Məhkəmə qərarları › İş №2-1(103)-5075/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5075/2025

05.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5075/2025 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması ilə bağlı Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisinin adına raport yazaraq müraciət eləsə də, təmin edilməmişdir. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ##.##.2025-ci il tarixli raportuna əsasən iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakultəsinə daxil olmuşdur. Təhsil müddətinin (6 ilin) 4 ilini mülki tələbə kimi oxumuşdur. 2013-cü il tarixindən təhsilini Hərbi tibb fakültəsində kursant kimi davam etdirmişdir. ##.##.2015-ci ildən R rütbəsini alıb, zabit kimi Silahlı Qüvvələrdə xidmət etmişdir. ## ###### 2025-ci il tarixdə onun zabit kimi xidmətinin 10 ili başa çatır. Bununla bağlı 2 ay qabaqcadan qanunvericiliyə əsasən raportla yuxarı komandanlığa müraciət etmişdir. Həmin raportuna əsasən onunla əlaqədar (ehtiyata buraxılmağına hazırlıqla bağlı) müəyyən işlər görülməli, sənədlər göndərilməli, cavablar alınmalı idi. Raportunun icrası ilə əlaqədar aparılan işlər barədə onun özü də məlumatlandırılmalı idi. Belə ki, 10 ilinin tamamında onun ehtiyata buraxılmağı təxirə salınmadan qanunvericiliyə uyğun olaraq həyata keçirilməlidir. Lakin əfsuslar olsun ki, raportunun verilməsinə və üzərindən xeyli müddət keçməyinə baxmayaraq onun ehtiyata buraxılmağı ilə əlaqədar heç bir iş (tədbir) aparılmamışdır. İddiaçı ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-ci maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisinin adına raport yazaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndində (öz arzusu ilə) əsasən ordu sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Həmin raportuna şifahi olaraq imtina cavabı verilmişdir. İmtina əsassız və qanunsuz hesab olunur. Belə ki, iddiaçının zabit kimi xidmət ilinin 10 illiyində o, ehtiyata buraxılmağını yazılı şəkildə bəyan edirsə, qanunvericiliyin tələblərinə əsasən heç bir bəhanə gətirilmədən o, tərxis olunmalıdır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı İddiaçı ## ######## 2009-cu il tarixdən ## ###### 2015-ci il tarixədək Türkiyə Respublikası Gülhanə Hərbi Tibb Akademiyasında kursant kimi təhsilini davam etdirmiş, ## ###### 2016-cı il tarixdən ## ##### 2016-cı il tarixədək Azərbaycan Ordusu sıralarında N nömrəli hərbi hissənin Tibb məntəqəsinin rəisi vəzifəsində R hərbi rütbəsində xidmətə başlamış və rezidentura təhsilinə qədər ordu sıralarında zabit kimi xidmətdə olmuşdur. Bundan sonra iddiaçı İddiaçı ## ##### 2016-cı il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və ## ####### 2020-ci il tarixdə təhsilini bitirərək müvafiq əmrə əsasən N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş və ## #### 2021-ci il tarixdə tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında xidmətini davam etdirir. İddiaçı iddia ərizəsində 2015-ci il tarixdən R hərbi rütbəsində Azərbaycan Ordusunda xidmətə başladığı və 2025-ci il tarixdə onun 10 il zabit kimi xidməti olduğunu göstərək 2025-ci ilin iyul tarixdə ehtiyata buraxılması üçün komandanlığa müraciət etməsini qeyd etmiş, lakin sonradan müraciətindən xeyli müddət keçməsinə baxmayaraq heç bir tədbir görülmədiyindən məhkəməyə müraciət etməsini göstərmişdir. Bildirilir ki, “Hərbi qulluqçuların statusu haqqında”, Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında ## ###### 2023-cü il tarixdə dəyişiklik edilmiş və ## ###### 2024-cü il tarixdə qüvvəyə minmiş, belə ki həmin Qanununun 2.4.2-ci yarımbəndinə “Qeyd” hissəsi əlavə edilmiş və orada “Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.” göstərilmişdir. Yəni iddiaçı İddiaçı ## ##### 2016-cı il tarixdə rezidentura təhsilinə qəbul edilmiş və ## ####### 2020-ci il tarixdə təhsilini bitirmiş buda onu göstərir ki, iddiaçı 4 il 6 ay müddətində rezidentura təhsildə olmuş və onun 10 il zabit kimi Azərbaycan Ordusunda xidməti olmamış, belə ki, onun hal-hazırda Azərbaycan Ordusunda zabit kimi xidməti 5 il 6 ay təşkil edir və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə ehtiyata buraxılması üçün yuxarı komandanlığa müraciəti əsassızdır belə ki, onun 10 il zabit kimi Azərbaycan Ordusundan tərxis olunması hüququnu əldə etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarın heç bir hissəsində iddiaçının kadr zabit kimi xidmətinin 2015-ci il tarixdə başlanılmasına dair qeydlər edilməyib. Sanki 2016-cı ildən xidmətə başlamışdır. Bu hal isə qərarı oxuyan şəxsdə yalnış təəssürat yarada bilər. Onun kadr zabit kimi xidmət illəri 2015-ci ildə başlamışdır. Rezidentura təhsili isə 2021-ci il tarixdə yekunlaşmışdır. Qanundakı dəyişiklik isə 2024-cü ilin yanvar ayında qüvvəyə minmişdi. Əvvəlki qanunda hətta xidmətin 5-ci ilindən sonra da ehtiyata buraxılma imkanı barədə 15-ci maddə mövcud olmuşdur. Qərarda 2024-cü ilin yanvar ayında qüvvəyə minmiş “Hərbi qulluqçuların xidmət keçməsi haqqında Əsasnamə”nin müvafiq maddələrinə istinad edilmişdir. Lakin bu yanaşma hüquqi baxımdan əsassızdır. Çünki tələbinə dair münasibətlər — o cümlədən hərbi zabit kimi xidmətə başlama tarixi, həmin dövrdə üzərinə düşən öhdəliklərin formalaşması, eləcə də rezidentura təhsilinin başlanma və bitmə müddətləri — tamamilə əvvəlki normativ-hüquqi aktların qüvvədə olduğu dövrə aiddir. Bir sözlə, mübahisələndirilən hüquqi vəziyyətin mahiyyəti 2024-cü il dəyişiklikləri ilə deyil, hadisələrin baş verdiyi dövrdə qüvvədə olmuş normativ bazanın müddəaları ilə qiymətləndirilməlidir. Rezidentura təhsili aldığı dövrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd edilən hərbi xidmət vəzifələrini, hərbi qulluqçu kimi malik olmalı olduğu hərbi intizama, yüksək şüurluluq və vətənpərvərlik borclarımı, o cümlədən hərbi vəzifələrin əksəriyyətini (27.1.1. döyüş əməliyyatlarında iştirak, 27.1.3. daxili xidmət naryadları, qarnizon növbələri, 27.1.4. təlimlərdə iştirak, 17.1.5. verilmiş əmr sərəncamların yerinə yetirilməsi, 27.1.9. toplanışlarda iştirak, 27.1.10. hərbi xidmət yerinə getmək) icra etmişdir. Bu hal da təhsil dövrünün xidmət dövründən çox da fərqlənmədiyini göstərir. Həmçinin qanunla müəyyən edilmiş 10 illik xidmət müddətində yüksək keyfiyyətli xidmət aparmağı, 10 illik qüsursuz medalla təltif edilməyi, Vətən Müharibəsində peşəkarlıqla və vicdanla xidmət etməyi də nəzərə alınmalıdır. Məhkəmə qərarda göstərir ki, qanuna edilmiş dəyişiklik ##.##.2023cü il tarixdə qəbul edilmiş və ##.##.2024-cü il tarixdən qüvvəyə minmişdir. Bu isə hüququn ən elementar prinsiplərindən biri olan qaydaların yalnız qüvvəyə mindikdən sonra yaranan münasibətlərə tətbiq edilməsi prinsipini özü-özlüyündə təsdiq edir. Yəni, sözügedən dəyişiklik yalnız ##.##.2024-cü il tarixindən sonrakı dövrdə yaranmış hüquqi münasibətlərə şamil edilə bilər. Lakin məhkəmə bundan irəli gələn nəticəni təhrif edərək, yalnız 10 illik müddətin başa çatdığı müddətə istinad etmiş və bunun əsasında “mübahisəyə həmin tarixdə qüvvədə olan qanunvericilik norması tətbiq edilməlidir” qənaətinə gəlib. Qanunvericiliyə edilən dəyişiklik “xidmət müddətinin 10 il olaraq saxlanılması ilə yanaşı, xidmət dövründə təhsil müddətinin həmin dövrə daxil edilməməsi” məsələsini tənzimləyir. Yəni dəyişiklik raportun nə vaxt yazılması ilə deyil, xidmətin və təhsilin hansı tarixlərdə həyata keçirilməsi ilə bağlıdır. Bu isə həmin normanın raport yazılma tarixinə görə tətbiq edilməsini hüquqi cəhətdən tamamilə istisna edir. Hərbi xidmətə başlama tarixi, rezidenturaya başlama və rezidenturanı bitirdiyi tarix — bütün bu mərhələlər qanunvericilikdə dəyişiklik edilməzdən əvvəlki dövrə düşür. Buna görə də bu münasibətlər “sonradan qüvvəyə minmiş” yeni normativ aktla deyil, həmin dövrdə qüvvədə olan qaydalarla qiymətləndirilməlidir. Başqa sözlə, məhkəmə tərəfindən tətbiq edilən hüquqi yanaşma həm zaman baxımından uyğunsuzdur, həm də qanunun geriyə şamil edilməməsi prinsipini pozur. Bundan başqa hakim 2024-cü ildən əvvəlki dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuların xidmət keçməsi haqqında Əsasnamə”nin 15-ci maddəsinə əsasən 5 il xidmətilə əlaqədar ehtiyata buraxılmaq hüququnun 2020-ci il tarixdə yaranması halına dair münasibət bildirməmişdir. Həmçinin yeni qanunvericiliyə edilmiş dəyişikliklərin tətbiqi zamanı bəzi hərbi qulluqçulara (ehtiyata buraxılan) güzəştlərin (3 illik güzəştlə bağlı keçici müddəa) tətbiq edildiyi, bəzilərinə isə eyni hüquqi vəziyyətdə olmalarına baxmayaraq hansı hüquqi rejimin tətbiq ediləcəyi barədə aydın göstərişin verilməməsi (hüquqi qeyri-müəyyənliyin saxlanılması) barədə yazılı müraciətinə dair Qərarında münasibət bildirməmişdir. Cavabdeh qurum naməlum seçim üsulu ilə hərbi həkim zabitlərə qarşı müxtəlif mövqe sərqiləyir. İstədiyi şəxsi ehtiyata buraxır. İstədiyinə qarşı “hüquqi yolla” əsassız etiraz və s. sənədlər təqdim etməklə, işin həllinə hər cür maneəçilik və süründürməçilik hallarına yol verir. Bəzən də apellyasiya şikayəti verir. Bu seçimləri hansı meyarlara əsasən həyata keçirməsi sual doğurur. Göz önündə olan isə - “İnzibati İcraat Haqqında Qanun”un 12 ci maddəsinin bəndlərinin ("bərabərlik prinsipi") kobud şəkildə pozulmasıdır. Bununla da şəxslərin (hərbi həkim zabitlərin) Konstitusiyaya əsasən qadağan edilmiş məcburi əmək şəraitində xidmət göstərmələrinə şərait yaradılır. Bundan başqa bununla Dövlət Büdcəsinə zərər vurulur. Baxmayaraq ki, bu zabitlər qanunla onlara verilən müddət ərzində öz vəzifə öhdəliklərini şərəflə, vicdanla yerinə yetirmişlər. Vətən Müharibəsində iştirak etmişlər. Hazırkı dönəmdə isə onlara qarşı hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunun geriyə qüvvəsinin (retroaktiv tətbiq) tətbiq edilməsinə cəhdlər edilir. Ağırlığı artıran, yeni öhdəlik yaradan, vəzifəni ağırlaşdıran norma keçmiş dövrə şamil edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, təhsil aldığı dövrdə də hərbi xidmətdə qalmışdır. Təhsil müddətində xidmətdən ayrılmamışdır. Rütbə dərəcəsi artırılıb, növbətçilik əsasında xidmətə çıxmışdır. Ona 10 il qüsursuz xidmətlə bağlı medal verilib. Xidmətdən ayrılmadan təhsil almaq isə stajın artırılması üçün əsas ola bilməz. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi vəsiqədən görünür ki, ##.##.1992-ci il təvəllüdlü İddiaçı Müdafiə nazirnin ##.##.2015-ci il tarixli **** nömrəli əmri ilə “R” hərbi rütbəsi verilmiş, Müdafiə nazirinin müavini-baş direktorunun ##.##.2025-ci il tarixli əmri ilə “tibb xidmət Ru” hərbi rütbəsi verilmişdir. O, ##.##.2023-cü il tarixli əmr ilə baş ordinator təyin olunmuşdur; MN Baş Klinik Hospitalı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, R İddiaçı ##.##.2009-cu il tarixdən Azərbaycan Ordusunda, ##.##.2021-ci il tarixdən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həqiqi hərbi xidmətdə olmuşdur; Raportdan görünür ki, İddiaçı 156-cı maddənin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandalıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Müdafiə Nazirliyinin ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk zabit hərbi rütbəsi almış Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanında zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan, bu Qanunun 36.1.4-cü maddəsində göstərilən vətəndaşlar birbaşa kadr zabit heyətinə keçirilirlər. Müddəanın tələbinə müvafiq olaraq, qeyd olunan şəxslə bağlaşma imzalanmamışdır. Eyni zamanda bildirilir ki, analoji inzibati işlər üzrə məhkəmə təcrübəsi (iddiaçı X2 iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2026-cı il tarixli 2-1 (***)-****/**** nömrəli qərarı) formalaşmış, “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməklə # ###### 2014-cü il tarixədək ilk zabit hərbi rütbəsi almış şəxslərə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinin şamil olunmamasına dair hüquqi mövqe yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 98. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə minməsi Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Maddə 149. Normativ hüquqi aktlar İ. Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. VII. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. VIII. Normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu: Maddə 85. Normativ hüquqi aktların qüvvəyə minməsi 85.1. Qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. 85.2. X4 85.1-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda X3 Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Həqiqi hərbi qulluqçuların hərbi xidmətdən buraxılmaq hüququ Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində on illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 27. Hərbi xidmət vəzifələrinin icrası 27.1. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər aşağıdakı hallarda hərbi xidmət vəzifələrinin icrasında sayılırlar: 27.1.1. döyüş əməliyyatlarında iştirak edərkən; 27.1.2. hərbi vəziyyət dövründə, yaxud silahlı münaqişələr zamanı müəyyən edilmiş vəzifələri yerinə yetirərkən; 27.1.3. döyüş növbəsini (döyüş xidmətini) apararkən, daxili xidmət naryadlarında, qarovulda və qarnizon növbələrində olarkən; 27.1.4. təlimlərdə və təlimlə bağlı səfərlərdə iştirak edərkən; 27.1.5. vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən; 27.1.6. günün nizam qaydaları ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən; 27.1.7. ezamiyyətdə olarkən; 27.1.8. müalicədə olarkən və müalicə yerinə gedib-gələrkən; 27.1.9. toplanışlar keçərkən; 27.1.10. hərbi xidmət yerinə gedib-gələrkən; 27.1.11. əsirlikdə olarkən (düşmən tərəfinə könüllü keçmə hallarından başqa); 27.1.12. xidməti vəzifəsini icra edərkən xəbərsiz itkin düşdükdə – şəxs qanunla müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilənədək; 27.1.13. vətəndaşların həyat və sağlamlıqlarını, şərəf və ləyaqətini müdafiə edərkən; 27.1.14. insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qayda-qanunun, ictimai təhlükəsizlik və ictimai qaydanın qorunub saxlanılması işində dövlət orqanlarının əməkdaşlarına köməklik göstərərkən; Maddə 37. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.1. Müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. 40.2. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. 40.3. Zabitlər, Rlər və Rlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: (-) 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir. Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli, ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: (-) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər;

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.3. Bu Qaydaların məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 1.3.1. rezidentura - tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkimmütəxəssis hazırlığının forması; 3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla müvafiq təhsil proqramları ilə müəyyən edilir. 4.1. Rezidenturada təhsil əyani formada həyata keçirilir.

“Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” ## ###### 2023-cü il, 1074 VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı (Dərc olunma tarixi: ##.##.2024), Azərbaycan Qəzeti (Dərc olunma tarixi: ##.##.2024, Nəşr nömrəsi: 35), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: ##.##.2024, Nəşr nömrəsi: 2, Maddə nömrəsi: 137): Maddə 1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 1.2. 18-ci maddənin 1-ci hissəsinin ikinci abzasında “beş” sözü “on” sözü ilə əvəz edilsin. Maddə 2. Azərbaycan Respublikasının 1997-ci il # ####### tarixli ***-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 2.2. 15-ci maddənin birinci hissəsinin səkkizinci abzasında “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin və həmin abzasa “etmiş” sözündən sonra “kadr” sözü əlavə edilsin; 2.4. 156-cı maddə üzrə: 2.4.1. birinci hissənin “j” bəndinə “etmiş” sözündən sonra “kadr” sözü əlavə edilsin; 2.4.2. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin: “Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzasında və bu maddənin birinci hissəsinin “j” bəndində nəzərdə tutulmuş müddətlərə daxil edilmir.” Maddə 4. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 4.1. 39.1.2-ci maddədə “45” rəqəmləri “48” rəqəmləri ilə əvəz edilsin; 4.2. 41-ci maddəyə aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin: “Qeyd: Zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin (xarici ölkələrin analoji ali təhsil müəssisələrinin) magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti (bir ildən çox olduqda) bu Qanunun 41.0.9-cu maddəsində nəzərdə tutulmuş müddətə daxil edilmir.”; Maddə 6. Bu Qanun 2024-cü il ######ın #-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Qanunların geriyə qüvvəsi olmaması prinsipini (Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi) nəzərə alsaq, yeni tənzimləmənin iddiaçının formalaşmış hüquqi vəziyyətinə təsir etməməsi yalnız o halda mümkündür ki, iddiaçının ##.##.2024-cü il tarixinədək faktiki olaraq 10 ildən artıq hərbi xidmət keçməsi müəyyən olunsun. Lakin mövcud vəziyyətdə, iddiaçının ##.##.2024-cü il tarixinədək, rezidentura təhsili daxil olmaqla, keçirdiyi hərbi xidmət müddəti 10 ildən azdır. İddiaçının rezidentura təhsili daxil olmaqla keçirdiyi hərbi xidmət müddətinin 10 ili ##.##.2024-cü ildən sonra tamamlanır. Bu dövrdən sonra, yeni normativ tənzimləmə qüvvəyə minmişdir və həmin tənzimləməyə əsasən rezidentura təhsilinin hərbi xidmət müddətinə daxil edilməsi istisna olunmuşdur. Mövcud vəziyyətdə iddiaçının 10 il hərbi xidmət müddətinin tamamlanması əsası ilə ehtiyata buraxılması mümkün deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşdə olan materiallardan görünür ki, iddiaçı İddiaçı ##.##.2015-ci il tarixdən ona ilkin “Tibb xidməti Rı” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş, ##.##.2016-cı il tarixdən ##.##.2020-ci il tarixədək rezidentura təhsili almış, ##.##.2025-ci il tarixdə raportla komandanlığa müraciət edərək "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarına tətbiq etdikdə, yeni qanunun (maddi hüquq normalarına dəyişiklik etdiyi nəzərə alınaraq və yeni qanunun dərhal tətbiqi prinsipinə əsasən) zaman baxımından tətbiqi qaydası belə müəyyən edilməlidir: əgər şəxs yeni qanunun rəsmi dərc edildiyi ## ###### 2024-cü ilə qədər həmin tarixədək qüvvədə olan köhnə qanunun şərtlərini (10 illik hərbi xidmət müddətini) tam ödəyirsə, hüquqi statusunun yaratdığı nəticədən yararlana bilər. Əgər həmin tarixədək ödəmirsə (faktiki tərkib hələ tamamlanmayıbsa), statusunun gələcəkdə yaratdığı nəticələr (təsirlər) yeni qanunla tənzimlənir. Bu meyarlara əsasən hazırkı işlə bağlı məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçı R hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə ##.##.2015-ci il tarixdə qəbul edilmişdir. Əgər qanunvericilik dəyişməsəydi belə, onun vaxtından əvvəl öz arzusu ilə ehtiyata buraxılması üçün tələb olunan 10 illik xidmət müddəti ##.##.2025-ci il tarixində tamamlanacaqdı. Yəni, iddiaçı ağırlaşdırıcı şərtlər müəyyən edən yeni qanunun (Dəyişikliklər haqqında Qanunun) qüvvəyə mindiyi ## ###### 2024-cü il tarixinə qədər qüvvədə olan əvvəlki qanunvericiliyin şərtlərini hələ tam ödəməmişdi, həmin vaxt onun xidmət müddəti 10 ildən az idi və müvafiq olaraq bu imtiyazdan istifadə etmək hüququ yaranmamışdır. ## ###### 2024-cü il tarixdən sonra qüvvədə olan Dəyişikliklər haqqında Qanuna əsasən iddiaçıya münasibətdə onun rezidenturada əyani təhsil aldığı müddət zabit heyəti vəzifələrində tələb olunan 10 illik xidmət müddətinə daxil edilmir. Belə olan halda iddiaçının müraciət etdiyi vaxt onun rezidenturada təhsil aldığı müddət çıxıldıqda zabit heyəti vəzifələrində xidmət müddəti təqvim hesabı ilə 10 ildən azdır və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 41.0.9-cu maddəsi və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 15-ci maddəsinin birinci hissəsinin səkkizinci abzası və 156-cı maddəsinin “j” bəndinin ## ###### 2024-cü ildən qüvvədə olan redaksiyasına uyğun olaraq iddiaçının tələbinin təmin edilməsi mümkün deyil. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, hazırkı məhkəmə qərarının tərtib edildiyi tarixə rezidentura təhsili almış hərbi qulluqçunun öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair oxşar mübahisə ilə bağlı digər iş üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(1-8)-****/**** №-li iş üzrə ##.##.2026-cı il tarixli Qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. İddiaçı tərəfin apellyasiya şikayətinin “qazanılmış hüquq”, “10 illik hərbi xidmətinə görə "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilməsi”, “hərbi zabit kimi 5 il xidmətdən sonra ehtiyata buraxılmalı olması”, “eyni hüquqi və faktiki vəziyyətdə olan bir neçə hərbi həkim-zabitlərin 2024-cü ildən sonra ehtiyata buraxılması halları” və digər dəlillərinə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının 2-1(1-8)-****/**** №-li iş üzrə ##.##.2026-cı il tarixli Qərarında oxşar iş üzrə ətraflı izahlar verildiyindən qeyd edilənlərin təkrarlanmasına lüzum yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Həmid Ağalarov Hakimlər Rəşid Səmədov Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar