Məhkəmə qərarları › İş №2-1(103)-507/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-507/2022

17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-507/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil2, üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil3 və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cabbarova (Yusubova) Rəhimə Tehmur qızının cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı (üçüncü şəxs X15) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 795/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə 14-17 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cabbarova (Yusubova) Rəhimə Tehmur qızı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı (üçüncü şəxs X15) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu Binəqədi X1 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında 547 saylı, xx.xx.2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, inzibati hüquq münasibətlərindən yaranan mübahisə cavabdeh inzibati orqan tərəfindən qanunsuz qəbul edilən inzibati aktın etibarsızlığı ilə bağlıdır. Belə ki, cavabdeh Binəqədi Bələdiyyəsi X4 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında 547 saylı, xx.xx.2006cı il tarixdə qərar qəbul etmişdir. Özünü üçüncü şəxsin əri kimi təqdim edən şəxs, iş üzrə üçüncü şəxs X13 Binəqədi Bələdiyyəsi tərəfindən həmin ərazidə torpaq sahəsi ayrıldığını və onlara məxsus olduğunu bildirərək, iddiaçı tərəfindən inşa edilən hasarın bir hissəsini xəlvəti, qanunsuz uçurmuşdur. Cavabdeh Binəqədi Bələdiyyəsi mübahisəli aktla torpaq sahəsini üçüncü şəxsin adına ayırmaqla torpaq və digər qanunvericiliyin tələblərini pozmuş və eyni zamanda iddiaçının mülkiyyət hüquqlarını və qanuni mənafelərini gözləməmişdir. İddiaçının mülkiyyətində fərdi yaşayış evinin yerləşdiyi 2310 kv.m torpaq sahəsi var. İddiaçı tərəfindən həmin sahə beton hasara alınmış və uzun illərdir ki, həmin torpaq sahəsindən özü və ailəsi mübahisəsiz istifadə edir və sahəyə sahibliyi həyata keçirir. Lakin mübahisələndirilən qərar əsasında üçüncü şəxsə ayrılan həmin torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazi hüdudlarında yerləşməklə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda 2310 kv.m olan həyətyanı sahədə yerləşən, ümumi sahəsi 240 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evini 1985-ci ildə inşa etmiş və həmin ildən qeyd edilən torpaq sahəsi və ev onların sahiblik və istifadəsindədir. Həmin vaxtdan da ailə üzvləri ilə birlikdə orada yaşamaqla, kommunal xərclər tərəflərindən ödənilir. 1998-ci ildən isə həmin evdə pasport qeydiyyatındadırlar. Həmçinin, 2002-ci ildə fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının tanınması barədə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-714 saylı 2002-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 2310 kv.m torpaq sahəsində yerləşən 240 kv.m olan yaşayış evinə iddiaçının mülkiyyət hüquqları tanınmışdır. Məhkəmə həmin qətnaməsində iş materiallarına istinad edərək göstərmişdir ki, “X11 və onun ailə üzvləri özbaşına tikilidən 1985-ci ildən bəri, yəni 17 il müddətində açıq şəkildə fasiləsiz istifadə edərək, kommunal xərcləri və vergiləri ödəməklə pasport qeydiyyatına görə yaşayış yeri hesab edilən həmin daşınmaz əmlak və torpaq üzərində sahiblik, istifadə və sərəncam vermə hüququnu əldə etmişlər.” Göründüyü kimi məhkəmə tərəfindən iş materialları araşdırılaraq ünvan 1 ünvanda yerləşən 2310 kv.m həyətyanı torpaq sahəsinin də X8 istifadəsində, sahibliyində və sərəncamında olması faktı müəyyən edilmişdir. xx.xx.2004-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Sad Park küçəsindəki, 4 otaq, 69,36 yaşayış sahəsi, 301.6 ümumi sahəsi olan 7 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət kimi iddiaçının adına hüquqi qeydiyyatdan keçmiş və iddiaçıya bu barədə Seriya FM № 023791 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Müvafiq torpaq sahəsinin aid olduğu ərazinin iddiaçının istifadəsində və sahibliyində olması barədə sübutlar iddia ərizəsinə əlavə olunmuşdur. Bu səbəbdən qərarın etibarsız sayılması tələbinə dair iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ mövcuddur. Beləliklə, cavabdeh inzibati orqan olan Binəqədi Bələdiyyəsi torpaq və digər qanunvericiliyin tələblərinə zidd və eyni zamanda iddiaçının mülki hüquqlarını və qanunla qorunan mənafelərim pozan inzibati akt qəbul etmişdir, məhkəmə tərəfindən həmin akt etibarsız sayılmalıdır. İnzibati aktın etibarsız sayılması üçün əsaslar mövcuddur. Mübahisələndirilən qərarda üçüncü şəxs X13 qeyd edilən ərazidə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu kimi, N.Əhmədovanın həmin torpaq sahəsinin öz vəsaiti hesabına abadlaşdırılaraq, yararlı vəziyyətə salındığı və uzun müddət bağ sahəsi kimi istifadə etdiyi göstərilir. Lakin qeyd edilən ərazi yüksək torpaq təpəlikdir, onun əvvəlki və hazırkı vəziyyətdə bağ kimi istifadəsi mümkün deyil. Həmin torpaq sahəsindən bağ sahəsi kimi də istifadə olunmamışdır. Həmin ərazi torpaq topasından ibarət yüksəklikdir. Belə nəticəyə gəlmək olar ki, qərar verilərkən bələdiyyə qurumları tərəfindən həmin əraziyə ümumiyyətlə baxış keçirilməmiş, torpaq yığınından ibarət olan əraziyə vətəndaşın adına qərar qəbul edilmişdir. Həmçinin Bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, müvafiq icra hakimiyyəti orqanlarının rəyi alınmamış, torpaq sahəsinin yeri, yerləşdiyi zona dəqiqləşdirilməmiş, həmin yerin planı və ölçüsü hazırlanmamışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-795/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: P.Hüseynov) Həmin qərardan üçüncü şəxs X15 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, guya onun tərəfindən iddiaçıya ayrılmış torpaqda inşa etdiyi hasar onun tərəfindən uçurulmuş və ona ayrılmış torpaq iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst üstə düşür. (Yerli baxış zamanı iddiada göstərilən hallar öz əksini tapmamışdır. Hasar sökülməmiş, torpaqlar üst üstə düşməmişdir.) Bu səbəbdən iddiaçının belə bir iddia qaldırmaq hüququnun olduğunu və qərarın etibarsızlığını tələb etmək hüququ olduğu bildirilmişdir. İş üzrə dindirilmiş Binəqədi Bələdiyyəsinin nümayəndəsinin ifadəsindən görünür ki, ona verilmiş torpaq bələdiyyə mülkiyyətidir və iddiaçının torpaq sahəsi ilə üst üstə düşmür. Bu torpaq tərəfindən qanuni əsaslarla, bələdiyyə büdcəsinə pul keçirməklə, alqı-satqı yolu ilə əldə edilmişdir. Bu torpaq sahəsi tərəfindən hasara alınmış və ora qapı belə qoyulmuşdur. Lakin iddiaçının şikayəti əsasında qapısı rayon İcra Hakimiyyəti işçiləri tərəfindən sökülüb çıxarılmışdır. Baxmayaraq ki, iddiaçı vaxtı ilə zəbt etdiyi torpağı məhkəmə yolu ilə qanuniləşdirmişdir. Ona bu barədə irad tutan olmamışdır. Lakin onun qanuni yolla, pulunu ödəyib aldığı torpağını bu insanlar qanunsuz sayır və məhkəmə də onlara tərəfdar çıxır. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2021 tarixli 10/1456 saylı rəyi və 08 aprel 2021-ci İl tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mütəxəssis rəyindən müəyyən olunur ki, ona ayrılmış torpaqla iddiaçının torpağı üst üstə düşmür və onun hüquqlarına toxunmur. İkinci tərəfdən məhkəmənin istinad etdiyi həmin ərazinin dövlət mülkiyyətində olması barədə gəldiyi nəticədə rəydə verilən məlumatlarla üstüstə düşmür. Çünki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidməti tərəfindən mütəxəssis rəyindən müəyyən olunur ki, onların baza məlumatlarında bu ərazinin bələdiyyə mülkiyyətində olması barədə məlumat yoxdur. Lakin nə mütəxəssis rəyi, nə də ekspertin verdiyi rəylər hər hansı dövlət ayrıc aktına istinad edilmədən və bir yığın sözə istinad edilmişdir. İşə baxan məhkəmə torpaqların ayrıc aktını tələb etməli, iş üzrə həmin ayrıc aktlarında bu torpağın kimin mülkiyyətində olmasını müəyyənləşdirməli idi. Məhkəmə bunu etməmiş və nəticədə belə qanunsuz bir qətnamə çıxarmışdır. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin: yəni öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququnun məcmusu kimi qiymətləndirilə bilər. İş matieriallarında olan ekspertin və mütəxəssis rəyindən müəyyən olunur ki, iddiaçının onun torpağına dair dedikləri rəylərlə üst üstə düşmür. Onun belə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Subyektiv hüquq olan şəxslər isə belə iddia ilə məhkəməyə müraciət etməmişlər. Bununla da iddiaçının ona və Binəqədi Bələdiyyəsinə qarşı iddia qaldırmaq hüququnun olmadığı müəyyən olunur. Lakin məhkəmə səlahiyyət həddini aşaraq iddiaçının iddiasını təmin etmiş və bununla da qanunu pozmuşdur. Apelyasiya baxışı zamanı üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil3 və nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “X4 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” xx.xx.2006-cı il tarixli 547 saylı qərarının surətindən görünür ki, Binəqədi rayonu, 6-cı mkr., Qərb hissəsində 380 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, vət. X15 tərəfindən abadlaşdıraraq, yararlı vəziyyətə salındığını və onun tərəfindən istifadə edildiyini nəzərə alaraq (hər kv.m. üçün YAN ilə 4 man. 16 qəp ödəmək şərti ilə) onun mülkiyyətinə ayrılması qərara alınmışdır. İş materiallarında olan alıcı X15 ilə satan Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında imzalanmış Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsi bələdiyyə ərazisində olan 6 mkr-nun Qərb hissəsində istifadə etdiyi 380 kv.vm torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün X7, alıcı həmin torpaq sahəsini qəbul edir. İş materiallarında olan AJV seriyalı 065152 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X15 6-cı mkr, Qərb hissəsində olan torpağın alqı-satqısı üçün Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə 1580 manat pul ödəmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş FM seriyalı 023791 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Bağ-Park küçəsindəki 4 otaq 69,36 kv.m yaşayış sahəsi, 301.6 kv.m ümumi sahəsi olan 7 saylı fərdi yaşayış evi X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2004-cü ildə qeydiyyat aparılmışdır. İş materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 36 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Binəqədi rayon Məhkəməsinin 2-714 saylı, xx.xx.2002-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsi Bağ-Park küçəsi 7 saylı ünvanda yerləşən 2310 kv.m. həyətyanı torpaq sahəsində 240 kv.m. sahəsi olan yaşayış evinin vət. X8 adına hüquqi qeydiyyata alınaraq qanuniləşdirilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Binəqədi rayon Məhkəməsinin 2-714/2002 saylı xx.xx.2002-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Rəhimə Yusubovanın ərizəsi təmin edilmiş, X9 ünvan 3 ünvanda yerləşən 2310 kv.m həyətyanı torpaq sahəsində 240 kv.m yaşayış sahəsi olan yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması və həmin evin xüsusi mülkiyyət kimi R.T.Yusubovanın adına dövlət qeydiyyatından keçirilməsinin Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsinə həvalə edilməsi qət edilmişdir. İşdən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu Binəqədi X1 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında 547 saylı, xx.xx.2006cı il tarixli qərarının etibarsız hesab edilməsini xahiş edir və tələbini onunla əsaslandırır ki, üçüncü şəxs X13 Binəqədi Bələdiyyəsi tərəfindən ayrılan həmin torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazi hüdudlarında yerləşməklə iddiaçının torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda 2310 kv.m olan həyətyanı sahədə yerləşən, ümumi sahəsi 240 kv.m olan 4 otaqdan ibarət fərdi yaşayış evini 1985-ci ildə inşa etmiş və həmin ildən qeyd edilən torpaq sahəsi və ev onların sahiblik və istifadəsindədir. Həmçinin, 2002-ci ildə fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının tanınması barədə məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2-714 saylı 2002-ci il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 2310 kv.m torpaq sahəsində yerləşən 240 kv.m olan yaşayış evinə iddiaçının mülkiyyət hüquqları tanınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona məxsus torpaq sahəsi ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin üst-üstə düşdüyünü qeyd etsə də, iş materialları ilə torpaq sahələrinin üst-üstə düşməsi müəyyən olunmur. Belə ki, iş materiallrında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə xx.xx.2021-ci il tarixli məktubla daxil olmuş mütəxəssis rəyində qeyd olunurki, mübahisələndirilən torpaq sahəsinə baxış keçirilərək, iddiaçının iddia etdiyi və göstərdiyi mübahisəli torpaq sahəsinin naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma müraciətə əlavə edilmiş sənədlərə, verilmiş sorğuların cavablarına və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış, baza məlumatlarını, ərazinin koordinatlarını və digər texniki parametrləri əks etdirən sxemlərə əsasən aparılmışdır (sxemlər əlavə edilir). - Elektron kadastr baza məlumatlarına əsasən iddia edilən torpaq sahəsi yaşayış məntəqəsinin hüdudları daxilində, dövlət mülkiyyəti torpağıdır. Mübahisəli ərazidə üçüncü şəxs X12 adına torpaq sahəsinin ayrılması və onun adına hər hansı hüquqi və ya texniki sənədin verilməsi ilə bağlı heç nə aşkar edilməmişdir.

1. Bakı şəhər Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2003-cu il tarixli 36 nömrəli sərəncamı ilə ayrılmış torpaq sahəsinə dair heç bir texniki sənədin (plan-ölçü, ayrıc aktı, sxem və sair) təqdim edilmədiyi üçün Bakı şəhər Binəqədi rayonu İcra Hakimiyyətinin xx.xx.2003-cu il tarixli 36 nömrəli sərəncamına əsasən X8 adına hüquqi qeydiyyata alınması nəzərdə tutulmuş M.Ə.Rəsulzadə qəsəbəsi Bağ-Park küçəsı 7 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsinin sənəd üzrə koordinatlarını müəyyən etmək mümkün olmamışdır. X2 adına seriya FM 023791 nömrəli qeydiyyat vəsiqəsi olduğu üçün həmin qeydiyyat vəsiqəsində qeyd edilən daşınmaz əmlakın mübahisəli ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsi barədə məlumat Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aşağıdakı kimi cavablanmışdır: - Bildirilir ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2002-ci il tarixli, 2-74 nömrəli Qətnaməsi əsasında ünvan 4 ünvanında yerləşən 2310,0 kv.m torpaq sahəsi və 240,0 kv.m yaşayış sahəsinə dair Cabbarova (Yusubova) Rəhimə Tehmur qızının adına verilmiş Qeydiyyat Vəsiqəsində göstərilən fərdi yaşayış evi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilən sxem üzrə olan 3662,0 kv.m sahədə yerləşir. Ərazinin Bələdiyyə mülkiyyətində olması barədə bazada məlumat yoxdur. 2. X13 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 547 saylı, xx.xx.2006-cı il tarixli qərarı və həmin qərara əlavə edilmiş (müqavilə), sxem cizgi (miqyassız, koordinatsız, hər hansı bir istinad nöqtəsindən məsafəsinin göstərilməsi qeyd edilməməklə) Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin memarı tərəfindən tərtib və təsdiq edilmiş cizgi isə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları” haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planlama aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından (keçmiş DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən hazırlanıb rəy verilməli və qeydiyyatdan keçməli idi) Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 547 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə X13 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. 3. Mübahisələndirilən ərazinin dövlət mülkiyyətində olması ilə yanaşı, iş materiallarında olan X13 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 547 saylı, xx.xx.2006-cı il tarixli qərarı və həmin qərara əlavə edilmiş (müqavilə), sxem cizgi “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları” haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada hazırlanmadığından X13 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə X8 adına hüquqi qeydiyyata alınması nəzərdə tutulmuş M.Ə.Rəsulzadə qəsəbəsi Bağ- Park küçəsı 7 saylı ünvanda yerləşən torpaq sahəsi ilə üst-üstə düşməsi mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2021-ci il tarixli 10/1456 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 dekabr 2020-ci il tarixli, **********96 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2002-ci il tarixli, 2-74 nömrəli Qətnaməsi əsasında ünvan 5 ünvanında yerləşən 2310,0 kv.m torpaq sahəsi və 240,0 kv.m yaşayış sahəsinə dair Cabbarova (Yusubova) Rəhimə Tehmur qızının adına verilmiş Qeydiyyat Vəsiqəsində göstərilən fərdi yaşayış evi 3662,0 kv.m sahədə yerləşir. Həmin ərazinin Bələdiyyə mülkiyyətində olması barədə bazada məlumat yoxdur. Mütəxəssis rəyinə əsasən, X13 torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 547 saylı, xx.xx.2006-cı il tarixli qərarı və həmin qərara əlavə edilmiş (müqavilə), sxem cizgi (miqyassız, koordinatsız, hər hansı bir istinad nöqtəsindən məsafəsinin göstərilməsi qeyd edilməməklə) Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin memarı tərəfindən tərtib və təsdiq edilmiş cizgi isə “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları” haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planlama aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından (keçmiş DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən hazırlanıb rəy verilməli və qeydiyyatdan keçməli idi) Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 547 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə X13 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyəti torpaqlarına aid olması müəyyən olunur. Mübahisəli torpaq sahəsi göstərilməklə tərtib olunmuş sxem mütəxəssis rəyinə əlavə edilmişdir. Həmin sxemdən görünür ki, mübahisəli ərazi 882 kv.m təşkil etməklə üçbucaq formasındadır və bir tərəfdən yol ilə sərhəddir. İş materiallarında olan X13 ayrılması nəzərdə tutulan torpaq sahəsinin sxemində miqyas, hər hansı istinad nöqtəsindən məsafə göstərilməmişdir. Lakin iş materiallarındakı sxem ilə mütəxəssis rəyinə əlavə olunmuş mübahisəli torpaq sahəsinin yerləşdiyi yeri göstərən sxemdə olan yollar, yaşayış evlərinin yerləşdiyi ərazilər və s. müqayisə olunarkən müəyyən olunur ki, iş materiallarında olan sxemdə göstərilmiş sahə ilə X13 ayrılması nəzərdə tutulan sahə ilə mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazi uyğun gəldiyi müəyyən olunur. İş üzrə keçirilmiş ekspert rəyindən, eləcə də mütəxəssis rəyindən göründüyü kimi məhkəmə qətnaməsi ilə iddiaçıya ayrılmış torpaq sahəsi ilə üçüncü şəxsə ayrılmış torpaq sahəsinin üst-üstə düşməsi müəyyən olunmur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məhkəmə qətnaməsi ilə 2310,0 kv.m torpaq sahəsinin məxsus olması müəyyən olunsa da, adına verilmiş Qeydiyyat Vəsiqəsində göstərilən 240 kv.m fərdi yaşayış evinin 3662,0 kv.m sahədə yerləşməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi və iddiaçı tərəfindən bildirilsə də 1352,0 kv.m olan torpaq sahəsinə dair isə hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Həmçinin iş materiallarında olan fotoşəkillərdən də görünür ki, iddiaçıya məxsus fərdi yaşayış evi hasarın daxilində yerləşir. Eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan əraziyə tərəflərin iştirakı ilə keçirilmiş yerli baxış zamanı üçüncü şəxsə ayrılmış torpaq sahəsinin daş hasara alındığı və iddiaçının iddia etdiyi kimi, onun çəkmiş olduğu hasarın sökülmədiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi hasar daxilində olmaqla üst-üstə düşmədiyindən və mübahisəli torpaq sahəsinin iddiacıya məxsus olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim olunmadığından iddiaçının mübahisələndirilən torpaq sahəsinin üçüncü şəxsə satılması barədə bələdiyyə qərarının etibarsızlığını tələb etməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Başqa sözlə, iddiaçı iddia irəli sürmək üçün ilk növbədə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Lakin işə baxılarkən iş üzrə belə sübutların verilməsi müəyyən olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası hazırkı iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyindən, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının həmin Məcəllənin 35-ci maddəsinin tələbinə əsasən mümkün olmadığını, iddiaçının mübahisələndirilən torpaq sahəsinə dair heç bir hüququ olmadığına görə belə bir iddia irəli sürmək üçün subyektiv hüququnun olmadığını hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Üçüncü şəxs X12 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-795/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı Cabbarova (Yusubova) Rəhimə Tehmur qızının cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı (üçüncü şəxs X15) Bakı şəhəri Binəqədi rayonu Binəqədi X1 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında 547 saylı, xx.xx.2006-cı il tarixli qərarının etibarsız hesab edilməsi barədə iddia tələbi mümkün sayılmasın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar