Məhkəmə qərarları › İş №2-1(103)-506/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-506/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-506/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edilməsi və güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10376/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (PHŞ) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş ona əmək pensiyasının təyin edilməsi haqqında 20 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsi və ona 57 yaşının tamam olduğu 05 noyabr 2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...iddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. İddiaçı cavabdehə müraciət edərək onun 57 yaşdan bu pensiyanı almaq hüququnun olduğunu bildirsə də, cavabdeh imtina etmişdir. Belə ki, o, 1976-cı ildən peşə məktəbi oxumaqla bu günə kimi işləmişdir. Onun 2006-cı ilə qədər iş stajı 28 ilə yaxındır. Lakin cavabdeh iddiaçının 2003-2006-cı illərdə "xxxx" X2 işləməsi barədə əmək kitabçasında qeydin olmasına baxmayaraq, bunu sübut edən "sığorta pulu"nun ödənilmədiyini bildirmişdir…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçının əmək kitabçasının və digər sənədlərinin surətinə əsasən, xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (24 il 10 ay 22 gün (xx.xx.1976- xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10376/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş və İddiaçı 57 yaşının tamam olduğu 05 noyabr 2018-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Məhkəmənin qərarı əsassızdır. Belə ki, inzibati işin hazırki mərhələsində cavabdeh orqan tərəfindən İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajının olub-olmaması mübahisələndirilir. İddiaçı əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, xx.xx.2006- cı il tarixədək ümumi iş stajı 24 il 10 ay 22 gün (xx.xx.1976-xx.xx.1979-cu il, xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Məhkəmə Qanunun 9.8-ci maddəsini kobud surətdə pozaraq, iddiaçının xx.xx.2010cu il tarixədək ümumi stajını 27 il 11 ay 6 gün götürərək iddianı təmin etmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (112)-10376/2024 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir…” Məhkəmə kollegiyasının iclaslarınında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, idddiaçı isə apellyasiya şikayəti ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçının 18 yaşı tamam olarakən qüvvədə olmuş redaksiyasına əsasən «Əmək pensiyaları haqqında» Qanunun 9.1ci maddəsinin iddiaçının xx.xx.2021-ci il tarixdə 60 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiyası nəzərədə tuturdu ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «i» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Həmin Qanunun 69-cu maddəsinin 1-ci abzasına əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən. 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir.

İş materialları üzrə sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərələ yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, lakin sonuncu tərəfindən ona, 20 dekabr 2023-cü il tarixli qərarı ilə yaşa görə Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 9.1-ci maddəsinə əsasən ona 60 yaşından yaşa görə adi pensiya təyin olunmuşdur. Halbuki, güzəştli pensiya hüququnun yarandığı vaxtdan ona cüzəştli pensiya təyin etmək cavabdehin qanunla üzərinə düşən öhdəliyi olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8 və 32.1.1-ci maddələrinin tələbləri baxımından, iddiaçının 2006-cı ilə qədər 25 il ümumi, 12 il ay 6 ay xüsusi iş stajı toplandığı halda, həmin vaxt qüvvədə olan yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla, onun 57 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. Hazırda cavabdehin həmin qərarı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsində, məcburetmə qaydasında sonuncunun imtina qərarının ləğv edilərək ona 57 yaşından güzəştli pensiya təyin olunmasını tələb etmişdir. Lakin cavabdehin iddia ərizəsinə etirazı və onun apellyasiya şikayətinin dəlillərində iddiaçının xx.xx.2006-cı il tarixinə 12 il 6 ay güzəştli pensiya hüququ verən iş stajına malik olmasını mübahisləndirilmir. Lakin onun ümumi iş stajının 25 ildən az - 24 il 10 ay 22 gün (xx.xx.1976-xx.xx.1979, xx.xx.1979-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982xx.xx.1991, xx.xx.1991- xx.xx.1993, xx.xx.1993-xx.xx.2001 dövrləri) təşkil etməsinə istinadən ona 57 yaşından güzəştli pensiya təyin olunmasını mümkünsüz sayır.

