Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5068/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2-1(112)-15326/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cvaabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa əsasən, işlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 37 il 9 ay 5 gün təşkil edir, işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 21.4-cü bəndin 27-ci abzasına uyğundur; İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə işlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 30 il 1 ay 16 gün təşkil edir. Beləliklə, yuxarıda adları göstərilən iş yerlərində zərərli sahədə əmək fəaliyyəti ilə məşğul olmağı ilə bağlı həmin müəssələr tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli, 12 saylı Qərarına müvafiq verilmiş güzəştli arayış mövcuddur hansı ki, cavabdeh bütün bunları sosial sığorta stajına daxil etməmişdir. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim ediyi "xxxx" QSC-nin ona dair 5 may 2025-ci il tarixli 13-1/2-Q-1604/1-1/2025 nömrəli arayışında xx.xx.1978-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC-nin Şərq vaqon deposunda, "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunub. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə aid deyil. Bu səbəbdən də iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun güzəştli iş stajı yoxdur. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Məlumat üçün bildirilir ki, hazırda iddiaçıya Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 435.04 manat pensiya ödənilməkdə davam edir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2-1(112)-15326/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2-1(112)- 15326/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiadçının Mərkəzi Filiala təqdim ediyi "xxxx" QSC-nin ona dair 5 may 2025-ci il tarixli, 13-1/2-Q-1604/1-1/2025 saylı arayışında xx.xx.1978-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC-nin Şərq vaqon deposunda, "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyi qeyd olunub. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə aid deyil. Bu səbəbdən də B.X3 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun kifayət qədər güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinin göstərişlərinə uyğun olaraq iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulanhansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən, məcburetmə və ya öhdəliyin icrası haqqında iddilar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəzyyətin dəyişdirilməsi (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və yenidən hesablanmasına imkan verən bütün zəruri fatiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin sözügedən icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, İş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir Bundan əlavə bildirilir ki, B.X3 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 60 yaşının tamam olduğu 12 avqust 2016-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 5 ay 6 gün (xx.xx.1978-xx.xx.1980-cı il və xx.xx.1985- xx.xx.1994-cü il tarixləri arasındakı mexanik işlədiyi dövrlər)) təşkil edir. Hazırda İddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən 435.04 manat yaşa görə əmək pensiyası ödənilməkdə davam edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, vətəndaş inzibati orqana 18 avqust 2016-ci il tarixdən 60 yaşını tamam olması ilə əlaqdar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş və vətəndaşa güzəştli iş stajının kifayət qədər olmaması səbəbi ilə imtina verilmişdir. İddiaçı refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsində işləmişdir. İnzibati orqan tərəfindən həmin illər güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının verilməsinə əsas olan illərə daxil edilmir. Səbəb isə sözügedən vəzifənin Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilməməsidir. Vətəndaşın güzəştli staj illərinə xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilədək olmaqla - 10 il 5 ay 6 gün daxil edilir. Ümumi iş stajı isə 2006-cı ilədək 33 il,3 ay, 2006-cı ildən sonrakı dövrlər ilə ümumilikdə 48 il 10 ay təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinin göstərişlərinə uyğun olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməli və bu barədə arayış təqdim edilməlidir. Həmin Siyahıda refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi nəzərdə tutulmadığından və iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından iddia tələbi təmin edilməməməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Vəzifə funksiyalarını vaqonda icra edirdi. Sovet dövründə 3 nəfər olurdular – kimsə vaqona baxırdı, kimsə sənədləşmə işlərini idarə edirdi. Sovet dağılandan sonra hamısını eyni adam etməyə başladı. O, həm vaqonu idarə edirdi, həm də sənəd işləri ilə məşğul idi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Cavabdehin 15 iyul 2025-ci il tarixli, 3-14-1/2.G-164438/2025 saylı məktubu ilə bildirilmişdir ki, “… Mərkəzi Filiala təqdim ediyiniz “Azərbaycan Dəmir Yolları" QSC-nin sizə dair 5 may 2025-ci tarixli 13-1/2-Q-1604/1-1/2025 nömrəli arayışında xx.xx.1978xx.xx.2018-ci il, xx.xx.2018- xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il və xx.xx.2019xx.xx.2021-ci tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC-nin Şərq vaqon deposunda, "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki və refrijerator seksiyalarının böyük mexaniki vəzifələrində işlədiyiniz qeyd olunub. İşlədiyiniz vəzifələr sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajınız yoxdur. Məlumat üçün bildiririk ki, əmək pensiyanız Qanunun 9-cu maddəsinin tələblərinə əsasən hesablansa belə pensiya məbləğiniz hazırda sizə ödənilən yaşa görə əmək pensiyasının məbləğindən az təşkil edəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, sizə hazırda ödənilən yaşa görə əmək pensiyasının güzəştli şərtlərlə yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. - “Azərbaycan Dəmir Yolları" QSC-nin 05 may 2025-ci tarixli, 13-1/2-Q-1604/1-1/2025 saylı arayışında qeyd edilmişdir ki, “... İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 37 il 9 ay 5 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir”. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları" QSC-nin 10 sentyabr 2025-ci il tarixli, 13-1/2-10277/2025 saylı məktubu ilə bildirilmişdir ki, “... İddiaçı ADY-nin Biləcəri vaqon deposunda xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək texniki baxış məntəqəsinin çilingəri, Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək və xx.xx.1985-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək refrijerator seksiyaların mexaniki, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək refrijerator qatarının (seksiyaların) rəisi, xx.xx.1994-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində çalışmışdır. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifə və peşələr üzrə ümumi iş stajı 40 il 1 ay 16 gün təşkil edir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. Həmin Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, iddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür, əmək fəaliyyətinə xx.xx.1972-ci il tarixdə başlamışdır. İddiaçının ümumi iş stajı bağlı mübahisə yoxdur. İddiaçının mübahisəli güzəştli iş stajına gəldikdə isə, iddiaçının ADY-nin Bələcəri vaqon deposunda xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, texniki baxış məntəqəsinin çilingəri, Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək və xx.xx.1985-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək refrijerator seksiyaların mexaniki, xx.xx.1980-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək refrijerator qatarlarının (seksiyaların) rəisi, xx.xx.1994-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2019-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2019-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində çalışmışdır. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr və peşələr üzrə ümumi iş stajı 40 il 1 ay 16 gün təşkil edir. Cavabdeh isə iddiaçının mübahisələndirilən (xx.xx.1978-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2021-ci) illərdə işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahıda nəzərdə tutulmadığı və çalışdığı vəzifənin işəgötünənin arayışında istinad olunan Siyahısında refrijerator qatarlarının (seksiyaların) rəhbər mexaniki vəzifəsinə aid olmamasını əsas gətirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, istinad edilən dəlillər birinci instansiyası məhkəməsinin qərarında tam olaraq cavablandırılmışdır. Belə ki, birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. İşəgötürən hüquqi şəxs - "xxxx" QSC tərəfindən təqdim edilən vəzifə təlimatlarından bəlli olur ki, iddiaçının işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi - Refrijerator seksiyalarına texniki xidmət göstərmək və istismarına dair göstərişləri yerinə yetirmək; Briqadaya rəhbərlik etmək, seksiyalara xidmət vaxtı əmək intizamının yerinə yetirilməsini tələb etmək; Briqada üzvlərinin təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət etmək; Xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasını təmin etmək; Vaqonların düzgün və bərabər istifadəsinə nəzarət etmək; Yüklənmə vaxtı vaqonların işıqlanmasını təmin etmək; Yüklər vaqonlara yükləndikdən sonra, həmin yük üçün zəruri temperaturun müəyyənləşdirilməsini təmin etmək, temperaturuna riayət etməklə daşınmasını və yüklər yolda olduğu müddət ərzində və son təhvil stansiyasına çatdırılanadək yol boyunca nəzarətdə saxlamaq; Mexanikdən avadanlıqların düzgün istifadə olunmasını və saxlanılmasını tələb etmək; Yük boşaldıqdan sonra, vaqonların təmizlənməsini stansiya işçilərindən tələb etmək; Yanacaqdan normaya uyğun istifadəsini və qənaətini təmin etmək; Texniki sənədləri səliqəli saxlamaq, ehtiyyat hissələrin, materialların, yanacağın, yağın və soyuducu qazın istismar olunması hesabatını aparmaq; Refrijerator seksiyasının vaxtında təchizat olunmasını təmin etmək; Vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmin etmək, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürmək; Avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə, növbəti stansiyaya teleqramla müraciət etmək, yükün sonra daşınması haqqında xüsusi komissiya tələb etmək, teleqramın surətini dəmir yolunun yük daşıma xidmətinə göndərmək, Əmək və istehsalat intizamı pozulduqda briqada üzvlərinin təhlükəsizliyini təmin etmək və növbə çağırmaq üçün qeydiyyatda olduğu depoya xəbərdarlıq etmək, ehtiyac olduqda mexaniki əvəz etmək ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir. "xxxx" QSC tərəfindən verilən refrijerator seksiyaların rəhbər mexanikinin vəzifə borcundan görünür ki, iddiaçının işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifələrində - başlıca vəzifə öhdəliyi işə gedərkən baş idarənin seksiyalara texniki xidmət və istismarına dair göstərişlərini yerinə yetirmək, briqadaya rəhbərlik etmək, briqada üzvlərinə təhlükəsizlik texnikasına, istehsalat sanitariyasına və yanğın təhlükəsizliyinə nəzarət etmək, xidməti vaqonun sanitar texniki vəziyyətdə normaya uyğun saxlanılmasnı təmin etmək, vaqonlardan düzgün və bərabər istifadəsinə nəzarət etmək, yükləmə vaxtı vaqonların işıqlanmasını təmin etmək, yanacaqdan normaya uyğun istifadəsini və qənaitini təmin etmək, ref. seksiyanın vaxtında təchizat olunmasını təmin etmək, vaqonlarda təyin olunmuş rejimə nəzarəti təmir etmək, avadanlıqlar xarab olduqda, rejimi təyin edə bilmədikdə təlimata uyğun ölçü götürmək, avadanlıqlar saz vəziyyətdə olduqda, rejimi saxlaya bilmədikdə növbəti stansiyaya teleqramla müraciət edb (tez xarab olan yüklərin daşınması qaydaları) yükün sonra daşınması haqqında xüsusi komisiya tələb etmək, ref. seksiya vaxtlı-vaxtında texniki xidməti və cari təmiri təmin etmək, depo və ya cari təmirdən sonra, seksiyanın qəbulunda iştirak etmək, lazım olduqda mexaniki əvəz etmək və s.dən ibarət olmuşdur. İddiaçının həmin vəzifələrdə başlıca xidməti “refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsi” olduğu müəyyən olunur. Göründüyü kimi, iddiaçının işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsinin əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri refrijerator seksiyaların mexaniki və refrijerator seksiyaların böyük mexaniki vəzifəsinin əmək funksiyaları, texniki nəzəri bilikləri ilə eynilik təşkil etdiyindən ona bərabər tutularaq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur. Belə ki, iddiaçının xx.xx.1978-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2021-ci illəri əhatə edən dövrlərdə "xxxx" QSC - Yeni Ələt refrijerator və Şərq vaqon depolarında işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki vəzifəsi - 2 №-li Siyahının XXVİİİ. Nəqliyyat bölməsindəki 23001000 şifrəli “1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər” yarımbölməsində şifrə 23001000—23598 ilə göstərilmiş “erefrijerator qatarların (seksiyaların) mexanikləri” peşəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “21. Nəqliyyat” bölməsinin “21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər” yarımbölməsində “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi əmək kitabçası, işəgötürən müəssisə - "xxxx" QSC-nin arayışı ilə təsdiqlənir. Nəticə etibarı ilə iddiaçı xx.xx.1978-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il və xx.xx.2019-xx.xx.2021 il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcuddur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-305/2022 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 29. Qeyd edilən məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsi "xxxx" QSC-yə sorğu göndərərək həmin arayışı tələb etmişdir. Apellyasiya məhkəməsinin sorğusuna əsasən həmin arayış iş materiallarına əlavə edilmişdir.
30. Həmçinin iş materiallarından görünür ki, "xxxx" MMC X8 xx.xx.2019- cu il tarixli, 18 №-li və xx.xx.2019-cu il tarixli, 81 №-li «Arayış»larından görünür ki, X7 xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Şərq vaqon deposunda çilingər, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək refrijerator seksiyasının mexaniki, xx.xx.1997-ci ildən xx.xx.2018-ci ilədək refrijerator seksiyasının (rəhbər) mexaniki vəzifəsində işləmişdir. ... 32. Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli X10 X1 iddiaçı X5 işlədiyi «çilingər» peşəsi «23000000XXVİİİ. Nəqliyyat» bolməsində 23001000-18540 kodla (hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər) və «refrejerator seksiyasının mexaniki» peşəsi isə 23001000-23598 kodla (refrijerator qatarların (seksiyaların) mexanikləri) nəzərdə tutulmuşdur.
33. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" QSC-nin 17241 saylı xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, X7 xx.xx.1997-ci il tarixdən "xxxx" QSC-nin X6 Vaqon Deposunun refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsində işləmiş, xx.xx.2018-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə öz xahişinə əsasən xitam verilmişdir. Cavab məktubuna X6 Vaqon Deposunun refrijerator seksiyasının mexaniki və rəhbər-mexanikinin təsdiq edilmiş vəzifə təlimatlarının surətləri təqdim olunmuş və həmin sənədlərdən də müəyyən olunur ki, «refrijerator seksiyasının rəhbərmexaniki» və «refrijerator seksiyasının mexaniki» vəzifələrinin xarakterinin eynidir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2-1(112)-15326/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov