Məhkəmə qərarları › İş №2-1(103)-507/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-507/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-507/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “məlumat vərəqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2247/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “məlumat vərəqinin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etdiyi aprel 2021-ci il tarixindən 27 il 04 ay 20 gün xidmət illəri nəzərə alınmaqla xidmət illərinə pensiya təyini üçün “Məlumat vərəqəsi”nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.1992-xx.xx.2007-ci ilə qədər 15 il 06 ay 14 gün, Nazirlər Kabinetinin 1993-cü il tarixli 631 saylı qərarına əsasən bir xidmət ayının üç xidmət ayı kimi hesabı ilə xx.xx.1994-xx.xx.1997-ci il tarixədək 07 il 09 ay 22 gün, xx.xx.1994-xx.xx.2007-ci il tarixinə kimi uçuşlarda iştirakı ilə əlaqədar imtiyazlı 04 il 07ay 08 gün, ümumi xidmət illəri 27 il 10 ay 22 gün təşkil edir. İddiaçı hesab edir ki, “Hərbi qulluqçuların prensiya təminatı haqqında” Qanuna 13 sentyabr 2004-cü il tarixində edilən 20 il və daha çox xidmət ilə əvəz edilməsi səbəbi ilə onun 13 sentyabr 2004-cü il tarixədək xidmət illəri 24 il 02 ay 13 gün təşkil edir. Bununla da onun hərbi qulluqçu kimi pensiya hüququ yaranır. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, ehtiyatda olan kapitan İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək həmin hərbi hissənin nəzdində Uçuş hazırlığının mərkəzi təlim mərkəzində kursant kimi, xx.xx.1994-cü il tarixdən 26.11,2007-ci il tarixədək isə həmin hərbi hissədə zabit kimi, ümumilikdə təqvim hesabı ilə 15 il 06 ay 14 gün həqiqi hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikası Müdafiə nazirinin 0580 nömrəli 17 noyabr 2007-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq kapitan rütbəsində N nömrəli hərbi hissənin aviasiya eskadrilyasının aviasiya manqasının təyyarəçisi vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq, hərbi hissə komandirinin N nömrəli 25 noyabr 2007-ci il tarixli əmrilə N noyabr tarixindən hərbi hissənin şəxsi heyətinin siyahısından çixarılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının İddiaçı zabit qismində N may 1994-cü il tarixdən 01 may 1997-ci il tarixədək olan xidmət müddətinin bir ayı iki ay kimi hesablanmış, 1997-1998-ci illərdə təyyarəçi-şturman vəzifəsində olduğu müddətdə müəyyən olunmuş uçuş normasını yerinə yetirdiyinə görə, onun 01 may 1997-ci il tarixdən 01 yanvar 1999-cu il tarixədək olan xidmət müddətinin bir ayi iki ay kimi hesablanmış, nəticədə, İddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində N may 1994-cü il tarixdən 01 yanvar 1999-cu il tarixədək olan xidmət müddətinin bir ayi iki ay kimi sayılmaqla 04 il 07 ay 06 gün onun ümumi xidmət illərinə daxil edilmişdir. Lakin, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi ümumiyyətlə (o cümlədən xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə) döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilməmişdir. Belə ki, "Azərbaycan Ordusunun döyüş şəraitində olan hərbi hissə və bölmələrinin tərkibinin müəyyənləşdirilməsi haqqında" Azərbaycan Respublikası Müdafiə nazirinin 263 nömrəli xx.xx.1993-cü il tarixli, 0339 nömrəli xx.xx.1993-cü il tarixli, 041 nömrəli xx.xx.1994-cü il tarixli, 065 nömrəli xx.xx.1994-cü il tarixli, 0112 nömrəli xx.xx.1994-cü il tarixli, 0132 nömrəli xx.xx.1994-cü il tarixli, 0146 nömrəli xx.xx.1994-cü il tarixli, 0164 nömrəli xx.xx.1994-cü il tarixli, 0181 nömrəli xx.xx.1994-cü il tarixli, 0199 nömrəli xx.xx.1994-cü il tarixli, 0200 nömrəli xx.xx.1994-cü il tarixli, 02 nömrəli xx.xx.1995ci il tarixli, 02 nömrəli 03.01,1995-ci il tarixli, 027 nömrəli xx.xx.1995-ci il tarixli, 062 nömrəli xx.xx.1995-ci il tarixli, 079 nömrəli xx.xx.1995-ci il tarixli, 094 nömrəli xx.xx.1995-ci il tarixli, 0123 nömrəli xx.xx.1995-ci il tarixli, 0169 nömrəli xx.xx.1995-ci il tarixli, 032 nömrəli xx.xx.1996-cı il tarixli və 053 nömrəli xx.xx.1997-ci il tarixli əmrlərinə əsasən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilmədiyindən döyüş şəraitində olan hərbi hissə və bölmələrinin tərkibində göstərilməmişdir. Bu səbəbdən, İddiaçı N nömrəli hərbi hissədə zabit qismində N may 1994-cü il tarixdən 01 may 1997-ci il tarixədək olan xidmət müddətinin bir ayı üç ay kimi hesablanmır. Nəticədə, İddiaçı xidmət illəri: təqvimlə - 15 il 06 ay 14 gün, xidmət illərinə güzəştli qaydada əlavə olan müddət - 04 il 07 ay 06 gün, ümumi xidmət illəri isə 20 il 01 ay 20 gün təşkil edir. Yuxarıda göstərilənlərə istinad olaraq, hesab edirik ki, İddiaçı hərbi xidmət illəri 20 təqvim ili təşkil etmədiyi səbəbindən, o, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququna malik deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarı ilə iddia rədd edimişdir. Qərardan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdein nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh hazırki iş üzrə cavabdehlik daşıyan inzibati orqandır. Belə ki, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir. İddiaçının qaldırdığı iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, əmək pensiyalarını tənzimləyən qanunvericiliyin maddi normativ tələblərini ödədiyi üçün yarandığı irəli sürülən əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və bundan sonra həyata keçirilməsi məqsədilə qanunla səlahiyyət verilmiş inzibati orqanın inzibati akt qüvvəli hüquqi akt qəbul etməsi tələb olunur («Əmək pensiyaları haqqında» AR Qanununun 30-cu maddəsi). Yalnız bu qaydada qərar qəbul edildikdən sonra əmək pensiyası hüququ realizə edilə bilər. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1.Əmək pensiyası dedikdə bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi başa düşülür. 1.0.3. Hərbi qulluqçular dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər başa düşülür. 1.0.5 Təminat xərcliyi (pul təminatı) dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın: 1.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. 2.«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.

3. Hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. Kollegiya qeyd edir ki, hərbi qulluqçuların pensiya hüququnun yaranması, onlara pensiyanın təyinatı xüsusi mexanizm əsasında həyata keçirilir ki, bu zaman hərbi qulluqçunun pensiya hüququnun 01 sentyabr 2004-cü il tarixədək və ya həmin tarixdən sonra yarandığının müəyyən edilməsi müvafiq olaraq xidmət və ya təqvim illərindən asılıdır. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsinin xx.xx.2014-cü il tarixədək olan redaksiyasına əsasən xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış 25 ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; Həmin Qanunun xx.xx.2014-cü il tarixdən sonraki redaksiyasına əsasən xidmət illərinə görə pensiya hüququna aşağıdakılar malikdirlər: a) xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular; b) xidmətdən yaşa görə buraxılmış 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə və ya orqanlarda xidmətdə keçirmiş şəxslər; «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun: 9.5.1.Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. 9.6. Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ onların pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2004-cü il tarixdən əvvələ və ya sonraya aid olması əsası ilə fərqləndirilir ki, bu zaman hərbi qulluqçunun müvafiq olaraq xidmət və təqvim illəri anlayışları ayırd edilir. Başqa sözlə desək hərbi qulluqçunun xx.xx.2004-cü il tarixədək pensiya hüququ 20 xidmət ili, xx.xx.2004-cü il tarixdən sonra isə 20 təqvim ili olduqda yaranır. Birinci instansiya məhkəməsində iddiaçının pensiya hüququnun yaranıbyaranmaması istiqamətində zəruri araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1992-cı ildən xx.xx.1992-ci ilə qədər hərbi xidmətdə olmuş, xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək həmin hərbi hissənin nəznində Uçuş hazırlığının mərkəzi təlim mərkəzində kursant olmuş, xx.xx.1994-cü ildən xx.xx.2007-ci ilədək isə həmin hərbi hissədə zabit kimi xidmət etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək, həmçinin xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr “bir ay iki ay” sayılmaqla nəzərə alınmış və ümumilkdə 04 il 07 ay 06 gün ümumi xidmət illərinə daxil edilmişdir. Göründüyü kimi iddiaçının təqvimlə -15 il 05 ay 14 gün, xidmət illərinə güzəştli qaydada əlavə olan müddət-04 il 07 ay 06 gün, ümumi xidmət illəri isə 20 il 01 ay 20 gün (xx.xx.2007-ci il tarixədək) təşkil etmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2004-cü il tarixədək pensiya hüququnun yaranması üçün zəruri olan xidmət ili toplanmadığından, həmçinin xx.xx.2004-cü il tarixdən sonra isə təqvim ili 20 ildən az olduğundan, onun hərbi qulluqçu kimi pensiya almaq hüququ yaranmamışdır. İddiaçı pensiya hüququnun yarandığını iddia edərkən xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək xidmət ilinin bir ayı üç ay kimi nəzərə alınmasını xahiş edir. Qeyd olunmalıdır ki, xidmətin bir ayının üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə daxil edilməsi ilə bağlı müddəa hazırda qüvvədə deyildir. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının qaydası haqqında” xx.xx.1992-ci il tarixli, 631 saylı Qərarının 1-ci bəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövründə olma müddəti zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aiddir. Həmin Qərarın xx.xx.2005-ci ilə qədər qüvvədə olan 2-ci bəndinin a) yarımbəndinin redaksiyasına görə zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 4-cü maddəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir. Hərbi qulluqçuların xüsusi şəraitdə hərbi xidmət keçdiyi dövr əmək stajına güzəştli şərtlərlə daxil edilir. İstinad olunan normaların məzmunundan göründüyü kimi, iddiaçının xidmət etdiyi dövrdə qüvvədə olan qanunvericilik yalnız o şəxslərin xidmət müddətinin bir ayının üç ay kimi sayılmasını nəzərdə tuturdu ki,həmin şəxslər döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və ya döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissə və bölmələrdə xidmət etmiş olsun. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrdə xidmət etdiyi N nömrəli hərbi hissə - döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmamışdır. Eyni zamanda apellyasiya instansiya məhkəməsində araşdırma zamanı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olmamışdır. Məhkəmə xüsusi ilə qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 161ci maddəsindən də aydın olduğu kimi hərbi qulluqçunun ehtiyata və ya istefaya buraxılması zamanı onun xidmət illəri hesablanaraq bu barədə hərbi qulluqçuya elan edilir. Əgər hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına daxil olarsa, etiraza baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Hazırki iş üzrə isə mövcud olan sənədlərdən görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılarkən xidməti illəri ilə bağlı hər hansı bir etirazı olmamışdır. Beləliklə, qeyd edilənlərə əsasən iddiaçının xx.xx.2004-cü il tarixədək pensiya hüququnun yaranması üçün zəruri olan xidmət ili toplanmadığından, həmçinin xx.xx.2004cü il tarixdən sonra isə təqvim ili 20 ildən az olduğundan, onun hərbi qulluqçu kimi pensiya almaq hüququ yaranmaması barədə nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, Məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsində hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2247/2022 saylı, 13 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Namiq Cəfərov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar