Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5070/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sənan oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “gözdən əlil şəxs kimi mənzillə təmin edilmə” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3419/2023 nömrəli, 31 oktyabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3419/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492S saylı Sərəncamına əsasən mənzillə təmin edilmə öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-527/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3419/2023 saylı 24 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmiş, İddiaçı İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin edilmə öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulmuşdur. İş Bakı İnzibati Məhkəməsinə qaytarıldıqdan sonra Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-527/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəsini aldığından icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə göndərilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qərarın icrası ilə əlaqədar məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3419/2023 nömrəli, 31 oktyabr 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda həmin qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad qanuni və əsaslı deyil. Ona görə də qərardad apellyasiya məhkəməsi tərəfindən ləğv edilməli və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməlidir. Bakı İnzibati Məhkəməsinin qərardadında Azərbaycan Respublikası İPM-nin, “İcra haqqında” Qanunun, “Məhkəmələr və hakimlər haqqında” Qanunun müvafiq maddələrinə istinad olunaraq, məhkəmə aktlarının qanuni qüvvəyə mindikdən sonra icra edilməli olduğu əsaslandırılmışdır. Bundan başqa, inzibati orqana qarşı cərimə və təkrar cərimə təyin edilməsinə baxmayaraq, inzibati orqan tərəfindən yenə də icranın təmin edilməsi üçün real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, məhkəmə bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməli olduğu da göstərilir. Daha sonra qərardadda cavabdehin üzərinə qoyulmuş öhdəliyin xüsusiyyətlərinin nəzərə alınmalı olduğunu, Bakı Apellyasiya Məhkəməsinin qərarının nəticə hissəsində iddiaçıya İ qrup gözdən əlil kimi mənzilin növbədənkənar yox, müvafiq növbəlilik qaydasında verilməli olduğunu, cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubu nəzərə almaqla iddiaçının ərizəsinin təmin edilməməsi nəticəsinə gəlinmişdir ki, bu da qərardadın ziddiyyətli olduğunu göstərir. Guya cavabdehin balasında mənzil olmadığı və iddiaçının növbəsinin çatmadığı üçün iddiaçı mənzillə təmin edilməmişdir, guya növbəlilik qaydasının pozulması halı müəyyən edilməmişdir, növbənin gözlənilmədiyinə dair məhkəməyə hər hansı mötəbər məlumat təqdim edilməmişdir. Ona görə də məhkəmə qərarın icra edilməməsinə görə hər hansı cərimə və ya digər məcburi icra tədbirinin həyata keçirilməsinə ehtiyac olmadığı nəticəsinə gəlmişdir. Bu nəticə tamamilə yanlışdır, işin hallarına uyğun deyil, qeyri-qanuni və əsassızdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-527/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s saylı sərəncamına əsasən müvafiq növbəlilik qaydasında mənzillə təmin edilmə öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubda Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 2-1(103)-527/2024 nömrəli qərarının icrası çərçivəsində İddiaçı mənzilin verilməsinin nəzərdə tutulması, Nazirliyin balansına mənzillər veriləcəyi təqdirdə Bakı Apellyasiya Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərarına əsasən İddiaçı mənzil təminatının növbəlik qaydasında həyata keçiriləcəyi bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda İddiaçı xx.xx.2025-ci il tarixində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən Agentliyə təqdim edilmiş gözdən əlilliyi müəyyən edilmiş şəxslərin növbəlilik siyahısında 8-ci sırada olduğu, hazırda Nazirliyin balansında mənzil olmadığından həmin siyahı üzrə növbəyə götürülmüş şəxslərin xx.xx.2024-cü il tarixdən sonra mənzil təminatının həyata keçirilmədiyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş Yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə dayanan imtiyazlı şəxslərin siyahısından görünür ki, İddiaçı siyahıda 8-ci sırada göstərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərarı:
2. İPM-in 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə isə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəaları tətbiq olunur. Sözügedən normaların mənasına görə inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının icrası ilk növbədə İPMdə təsbit edilmiş müddəalar rəhbər tutulmaqla həyata keçirilməlidir. Bununla yanaşı, bir sıra hallarda məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM), eləcə də “İnzibati icraat haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası qanunlarının müvafiq müddəalarının tətbiqi də mümkün və zəruridir.
6. İPM-in 3.1 və 3.2-ci maddələrinə görə inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Bu Məcəllənin XV, XVİ, XVİİ, XVİİİ, XVİİİ-İ, XİX fəsillərində nəzərdə tutulmuş mübahisələrə (ərizələrə) dair iddialara birinci instansiya məhkəməsi qismində Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 116.2 və 118.2-ci maddələrində isə təsbit edilmişdir ki, məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. İcranın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirildiyi hallarda, birinci instansiya məhkəməsində mübahisə ilə bağlı işə baxan hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim icra orqanı sayılır. Sözügedən normaların mənasına əsasən məhkəmə qərarlarının icrası məhz birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr tərəfindən təmin edilməlidir. Odur ki, apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə məhkəmə qərarının icrası həmin məhkəmələr tərəfindən təmin olunmalıdır. İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apellyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir. Müvafiq olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi və ya icraat materiallarının (apellyasiya və kassasiya şikayəti verilmiş işlər üzrə) məhkəməyə daxil olduğu gündən sonra birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmələr təxirə salınmadan məhkəmə qərarının icrasını təmin etməyə yönəlmiş vəzifələrini həyata keçirməlidirlər. Bu, həmin məhkəmələrin xidməti vəzifəsinə görə (ex officio) yerinə yetirməli olduğu borcunu təşkil edir.
7. Qanunvericilikdə müəyyənləşdirilmiş ümumi prinsipə görə məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir. Ona görə də, məhkəmələr icranı təmin etməyə yönəlmiş hərəkətlərə başlamadan əvvəl məhkəmə aktının formal-hüquqi baxımdan qanuni qüvvəyə mindiyini dəqiq müəyyən etməlidir. Qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının icrasına yalnız qanunda məhkəmə aktının dərhal (təxirə salınmadan) icrasının nəzərdə tutulduğu hallarda yol verilir.
28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 79.1. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. 79.2. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. 116.1. Bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. 116.2. Məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-527/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı qanuni qüvvəyə minmiş və icra edilməsi üçün cavabdehə göndərilmişdir. Hazırda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək qeyd olunan qərarın cavabdeh tərəfindən icra edilmədiyini bildirməklə qərarın icra olunması ilə əlaqədar qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülməsini xahiş edir. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, qeyd olunan məhkəmə qərarı ilə iddiaçının İ dərəcə gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində növbəlilik qaydasında mənzillə təmin edilmə öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur, yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə dayanan imtiyazlı şəxslərin siyahısında isə iddiaçı 8-ci sıradadır və iddiaçının mənzil təminatı növbəlilik qaydasında həyata keçiriləcəkdir. Hazırda isə iddiaçının növbəsi çatmamışdır, öz növbəsində cavabdeh tərəfindən növbəlilik qaydasının pozulması, növbəlilik qaydasının pozulmasına yönələn hərəkətlərin edilməsi halları müəyyən edilməmişdir və növbəlilik qaydasının gözlənilmədiyinə dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı məhkəmə qərarının cavabdeh tərəfindən icra edilmədiyi üçün qərarın icrasının təmin olunması ilə əlaqədar məcburi icra tədbirlərinin görülməsini xahiş etsə də, hazırki halda cavabdeh tərəfindən qərarın icra edilməməsi, qərarın icrasından yayınma halları müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3419/2023 nömrəli, 31 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.