Məhkəmə kollegiyası aşağıdakılara görə belə hesab edir ki, cavabdehin qeyd olunan mövqeyi əsassızdır. Belə ki, iddiaçının işə əlavə olunmuş Б 137150 nömrəli diplomunun, НЗ ******* nömrəli hərbi biletinin və ИТ-İ № ******* nömrəli 20 iyul 1981-ci il tarixli əmək kitabçasının surətlərinə əsasən aşağıdakı kimi ümumi stajı müəyyən olunur: xx.xx.1976 - xx.xx.1979 : Bakı şəhəri 59 nömrəli orta texniki peşə məktəbində elektrik qaz qaynaqçısı ixtisası üzrə peşə təhsili – 11 ay 6 gün; xx.xx.1979 - xx.xx.1980 “Azborukəmərtikinti” TQİ qaynaqçı – 7 ay 7 gün, xx.xx.1980 - xx.xx.1982: həqiqi hərbi xidmət – 2 il 1 ay 12 gün; xx.xx.1982-xx.xx.1991: Azborukəmərtikinti” TQİ el.qaynaqçısı – 8 il 8 ay 24 gün; xx.xx.1991 – xx.xx.1993: həmin idarədə el.qaynaqçısı - 2 il 6 ay 27 gün; xx.xx.1993-xx.xx.2001: AR MN-nin Xüsusi Texniki İstehaslat Birliyində əl el.qaynaqçısı-7 il 9 ay 17 gün; xx.xx.2003-xx.xx.2006:"xxxx" X1ynaqçı (sonradan da, xx.xx.2007-xx.xx.2008-ci illərdə də Dalğa İKF-da qaynaqçı kimi işləmişdir) - xx.xx.2006-cı il tarixinə qədər 2 il 5 ay . İddiaçının qeyd olunan əmək fəaiyyəti ümumiləşdirildikdə, onun xx.xx.2006-cı il tarixinə qədər 25 il 2 ay 3 gün ümumi stajı toplanır. İstər həmin vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qeyd edilən 69-cu maddəsinin, istərsə də hazırda qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə müvafiq olaraq, 2006-cı ilə qədər işləyənlərin iş müddəti - əgər işçinin əmək kitabçası mövcuddursa, əmək kitabçasına əsasən hesablanır. Cavabdehin qeyd olunan dəlillərindən isə göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixinə qədər əmək fəaliyyətinin sonuncu dövrü xx.xx.2003 - xx.xx.2006-gı ilillərdə "xxxx" X1ynaqçı kimi işlədiyi dövr təşkil edir ki, məhz həmin müddət cavabdeh tərəfindən onun ümumi stajına daxil edilmir. Halbuki, məhkəmə tərəfindən elektron qaydada əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, həmin firmanın əsası 1992-ci ildə qoyulmuşdur. Bundan əlavə əmək kitabçasının yuxarıda göstərilən qeydlərindən göründüyü kimi, sonradan da iddiaçı həmin firmada qaynaqçı kimi işləmişdir. Digər tərəfdən, əmək kitabçasının müvafiq qeydləri tədqiq olunduqda, kitabçanın müvafiq qeydlərinin sıra nömrəsi, işə qəbul tarixi, iş barədə məlumatlar, firma rəhbərinin (direktronun) müvafiq əmrinin nömrəsi və tarixi, eyni zamanda, analoji qaydada onun işdən azad edilməsinə dair qeydlər - direktroun imzası və firmanın dairəvi möhürü ilə təsdiq olunmuşdur. Qeydlər səlist və aydın oxunan tərzdə yazılmışdır. Qaralamalar mövcud deyil və vərəqin tamlığı pozulmamşdır. Başqa sözlə, qeydləri şübhə altına ala biləcək hər hansı nöqsanın mövcudluğu müəyyən edilmir. Belə olan halda, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının "xxxx" X2 işlədiyi müddətin də, həmçinin, cavabdeh tərəfindən onun ümumi stajına daxil edilməklə onun 25 il ümumi iş stajına malik olması qəbul edilməli olduğunun əsaslılığı sübuta yetirilir. 2006-cı ilə qədər onun güzəştli staja malik olmasına gəldikdə, yuxarı qeyd olunanlardan göründüyü kimi, onun elektrik qaynaqçısı kimi 12 il 6 aydan da çox xüsusi stajı mövcuddur. Belə ki, onun peşə təhsili və hərbi hidmət dövrü istsna olmaqla, bütün hallarda işlədiyi müəssisələrdə elektrik qaynaqçısı kimi işləmişdir ki, işin bu halı mübahisəsizdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin işə əlavə olunmuş N nömrəli, xx.xx.2023-cü il tarixli arayışında təsbit olunmuşdur ki, iddiaçının 1993-2001-ci illərdə əl ilə elektik qaynaqçısı kimi işlədəiyi peşə güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə zərərli iş şəraitindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə və qaynaqçı (əl ilə elektrik qaynağı) vəzifə koduna uyğundur. Qeyd olunmalıdır ki, həmin göstərici Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyhısında yer almışdır (kod: 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları). Həmçinin, məhkəmə təcrübəsində də elektrik qaynaqçısı kimi çalışıan işilərin müvafiq əmək fəaliyyəti dövrlərinin güzəştli pensiya hüququ verən peşə kimi qiymətləndirilməsinə dair çoxlu sayda qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur. Beləliklə də, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri qaydasında iddiaçının 2006-cı ilə qədər azı 25 il ümumi, 12 il 6 aydan çoxunu da güzəştli stajı mövcud olduğu, bununla da onun 57 yaşının tamam olduğu 05 noyabr 2018-ci il tarixindən pensiya hüququ yaranmış olur. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə düzgün olaraq, cavabdehin iddiaçıya 60 yaşından güzəştli pensiya təyin edilməsi haqqında 20 dekabr 2023-cü il tarixli qərarını ləğv edərək, ona 57 yaşının tamam olduğu 05 noyabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdehə həvalə etməkdə haqlı olmuş, lakin Qanunun qeyd olunan 32.1-1-ci maddəsinə müvafiq olaraq pensiyasının hesablanıb ödənilmə qaydasını qərarında göstərməmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlillərini əsassız hesab edərək yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10376/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı, nəticə hissəsində (3-cü abzas) “57 yaşının tamam olduğu 05 noyabr 2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra, “müraciət etdiyi xx.xx.2023-cü il tarixindən əvvəlki üç il üçün hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10376/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı, nəticə hissədə (3-cü abzas) “57 yaşının tamam olduğu 05 noyabr 2018-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” sözlərindən sonra, “müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün hesablanıb ödənilməsi” sözləri əlavə edilməklə, dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar