008-ci il tarixdən 31.07.2015-ci il tarixədək həmin Gəmiçiliyin “Üzən kopyor-315" gəmisində krançı vəzifəsində işləmişdir. Qeyd edilən iş stajı AR Nazirlər Kabinetinin 23.01.2007-cil tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin siyahısı”nın 29 bəndinin “a” yarımbəndində, həmçinin Nazirlirə Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahısının XXYİİ hissəsinin “a” bəndində (kod 2290000a- 13121) uyğun göstərilmişdir. İddiaçının güzəştli iş stajı 07 il 20 gündür. İddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş işlədiyi digər peşələrin adları nə Nazirlər Kabinetinin 23.01.2007-cil tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nə də ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahılarında qeyd edilməmişlər. “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Belə ki, qeyd edilən maddənin mətnindən də bəlli olduğu kimi, həmin maddə ƏPQ-dan əvvəl qüvvədə olan qanunvericilikdən bəhs edir. Qeyd edilən maddədə göstərilən şəxslərin ƏPQ-nu qüvvəyə minməmişdən əvvəl “Vətəndaşların pensiya təminatı haqqında” qanunla tənzimləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununu 13-cü maddəsinə (b) bəndinə görə,əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə çalışan kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Lakin, iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ nə hal-hazırda qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla, nə də ki, hal hazırda qüvvədə olan “Əmək Pensiyası haqqında Qanun”la yaranmamışdır. Belə ki, ƏPQnun 01 yanvar 2006-cı ildə qüvvəyə minmiş və bu zaman iddiaçının yaşı 44, güzəştli şərtlərlə pensiya təyinat hüququ verən həmin peşələrdə isə işləməmişdir. Həmçinin, iddiaçının hal-hazırda 58 yaşı olduğundan ona ƏPQ-nun hal-hazırda qüvvədə olan 9.1-ci maddəsi şamil edilə bilməz. Belə ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli qanunla həmin maddədə qeyd edilən pensiya yaşı 57-dən 60 qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-432/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı hüququnun yarandığı tarixdən (57 yaşdan) güzəştli şərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti cavabdehin iddiaya qarşı təqdim etdiyi yazılı etiraza uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-412/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-432/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, hazırki iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1495/2021 saylı, 13.10.2021ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-412/2021 saylı, 06 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hansı konkret tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması, hansı konkret tarixdən həmin pensiyanın təyin edilməsi və hesablanması ilə bağlı hallar da apellyasiya məhkəməsi tərəfindən tam və dəqiq müəyyən olunmamışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Əmək Pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxs əvvəllər qüvvədə olmuş qanuna əsasən tələb olunan ümumi və xüsusi sığorta stajını 01.01.2006-cı ilədək qazanmış olmalıdır. Lakin konkret mübahisəyə münasibətdə iddiaçının həmin tarixədək malik olduğu ümumi və xüsusi (güzəştli peşə) stajı dəqiq müəyyən edilməmiş, bu barədə məlumatlar tam araşdırılmamış, 01.01.2006-cı il tarixədək olan hansı dövrün hansı peşələr üzrə xüsusi staja aid olduğu araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Salyan rayonu Xalac kəndində anadan olmuş, 06.05.1979-cu il tarixdən 11.05.1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - Notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş ******* nömrəli Əmək Kitabçasına əsasən İddiaçı 01.03.1979-cu il tarixdən 27.04.1979-cu il tarixədək “Azərnəqliyyattikinti” trestin İTQB-3 1 dərəcəli fəhlə, 02.08.1981-ci il tarixdən 01.04.1983-cü il tarixədək TPB obyektinə fəhlə, betonçu 3-cü dərəcə, 01.04.1983-cü il tarixdən 27.10.1983-cü il tarixə kimi “Azərnəqliyyattikinti” trestin 518 –SMV PS MO-3 3-cü dərəcəli betonçu, 09.11.1983-cü il tarixdən 10.12.1985-ci il tarixə kimi 3-cü dərəcəli, 4-cü dərəcəli avtoçilingər, 5-ci dərəcəli motorçu çilingər, 5-cü dərəcəli maş. Qreyderi, 5-ci dərəcəli qaya kəsici, 10.12.1985-ci il tarixdən 01.03.1990-cı il tarixədək kran maş. köməkçisi, 01.03.1990-cı il tarixdən 01.09.1991-ci il tarixədək kran maşinisti, 01.09.1991-ci il tarixdən 08.11.1997-ci il tarixədək Üzən Tikinti Montaj Dəstəsinə kran maşinisti, 08.11.1997-ci il tarixdən 01.01.1998-ci il tarixədək “DRAVO” gəmisində krançı; 01.01.1998- ci il tarixdən 18.02.2002-ci il tarixədək və 30.12.2002- ci il tarixdən 22.06.2004-cü il tarixədək “ÜK-315” gəmisində krançı, 26.06.2004-cü il tarixdən 01.10.2007-ci il tarixədək “X6” İB-də Üzən kapyora kranmeyster, 11.07.2011-ci il tarixdən 31.07.2015-ci il tarixədək Azərbaycan X6 “Üzən kopyor-315” gəmisinə krançı vəzifəsində işləmişdir, 29.01.2015-ci il tarixdən hal-hazıradək “Azərbaycan X6” QSC X9 Donanması kranmeyster vəzifəsində işləyir. - 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin 28.02.2019-cu il tarixli 02 nömrəli Arayışında göstərilmişdir: “ Bağmanəli Süleyman oğlunun 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin “ÜK-315” və “DRAVO” gəmilərində iş stajı aşağıdakı kimidir: 01.09.1991 (əmr N 99, 01.09.1991) - 08.11.1997 (əmr N 53, 08.11.1997) - “ÜK- 315” gəmisində krançı; 08.11.1997- 01.01.1998 (əmr N 1, 04.01.1998) - “DRAVO” gəmisində krançı; 01.01.1998- 18.02.2002 (əmr N 62, 19.09.2002), 30.12.2002 (Əmr N 85, 30.02.2002)-22.06.2004 (Əmr N 32/k, 22.06.2004) - “ÜK-315” gəmisində krançı. Yuxarıda göstərilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhər ətrafı və şəhər daxili yol gəmilərinə aid deyildir və dəniz gəmiləri sinfinə aiddir. Krançı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 21.2 maddəsinin “b” bəndinə əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” daxildir. Azərbaycan Respublikası Prezidentinin 614 saylı 20.05.1993-cü il tarixli fərmanı ilə "xxxx" Layihə Sənaye Tikinti Birliyi "xxxx" Dövlət şirkətinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16.07.1998-ci il tarixli 851 saylı sərəncamı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir.” - “Azərbaycan X6” QSC “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun 29.04.2019-cu il tarixli Arxiv Arayışında göstərilmişdir: “Verilir İddiaçı-(xx.xx.1961-ci il təvəllüdlü) ondan ötəri ki, həqiqətən keçmiş Baş İstehsalat Vahidi “Paris Kommunası”adına Gəmi Təmiri İstehsalat Birliyi “X3” işləmişdir 26.06.2004-cü ildən-Üzən kapyora altıncı dərəcəli kranmeyster peşəsinə işə qəbul edilib. (K-182. 25.06.2004) 08.08.2007-ci ildənİkinci peşə -üçüncü dərəcəli portal kran maşinist peşəsi verilmişdi. (əmrTK-12. 08.08.2007) 01.10.2007-ci ildən- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. (K-372. 01.10.2007) 23.09.2011-ci il tarixli əmrə əsasən zavodun adı 01.10.2011-ci il tarixindən ADXDG “Gəmi təmiri və Gəmiqayırma” İBnin Gəmi Təmiri İstehsalat Bazası adlandırılmışdır. Nazirlər Kabinetinin 24 yanvar 2014-cü il tarixli 18 N-İi qərarı ilə Cəmiyyətin Strukturunun qurumlarının siyahısı təsdiq edilmişdir. AXDG “QSC” 31.01.2014-cü tarixli 08 saylı əmri ilə ADXDG-nın “Zaqfederasiya”adına Gəmi Təmiri zavodu və “Gəmi Təmiri İstehsalat Bazası”yenidən təşkil olunaraq əmlakı ötürülməklə “Zığ”Gəmi Təmiri Zavoduna birləşmişdir. AXDG “QSC”- nin 06.09.2017-ci il tarixli 151 nömrəli əmri ilə “Zığ”Gəmi Təmiri və Tikintisi Zavodu adlandırılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsi iddiaçının müraciətini təmin etməkdən imtina edərək 10.09.2019-cu il tarixli **********3 nömrəli məktubla bildirmişdir ki, iddiaçının 26.06.2004-01.06.2007-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan X6’’ QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda işlədiyi kranmeyster peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nda nəzərdə tutulmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir.” - "xxxx" ASC 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi 10 nömrəli 02.10.2020-ci il tarixli məktubunda göstərmişdir ki, İddiaçı 1991-2004-cü illərdə işlədiyi “ÜK-315” gəmisi 2004-cü ildə məhkəmə qərarına əsasən X4 verilmişdir. Gəmiyə aid bütün sənədlər də təhvil verilmişdir. “Dravo” Gəmisi isə 2010-cu ildə istismar müddətini başa vurduğu üçün silinmişdir. “ÜK-315” və “Dravo” gəmilərini Azərbaycan Respublikası Dəniz Administrasiyasında qeydiyyatdan keçmiş və dəniz sularında üzmək hüququna malik olmuşdur. Digər tərəfdən həmin gəmilər Respublikası daxilində iş görməklə yanaşı digər respublikalarda da (Rusiya Federasiyası, Dağıstan Respublikası, Qazaxıstan Respublikası) işlər yerinə yetirmişdir. Krançı vəzifəsi isə İdarə üçün təsdiq olunmuş ştat cədvəlində (donanma heyəti də daxil olmaqla) həmin gəmilərin üzən heyyətinin üzvü kimi təsdiq edilmişdir. İdarə 2010-cu ildən fəaliyyətini tam olaraq dayandırmışdır.” - "xxxx" ASC 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin 09-K nömrəli 18.09.2020-ci il tarixli Arayışında göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, həqiqətən onun 3 saylı Üzən Tikinti Quraşdırma Dəstəsinin “ÜK-315” və “DRAVO” gəmilərinin üzən heyətində iş stajı aşağıdakı kimidir: 01.09.1991 (əmr № 99, 01.09.1991) - 08.11.1997 (əmr № 53, 08.11.1997) - “ÜK- 315” gəmisində krançı; 08.11.1997- 01.01.1998 (əmr № 1, 04.01.1998) - “DRAVO” gəmisində krançı; 01.01.1998-18.02.2002 (əmr № 62, 19.09.2002), 30.12.2002 (Əmr 85, 30.02.2002)-22.06.2004 (Əmr № 32/k, 22.06.2004) - “ÜK-315” gəmisində krançı. Yuxarıda göstərilən gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhər ətrafı və şəhər daxili yol gəmilərinə aid deyildir və dəniz gəmiləri sinfinə aiddir. Krançı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 21.2 maddəsinin “b” bəndinə əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına” daxildir, (bölmə 21. Nəqliyyat. 21.2 y/bənd b) Üzən heyyət; bütün adlarda maşinistlər) Azərbaycan Respublikası Prezidentinin 614 saylı 20.05.1993-cü il tarixli fərmanı ilə "xxxx" Layihə Sənaye Tikinti Birliyi “Azəməqliyyatyoltikinti” Dövlət şirkətinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16.07.1998-ci il tarixli 851 saylı sərəncamı ilə "xxxx" Dövlət Şirkəti "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmişdir.” Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifə (krançı) gəmi heyətinə aiddir və gəmi heyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. İş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, həmçinin müvafiq arayışlardan göründüyü kimi 01 yanvar 2006-cı ilədək iddiaçının həqiqi hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (26 il 2 ay) ümumi iş stajı mövcud olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. İş materiallarından görünür ki, cavabdeh orqan imtina məktubunda və iddiaya dair yazılı etirazında bildirmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixidək güzəştli iş stajın 12 il 6 aydan az təşkil edir, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasında qeyd edilmiş işlədiyi digər peşələrin adları nə Nazirlər Kabinetinin 23.01.2007-cil tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” nə də ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahılarında qeyd edilməmişlər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı. İş materiallarından görünür ki, güzəştli arayışlarda və məhkəmə qərarında iddiaçının işlədiyi peşələrlə bağlı AR Nazirlər Kabinetinin müvafiq siyahılarında müxtəlif kodlara istinad edilmişdir. Bununla bağlı ziddiyyətləri aradan qaldırmaq üçün məhkəmə kollegiyası tərəfindən AR “X7” QSC-yə sorğu verilmişdir. Azərbaycan X6 QSC tərəfindən 25 yanvar 2022-ci il tarixdə məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya cavab məktubunda göstərilmişdir ki, İddiaçı 01.08.2015-ci il taerixində X9 donanmasının istifadəsində olan “Kopyor-315”, “Usuxçay”, “Süleyman Vəzirov”, “Atlet-24” və “Atlet-2” gəmilərində kranmeyster, kranmeyster köməkçisi peşələrində işləmişdir. Hal-hazırda isə “Aydın Məmmədov” gəmisində kranmeyster köməkçisi peşəsində işləyir. Bu vəzifələr “əmək pensiyaları haqqında2 AR Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq AR Naizrlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı-nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə qüvvədən düşmüş 21 iyun 1993-cü i tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (Üzən heyət- kod ********) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid edilir. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və peşələr qeyd olunan Siyahılarda nəzərdə tutulmuş peşələrə uyğundur və 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıq olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2000-ci il tarixli, 83 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası dəniz nəqliyyatı gəmilərində xidmət Nizamnaməsinin 19-cu bəndinə əsasən gəmi heyəti kapitandan, digər rəhbər şəxslərdən və gəmi komandasından ibarətdir. Həmin Nizamnamənin 20-ci bəndinə əsasən komandir heyətinə daxildirlər: kapitan, kapitanın köməkçiləri, mexaniklər və elektrik mexanikləri, radio stansiya rəisi, elektroradionaviqator, gəmi həkimi (feldşer), radio texniki, radio operatoru, restoran direktoru və sərnişin xidməti administratoru. Kapitan, kapitanın böyük köməkçisi və baş mexanik gəminin böyük komandir heyətidirlər. Heyətin qalan üzvləri gəmi komandasına aiddirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXVİİİ. Nəqliyyat” bölməsində “3. Dəniz və çay donanması Üzən heyət- Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla)” (kod ********) nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən təqdim edilmiş arayışlarda iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 saylı qərarının XXVİİİ Nəqliyyat bölməsinin 28-cü bəndinin 1-ci yarımbəndinə (Üzən heyət- kod ********) uyğundur. Məhkəmə kollegiyası iş materiallarına əlavə edilmiş iddiaçının müxtəlif vaxtlarda krançı, kran maşinisti və kranmeyestr vəzifələrində işlədiyi peşələrlə bağlı qeyd edir ki, həmin peşələrin, vəzifə və funksiyaların xarakter və məzmun baxımından eyniliyi iddiaçının işlədiyi müəssisədən alınmış arayışlarda, həmçinin kran maşinisti (krançı) ifadəsinin dəfələrlə təkrarlandığı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Naizrliyi kollegiyasının 09 avqust 2006-cı il tarixli 10-2 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəhlə peşələri və işlərin Vahid X1”nda da öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçının 01 yanvar 2006-cı ilədək 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası və güzəştli arayışlarla təsdiq edilmişdir. Odur ki, cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi vəzifə (krançı) gəmi heyətinə aiddir və gəmi heyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli və 23.01.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda konkret göstərildiyindən, həmçinin İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq (13 il 11 ay 15 gün) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-432/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-506/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-506/2022
14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver