Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-507/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “xidmət illərinin yenidən hesablanması və sair” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2134/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yüksək ixtisaslı mütəxəssis kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinə hərbi xidmətə qəbul olunana qədərki əmək stajının xidmət illərinə yenidən hesablanması və xidmət illərinin hesablanması vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun yüksək ixtisaslı mütəxəssis kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinə hərbi xidmətə qəbul olunana qədərki xx.xx.1983-cü və xx.xx.1993-cü illərdəki əmək stajının xidmət illərinə yenidən hesablanması və xidmət illərinin hesablanması vərəqinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu bitirdikdən sonra Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışmış, xx.xx.1987-ci ildən xx.xx.1993-cü il tarixədək isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinin Hərbi-Tibb Xidmətində ixtisaslı, mülki həkim mütəxəssis kimi işləmişdir. xx.xx.1993-cü ilin dekabr ayında, iddiaçı yüksək ixtisaslı həkim mütəxəssislər sırasından seçilərək, Milli Təhlükəsizlik Nazirliyinə baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmətə qəbul olunmuş və Hərbi-Tibb İdarəsinə təyinat almışdır. 22 il qüsursuz xidmətdən sonra xx.xx.2015-cı il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (yaşa görə) əsasən ehtiyata buraxılmış və xidmət illərinə görə pensiya ilə təmin olunmuşdur. Lakin iddiaçı hərbi xidmətə qəbul olunana qədər olan əmək stajı pensiya təyinatı zamanı nəzərə alınmamış, bu da təyin olunmuş pensiya məbləğinin düzgün formalaşmasına ciddi təsir göstərmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.1993-cü ildə təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə başlamış, təhlükəsizlik orqanlarında bir sıra vəzifələrdə xidmətini davam etdirmiş və keçmiş MTN-in xx.xx.2015-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən onun xidmət illəri 21 il 04 ay 04 gün, ali təhsil: 02 il 06 ay 00 gün, güzəştli 03 il 04 ay 06 gün olmaqla, cəmi 27 il 02 ay 10 gün hesablanmışdır. İddiaçı təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə qədərki dövrdə keçmiş MTN-də həkim-epidemioloq vəzifəsində mülki işçi kimi çalışmışdır. Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması 2004-cü il 29 iyun tarixli 711-İİQ nömrəli “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 avqust tarixli 126 nömrəli Qərarı ilə “Zabit heyətinə mənsub şəxslərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası”na edilmiş dəyişikliklərlə həmin məsələ ilə bağlı müddəalar öz əksini tapmışdır. İddiaçı təhlükəsizlik orqanlarında həqiqi hərbi xidmətə qədərki dövrdə keçmiş MTN-də həkimepidemioloq vəzifəsində mülki işçi təyin olunarkən və xidməti vəzifələrinin davamı olaraq eyni strukturda həqiqi hərbi xidmətə qəbul edilərkən qanunvericiliyin müddəaları mövcud olmadığından həmin müddətdə onun yüksək ixtisaslı mütəxəssislər sırasından seçilməsi barəsində qərar qəbul edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2134/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, işin materiallarına əlavə olunmuş ИТ-İ № ******* nömrəli əmək kitabçasından da göründüyü kimi iddiaçı xx.xx.1977-ci ildə Xüsusi bioloji cihazlar konstruktor bürosunda 18 nömrəli şöbəyə laborant vəzifəsinə qəbul olunmuş, xx.xx.1977ci ildə təhsili ilə bağlı işdən azad edilmişdir. Daha sonra, xx.xx.1983-cü il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına həkim-bakterioloq vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə Səhiyyə Nazirliyinin xx.xx.1984-cü il tarixli 181-k nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdə Respublika Sanitariya Epidemoloji Stansiyasına işə qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə rəhbərlik arasındakı razılaşmaya əsasən köçürmə yolu ilə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə işə qəbul edildiyi üçün işdən azad edilmişdir. İddiaçı xx.xx.1987-ci il tarixdə müəssisənin rəhbərlik arası razılaşmasına əsasən köçürmə yolu ilə Dövlət Təhlükəsizlik Komitəsinə həkim-epidemioloq qəbul edilmişdir. Daha sonra isə xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası ƏQM-in 36-cı maddəsinin 3-cü bəndinə (hərbi xidmətə qəbul olunması ilə əlaqədar) müvafiq olaraq işdən azad edilmiş, həmin tarixdən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. Qeyd olunanlardan göründüyü kimi iddiaçı xx.xx.1993-cü ildən həkim-epidemioloq kimi həqiqi hərbi xidmətə qəbul olunmuşdur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu 29 iyun 2004-cü il tarixində qüvvəyə minmiş, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004cü il 3 avqust tarixli 104 nömrəli Fərmanının 1.12-ci bəndinə əsasən Qanunun 20.8-ci maddəsində nəzərdə tutulmuş yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir və tapşırığın icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarı ilə “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydası” təsdiq edilmişdir. Bütün bu qanun və qaydaların qüvvəyə minməsi iddiaçının hərbi qulluqçu kimi xidmətə qəbulundan sonra xidmət illəri ərzində baş vermişdir. İddiaçı yuxarıda qeyd olunan qanunların tələbi ilə hərbi xidmətə qədər olan xx.xx.1983-xx.xx.1993-cü illərdəki əmək stajı müddətinin də xidmət illərinə daxil olunması, pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının tələbi təmin olunmamışdır. Belə ki, məhkəmənin əsaslandırmasına görə şəxsin yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunması kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kadr strukturları tərəfindən tərtib edilən və rəhbəri tərəfindən təsdiq edilən rəy əsasında həyata keçirilir. Yəni kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində olan ehtiyac nəzərə alınmaqla zərurət yaranan ixtisas və həmin ixtisasa uyğun gələn yüksək ixtisaslı mütəxəssislə bağlı kadr strukturları müvafiq rəy tərtib edir və təsdiq edilmək üçün rəhbərliyə təqdim edir. İddiaçı xx.xx.1987-ci il tarixdə Respublika Sanepidstansiya və Dövlət Təhlükəsizlik Xidmətinin (КГБ) rəhbərlikləri arasında olan razılığa əsasən köçürmə yolu ilə Dövlət Təhlükəsizlik Xidmətinə həkim epidemioloq qəbul edilsə də, onun yüksək ixtisaslı mütəxəssis kimi qəbul edilməsi barədə rəy mövcud olmamış, nə həmin dövrdə, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarı qəbul edildikdən sonra əvvəlki iş dövrü onun xidmət illərinə daxil edilməmiş, ona həmin xidmət illərinə görə əlavə ödənilməmişdir. Məhkəmənin istinad etmiş olduğu Nazirlər Kabinetinin müvafiq qaydalarına əsasən: - bənd 1. Bu Qayda yüksəkixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanmasını tənzimləyir. -bənd 2. Əməkdaşların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı iki günü bir gün hesablanmaqla pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə daxil edilir. - bənd 3. Hərbi qulluqçunun əmək stajının pensiya təyin edilməsi və əlavə faizin ödənilməsi üçün xidmət illərinə daxil edilməsi kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin kadr strukturları tərəfindən tərtib olunaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri tərəfindən təsdiq edilən rəy əsasında həyata keçirilir. Rəy iki nüsxədə hazırlanır - birinci nüsxə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin maliyyə orqanına təqdim olunur, ikinci nüsxə isə kadr strukturu tərəfindən hərbi qulluqçunun şəxsi işinə tikilir. - bənd 4. Əmək stajı və onun ayrı-ayrı müddətləri müəyyən edilmiş qaydada doldurulmuş əmək kitabçası (və ya rəsmi arayışlar) əsasında müəyyənləşdirilir. Qeyd olunanlardan da göründüyü kimi müvafiq Qaydaya əsasən rəy şəxsin yüksək ixtisaslı mütəxəssis seçilməsi barədə deyil, bu mütəxəssisə əlavə ödənişlərin olunmasına görə verilir. Nəzərə alınsa ki, bu qayda 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarı ilə təsdiqlənmişdir, iddiaçıya yüksək ixtisaslı mütəxəssis kimi əlavə ödənişlərin verilməsinə dair rəy verilməsi müddət baxımından mümkün deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsi 7-ci bəndi fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli Qərarında göstərilir: “Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununda, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda və başqa qanunvericilik aktlarında hərbi qulluqçuların hüquqları, vəzifələri və məsuliyyəti müəyyən edilmişdir. Bu qanunvericilik aktlarında hərbi qulluqçuların xüsusi statusu müəyyən edilmişdir. Göstərilən qanunlara uyğun olaraq hərbi qulluqçuların siyasi hüquqları və azadlıqları, şəxsiyyətin toxunulmazlığı, əmək, istirahət, sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi, təhsil, xidmət yerini dəyişdirmək, müavinətlər və başqa güzəştlər almaq və s. hüquqları vardır”. Həm Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə, həm də Konstitusiya Məhkəməsi tərəfindən həmin maddəyə verilmiş şərhə əsasən hazırki mübahisə üzrə iddiaçının işə qəbulu zamanı qüvvədə olmamış normativ aktların sonradan qəbulu nəticəsində iddiaçı hüquqlar - xidmət illərinə görə əlavələr əldə etdiyindən müvafiq normativ aktların geriyə qüvvəsi tətbiq olunmalı və cavabdeh tərəfindən bununla bağlı rəy verilməli idi. Buna baxmayaraq məhkəmə bütün bu sadalananları nəzərə almamış, iddia tələbini təmin etməmişdir və nəticə etibarilə qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2134/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalıdır. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apelyasiya şikayətinin məzmununa uyğun izahatlar verərək təmin edilməsini xahiş etmişdilər. Növbəti məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı tərəfə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram göndərərək səhhətində olan problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmiş, lakin xəstəliyi ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan iddiaçıya məxsus ИТ-İ №0207035 nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1977-ci ildə Xüsusi bioloji cihazlar konstruktor bürosunda 18 nömrəli şöbəyə laborant vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci ildə təhsili ilə bağlı işdən azad edilmişdir. Daha sonra, xx.xx.1983-cü il tarixdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına həkim-bakterioloq vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə Səhiyyə Nazirliyinin xx.xx.1984-cü il tarixli 181-k nömrəli əmri ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdə Respublika Sanitariya Epidemoloji Stansiyasına işə qəbul olunmuş, xx.xx.1987-ci il tarixdə rəhbərlik arasındakı razılaşmaya əsasən köçürmə yolu ilə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə işə qəbul edildiyi üçün işdən azad edilmişdir. İddiaçı xx.xx.1987-ci il tarixdə müəssisənin rəhbərlikarası razılaşmasına əsasən köçürmə yolu ilə Dövlət Təhlükəsizlik Komitəsinə həkim-epidemioloq qəbul edilmişdir. Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli, 239-12 nömrəli qanununa əsasən Dövlət Təhlükəsizlik Komitəsi Milli Təhlükəsizlik Nazirliyinə çevrilmişdir. İddiaçı xx.xx.1993cü il tarixdə AR ƏQM-in 36-cı maddəsinin 3-cü bəndinə (hərbi xidmətə qəbul olunması ilə əlaqədar) müvafiq olaraq işdən azad edilmiş, həmin tarixdən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı təhlükəsizlik orqanlarına hərbi xidmətə qəbulla bağlı təqdim etdiyi ərizə onun şəxsi arzusu əsasında hərbi xidmətə qəbul olunduğunu müəyyən edir. İddiaçı yüksək ixtisaslı mütəxəssislər sırasından DTX tərəfindən seçilməsi və əmək stajının sonrakı hərbi xidmət illərinə hesablanması barədə onun şəxsi işində hər hansı məlumat yoxdur. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə hərbi xidmətə qəbul edilənədək işlədiyi dövrün, yəni xx.xx.1983xx.xx.1993-cü illərdəki əmək stajının xidmət illərinə daxil edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəməyə ünvanlanan 27 mart 2024-cü il tarixli məktubdan görünür ki, analoji halla bağlı iddiaçı X1 Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddiası ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1479/2018 nömrəli 2018-ci il 20 iyun tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 aprel 2018-ci il tarixli 2-1(103)-991/2018 saylı qərarı ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Belə ki, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, qanunvericiliyin müddəaları nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunana qədərki əmək stajının xidmət illərinə hesablanması imperativ formada nəzərdə tutulmur və həmin stajın xidmət illərinə hesablanması mütləq deyil, müəyyən əsaslar olduğu təqdirdə həyata keçirilə bilər. Habelə, Qərarın Əsaslandırıcı hissəsinin 14-cü abzasında iddiaçının məhkəməyə mötəbər sübutlar təqdim etməməsi ilə bağlı İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tətbiqində səhvə yol verdiyi müəyyən olunmuş və 15-ci abzasında Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyü qeyd olunmuşdur. Bununla yanaşı məhkəmə kollegiyası hesab etmişdir ki, hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün iddiaçının xidmət illərinə hesablanmasına faktiki əsas müəyyən edilməmişdir. İddiaçının DTX-də saxlanılan şəxsi işində onun öz arzusu əsasında xidmətə qəbul olunduğu müəyyən edilmişdir. Onun bu iradəsi hərbi xidmətə qəbul olunduğu zaman təqdim etdiyi ərizəsi ilə sübuta yetirilir və onun yüksək ixtisaslı mütəxəssislər sırasından DTX-nin tələbi əsasında ayrılıb hərbi xidmətə qəbul olunması, əvvəlki əmək stajının sonrakı hərbi xidmət illərinə hesablanması barədə şəxsi işində hər hansı məlumat yoxdur. Göstərilənləri nəzərə alaraq, İddiaçı İbrahim oğlunun iddia predmetinə aid olmayan digər şəxslərin sənədlərinin sorğu edilməsi ilə bağlı tələbinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2134/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının qüvvədə saxlanılması xahiş edilmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.8ci maddəsinə əsasən yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablana bilər. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanının 1.12-ci bəndinə əsasən Qanunun 20.8-ci maddəsində nəzərdə tutulmuş yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması qaydasının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Həmin tapşırığın icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarı ilə “Yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydalara əsasən: - bənd 1. Bu Qayda yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunmuş hərbi qulluqçuların hərbi xidmətə qəbul olunana qədərki əmək stajının pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə hesablanmasını tənzimləyir. -bənd 2. Əməkdaşların hərbi xidmətə qəbul olunana qədərki əmək stajı iki günü bir gün hesablanmaqla pensiya təyin edilməsi və xidmət illərinə görə əlavə faizin ödənilməsi üçün onların xidmət illərinə daxil edilir. - bənd 3. Hərbi qulluqçunun əmək stajının pensiya təyin edilməsi və əlavə faizin ödənilməsi üçün xidmət illərinə daxil edilməsi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kadr strukturları tərəfindən tərtib olunaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri tərəfindən təsdiq edilən rəy əsasında həyata keçirilir. Rəy iki nüsxədə hazırlanır - birinci nüsxə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin maliyyə orqanına təqdim olunur, ikinci nüsxə isə kadr strukturu tərəfindən hərbi qulluqçunun şəxsi işinə tikilir. - bənd 4. Əmək stajı və onun ayrı-ayrı müddətləri müəyyən edilmiş qaydada doldurulmuş əmək kitabçası (və ya rəsmi arayışlar) əsasında müəyyənləşdirilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, şəxsin yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunması kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin kadr strukturları tərəfindən tərtib edilən və rəhbəri tərəfindən təsdiq edilən rəy əsasında həyata keçirilir. Yəni kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində olan ehtiyac nəzərə alınmaqla zərurət yaranan ixtisas və həmin ixtisasa uyğun gələn yüksək ixtisaslı mütəxəssislə bağlı kadr strukturları müvafiq rəy tərtib edir, təsdiq edilmək üçün rəhbərliyə təqdim edir. Rəhbərlik tərəfindən həmin rəy təsdiq edildiyi təqdirdə şəxs yüksək ixtisaslı mütəxəssis kimi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində xidmətə qəbul edilir və onun əmək kitabçasında xidmətə qəbul edilənədək olan əmək stajı iki günü bir gün hesablanmaqla şəxsin xidmət müddətinə daxil edilir. Bu tənzimləmənin məqsədi kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin fəaliyyətinə yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsinə təşviq etməkdir. Belə ki, əvvəlki xidmət müddətinin şəxsin xidmət illərinə daxil edilməsi ona əlavə təminatlar verir, bununla şəxsə həmin illərə görə əlavə faiz ödənilir, həmçinin həmin müddət nəzərə alınmaqla pensiya təyin edilməsi üçün əsas kimi çıxış edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında belə nəticəyə gəlmişdir ki, iddiaçının cavabdeh tərəfindən yüksək ixtisaslı mütəxəssislər sırasından seçilərək kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinə hərbi xidmətə qəbul olunması işin tədqiq edilən halları ilə müəyyən edilmədiyindən iddianın təmini üçün əsas mövcud deyildir, bu səbəbdən cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə ki, iddiaçı xx.xx.1987-ci il tarixdə Respublika Sanepidstansiya və Dövlət Təhlükəsizlik Xidmətinin (КГБ) rəhbərlikləri arasında olan razılığa əsasən köçürmə yolu ilə Dövlət Təhlükəsizlik Xidmətinə həkim-epidemioloq qəbul edilsə də, onun yüksək ixtisaslı mütəxəssis kimi qəbul edilməsi barədə rəy mövcud olmamış, nə həmin dövrdə, nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 1 iyul tarixli 124 nömrəli qərarı qəbul edildikdən sonra əvvəlki iş dövrü onun xidmət illərinə daxil edilməmiş, ona həmin xidmət illərinə görə əlavə ödənilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iddia ərizəsində göstərilənlərlə üst-üstə düşür. Bu səbəbdən də, Kollegiya birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və qəbul edilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75, 81 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2134/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-507/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-507/2024
28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver