Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-508/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X3 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz sayılaraq ləğv edilməsi, iddiaçıya və ailə üzvlərinə qaçqın statusunun verilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 5892/2020 saylı qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5892/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməmişdir (hakim R.Kərimli). Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: X4 cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin İQ-64/4 saylı xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarın ləğv edilməsi, cavabdehin üzrəinə iddiaçının xx.xx.2020-ci il tarixli vəsatətinin təmin edilərək, ona və ailə üzvlərinə qaçqın statusu verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı x xxxxx 2020-ci il tarixli qərardan inzibati şikayət vermiş, onun şikayəti AR Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2020-ci il tarixli 166 saylı qərarı ilə rədd edilmişdir. Ərizədə iddianın dəyişdirilərək «cavabdehin x xxxxx 2020-ci il tarixli İQ-64/4 saylı və xx xxxxxx 2020-ci il tarixli 166 saylı qərarının qanunsuz sayılaraq ləğv edilməsi və iddiaçıya ailə üzvləri ilə birlikdə qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qismən qəbul etmiş, dəyişdirilmənin «cavabdehin xx xxxxxx 2020-ci il 166 saylı qərarının qanunsuz sayılaraq ləğv edilməsi» hissəsində qəbulundan imtina etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı sığınacaq vəsatəti ilə hazırkı cavabdehə müraciət etmişdir. Vəsatət 04-2020 nömrə ilə qeydiyyata alınmışdır. Cavabdehin onunla apardığı müsahibə zamanı iddiaçı bildirmişdir ki, milliyyətcə hazara, dini etiqadına görə müsəlmandır. X2 vilayətinin Kolexis kəndində doğulmuşdur. 1994-cü ildə məktəbin 1-ci sinifinə getmiş, 2004-cü ildə orta təhsilini bitirmişdir. 2007-ci ildə Kabulda ingilis dili kurslarına getmiş, 2014 – 2016-cı illərdə “Razi” özəl Universitetinin feldşer ixtisası üzrə bitirmiş və xəstəxanada işləmişdir. X5 isə, x xxxxxx 1995-ci il tarixdə doğulmuş, maddi imkanı olmadığından ali təhsil ala bilməmiş, xalça toxuculuğu ilə məşğul olmuş, işsizlik və Əfqanıstanda qeyri-stabillik vəziyyətindən, baş verən partlayışlardan təhlükəsizliyini təmin etmək üçün ailəsi ilə birlikdə Azərbaycana gəlmişlər və bir daha Əfqanıstana qayıtmaq istəmirlər. x xxxxx 2020-ci il tarixdə AR Dövlət Miqrasiya Xidməti İQ64/4 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd etmişdir. Xidmət qərarını onunla əsaslandırmışdır ki, iddiaçının sığınacaq üçün əsasları mövcud deyil. Hazırkı işə beynəlxalq hüquq normaları, daxili qanunvericilik, eləcə də “yumşaq hüquq” normaları tətbiq edilməlidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz hissəsidir. Hazırkı işə tətbiq edilməli beynəlxalq müqavilə – BMT Baş Məclisinin xx xxxx 1951-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Konvensiyası və xx xxxxxx 1967-ci il tarixli qətnaməsi ilə qəbul edilmiş «Qaçqınların statusu haqqında» Protokoludur. Azərbaycan Respublikası Ali Sovetinin (Milli Məclisinin) x xxxxxx 1992-ci il tarixli 402 saylı qərarı ilə 1951-ci il Konvensiyası / 1967-ci il Protokoluna qoşulmuşdur (xx xxxxxx 1993-cü il tarixdən qüvvədədir). Hazırkı işə tətbiq edilməli daxili qanunvericilik maddi və prosessual hüquq normalarına bölünür. Hesab olunur ki, cavabdehin qərarı (əlverişli inzibati aktın qəbulundan imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu, əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdehin qərarında fundamental səhvlərə yol verilmişdir. Cavabdeh işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin hazara olması və ölkədə işsizlik olduğundan, tez-tez partlayışlar baş verdiyi üçün təhlükəsizliyini təmin edə bilməməsidir. Cavabdeh Dövlət Miqrasiya Xidməti iddiaçının əsaslı təqib qorxusunun, yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusunun verilməsi iki mərhələli yoxlamadan ibarətdir. 1-ci mərhələ işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi, 2-ci mərhələ əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsidir. İş üzrə mühüm fakt ərizəçinin milliyyətcə hazara olması, ölkədə işsizlik olduğundan və tez-tez partlayışlar baş verdiyindən həyata təhlükəyə məruz qalmasıdır. İş üzrə mühüm faktlara dair ərizəçinin təqdim etdiyi sübut onun inzibati icraatda verdiyi izahatlardır. Hüquq müəyyənedən orqan ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirdikdə, gümün edilən faktların ağlabatanlığı, ərizəçinin narrativinin ümumilikdə ardıcıllığı və rabitəliliyi, izahatları üçün təqdim etdiyi təsdiqedici sübutlar, həmin izahatların hər kəsə bəlli olan faktlarla və mənşə ölkəsinin məlumatları ilə uyğunluğu kimi amilləri ümumilikdə nəzərə almalıdır. Mötəbərlik o halda müəyyən edilir ki, ərizəçi tərəfindən rabitəli və məğbul, hamıya bəlli olan faktlarla ziddiyyət təşkil etməyən və beləliklə, inandırıcılıq keyfiyyəti olan izahatlar təqdim edilir. Ərizəçinin izahatlarının mötəbərliyini qiymətləndirərkən müvafiq amillər nəzərə alınmalıdır. İş materiallarında olan müsahibədən görünür ki,ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar verib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olub və ona verilməyən sualları əhatə etməyib. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyətli deyil. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. DMX iddia üçün əsas ola bilən aşağıdakı faktları müəyyən və təhlil etməyib: ərizıçinin dini əqidəsini dəyişərək xristianlığı qəbul etməsini, xüsusi xidmət orqanları ilə əməkdaşlıqdan imtina etdiyi üçün cəzalandırılacağı ilə hədələnməsi, təqibə məruz qalması. Ərizəçinin işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir, buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmş fakt kimi qəbul edilməlidir. Ərizəçi hazaradır, işsizliyin və tez-tez partlayışların baş verməsi onun və ailə üzvlərinin ölkənin himayəsindən istifadə edə bilməyən şəxs olmasıdır. Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları möbvuddur. Bundan əlavə AR Dövlət Miqrasiya Xidməti «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19, 45-ci maddələrinin pozuntusuna yol vermişdir. Belə ki, Xidmət ərizəçinin izahatlarına qarşı ağlabatan əkssübutlar təqdim edilmədiyi halda, izahatları mötəbərlik prezumsiyasına uyğun qiymətləndirməmişdir. Bununla da, həmin Qanunun 19-cu maddəsinin pozuntusuna yol vermişdir. Bundan əlavə, ərizəçinin izahatları həmin Qanunun 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməmiş və araşdırılmamışdır. Eləcə də, Dövlət Miqrasiya Xidməti ərizəçinin müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməmişdir. Bununla da, sözügedən Qanunun 10 və 26-cı maddələrinin tələblərinin pozulmasına yol verilmişdir. Həmçinin, Xidmət ərizəçiyə lazımi hüquqi məsləhətləri verməmişdir. Dövlət Miqrasiya Xidmətinin qərarı yazılı akt olmasına baxmayaraq, həmin Qanunun 61-ci maddəsinə uyğun şəkildə əsaslandırılmamışdır. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, cavabdeh sığınacaq verilməsindən imtina etməklə ərizəçinin sığınacaq hüququ, inzibati icraat hüququ, pis rəftara məruz qalmaq hüququ, şəxsi həyata hörmət hüquq, səmərəli vəsaitlər hüququ pozmuşdur. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsi və vəkilinin çıxışını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı olan x xxxx 1988-ci il tarixdə doğulmuş hazırkı X4 ona və ailə üzvlərinə xx xxxxxx 2020-ci il tarixdə qaçqın statusu verilməsi barədə vəsatətlə cavabdeh AR Dövlət Miqrasiya Xid-mətinə müraciət etmişdir. Vəsatət həmin orqanda araşdırılması üçün qeydiyyata alınmış və 04-2020 saylı şəxsi iş açılmış, iddiaçı və arvadı ilə müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı iddia ərizəsində göstərilən halları (milliyyətcə hazara olduğunu, olduğu ölkədə təqiblərə məruz qaldığını və s.) əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat həyata keçirilmiş və gətirilən dəlillər və sübutlar qiymətləndirilərək, iddiaçıya qaçqın statusunun verilməsindən imtina olunması barədə x xxxxx 2020-ci il tarixdə qərar qəbul edilmişdir. Qərarda iddiaçı ilə keçirilmiş inzibati icraatda onun vətəndaşı olduğu ökədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, özü və ailə üzvlərinin həmin ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığının müəyyən edildiyi göstərilmişdir. İddiaçının qərardan verdiyi inzibati şikayət də təmin olunmamışdır. İddiaçı hazırda cavabdehin imtina barədə x xxxxx 2020-ci il tarixli həmin qərarını mübahisələndirir və ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 9-cu maddəsinə görə qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş «“qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası»nın 1-ci bəndinin 5-ci hissəsinə görə "qaçqın" statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "qaçqın" statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Qaydanın 3-cü bəndinin 1-ci hissəsinə əsasən "Qaçqın" statusu almaq niyyətində olan şəxsin vəsatətini qəbul edən Dövlət Miqrasiya Xidməti vəsatəti dərhal qeydiyyata alır və şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə, vəsatətin baxılması və ya vəsatətə baxılmaqdan imtina edilməsi haqqında qərar qəbul edir. Qaydanın 8-ci bəndinə görə müsahibə zamanı şəxs "qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Qaydanın 13-cü bəndinə görə şəxsə "qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə beş gün müddətində yazılı bildiriş göndərsin. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X3 ona və ailə üzvlərinə “qaçqın” statusunun verilməsi ilə bağlı dəlilləri qanunvericliklə («Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» AR Qanunu ilə) “qaçqın”a verilən anlayışın tələbləri, buna dair əlamətlərlə əhatə olunmur. Eləcə də X4 vətəndaşı olduğu ölkədə sosial qrupa qoşulması, təqiblərə məruz qalmasını təsdiqləyən tutarlıq sübutlar təqdim etməmişdir, onun dəlilləri isə mülahizələrə söykənir. Birinci instansiya məhkəməsi qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, cavabdeh AR Dövlət Miqrasiya Xidmətinin X4ya ailə üzvləri ilə birlikdə “qaçqın” statusunun verilməsindən imtina olunması barədə x xxxxx 2020-ci il tarixli qərarı qanuna zidd sayıla bilməz. Məhkəmə kollegiyası iddiaçının appelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, inzibati orqan öz qərarını kifayət qədər əsaslandırmış, qərarım ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5892/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-508/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-508/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver