Məhkəmə qərarları › İş №2-1(103)-5086/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-5086/2025

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-5086/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X7 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan “CHANGAN UNI-K” markalı PLUG-IN HIBRID modelli **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə ağacın aşması nəticəsində vurulmuş 2000 (iki min) manat məbləğində ziyan cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin Bakı şəhəri üzrə bütün bələdiyyələrə ünvanladığı # ###### 2021-ci il tarixli **/** saylı rəyinə əsasən Bakı şəhərində yol kənarında bitən və kökü qurumuş yararsız qovaq ağacları heç bir rəy və icazə alınmadan bələdiyyələr tərəfindən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin köməyi ilə götürülməlidir. Lakin bu, bələdiyyələr tərəfindən vaxtında icra edilmədiyi üçün vətəndaşlara ziyan vurulur və bu gün də vurulmaqda davam edir. Cavabdeh inzibati orqan iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim etməmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumi istifadədə olan torpaqlarda yerləşən ağac və kol bitkiləri ilə bağlı yanlız onlara qulluq edən Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və ərazidə yaşayan sakinlərin bələdiyyəyə yazılı müraciəti olunduqda bələdiyyə bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi və ya Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə rəsmi məktubla müraciət edir. Qeyd olunan şəxslər tərəfindən “Vətəndaşların müraciətləri haqqında” AR-nın qanununa uyğun formada, rəsmi olaraq Nərimanov Bələdiyyəsinə müraciət olunmadığı təqdirdə bələdiyyənin bu prosesə müdaxilə etmək səlahiyyəti yoxdur. Əlavə olaraq bildirilmişdir ki, ağacların bioloji inkişafda olub-olmamasını təyin etmə vəzifəsi AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin ** saylı RETSIə aiddir. Bələdiyyədə ağacların bioloji inkişaf vəziyyətini təyin etmə səlahiyyəti və mütəxəssisi yoxdur. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətinin əsası kimi onu qeyd etmişdir ki, ümumi istifadədə olan torpaqlarda yerləşən ağac və kol bitkiləri ilə bağlı yalnız Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və ərazidə yaşayan sakinlərin bələdiyyəyə yazılı müraciəti olduqda bələdiyyə bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Ekspertiza Agentliyinə və ya Bakı şəhər X8 rəsmi məktubla müraciət edir və bələdiyyəyə rəsmi olaraq belə bir müraciət olmadığı təqdirdə bələdiyyənin bu prosesə müdaxilə etmək səlahiyyəti yoxdur. Bu tamamilə yanlış məlumat olmaqla həqiqətə, qanunvericiliyə və iş üzrə toplanmış materiallarla ziddiyyət təşkil etməklə özünümüdafiə xarakteri daşıyır. Belə ki, ona vurulmuş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edilməzdən əvvəl tərəfindən Nərimanov rayon bələdiyyəsinə müraciət edilsə də, onlar həmin ərazidəki torpaq sahəsində yerləşən ağacların, o cümlədən avtomobilin üzərinə aşmış ağacın Nərimanov rayon bələdiyyəsinin balansında olmadığı haqda yanlış məlumat verərək ziyanı ödəməkdən boyun qaçırmışlar. Lakin işin materialları ilə bir mənalı sübuta yetirilmişdir ki, hadisə baş verdiyi ərazi ümumi istifadədə olan torpaq kateqoriyasına aid olmaqla bələdiyyə mülkiyyəti sayılır və bu torpaqlarda olan yaşıllıqlara qulluq da bələdiyyə tərəfindən həyata keçirilməlidir. Bu, birinci instansiya məhkəməsinin də öz qərarında istinad etdiyi bir sıra qanunvericilik aktları ilə də (Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi) təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov bələdiyyəsinin bələdiyyə iclasının ## ### 2025-ci il tarixli ** saylı protokolunun qərarından çıxarışdan da müəyyən olunur ki, hadisə baş vermiş ərazidə yaşıllıqlara qulluq edilməsi, onların götürülməsi məhz Nərimanov rayon bələdiyyəsi tərəfindən həyata keçirilir. Iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza Agentliyinin Bakı şəhəri üzrə bütün bələdiyyələrə ünvanladığı # ###### 2021-ci il tarixli **/** saylı rəyinə əsasən Bakı şəhərində yol kənarında bitən və kökü qurumuş yararsız qovaq ağacları heç bir rəy və icazə alınmadan bələdiyyələr tərəfindən Yaşıllaşdırma Təsərrüfatı Birliyinin köməyi ilə götürülməlidir. Lakin yaşıllıqların mühafizəsinə dair qanunvericilikdə müəyyən edilərək bələdiyyələrin üzərinə qoyulan vəzifələrin icrası bələdiyyələr tərəfindən yetərli dərəcədə icra edilmədiyi üçün yaşıllıqlar, o cümlədən iri gövdəli ağaclar bir çox hallarda quruyaraq yararsız hala düşür və bu ağacların vaxtında bələdiyyələr tərəfindən götürülməməsi fiziki və hüquqi şəxslərə ziyan vurulması ilə nəticələnir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. IPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. IPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin II hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, II hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, III hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, IV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: - 47-ci maddəsinə əsasən:

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu: - Bu Qanun, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu, 78-ci maddələrinə və 94-cü maddəsinin İ hissəsinin 11-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləyir, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir. ... - 4.1-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin obyektləri yaşıllıqlar (ağac, kol, gül-çiçək, ot bitkiləri, onların əkin materialları (toxumlar, şitillər, tinglər), yaşıllıq əraziləri və onlardan istifadə hüquqlarıdır. - 4.2-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. ... - 8-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri. 8.1. Bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. 8.2. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır: 8.2.1. yaşıllıq ərazilərinin genişləndirilməsinə dair yerli proqramlar və normativ xarakterli aktlar qəbul etmək; 8.2.2. yaşıllıqların mühafizəsi ilə əlaqədar həyata keçirilən və planlaşdırılan işlər və ərazilər barədə əhalini mütəmadi olaraq məlumatlandırmaq; 8.2.3. mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu və monitorinqini aparmaq; 8.2.4. yaşıllıqların mühafizəsi məqsədi ilə bələdiyyə büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək; 8.2.5. müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə bələdiyyə ərazisindəki yaşıllıqlarda rast gəlinən xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq; 8.2.6. ərazisində olan yaşıllıqların genişləndirilməsi məqsədi ilə həvəsləndirmə tədbirləri müəyyənləşdirib həyata keçirmək. - 9.0-cı maddəsinə əsasən yaşıllıqların mühafizəsi aşağıdakı tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur: 9.0.1. yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili; 9.0.2. yaşıllıq ərazilərində torpaqların münbitliyinin artırılması, lazımi rütubət mühitinin yaradılması, su və külək eroziyasından qorunmasının təmin edilməsi; 9.0.3. yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi; 9.0.4. qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması; 9.0.5. zədələnmiş, məhv edilmiş və götürülmüş (kəsilmiş) yaşıllıqların bərpası; 9.0.6. yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması; 9.0.7. yaşıllıqların ətraf mühiti sağlamlaşdırma, iqlimtənzimləyici, torpaqqoruyucu, suqoruyucu və digər xüsusiyyətlərinin artırılmasına və yaşıllıqların mühafizəsinə yönəlmiş başqa tədbirlərin həyata keçirilməsi. - 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Apellyasiya şikayətinin dəlillərinə münasibət:

Hazırkı inzibati işin hallarından müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində hava şəraitinin dəyişməsi ilə əlaqədar küləyin əsməsi nəticəsində qovaq ağacının kökündən çıxaraq iddiaçıya məxsus 2023-cü il buraxılışlı “CHANGAN” markalı, “UNI-K IDD PLUG-IN HIBRID modelli, 90-HN969 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşmış və nəticədə avtomobilə maddi ziyan dəymişdir (işin mübahisəsiz halıdır). Iddiaçı ona vurulmuş 2000 (iki min) manat məbləğində ziyanın ödənilməsi ilə bağlı cavabdeh Bakı şəhəri Cavabdeh müraciət etmiş, cavabdeh isə müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın imtina dəlilinin əsası ondan ibarət olmuşdur ki, hadisə baş vermiş ünvandakı ağac Nərimanov bələdiyyəsinin balansında deyildir. Hazırki apellyasiya şikayətinin dəlili isə ondan ibarətdir ki, ümumi istifadədə olan torpaqlarda yerləşən ağac və kol bitkiləri ilə bağlı yanlız onlara qulluq edən Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və ərazidə yaşayan sakinlərin bələdiyyəyə yazılı müraciəti olunduqda bələdiyyə bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi və ya Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə rəsmi məktubla müraciət edir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir: - Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsi 18-ci Polis Şöbəsinin ##.##.2024-cü il tarixli arayışına əsasən ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində hava şəraitinin dəyişməsi ilə əlaqədar küləyin əsməsi nəticəsində qovaq ağacının kökündən çıxaraq İddiaçı oğluna məxsus 2023-cü il buraxılışlı “CHANGAN” markalı, “UNI-K IDD PLUG-IN HIBRID modelli, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşmış və nəticədə avtomobilə maddi ziyan dəymişdir. - X2 (VÖEN 1002137082) və X3 tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli akta əsasən İddiaçı məxsus olan **-NH-*** dövlət qeydiyyat nişanlı “Changan UNI-K” avtomobili üçün aşağıda qeyd olunan xidmətlər “X1” xidmət mərkəzində göstərilmişdir. 1) Avtomobilin sağ güzgüsünün yenisi ilə əvəz olunması - 450 manat, 2) Arxa qanad nizamlanıb rənglənməsi - 600 manat, 3) Sağ ön və sağ arxa qapının nizamlanıb rənglənməsi - 700 manat, 4) Dam hissənin pdr üsulu ilə rəng dəymədən bərpası - 250 manat. Ümumi məbləğ 2000 manat. - Cavabdeh iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, hadisə baş vermiş ünvandakı ağac Nərimanov bələdiyyəsinin balansında deyildir. - Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhəri Cavabdeh ##.##.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində (Nərimanov rayon Icra Hakimiyyətinin yaxınlığında), səki qırağında yerləşən ağaclar Nərimanov Bələdiyyəsinin mülkiyyətində deyil, həmin ağaclara nəzarət tərəflərindən həyata keçirilmir. - Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, DIN Baş Dövlət Yol Polisi Idarəsi Qeydiyyat-imtahan Idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Changan Uni-K IDD Plug-In (Hibrid)” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2024-cü il tarixdən İddiaçı adına qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsi etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməmişdir. - Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, F.Məmmədov küçəsi boyunca yol kənarında yerləşən ağaclar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin xidməti dislokasiyasına aiddir. - Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). - Bakı şəhəri Nərimanov Rayon Icra Hakimiyyətinin ## ######## 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində, səki qırağında yerləşən ağacların götürülməsi (və ya bərpası) ilə əlaqədar tərəflərindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilməmişdir. Sözügedən ərazi ümumi istifadədə olan torpaq sahələridir və həmin ərazidə olan ağaclara Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən xidmət göstərilir və onların götürülməsi Nərimanov bələdiyyəsinin müraciəti əsasında təmin edilir. Işin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində hava şəraitinin dəyişməsi ilə əlaqədar küləyin əsməsi nəticəsində qovaq ağacının kökündən çıxaraq iddiaçıya məxsus 2023-cü il buraxılışlı “CHANGAN” markalı, “UNI-K IDD PLUG-IN HIBRID modelli, 90- HN969 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşmış və nəticədə avtomobilə maddi ziyan dəymişdir. Iddiaçı həmin hadisə nəticəsində cavabdeh bələdiyyədən avtomobilə dəymiş ziyana görə 2000 manat pul tələb edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsinin dəymiş ziyanın əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün ilk növbədə onun tərəfindən təqsirli olaraq hüquq pozuntusunun törədilməsinin müəyyən olunması istiqamətində apardığı araşdırma haqlı və düzgün olmuşdur. Bununla bağlı diqqətə çatdırılır ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı, zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Yuxarıda istinad olunan qanunvericilik normalarının məzmunundan da aydın olur ki, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Işin faktiki hallarından bəllidir ki, hadisənin baş verdiyi ərazi ümumi istifadədə olan yol kənarıdır. Ümumi istifadədə olan torpaq sahələri isə bələdiyyə mülkiyyəti sayılır. Hadisənin baş verdiyi yerdə yaşıllıqlara qulluq da bələdiyyə tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov bələdiyyəsinin bələdiyyə iclasının ## ### 2025-ci il tarixli ** saylı protokolunun qərarından çıxarışdan da görünür ki, bu barədə qərar bələdiyyə tərəfindən qəbul edilmişdir. Belə ki, Bakı şəhəri Nərimanov bələdiyyəsinin bələdiyyə iclasının ## ### 2025-ci il tarixli ** saylı protokolunun qərarından çıxarışa (№ ***) əsasən Nərimanov bələdiyyəsi tərəfindən sənədləşmə işlərinin həyata keçirilməsi, ETSN-nin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən verilmiş **/*** saylı, ##.##.2025-ci il tarixli müvafiq rəy əsasında Ağa Nemətulla, Fətəli xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində yerləşən 4,7 və * saylı yaşayış binalarının tikintiləri altına 3 ədəd sərv (d=42,47, 47 sm), 5 ədəd ayland (dm=30,30, 30,31,43 sm) 1 ədəd tut (dm=32sm) ağacı və 3 ədəd çoxgövdəli liqustr kolları (ümumi 9 ədəd ağac və 3 ədəd kol bitkisi) düşdüyü üçün göstərilən ünvanın yaxınlığına köçürülməsi üçün Bakı şəhəri IH Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilməsi qərara alınmışdır. Həmçinin iş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən Bakı Şəhər Icra Hakimiyyətinə, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Mərkəzinə, ** saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinə və Bakı Şəhər Icra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ünvanlanan **/** nömrəli ## ###### 2021-ci il tarixli məktubda qeyd edilmişdir: “...insanların həyat təhlükəsizliyini təmin etmək məqsədilə vaxt itkisinə yol verməmək üçün Bakı şəhəri ərazisində yalnız təbii şəraitdə köküstə tam qurumuş, kök boğazı və ya gövdəsinin çürüməsi nəticəsində qəzalı vəziyyətə düşmüş və aşma təhlükəsində olan Qovaq cinsli ağaclar istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş “Yaşıllığın götürülməsi vərəqi” əsasında, mütləq ** saylı RETSI-nin iştirakının (əvvəlcədən verilmiş məlumat əsasında) təmin edilməsi və yerində mühitə uyğun cinslərdən yeni ting əkilməsi şərti ilə götürülməlidir.” Sözügedən məktubun məzmunundan da aydın olur ki, bələdiyyə qərarı əsasında müvafiq səlahiyyətli orqanların nümayəndələrinin iştirakı ilə qəzalı vəziyyətə düşmüş və aşma təhlükəsində olan Qovaq cinsli ağaclar götürülməlidir. Hazırkı mübahisədən isə aydın olur ki, aidiyyəti bələdiyyə hərəkətsizlik nümayiş etdirmiş, üzərinə düşən öhdəliyi icra etməmişdir.

Yekunda məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, məhkəmə araşdırmaları nəticəsində hazırkı işdə iddiaçının zərərə məruz qalması, cavabdehin hüquqa zidd əməli (hərəkətsizliyi) nəticəsində, yəni ümumi istifadədə olan bələdiyyə mülkiyyətində olan torpaq sahələrində yerləşən qovaq ağaclarının müəyyən edilməməsi, həmin ağacların götürülməsi ilə bağlı Bakı şəhəri IH Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edilməməsi nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində hava şəraitinin dəyişməsi ilə əlaqədar küləyin əsməsi ilə qovaq ağacının kökündən çıxaraq iddiaçıya məxsus 2023-cü il buraxılışlı “CHANGAN” markalı, “UNI-K IDD PLUG-IN HIBRID modelli, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə aşması ilə avtomobilə 2000 (iki min) manat məbləğində ziyan dəyməsi sübuta yetirilir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDI:

Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar