Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-509/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Nərimanov xidmət nümayəndəliyinə qarşı “əmək pensiyasının verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-219/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi və həqiqi hərbi xidmətdən əvvəl işlədiyi 2 il 8 ay 10 gün iş stajı kimi sayılaraq əmək pensiyasının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İİ qrup Qarabağ Müharibəsi əlilidir. 1991-1996-cı illərdə Qarabağ uğurunda gedən döyüşlərdə 3 dəfə yaralanmışdır. Ailəlidir, 3 övladı var. Hazırda İİ qrup əlil kimi müavinat alır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Nərimanov Rayon Şöbəsinə əmək pensiyası almaq üçün müraciət etdikdə Əmək Kitabçasını tapa bilmədiyi üçün həqiqi hərbi xidmətdən əvvəl işlədiyi 2 il 8 ay 10 gün işləməyini təsdiq edə bilmədiyinə görə ona əmək pensiyası təyin olunmamışdır. Ona görə də, cavabdeh tərəfindən İİ qrup əlil kimi müavinət təyin olunmuşdur. İddiaçı 2017-ci ilin noyabr ayında Əmək Kitabçasını əldə edib Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon Şöbəsinə təqdim etmiş, həqiqi hərbi xidmətdən əvvəl malyar vəzifəsində işlədiyi 2 il 8 ay 10 günü, hərbi xidmətdə olduğu 5 il 10 ay və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 4 ildən artıq müddəti də nəzərə alaraq ona əmək pensiyasının verilməsini xahiş etmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Bakı Şəhəri Nərimanov Rayon Şöbəsinin xx xxxx 2018-ci il tarixli cavab məktubunda "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndinə müvafiq olaraq əmək kitabçasında qeyd olunan xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajının qarşılıqlı yoxlanması müəssisənin əmək haqqı ödəniş cədvəllərini və əmr kitablarını təqdim edə bilməməsi səbəbindən mümkün olmamışdır. Qeyd edilən səbəbdən iddiaçıya əlilliyə görə pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, “Məişət 2” kooperativi uzun müddət bağlanıbdır və əmək kitabçası kooperati tərəfindən iddiaçıya verilsə də, əmr kitabları və əmək haqqı ödəniş cədvəlləri kooperativdədir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-219/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1058/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-2872/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1058/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: O, İİ qrup Qarabağ Müharibəsi əlilidir. 1991-1996-cı illərdə Qarabağ uğurunda gedən döyüşlərdə 3 dəfə yaralanmışdır. Ailəlidir, 3 övladı var. Hazırda İİ qrup əlil kimi müavinət alır. O, 2017-ci ilin noyabr ayında əmək kitabçasını əldə edib Dövlət Sosial Müdafiə Fondunun Nərimanov Rayon Şöbəsinə təqdim etmiş, həqiqi hərbi xidmətdən əvvəl malyar vəzifəsində işlədiyi 2 il 8 ay 10 günü, hərbi xidmətdə olduğu 5 il 10 ay və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu 4 ildən artıq müddəti də nəzərə alaraq ona əmək pensiyasının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək “Məişət 2” kooperativində işləməyinin sübutu kimi ilk növbədə əmək kitabçasına əsaslanmalıydı. Əmək kitabçasında olan qeydə inanmırsa iddiaçı ilə bir vaxtda işləyən şahidlərin izahatlarına inanmalı idi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nərimanov xidmət nümayəndəliyi ilə əvəz edilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə işi yeni apellyasiya baxışına qaytararkən öz qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qeydiyyat orqanından əldə etdiyi, dövlət reyestrində “Məişət-2” Kooperativi barədə məlumatın aşkar edilməməsi məlumatından, həmçinin onu başa düşmək olar ki, həmin müəssisə ləğv olunmuş və sözügedən reyestrdən çıxarılmışdır. Bu da həmin müəssisənin xx.xx.1989-xx.xx.1992-ci illərdə fəaliyyət göstərməsini təkzib etmir. Ona görə də, məsələnin dəqiq aydınlaşdırlması üçün apellyasiya instansiya məhkəməsi Milli Arxiv orqanına müraciət etməli idi. Bundan başqa iş üzrə qəti müəyyən edilməmişdir ki, çatışmayan iş stajı iddiaçının sığorta stajına əlavə edilsə bu stajın müddəti 10 il təşkil edəcəkdir. Bununla da, işin apellyasiya instansiya qaydasında yenidən araşdırlmasına zərurət yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-219/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materialları ilə müəyyən edilir ki, iddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, sonuncu xx xxxx 2018-ci il tarixli, **********9 saylı imtina məktubunda müraciətin təminindən imtina edərkən bildirmişdir ki, əmək kitabçasında qeyd olunan xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək iş stajınızın qarşılıqlı yoxlanması müəssisənin əmək haqqı ödəniş cədvəllərini və əmr kitablarını təqdim edə bilməməsi səbəbindən mümkün olmamışdır. Bundan sonra İddiaçı məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi və həqiqi hərbi xidmətdən əvvəl işlədiyi 2 il 8 ay 10 gün iş stajı kimi sayılaraq əmək pensiyasının verilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixinə kimi işləməsi faktı işin halları və məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamış və iddiaçı tərəfindən həmin illərdə işləməsi faktı sübuta yetirilə bilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Adı çəkilən normadan görünür ki, şəxsə 2-ci qrup əlilliyə görə pensiya təyin edilməsi üçün şəxsin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Dövlət Sosial Müdafiə Fondunun xx xxxxxx 2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 2.3-cü bəndinə əsasən əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz (bənd 2.3.1). AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuşdur. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü il təvəllüdlü olmaqla əlillik təyin olunan zaman 43 yaşı olmuşdur. Qaydaların 2.3.1-ci yarımbəndinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 43 yaşlı sığortaolunan üçün 10 il (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (43 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 28) x 4 ay = 112 ay/12 = 10 il ) sığorta stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayon İdarəsinin xx.xx.2016-cı il tarixli, 128 saylı arayışından görünür ki, İddiaçı həqiqətən də xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etmişdir. xx.xx.2016-cı il tarixli sığortaolunanın fərdi uçot məlumatları əsasında sığorta stajı və pensiya kapitalı barədə arayışına əsasən İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək 2 il 01 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2016-cı il tarixinədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 755,64 manat pensiya kapitalı vardır. İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətinə əsasən İddiaçı Abdul oğlu xx.xx.1989-cu il tarixli, 06 saylı əmrlə “Məişət-2” kooperativinə ikinci dərəcəli rəngsaz vəzifəsinə qəbul olunmuş və xx.xx.1991-ci il tarixli, 14 saylı əmrlə işdən azad edilmişdir. Əmək kitabçasında bundan başqa iddiaçının işləməsinə dair heç bir qeydiyyat aparılmamışdır. Cavabdehin iddiaçının xx.xx.1989-xx.xx.1992-ci ilədək işlədiyi dövrün qarşılıqlı yoxlanmasının mümkün olmaması barədə dəlilinin araşdırılması ilə bağlı ilkin apellyasiya baxışı zamanı iddiaçının həmin dövrdə işlədiyi “Məişət-2” Kooperativinin dövlət qeydiyyatına alınıb-alınmaması ilə bağlı AR VN yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə sorğu ünvanlanmış, sonuncunun sorğuya verdiyi xx.xx.2019-cu il tarixli cavabında bildirilmişdir ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində “Məişət-2” Kooperativi barədə məlumat aşkar edilməmişdir. Yeni apellyasiya baxışı zamanı “Məişət-2” Kooperativinə dair dövlət qeydiyyatı barədə sənədlərin Milli Arxiv İdarəsinə təhvil verilib-verilməməsi barədə məlumatların, həmçinin təhvil verilmişdirsə, həmin sənədlərin, eyni zamanda İddiaçı sözügedən müəssisəyə işə qəbul olunmasına və işdən azad olunmasına əsas olmuş sənədlərin təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə sorğular ünvanlanmış, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda “Məişət 2” Kooperativinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuş, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti sorğuya cavabda qeyd olunanları bağlı sənədlərin mövcud olmadığını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi isə sorğuya cavabda “Məişət 2” Kooperativinin hüquqi və ya yerləşdiyi ünvanla bağlı ətraflı məlumat verildiyi halda müraciətə baxıla biləcəyi bildirilmişdir. İşin sadalanan hallarını nəzərə alan kollegiya hesab edir ki, iddiaçının xx.xx.1989xx.xx.1992-ci ilədək “Məişət-2” Kooperativində işlədiyi müddət öz təsdiqini tapmadığından həmin müddət sığorta stajına daxil edilə bilən müddət kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, əlilliyə görə pensiyanın təyin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Ali Məhkəmənin qərarında qeyd olunanlarla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yeni apellyasiya baxışı zamanı “Məişət-2” Kooperativinə dair dövlət qeydiyyatı barədə sənədlərin Milli Arxiv İdarəsinə təhvil verilib-verilməməsi barədə məlumatların, həmçinin təhvil verilmişdirsə, həmin sənədlərin, eyni zamanda İddiaçı sözügedən müəssisəyə işə qəbul olunmasına və işdən azad olunmasına əsas olmuş sənədlərin təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə sorğular ünvanlansa da, həmin müəssisənin xx.xx.1989-xx.xx.1992-ci illərdə fəaliyyət göstərib-göstərməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə əmək kitabçasından çıxarışın surəti təqdim edilmiş, iddiaçıya məxsus əmək kitabçasından çıxarışın surətində qeyd olunan dövrlərin həqiqiliyinin yoxlanılması üçün əmək kitabçasının əslinin baxış keçirilməsi üçün məhkəməyə təqdim edilməsi tələb edilsə də, iddiaçı tərəfindən əmək kitabçasının əsli təqdim edilməmişdir. İddiaçının xx.xx.1989-xx.xx.1992-ci ilədək “Məişət-2” Kooperativində işlədiyi müddət öz təsdiqini tapmadığından həmin müddət sığorta stajına daxil edilə bilən müddət kimi qəbul edilə bilmədiyinə görə onun əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 10 il sığorta stajını toplamadığı müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-219/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Cahangir Yusifov Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-509/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-509/2020
02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver