Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-508/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh (xx.xx.1978-ci il tarixində Qazaxıstanın Çimkent şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki ünvan- ünvan 3min edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-8116/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 02.07.2021-ci il tarixində Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən fiziki şəxs Cavabdeh verilmiş 11.06.2021-ci il tarixli göstərişin (maliyyə sanksiyasının ödənilməsi hissəsi istisna olmaqla) məcburi icrasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin ünvan 4 ünvanında fəaliyyət göstərən mağaza tərəfindən “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X6 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanından qanunsuz istifadə edilməsi barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (bundan sonra Dövlət Xidməti) 16.09.2020-ci il tarixli 305 nömrəli müraciəti (daxilolma qeydiyyatı: 17.09.2020, 5/1626) daxil olmuşdur. Müraciətdə “CROCODİLE” adlı mağazada “DAMA S.P.A" şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X6 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından qeyri-qanuni istifadə edilməklə həmin əmtəə nişanlı malların satıldığı bildirilmişdir. "xxxx" MMC 327 nömrəli 09.12.2020-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/2425, 16.12.2020-ci il) ilə “PAUL & SHARK” beynəlxalq əmtəə nişanının sahibi olan “DAMA S.P.A” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədləri Xidmətə təqdim etmişdir. Eyni zamanda "xxxx" MMC-nin 330 nömrəli 29.12.2020-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/2511, 30.12.2020-ci il) ilə “HUGO BOSS” beynəlxalq əmtəə nişanının sahibi “HUGO BOSS X6 GmbH & Co. KG” şirkətinin səlahiyyətli nümayəndəsi olduğunu təsdiq edən sənədlər təqdim edilmişdir. Yuxarıda qeyd olunanlarla əlaqədar “CROCODİLE" adlı mağazanın sahibi Cavabdeh Xidmətin 28.12.2020-ci il tarixli AİBNDX-05/01-5/2080 nömrəli məktubu ilə “PAUL & SHARK” və 08.01.2021-ci il tarixli AİBNDX-05/01-5/33 nömrəli məktubu ilə isə “HUGO BOSS” əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin təqdim edilməsi, belə sənədlərin olmadığı təqdirdə “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlarından istifadənin dayandırılaraq bu barədə Xidmətə məlumat verməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən daxil olmuş məktublarla (daxilolma qeydiyyatları: 5/74, 13.01.2021-ci il və 5/125, 19.01.2021-ci il) bir sıra məlumatlar təqdim edilsə də tələb olunmuş sənəd və məlumatlar tam təqdim edilməmişdir. "xxxx" MMC-nin 005 nömrəli 21.01.2021-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/155, 22.01.2021-ci il) ilə ünvan 5 ünvanında yerləşən “CROCODİLE” adlı mağazanın “PAUL & SHARK" və “HUGO BOSS” əmtəə nişanı adı altında mənşəyi bəlli olmayan malların satışının həyata keçirildiyinin davam etdirildiyi bildirilmişdir. Məktubla təqdim edilən kassa nəzarət çekində sözügedən ünvanda fiziki şəxs Cavabdeh (VÖEN: **********) fəaliyyət göstərdiyi qeyd edilmişdir. "xxxx" MMC 18.02.2021-ci il tarixli məktubu (daxilolma qeydiyyatı: 5/526, 22.02.2021-ci il) ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Beynəlxalq Reyestrinin Madrid Monitor on-line məlumat bazasında “HUGO BOSS” beynəlxalq əmtəə nişanından istifadə hüququnu 754225 saylı Şəhadətnamə ilə 08.02.2031-ci ilə qədər artırıldığını təsdiq edən sənədlərin surətini təqdim etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq fiziki şəxs Cavabdeh fəaliyyətinə dair antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmış, işə baxılması 07.04.2021-ci il tarixinə təyin edilərək müvafiq qərarla mahiyyəti üzrə araşdırma aparılması üçün zəruri olan bir sıra sənəd və məlumatların təqdim edilməsi tələb edilmişdir. Komissiyyanın 07.04.2021-ci il, 27.04.2021-ci il və 19.05.2021-ci il tarixlərində keçirilmiş işəbaxılma iclasları müxtəlif səbəblərdən təxirə salınmışdır. Komissiyanın 09.06.2021-ci il tarixində keçirilən işəbaxılma iclasında fiziki şəxs Cavabdeh nümayəndəsi X4 və "xxxx" MMC-nin nümayəndəsi X2 iştirak etmişdir. Komissiyanın müvafiq qərarları ilə fiziki şəxs Cavabdeh aşağıdakı sənəd və məlumatlar tələb edilmişdir: -vergi orqanlarında qeydiyyatda olduğu barədə şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuş surəti; -“PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından istifadə hüququnu təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri, həmin sənədlər olmadığı təqdirdə bu barədə yazılı izahat; -“PAUL & SHARK" və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarix (gün, ay, il) barədə məlumat; -“PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarixdən həmin əmtəə nişanlı malların son satış tarixinədək satışını həyata keçirdiyi bütün malların, o cümlədən “PAUL & SHARK” və “HUGO BOSS" əmtəə nişanlı malların satışından əldə olunmuş gəlirləri barədə məlumatlar və bunu təsdiq edən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri; -“PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarixdən həmin əmtəə nişanlı malların son satış tarixinədək satışın həyata keçirdiyi bütün malların, o cümlədən “PAUL & SHARK” və “HUGO BOSS” əmtəə nişanlı malların mədaxilinə, yəni alışına dair sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətləri, həmin sənədlər olmadığı təqdirdə bu barədə yazılı izahat; -“PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanlı malların qalığı barədə (malın adı, qablaşdırma növü, sayı, mədaxil və satış qiymətləri) məlumatlar; -“PAUL & SHARK” və “HUGO BOSS” beynəlxalq əmtəə nişanları olan malların satışına başladığı tarixdən həmin əmtəə nişanlı malların son satış tarixinə olan dövrdə malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) əldə edilmiş gəlirləri təsdiq edən vergi orqanlarına təqdim edilmiş müvafiq hesabatların (əlavə dəyər vergisinin bəyannamələri) müvafiq qaydada təsdiq olunmuş surətləri. Eyni zamanda həmin qərarlarla təsərrüfat subyektləri məlumatların düzgün və vaxtında təqdim olunmamasına görə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddələrinə əsasən məsuliyyət daşıdıqları fiziki şəxs Cavabdeh nəzərinə çatdırılmışdır. Buna baxmayaraq fiziki şəxs Cavabdeh lazımi sənədləri təqdim etməmiş və bu səbəbdən Dövlət Xidmətinin 09.06.2021-ci il tarixli qərarı ilə barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin həmin qərarın məcburi icrasını təmin etmək məqsədilə fiziki şəxsə 11.06.2021-ci il tarixli göstəriş verilmişdir. Lakin həmin göstəriş icra edilməyərək tələb olunan sənədlər müəyyən olunmuş müddətdə Dövlət Xidmətinə təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-8116/2021 nömrəli qərardadı ilə (hakim A.Əhədova) iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Cavabdeh qarşı “göstərişin məcburi icrasının təmin edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-8116/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi izahat verərək, apellyasiya şikayətini müdafiə etdi. Cavabdeh, onun birinci instansiya məhkəməsində nümayəndəsi və vəkili olmuş Vəkil (Bakı şəhəri 14 saylı Vəkil Bürosu) məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi qismində iştirak etmək məqsədilə gəlmiş X1 iştirakı səlahiyyətsiz hesab edilərək, ona yeni etibarnamə təqdim etməsi təklif olunmuşdur. Cavabdehin nümayəndəsi yeni etibarnamə təqdim etməyərək, sonrakı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə haqsız rəqabət haqqında qanunvericiliyin icrasına Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı və qanunvericilikdə nəzərdə tutulan digər orqanlar öz səlahiyyətləri çərçivəsində nəzarət edirlər. Həmin Qanunun 11-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında antiinhisar siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun pozulmasına görə: -müvafiq icra hakimiyyəti orqanlarına, bazar subyektlərinə və onların vəzifəli şəxslərinə qanun pozuntusunun dayandırılması və onun nəticələrinin aradan qaldırılması ilə bağlı icrası məcburi olan göstərişlər verə bilər; -qanunvericilikdə nəzərdə tutulmuş qayda və əsaslarla maliyyə sanksiyaları tətbiq edə bilər; -haqsız rəqabət nəticəsində əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi və vurulmuş zərərin ödənilməsi ilə bağlı məhkəməyə iddia ilə müraciət edə bilər; -bu Qanunun pozulması ilə bağlı cinayət əlamətləri olduqda materialları cinayət işi qaldırılması məsələsinin həlli məqsədilə prokurorluğa göndərə bilər. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə görə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, "Təbii inhisarlar haqqında", "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikasının qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 3-cü maddəsinə görə inhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən olunmuş digər səlahiyyətləri yerinə yetirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1998-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş "Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”na əsasən “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının “Antiinhisar fəaliyyəti haqqında” 1997-ci il 10 oktyabr tarixli 381-İQD №-li (əlavələr və dəyişikliklərlə birlikdə) qanununa və Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin Əsasnaməsinə uyğun olaraq tərtib edilmişdir. Qaydalar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti şöbəsi (bundan sonra - Antiinhisar orqanı) tərəfindən antiinhisar qanunvericiliyinin pozulması üzrə işlərə baxılması və bu baradə qərarların qəbul edilməsi qaydalarını və müddətini müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə görə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edildikdə Antiinhisar orqanının rəisi tərəfindən antiinhisar qanunvericiliyinin pozulması haqqında konkret işə baxılması üzrə Komissiya (bundan sonra Komissiya) yaradılması və onun sədrinin təyin edilməsi barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalıdır. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən antiinhisar qanunvericiliyinin pozulması haqqında işə Komissiya tərəfindən qanunun pozulması əlamətləri üzrə iş qaldırılması haqqında qərar çıxarıldığı vaxtdan üç ay müddətinə baxılır. Zəruri hallarda işə baxılması müddəti Komissiya tərəfindən həmin müddətin qurtardığı vaxtından altı aydan çox olmayaraq uzadıla bilər. Həmin Qaydaların 2.12-ci bəndinə əsasən Komissiya işə mahiyyəti üzrə baxılmasının nəticəsinə uyğun qərar qəbul edir. Qərarda işin Komissiya tərəfindən müəyyən edilən hallar və komissiyanın çıxardığı nəticələr əks etdirilir. Həmin Qaydaların 2.16-cı bəndinə görə Komissiyanın qərarına əsasən “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə uyğun olaraq antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması barədə göstəriş verilir. Göstəriş on gün müddətinə bildirişli sifariş məktubu ilə göndərilir, yaxud imza almaqla qanun pozuntusuna yol vermiş şəxsə (onun etibarnaməsi olan şəxsinə) təqdim olunur. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır. Göstərişdə qanun pozuntusunun dayandırılması və (və ya) onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlərin edilməsi və müddət göstərilir. Həmin Qaydaların 2.17-ci bəndinə görə göstərişin icrası, onda müəyyən edilmiş müddət ərzində həyata keçirilməlidir. Göstərişin vaxtında icra edilməməsi mövcud qanunvericilikdə nəzərdə tutulan nəticələrə səbəb ola bilər. Göstərişin vaxtında icra edilməməsi - onun icrasından yayınma və ya qismən icra olunması, yaxud müəyyən olunmuş müddətdə icra olunmaması kimi başa düşülür. Göründüyü kimi antiinhisar orqanı daxil olmuş müraciətlər, məlumatlar əsasında və ya öz təşəbbüsü ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırır, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması ilə bağlı müvafiq Komissiya yaradır. Həmin Komissiya anttinhisar orqanının adından çıxış edir. Komissiya işə baxılma ilə əlaqədar tərəflərdən müvafiq sənəd və məlumatları tələb etmək hüququna malikdir. Komissiya işə baxılmanın nəticəsində mahiyyəti üzrə müvafiq qərar qəbul etmək və həmin qərara uyğun olaraq icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir. Göstərişdə antiinhisar orqanının müvafiq orqanlardan, təsərrüfat subyektlərindən, vəzifəli şəxslərdən tələb etdiyi qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret hərəkətlər sadalanır. Göstərişlərin ünvanladığı şəxslər tərəfindən yerinə yetirilməməsi qanunla nəzərə tutulmuş müvafiq nəticələrə səbəb olur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən qeyd edir ki, antiinhisar orqanının işi mahiyyəti üzrə həll etdikdən və pozuntu barədə müvafiq qərar qəbul etdikdən sonra həmin qərara uyğun verilmiş göstərişlər yerinə yetirilmədikdə qanunverici antiinhisar orqanı üçün iki mühüm səlahiyyət nəzərdə tutulmuşdur: 1.Qaydaların 2.21-ci bəndində sadalanmış hallar üzrə müvafiq iddia ilə məhkəməyə müraciət etmək. 2.Qaydaların 3-cü bəndinə əsasən göstərişlərin icra edilməməsinə görə cərimə və maliyyə sanksiyasının tətbiqi. Qaydaların adıçəkilən 3.1-ci bəndinə əsasən antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulmasının aşağıdakı hallarına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edir: a) Antiinhisar orqanının göstərişləri vaxtında icra olunmadıqda; b) antiinhisar orqanlarına “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci maddələrində göstərilən ərizə və sənədlər təqdim edilmədikdə; c) antiinhisar orqanlarının tələbi ilə “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 13-cü, 13-1-ci və 16-cı maddələrində nəzərdə tutulmuş, həmçinin öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı digər sənədlər və məlumatlar vaxtında təqdim edilmədikdə; ç) antiinhisar orqanlarına düzgün olmayan məlumatlar verildikdə. 3.2-ci bəndinə əsasən bazar subyektlərinə antiinhisar qanunvericiliyinin pozulmasına görə cərimələr və ya maliyyə sanksiyaları tətbiq edilməsi haqqında işlərə baxılması, bu bölmədə nəzərdə tutulan hallar istisna olunmaqla, bu Qaydaların ikinci bölməsində müəyyən edilmiş qaydada kollegial şəkildə həyata keçirilir. Hazırkı işin hallarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək ünvan 4 ünvanında fəaliyyət göstərən “CROCODİLE” adlı mağazada “DAMA S.P.A" şirkətinə məxsus “PAUL & SHARK” və “HUGO BOSS X6 GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından qeyri-qanuni istifadə edilməklə həmin əmtəə nişanlı malların satıldığını bildirmişdir. Qeyd olunan müraciətlə əlaqədar “CROCODİLE" adlı mağazanın sahibi Cavabdeh fəaliyyətinə dair antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə 15.03.2021-ci il tarixdə iş qaldırılmış, işə baxılması üçün komissiya tərkibi müəyyən olunaraq təsdiq edilmiş, Komissiya tərəfindən mahiyyəti üzrə araşdırma aparılması üçün zəruri olan bir sıra sənəd və məlumatların təqdim edilməsi tələb edilmişdir. Müvafiq sənədlər təqdim edilmədiyindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 09.06.2021-ci il tarixli qərarı ilə barəsində 2818,77 manat maliyyə sanksiyası tətbiq edilmiş, eyni zamanda müvafiq sənəd və məlumatların təqdim olunması tələb edilmişdir. Xidmətin 11.06.2021-ci il tarixli göstərişi ilə 09.06.2021-ci il tarixli qərar ilə tətbiq edilmiş 2818,77 manat maliyyə sanksiyasının bank hesabına köçürülməsinin təmin edilməsi və eyni zamanda həmin qərarda sadalanan sənədlərin 3 iş günü müddətində Xidmətə təqdim edilməsi tələb olunmuşdur. İddiaçı Xidmət 11.06.2021-ci il tarixli göstərişinin sənəd və məlumatların təqdim edilməsi hissəsində məcburi icrasının təmin edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir Məhkəmə kollegiyası qeyd edir ki, antiinhisar orqanının antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxılması ilə əlaqədar məhkəmədə iddia qaldırmaq hüququ olsa da, lakin bu hüquqdan qanun pozuntusunun dayandırılması və ya onun nəticələrinin aradan qaldırılması ilə bağlı konkret 3 növdə göstərişin yerinə yetirilmədiyi halda istifadə etməsi mümkündür. Qaydaların 2.21-ci bəndində sadalanmış 1.antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə qəbul olunmuş aktların ləğvi və qismən dəyişdirilməsi haqqında göstərişin yerinə yetirilməməsi, 2.digər təsərrüfat subyektləri ilə müqavilələrin bağlanması haqqında və antiinhisar qanunvericiliyinin pozulmasına yol verilməklə bağlanmış müqavilələrin pozulması və ya dəyişdirilməsi haqqında göstərişin icra edilməməsi və 3.antiinhisar qanunvericiliyinin pozulması nəticəsində qanunsuz əldə olunmuş mənfəətin büdcəyə ödənilməsi haqqında göstərişə əməl edilməməsidir. Eyni zamanda qeyd edilməlidir ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 16, Qaydaların 2.4; 3.1-ci bəndinin “c” yarımbəndinə uyğun olaraq antiinhisar orqanı antiinhisar qanunvericiliyinin pozulması hallarına dair işə baxılması zamanı təsərrüfat subyektlərindən öz vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar müvafiq sənəd və məlumatların təqdim edilməsi ilə bağlı göstəriş verə bilir ki, bu göstərişlər işin mahiyyəti üzrə qəbul edilmiş komissiyanın yekun qərarı ilə bağlı verilmiş göstərişlər deyildir. Və işin mahiyyəti üzrə qəbul edilmiş qərardan (göstərişlərdən) fərqli olaraq antiinhisar qanunvericiliyinə daxil olan normativ aktların heç birində, antiinhisar orqanının müvafiq sənəd və məlumatların tələb edilməsi ilə bağlı göstərişlərin icra edilmədiyi təqdirdə həmin göstərişin məcburi icra edilməsi üçün məhkəmədə iddia qaldırmaq səlahiyyəti təsbit olunmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, “Haqsız rəqabət haqqında” Qanunun yuxarıda adıçəkilən 12-ci maddəsi antiinhisar orqanının icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə və ya vaxtında icra edilməməsinə görə bazar subyektlərinə maliyyə sanksiyasının tətbiq edilməsini, eləcə də “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsi təsərrüfat subyektlərinin antiinhisar orqanının qanuni göstərişlərini müəyyən edilmiş müddətdə yerinə yetirməməsinə, Qanunun 13, 13-1 və 16-cı maddələrində göstərilmiş məlumat və sənədləri təqdim etməməsi və ya düzgün olmayan məlumatların verilməsinə görə maliyyə sanksiyası şəklində cərimə olunmasını nəzərdə tutmuş, lakin adları çəkilən qanun normalarında antiinhisar orqanının sənəd və məlumatların verilməsi ilə bağlı məhkəmədə müstəqil şəkildə iddia qaldırmaq barədə hər hansı müddəa göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müvafiq sənəd və məlumatların təqdim edilməsi ilə bağlı Qaydaların 3.3-cü bəndinə görə bazar subyektlərinə cərimə tətbiq edilməsi və ya maliyyə sanksiyası tətbiq edilməsi üçün işlərə baxılmasına aşağıdakılar əsas ola bilər: -antiinhisar orqanlarının göstərişlərinin icra olunmaması və antiinhisar qanunvericiliyinə əsasən antiinhisar orqanlarına təqdim edilməli olan vəsaitlərin, ərizələrin, sənədlərin və digər məlumatların təqdim olunmaması haqqında informasiyanı əks etdirən sənədlər; -antiinhisar orqanlarının qanuni tələblərinin vaxtında yerinə yetirilməməsi; -düzgün olmayan məlumatların təqdim edilməsi. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən göstərişin icrasına nəzarət edən Komissiya üzvü, onun icra müddətinin qurtardığı gündən başlayaraq 10 gündən gec olmamaqla Antiinhisar orqanının göstərişinin icra edilməməsini əhatə edən məlumatlar olan sənədləri Komissiyanın sədrinə təqdim edir. Komissiyanın sədri, bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə cərimə və ya maliyyə sanksiyası tətbiq olunması haqqında iş qaldırılması barədə qərar çıxarır. Həmin Qaydaların 3.7-ci bəndinə görə cərimə və ya maliyyə sanksiyalarının tətbiqi haqqında işlərə baxılmasının nəticəsində Komissiya müvafiq qərar qəbul edir və qərar Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır. Cərimə və maliyyə sanksiyalarının tətbiqi haqqında qərar 10 günün müddətində bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə qanun pozuntusuna yol vermiş şəxsə göndərilir. Cərimə və maliyyə sanksiyalarının yerinə yetirilməsi haqqında göstəriş verilir. Göstəriş Antiinhisar orqanının rəisi və ya onun müavini tərəfindən imzalanır və bu Qaydaların 2.3-cü bəndində nəzərdə tutulmuş qaydada və müddətdə qanun pozuntusuna yol vermiş şəxsə göndərilir. Həmin Qaydaların 3.10-cu bəndinə görə antiinhisar qanunvericiliyinin pozulmasına görə təsərrüfat subyektlərinə tətbiq edilən cərimələr və maliyyə sanksiyaları bu haqda qərarlar qəbul edildiyi vaxtdan 30 gün müddətinə mübahisəsiz dövlət büdcəsinə ödənilir. Antiinhisar qanunvericiliyini pozan şəxslər cəriməni və ya maliyyə sanksiyasını ödəmədiyi və ya qismən ödədiyi halda, antiinhisar orqanı cərimənin və ya maliyyə sanksiyasının, yaxud onun ödənilməmiş hissəsinin məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir və bu qərarın məcburi qaydada icrasının həyata keçirilməsi üçün icra məmurlarına göndərir. Həmin Qaydaların 3.11-ci bəndinə əsasən cərimə və maliyyə sanksiyalarının tətbiqi bazar subyektlərini (onların rəhbərlərini) antiinhisar orqanlarının qərarlarını və göstərişlərini icra etmək və ya antiinhisar qanunvericiliyində nəzərdə tutulmuş tələbləri yerinə yetirmək və digər hərəkətləri icra etmək vəzifəsindən azad etmir. Həmin Qaydaların 3.12-ci bəndinə əsasən bazar subyekti tərəfindən Antiinhisar orqanının göstərişi icra olunmadıqda, Komissiya cərimə və ya maliyyə sanksiyası tətbiq edir və iş üzrə qəbul olunmuş qərara əsasən yeni müddət təyin edərək təkrar göstəriş verir. Təkrar göstəriş icra olunmadıqda Komissiyanın bu Qaydalara uyğun olaraq yenidən cərimə tətbiq edilməsi barədə işə baxılmasına qayıtmaq hüququ var. Göründüyü kimi qanunverici antiinhisar orqanına antiinhisar qanunvericiliyinin pozulması işlərinə baxarkən antiinhisar qanunvericiliyinə əsasən öz vəzifələrinin yerinə yetirilməsi ilə bağlı müvafiq sənəd və məlumatların təqdim edilməsi barədə göstəriş vermək, həmin göstərişləri yerinə yetirilmədikdə cərimə və ya maliyyə sanksiyasının tətbiqi haqqında qərar qəbul etmək, cərimə və ya maliyyə sanksiyasının yerinə yetirilməsi barədə göstəriş vermək, cərimə və ya maliyyə sanksiyasının ödənilmədiyi və ya qismən ödənildiyi halda məcburi qaydada ödənilməsi üçün tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edərək icra məmuruna göndərmək səlahiyyəti tanımışdır. Qeyd edilməlidir ki, cərimə və ya maliyyə sanksiyasını ödəməklə yanaşı bazar subyektləri eyni zamanda müvafiq sənəd və məlumatları antiinhisar orqanına təqdim etməyə borcludurlar. Əks halda qanunverici antiinhisar orqanına təkrar göstəriş vermək və yenidən cərimə tətbiq edilməsi məsələsinə baxmaq imkanı tanımışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normalara əsasən hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi müvafiq sənəd və məlumatların təqdim edilməsinə dair göstərişinin məcburi icrası ilə bağlı məhkəməyə müraciət etmək, başqa sözlə tələb olunan sənədlərin cavabdehdən məcburi götürülməsi ilə bağlı iddia qaldırmağının normativ hüquqi əsası olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini mümkün saymamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2-1(112)-8116/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-508/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-508/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver