Məhkəmə qərarları › İş №2-1(103)-508/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-508/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-508/2023 17.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin barəsində qəbul etdiyi əmək pensiya məbləğinin geri qaytarılmasına dair qərarının ləğv edilməsini, əmək pensiyasının yenidən hesablanması haqqında 7 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, mükafatın 7.88 dəfə (788 faiz), son haqq hesabın aylıq məvacibin 6.68 dəfə nisbətində yenidən hesablanaraq götürülməsinin və dövlət qulluqçularının əmək haqqının artırılması tempinə uyğun olaraq son haqq hesabın uyğunlaşdırılaraq yenidən əmək pensiyasının hesablanmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddia qismən təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” 04 fevral 2022-ci il tarixli və əmək pensiyasının yenidən hesablanması barədə 07 oktyabr 2021-ci il tarixli qərarları ləğv edilmiş, İddiaçı Dövlət qulluqçusu kimi mükafatlandırılmasına uyğun olaraq dövlət məvacibinin tərkibinə daxil olan mükafatın faizlə 788 faiz (7.88 əmsal), son haqq hesabın (istifadə edilməmiş məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasının) dövlət məvacibinin 6.68 dəfə nisbətində müəyyən edilərək əmək pensiyasının yenidən hesablanması Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh və iddiaçı tərəf apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətlərinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Cavabdehin apelyasiya şikayəti : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nərimanov rayon şöbəsi tərəfindən 7 may 2012-ci il tarixindən dövlət qulluqçusu kimi əlilliyə görə (İİ qrup) əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 7 may 2012-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 129.00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 42,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 123,94 manat, istifadə olunmamış məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyasına görə əlavəsi 80,35 manat olmaqla orta aylıq əmək haqqı 805,29 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında'' Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının 20.11,3-cü maddəsinə əsasən 15 il 8 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (805,29 manat) 80 faizi-644,23 manat məbləğində müəyyən edilməli idi. Qeyd olunan aylıq qanunauyğun pensiya məbləğinə görə iddiaçıya xx.xx.2012-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 12115,68 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda. 9386.67 manat ödənilmişdir. Buna görə də həmin dövr üzrə iddiaçıya 2729,01 manat əskik pul vəsaiti ödənilib. İddiaçının apelyasiya şikayəti : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə Prezidentin 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmamı ilə təsdiq edilmiş Dövlət qulluqçularının əmək pensiyalarının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydalarının və Dövlət qulluqçularının əmək pensiyalarının yenidən hesablanması Qaydalarının 2 saylı əlavəsinin 3 və 4-cü bəndlərinə əsaslanaraq hesab etmişdir ki, dövlət qulluqçularının aylıq məvacibinin (əmək haqqının) artırılması zamanı istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya (son haqq-hesab) yeni məvacibə (aylıq maaşa) uyğunlaşdırılmamalıdır (əmsallaşdırılmamalıdır). Məhkəmənin gəldiyi qənaətin əksinə olaraq, əsaslandığı həmin qaydalarla əlaqəadar aşağıdakılar qeyd olunmalıdır. Həmin qaydaların 2 saylı əlavəsinin 3- cü bəndində qeyd edilir, Fəaliyyətdə olan dövlət qulluqçularının vəzifə maaşı artırıldıqda ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr ( dövlət qulliqçularına vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr( dövlət qulluqçularının vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur. Yəni, Dövlət qulluqçularının vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlar, qulluq stajəna əlavə haqq və sair(digər) gəlirlər yenidən hesablanaraq uyğunlaşdırılır və mütləq rəqəmlərlə müəyyənləşdirilən vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq dəyişməz qalaraq yenidən hesablanmış vəzifə maaşının üzərinə əlavə olunur. Həmin qaydaların 2 saylı əlavəsinin 4cü bəmdində qeyd edilir ki, mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçularının vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda , vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət vəzifə məvacibi yenidən hesablanır.Yəni, Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr ( dövlət qulluqçularının vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq), Prezidentin ayrı Fərmanı ilə müəyyənləşdirilir və bu əlavə vəzifə maaşından asılı olmayaraq hər dəfə artırıldıqca vəzifə məvacibinin üzərinə əlavə olunur.. “Dövlət qulluqçularının əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən İstifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya (son haqq-hesab) məcburi dövlət sosial sığortasına cəlb olunur. “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 3 saylı əlavəsinin 2-1-ci bəndinə əsasən dövlət məvacibiııdəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunur. Lakin Məhkəmə hesab edir ki, göstərilən Qaydaların 2 saylı əlavəsinin 4-cü bəndinə əsasən İstifadə olunmamış məzuniyyətlərə görə kompensasiya (son haqq-hesab) nə faizlə müəyyən edilən, nə də mütləq rəqəmlə müəyyən edilən əlavə hesab olunmur. Son haqq-lıesabı Qaydaların 4-cü bəndində göstərilən “digər ödənişlərin” növlərindən biri hesab etməklə dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda “digər ödənişlərin” artırılmaması qənaətinə gəlmişdir.Məhkəmə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.10-cu maddəsinin tələblərini nəzərə almamışdır. Həmin maddəyə əsasən qanunun analogiyası konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi kimi xarakterizə olunur. Buna görə də digər ödənişlərə münasibətdə də Qaydaların 3-cü bəndi tətbiq edilməli, dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda son haqq-hesabın məbləği də yenidən baxılmalıdır. Eyni zamanda bildirmək istəyirəm ki, istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya (son haqq-hesab) həmin qaydaların 2 saylı əlavəsinin 3-cü bəndinə əsasən sair və ya digər gəlirlərə aiddir və vəzifə maaşı artırıldıqca yeni məvaibə uyğunlaşdırılır (əmsallaşdırılır). Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140.7-ci maddəsində qeyd edilir ki, Məzuniyyət vaxtı üçün hesablanmış əmək haqqı qanunvericilikdə nəzərdə tutulan qaydada əmsallaşdırılır. Tərəflərin izahatı : Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, bu səbəbdən də ləğv edilərək, tələbinin tam təmin edilməsini, həmçinin cavabdehin apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Apelyasiya instansiya məhkəməsinini mövqeyi : Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 2021-ci ilin iyul ayının 6-da iddiaçının əlillik müddəti bitdiyi üçün 13 iyul 2021-ci il tarixdə əlillik müddətinin uzadılması ilə əlaqədar xəstəlik barədə sənədlər TSEK-ə göndərilmiş və 23 iyul 2021-ci il tarixdə yenidən əlillik təyin edilmişdir. Lakin əlillik dərəcəsi 23 iyulda təsdiqlənməsinə baxmayaraq iddiaçıya bu barədə məlumat 24 sentyabr 2021-ci il tarixdə edilmişdir. Daha sonra iddiaçıya pensiya məbləği azaldırlaraq cəmi 1112,31 manat vəsait köçürülmüşdür. Eyni zamanda cavabdeh tərəfindən əmək pensiya məbləğinin geri qaytarılmasına dair 04 fevral 2022-ci il tarixli qərar qəbul edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın qismən təmin edilməsi ilə, yuxarda göstərilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşıraraq ilk növbədə qeyd edir ki, qanunvericilik artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırki halda isə belə razılığın olmadığı müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Hazırki mübahisə üzrə iş materiallarından müəyyən edilir ki, cavabdeh orqanın müvafiq qurumu tərəfindən aparılmış daxili araşdırma nəticəsində iddiaçıya yalnışlıqla artıq pul vəsaətinin ödənilməsi aşkar edildiyi bildirilərək, əmək pensiyası yenidən hesablanmış və xx.xx.2022-ci il tarixli əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” AR Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən inzibati icraat düzgün qaydada aparılmamış, sonuncu tərəfindən inzibati icraat zamanı iddiaçının iştirakının təmin edilməsi üçün hər hansı tədbir görülməmiş, iddiaçının dinlənilməsi təmin olunmamış, bir sözlə yuxarda qeyd olunan normalar kobud şəkildə pozulmuşdur. Digər tərəfdən, məhkəmə əlverişli inzibati aktın icrasının dayandırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinə, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun olmasına qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” AR Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş materiallarından müyyən olunur ki, inzibati orqan tərəfindən artıq ödənilmiş əmək pensiyası ilə bağlı iddiaçının hər hansı təqsirinin olduğu cavabdeh tərəfindən sübuta yetirilməmiş, həmçinin məhkəmə araşdırması zamanı da bu kimi hallar (rüşvət, hədəqorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsi; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda) müəyyən edilməmişdir. Kollegiyanın qənaətinə görə, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Qeyd edilməlidir ki, Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. Həmçinin, cavabdeh iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən iddiaçıya pensiya təyin edilməsi barədə cavabdehin qərarı qüvvədə olmuşdur. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada iddiaçıya pensiya təyin edilməsi barədə inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddianın bu hissədə ( cavabdehin əmək pensiya məbləğinin geri qaytarılmasına dair 04 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi) təmin edilməsi ilə birinci instansiya düzgün nəticəyə gəlmişdir. Həmçinin Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mükafatın 7.88 dəfə (788 faiz) nisbətində yenidən hesablanaraq götürülməsi barəsində də iddianıı əsaslı hesab edərək, düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından aydın olur ki, cavabdeh iddiaçının vəzifə maaşını nəzərə almadan, pensiya işində olan əmək haqqının aylar üzrə məbləği üzrə siyahıda əsas əmək haqqının məbləğinin alınan mükafata nisbətini əsas götürmüş, bu səbəbdən də faiz 691 alınmışdır. Lakin, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də isə mükafatlandırmanın vəzifə maaşına nisbətdə müəyyən edildiyi görünür. Dövlət qulluqçularının mükafatlandırılması məqsədi ilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda dövlət qulluqçuları üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur(12). Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı bu hissədə də əsaslı hesab edərək ümumilikdə 7.88 əmsal, yəni mükafata münasibətdə 788 faizin əmək pensiyasının məbləğində nəzərə alınmasına dair qərar qəbul etmişdir. Bundan başqa iddiaçının tələblərindən biri də son haqq hesabın aylıq məvacibin 6.68 dəfə nisbətində yenidən hesablanaraq götürülməsi olmuş və məhkəmə tərəfindən həmin tələb də əsaslı hesab edilərək, cavabdehin 07 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmişdir. Məhkəmə qərarını əsaslandırarkən haqlı olaraq qeyd etmişdir ki, “cavabdeh iddiaçının aldığı son haqq hesab kimi ******* manat məbləği əsas götürmüş həmin məbləğ 5000 rəqəminə bölünmüş alınan 1928.34 manat əlavə son 24 ay nəzərə alınmaqla 24-ə bölünərək 80,35 manat rəqəm almışdır. Halbuki, həmin hesablama qaydasının hansı hüquqi akta əsasən hesablandığı cavabdeh tərəfindən sübut edilə bilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın:

9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Qeyd olunan qaydalardan əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişlərinin də nəzərə alındığı müəyyən edir. Beləliklə, son haqq-hesab məbləği də məcburi dövlət sosial sığortaya cəlb edildiyindən, həmin məbləğ pensiya hesablanmasında nəzərə alınmalıdır. Kollegiya qeyd edir ki, son haqq hesabın ******* manat olması və dövlət məvacibinin məbləğinin ******* manat olması nəzərə alınmaqla hesablama aparılmalıdır. Həmin rəqəmlərin nisbətinin 6.68 kimi müəyyən edilir. Göründüyü kimi, məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. İddiaçının tələbinin təmin olunmadığı hissəyə (Son haqq hesabın aylıq məvacibin 6.68 dəfə nisbətində yenidən hesablanaraq götürülməsindən sonra dövlət qulluqçularının əmək haqqının arıtırılması tempinə uyğun olaraq son haqq hesabın uyğunlaşdırılması) gəldikdə isə məhkəmə belə qənaətə gəlmişdir ki, istifadə olunmamış məzuniyyət ilə əlaqədar ödənilmiş pul kompensasiyası müvafiq Sərəncamlarla dövlət qulluqçularının əmək haqqının arıtırılması tempinə uyğun olaraq artmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın:

2. əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Fərmanla təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın:

1. Bu Qaydalar fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara və Qanunda nəzərdə tutulmuş digər əsaslara görə dövlət qulluqçusunun əmək pensiyasının məbləğinin yenidən hesablanmasını tənzimləyir.

2. Fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq bu Qaydaların 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır.

3. Fəaliyyətdə olan dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda, ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqq və s.) yenidən hesablanır və ümumi dövlət məvacibində cəmləşdirilir. Bu zaman mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) dəyişməz qalır və dövlət məvacibinin yenidən hesablanması zamanı artırılmış vəzifə maaşının üzərinə əlavə olunur.

4. Mütləq rəqəmlərlə müəyyənləşdirilən əlavələr (dövlət qulluqçusunun vəzifə maaşına ixtisas dərəcəsinə görə əlavə haqq) artırıldıqda, vəzifə maaşı və ona nisbətən faizlə müəyyənləşdirilən əlavələr və digər ödənişlər də nəzərə alınmaqla dövlət məvacibi yenidən hesablanır. İddiaçının qənaətinə görə, yuxarda qeyd edilən qaydaların 3-cü bəndinə əsasən, dövlət qulluqçusunun vəzifə maaşı artırıldıqda son haqq-hesabın məbləğinə də yenidən baxılmalı və yeni məvacibə uyğunlaşdırılmalıdır. Kollegiya mübahisənin bu hissəsi ilə bağlı vurğulamağı zəruri hesab edir ki, həmin qaydaların 3-cü bəndində “vəzifə maaşına nisbətən faizlə müəyyənləşdirilən əlavələr” qeyd olunduğundan və son haqq hesabın müəyyənləşdirilməsi zamanı vəzifə maaşı əsas götürülmədiyindən, son haqq hesab 3-cü bənddə qeyd edilən əlavələr sırasına daxil edilmir. Beləliklə, birinci instansiya məhkəməsi son haqq hesabın aylıq məvacibin 6.68 dəfə nisbətində yenidən hesablanaraq götürülməsindən sonra dövlət qulluqçularının əmək haqqının arıtırılması tempinə uyğun olaraq son haqq hesabın uyğunlaşdırılması hissəsində iddianı təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin və iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq

qərara aldı:

Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3977/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Səadət Bəktaşi Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar