Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-506/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X1 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X4 qızının katibliyi, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MTK-nın (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi hesab vərəqəsində faiz borcunun azaldılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsində faiz borcunun azaldılaraq 29.677,75 manat məbləğində göstərilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı MTK-nın (VÖEN **********) şəxsi hesab vərəqəsində faiz borcunun azaldılaraq 29.677,75 manat məbləğində göstərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyi qanunsuz və əsassız olmaqla yanaşı həmçinin Vergi Məcəlləsinin 72.5 və 88-ci maddələrinin tələbləri ekspert tərəfindən nəzərə alınmamışdır. Bu barədə məhkəməyə təqdim olunmuş 01,07.2022-ci il tarixli **********030700 nömrəli 2-1(112)-5790/2022 saylı iş üzrə ekspert rəyinə mülahizə məhkəmə tərəfindən tam şəkildə nəzərə alınmamışdır. Nəticədə məhkəmə yuxarıda qeyd olunan xüsusatlara ümumiyyətlə məhəl qoymamış, iş üzrə hesablamanın mahiyyətinin nədən ibarət olmasını, BTFSV üzrə faiz məbləğinin hesablanması məsələlərini ümumiyyətlə araşdırmamış və tam ətraflı və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə iş üzrə düzgün olmayan və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - - İddiaçıya aid şəxsi hesab vərəqəsindən xx.xx.2021-ci il tarixə olan çıxarışından görünür ki, iddiaçının həmin tarixə 66.814,76 manat məbləğində faiz borcu, 72.897,46 manat məbləğində ümumi borcu olmuşdur. - İddiaçıya aid şəxsi hesab vərəqəsindən xx.xx.2022-ci il tarixə olan çıxarışından görünür ki, iddiaçının həmin tarixə 66.481,64 manat məbləğində faiz borcu, 72.663,33 manat məbləğində ümumi borcu olmuşdur. - İddiaçı tərəfindən verilmiş 2016-cı ilin 4-cü rübü üçün xx.xx.2019-cü il tarixdə tərtib edilmiş dəqiqləşdirilmiş bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi bəyannaməsindən görünür ki, iddiaçı tərəfindən 406,406.16 manat məbləğində vergi məbləği hesablanaraq bəyan edilmişdir. - Şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçıya faiz hesablanması xx.xx.2020-ci il tarixdən başlanmışdır. Faiz hesablanmasının əsasını xx.xx.2017-ci il tarixdə 2016-cı ilin İV rübü üzrə cari bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsi üzrə yaranmış 110250,7 manat fərq 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmiş və şəxsi hesab vərəqəsi üzrə faiz hesablanılmasına başlanılmış, ödəyici tərəfindən xx.xx.2020-ci ildə 105000 manat ödəniş olmuşdur. - İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli ərizələri ilə bildirmişdir ki, 2019-cu ilin dekabr ayında təqdim etdiyi 2016-cı il dəqiqləşmiş bəyannaməyə əsasən 2016-cı ilin 4-cü rübündə bina tikintisi üzrə sadələşmiş vergi məbləğinə xx.xx.2020 tarixində 104547.63 əsas məbləğ və 74358.97 manat faiz hesablama aparılmışdır, lakin 74358.97 faiz məbləği Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq aparılmamışdır. 104547.63 manat əsas məbləğ üzrə 59.1-ci maddəyə əsasən faiz ancaq 1 təqvim ili üzrə və 0.1 faiz hesablana bilər. Yuxarıda yazılanları nəzərə alınmasını və artıq hesablanmış faiz məbləğinin azaldılmasını xahiş etmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən alınmış xx.xx.2022-ci il tarixli 9/2730 №-li məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatın nəticəsi olaraq İddiaçı MTK-nın faiz borcunun 29.677,75 manat məbləğində olması müəyyən olunmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilən dəqiqləşdirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən ilkin olaraq az bəyan edilən binanın sahəsinin sonradan artırılması göstərilmişdir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 2016-cı ilin İV rübü üzrə cari bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş, bəyannamə üzrə vergi orqanı tərəfindən həyata keçirilən vergi yoxlaması zamanı binanın sahəsinin 7149,04 kv.m olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən azaldılaraq 5107,36 kv.m göstərildiyi müəyyən edilmiş, bununla baglı vergi ödəyicisinə xx.xx.2017-ci il tarixdə ünvanlanmış kameral uyğunsuzluq haqqında məktubda qeyd edilən kənarlaşma ilə bağlı hallar bildirilmiş, lakin vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi baş vermiş texniki xəta səbəbindən mümkün olmadıgından 2016-cı ilin İV rübü üzrə dəqiqləşdirilmiş bəyannamə kağız formasında tərtib edilərək xx.xx.2019-cu il tarixdə vergi orqanına təqdim edilmişdir. Cavabdeh orqan tərəfindən də qeyd edilən bəyannamə üzrə yaranmış 110.250,7 manat fərqi 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilmiş və şəxsi hesab vərəqəsi üzrə vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə xx.xx.2020-ci ildən etibarən faiz hesablanmaga başlanılmışdır. Hazırda iddiaçı bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi üzrə ödənişin gecikməsinə görə cavabdeh tərəfindən şəxsi hesab vərəqəsində faizin hesablanmasının qanunsuzluğunu mübahisələndirir. AR Konstitusiyasının 73-cü maddəsinin ikinci bəndinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. AR İPM-in 87.8-ci bəndinə əsasən, apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. 59.2. bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Bu faiz səyyar vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergi məbləğlərinə həmin vergi məbləğlərinin vergi ödəyicisinə hesablandığı gündən tətbiq edilir. 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir 72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. 221.1. Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği (bu Məcəllənin 218.4- cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) bu Məcəllənin 220-ci maddəsi ilə müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. 221.2. Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. 221.3. Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən normalara və 9/2730 №-li məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslaraq düzgün olaraq qeyd etmişdir ki, “... cavabdehin 110.250,7 manat borcun 10 rüb üzrə bərabər bölünməklə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə işlənilməsi və şəxsi hesab vərəqəsi üzrə vergi ödəyicisinə vaxtında ödənilməmiş vergi öhdəliyinə görə xx.xx.2020-ci ildən etibarən faiz hesablanmaga başlanılması ilə baglı hərəkəti iddiaçının mənafeyinə uyğun olmamış, cavabdeh hərəkəti ilə iddiaçı üçün əlverişsiz vəziyyət yaratmışdır.” Cavabdehin apelyasiya şikayətinə münasibətdə kollegiya qeyd edir ki, şikayətdə işin halları və qanun normaları sadalanmış, əsaslı dəlillər qeyd edilməmişdir. Cavabdehin ekspert rəyinin əsassız hesab etməsinə münasibətdə isə kollegiya bildirir ki, cavabdehin narazılığı formal mülahizədən ibarət olmuş, hər hansı dəlillə əsaslandırılmamışdır. AR İPM: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bu normaların baxılan işə tətbiqi o nəticəyə gəlməyə əsas verir ki, apelyasiya məhkəməsi iş materiallarında olan ekspert rəylərini qiymətləndirərkən İPM-nin 58.1-ci və MPM-nin 101.3-cü maddələrinə uyğun hərəkət etmiş, ekspert rəylərini işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq etmişdir. Nəzərə alınmalıdır ki, işə baxan məhkəmə sübutlara qiymət verməyə borclu olsa da, hansı cür qiymət verməkdə, yəni sübut kimi qəbul etməkdə sərbəstdir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur və yalnız sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Ekspert rəylərinin qiymətləndirilməsi zamanı kifayət qədər aydın və ya tam olmayan, əsassız və bir-birinə zidd ekspert rəyləri ilə qarşılaşan məhkəmənin üzərinə mütləq şəkildə müvafiq olaraq əlavə və ya təkrar ekspertiza təyin olunması vəzifəsini qoyan norma yoxdur. Əlavə və ya təkrar ekspertiza təyin olunması məhkəmənin vəzifəsi deyil, hüququdur. Məhkəmə ekspert rəyini (rəylərini) tədqiq edərək, özünün mülahizəsinə əsasən əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Əks yanaşma məhkəmənin müstəqilliyi prinsipinə zidd olardı. Məhkəmə yenidən işə baxarkən ekspert rəyini tədqiq etmiş və rəyin müvafiq sahə üzrə mütəxəssis olan ekspert tərəfindən keçirilməsini, həmçinin, lazımi tədqiqat metodu tətbiq edilməklə və hesablama qaydası göstərilməklə tərtib edlidyini müəyyən etmişdir. Rəydə aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən əlavə və ya təkrar ekspertiza təyin edilməsinə zərurət görməmişdir. Beləliklə, sadalananlarla məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçı MTKya hesablanmış faiz məbləği əsassız olduğundan azaldılaraq 29.677,75 manat məbləğində qeyd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Pərviz Hüseynov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-506/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-506/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver