Məhkəmə qərarları › İş №2-1(103)-5073/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5073/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5073/2025 26.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əkbərov Kamran Hüseyn oğlunun sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlundan və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2 cəlb edilməklə) “çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14612/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında, “A” tikilisində yerləşən 57,7 kv.m sahəsi olan 5 saylı otağa şamil edilən X1 adına rəsmiləşdirilmiş 21.6 kv.m. sahəyə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

2. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14612/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

3. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

III. Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir.

IV. Tərəflərin izahatları:

5. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPM –nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

6. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etdi.

V. Məhkəmənin mövqeyi

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir.

8. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.

9. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.

10. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.

11. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2)

12. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5)

13. Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6)

14. Sadalanan normalardan görünür ki, iddiaçı buraxılmış prosessual müddətin bərpasına dair “ərizə” ilə müraciət etməli, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır.

15. Hazırda iddiaçı apellyasiya şikayəti ilə birlikdə buraxılmış prosessual müddətin bərpasına dair ərizəsini məhkəməyə təqdim etməmişdir.

16. İş materiallarından göründüyü kimi Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərardadı xx.xx.2025-ci il tarixdə iddiaçının “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan şəxsi kabinetinə yerləşdirilmiş, iddiaçı isə yalnız xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir.

17. Beləliklə, iddiaçı qərardadı aldıqdan təqribən 12 günə yaxın müddətdən sonra apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

18. Qeyd edilən halları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14612/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir.

Nəticə hissəsi

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.4, 89, 90.1-90.2 və 94.1- ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-14612/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar