Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-507/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı mənzildən qeydiyyatdan çıxarma öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1313/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı (üçüncü şəxs X3) məhkəməyə müraciət edərək, V.Zamanovun Bakı şəhəri Suraxanı rayonu Y/Günəşli qəsəbəsi AB Y/S ev 2-nin 7 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, üçüncü şəxs V.Zamanovun mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” AR Qanununun 9-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud olmadığından cavabdehin imtinası əsaslıdır və qanuna uyğun olduğundan iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Qərarla razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlillərinə görə, qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, düzgün nəticəyə gəlinməmişdir. Belə ki, iddiaçıların mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Üçüncü şəxs mənzildə yaşamamış və yaşamır. Dəfələrlə onun mənzildən qeydiyyatdan çıxarılmasını tələb etsələr də, sonuncu bundan boyun qaçırır. Məsələnin yeganə həlli yolu onun məkəmə qaydasında qeydiyyatdan çıxarılmasıdır. Məhkəmə üçüncü şəxsin mənzildən istifadə hüququna malik olub-olmadığını və iddiaçılarla qohumluq dərəcəsini müəyyən etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində mülkiyyətçilərin tələbi əsasında əmlak hüquqlarının sahibi olimayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl olmamalıdır. Çünki qeydiyyatdan çıxarılmanı tələb etmək mülkiyyətçinin əmlak üzərində sərəncam hüququnun tərkib hissəsidir. Mütənasiblik prinsipinə görə hüquqi müdaxilənin yolverilən olması üçün onun qanuni məqsədə yönəlməsi öz-özlüyündə kifayət deyil, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır. Məhkəmə bunları nəzərə almayıb. Qanunla üçüncü şəxsin mənzildən qeydiyyatdan çıxarılmasına qadağa da qoyulmayıb. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1724/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan iddiaçılar ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-3075/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verib, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “Üçüncü şəxsin iddiaçıların mülkiyyətində olan mənzildə əmlak hüququ olması hazırkı vəziyyətdə işdə olan sübutlarla təsdiq olunmur. Üçüncü şəxsin iddiaçıların (sabiq) ailə üzvü olması və mənzildə əmlak hüququ, o cümlədən istifadə hüququ əldə etməsi də işdə olan sənədlərlə sübuta yetmir. Həmçinin işdə olan sənədlərlə üçüncü şəxsin mənzildə yaşadığı da təsdiq edilmir. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin iddiaçılara məxsus mənzildə hər hansı əmlak hüququ olması ilə bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. İddiaçılarla üçüncü şəxs arasında əvvəllər və hazırda hər hansı ailə bağlarının olması, üçüncü şəxsin iddiaçılara məxsus mənzildə istifadə hüququnun olub-olmaması da məhkəmə tərəfindən araşdırılmamışdır. Vətəndaşların qeydiyyatdan çıxarılmasının DİO-nın səlahiyyətlərinə aid olmaması barədə cavabdehin dəlili də hüquqi qiymətini tapmamışdır.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan göstərişlərin icrası ilə bağlı işin sonrakı xüsusatlarının müzakirəsini zəruri sayır. İşdə olan, cavabdehin iddiaçılara ünvanlanmış xx.xx.2018-ci il tarixli D96-32242Q- 3218 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətinə aid olmadığıdan ərizənin müsbət həlli mümkün deyildir. Aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir. Daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli çıxarışın notariat təsdiqli surətinə əsasən Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi ev 2 mənzil 7 üzərində mülkiyyət hüquqları 1/2 hissə İddiaçı1 (xx.xx.2011, **********), 1/2 hissə İddiaçı2 (xx.xx.2018, **********) adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli D96- 5417-1219 nömrəli məktubda göstərmişdir ki, X3 ünvan 1 mənzil 7 ünvana xx.xx.2005-ci il tarixdə qeydiyyata düşmüşdür. DİN-in müvafiq əmrlərinin tələblərinə əsasən saxlama müddəti bitdiyinə görə V.Zamanovun qeydiyyata alınmasına əsas olmuş sənədlər məhv edildiyindən, həmin sənədləri təqdim etmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı qanunvericilik aktlarının iddianın maddi hüquqi əsasını təşkil edən müddəalarına uyğun hüquqi qiymət verilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Azərbaycan Respublikası Prezidentinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiq edilməsi barədə” xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə, həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Göründüyü kimi, qanunvericiliklə təsbit etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Daxili İşlər Nazirliyi (onun struktur qurumları) tərəfindən həyata keçirilir. Odur ki, cavabdehin iddiaçılara ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubunda qeyd etdiyi vətəndaşların qeydiyyatdan çıxarılmasının DİO-nun səlahiyyətinə aid olmaması barədə mülahizəsi qanuna ziddir. Cavabdehin üçünçü şəxsi qeydiyyatdan çıxarmaqdan imtinası isə işin hazırkı halında qanuni və əsaslıdır. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan, cavabdeh yalnız “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit olunan hallarda üçüncü şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaq səlahiyyətinə malik olduğundan, iddiaçıların həmin maddə ilə tələb olunan sənədləri cavabdehə təqdim etməsi zəruri idi. Lakin üçüncü şəxsin yaşayış yerini dəyişərək yeni yaşayış yerində qeydiyyata alınması və ya başqa ölkədə yaşayış yeri seçməsi barədə rəsmi məlumatın mövcud olması, ömürlük azadlıqdan məhrum edilməsi, ölməsi yaxud məhkəmə qətnaməsi ilə ölmüş elan edilməsi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaxud qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyinin aşkar edilməsi iş materialları ilə təsdiqini tapmır, iddiaçılar da bu barədə mötəbər sübutları Məhkəməyə təqdim etməmiş, iddia ərizəsində və məhkəmə kollegiyasının iclasında da onlarda belə sənədlərin mövcud olduğunu bildirməmişlər. İddiaçı1 məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan isə məlum olmuşdur ki, üçüncü şəxs V.Zamanov onun mərhum əri T.Zamanovun qardaşıdır, Bakı şəhəri Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi ev 2 mənzil 7 mərhum ərinin mülkiyyətində olan vaxt (xx.xx.2005-ci il tarixdə) sonuncu, üçüncü şəxsin qeydiyyata alınmasına razılıq vermişdir. Bununla da, üçüncü şəxs mübahisəli mənzilə qeydiyyata alınarkən mülkiyyətçinin razılığının mövcud olmasını iddiaçılar özləri də təsdiq edirlər. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, hazırkı mübahisə iddiaçılarla cavabdeh arasında yaranan inzibati hüquq münasibətlərdən irəli gəlmişdir və predmetini cavabdeh inzibati orqanın hərəkətləri, konkret olaraq, sonuncunun fiziki şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaqdan imtinada ifadə olunan hərəkətsizliyi təşkil edir ki, bu halların da qəti siyahısı qanunvericiliklə təsbit edilmişdir. Bu da o deməkdir ki, məhkəmə tədqiqatı cavabdeh inzibati orqanın imtinasının qanunun tələblərinə cavab verib-vermədiyi məsələsinə hüquqi qiymətin verilməsi ilə məhdudlaşır. Yəni, öhdəliyin icrası haqqında hazırkı iddianın əsaslı sayılması üçün ilk növbədə iddia tələbinin qanuni əsasının mövcud olması və həmin qanuni əsasın dispozisiya şərtlərinin və hüquqi nəticələrinin iş üzrə yerinə yetirilməsi zəruridir ki, bu şərtə əməl olunmur. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün rəsmi ərizə daxil olduqda inzibati orqanın bu müraciəti hansı hallarda təmin etməli olduğunu (edə biləcəyini) tənzimləyir. Adıçəkilən normanın 6-cı bəndi də qeyd olunanlara istisna təşkil etmir. Həmin norma da, digərləri ilə eyni qaydada, inzibati orqana qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verilməsi barədə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı təqdim olunduqda şəxsi qeydiyyatdan çıxarmağa icazə verir. Ona görə də, sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya vəzifəli şəxs tərəfindən qanunsuzluğa yol verildiyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edildikdən və bu qərar inzibati orqana təqdim edildikdən sonra iddianın qanuni əsasının mövcudluğundan söz edilə bilər. Lakin işdən görünür ki, iddiaçılar cavabdehə Qanunun 9-cu maddəsində qeyd olunan rəsmi sənədlər və məhkəmə qərarlarından heç birini təqdim etməmiş, sonuncu da ona belə bir mötəbər sübutlar təqdim olunmadığı üçün üçüncü şəxsi qeydiyyatdan çıxarmaqdan imtina etmişdir. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, iş üzrə üçüncü şəxsin mübahisəli evdə istifadə hüququnun yaranıb-yaranması məsələsi də inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə təhqiqatının predmeti ola bilməz. Çünki, bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Odur ki, iddiaçılar ilə üçüncü şəxs arasında mənzilə dair hüquqla bağlı mübahisələr əvvəlcə mülki məhkəmə icraatı qaydasında öz həllini tapmalıdır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçıların hüquqlarını pozmamışdır, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Yekunda, inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM- 87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1313/2019 nömrəli iş üzrə xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-507/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-507/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver