Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-509/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5407/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli, iş 2-1(81)-4229/2014 saylı qərarı ilə hazırlanmış plan və ölçü və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2015-ci il tarixli, iş 2- 1(81)-1353/2015 saylı qanuni qüvvəyə minmiş qərarı ilə ona alqı-satqı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə ayrılmış və hazırda faktiki mülkiyyətində olan 150 kv.m. torpaq sahəsinə dair qanuni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin 1414 saylı 29 sentyabr 2000-ci il tarixli sərəncamına əsasən uzun illər istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi 89 saylı binanın yaxınlığındakı 150 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında abadlaşdırma, yenidənqurma və istirahət güşəsi təşkil edilməsi məqsədilə ona ayrılmışdır. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan ünvanda onun istifadəsində olan torpaq sahəsinin yerləşmə cizgisi tərtib olunaraq təsdiq edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr., Ə.Əlixanov küçəsi 89 saylı binanın yaxınlığında 150 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq onun mülkiyyətinə ayrılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 27 saylı, 05.02.2007-ci il tarixli qərarı əsasında həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi tərtib edilərək təsdiq edilmişdir. Həmin torpaq sahəsinə 05 fevral 2007-ci il tarixli, 034573 saylı qəbzi ilə torpaq alqı-satqısı üçün 624 manat pul ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər şöbəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 sentyabr 2014-cü il tarixli, iş 2-1(81)-4229/2014 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 39 saylı, 05.02.2007-ci il tarixli qərarı ilə mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsünün hazırlanaraq verilməsi və alqı-satqı aktının qeydiyyata alınması vəzifəsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Qərar icra olunaraq həmin torpaq sahəsi ilə bağlı mülkiyyətində olan torpaq sahəsinin plan və ölçüsü hazırlanaraq ona verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 mart 2015-ci il tarixli, 2-1(81)- 1353/2015 saylı qərarına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin hüdudları daxilində Binəqədi rayon qəsəbəsi ərazisində ayrılmış 150 kv.m. torpağın alqı-satqısına dair aktın tərtib edilməsi Binəqədi Bələdiyyəsinə həvalə edilmiş və icra edilmişdir. Qeyd edilən torpaq sahəsi ilə bağlı o, çıxarışın alınması üçün Azərbaycan Respublikası DƏDRX 1 saylı Bakı şəhər Ərazi idarəsinə müraciət edərək rəsmi sənədlərini təqdim etsə də qanunsuz və əsassız olaraq ona çıxarışın verilməsi təmin edilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16.09.2020-ci il tarixli 2-1(112)-5407/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binasının yaxınlığında yerləşməklə İddiaçı istifadəsində olan 150 kv.m. torpaq sahəsi üzrə sonuncunun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsi məqsədilə idarəyə 22.05.2020-ci il tarixdə poçt vasitəsilə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsinin perimetrik ölçü və faktiki sahəsi arasında uyğunsuzluq mövcuddur. Bununla yanaşı torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Apellyasiya şikayətində “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2, 6.5-ci, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına, Torpaq Məcəlləsinin 21.1, 55, 67, 68, 111.1-ci, “Azərbaycan Respublikası Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci, 11.1-ci maddələrinə istinad edərək qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin məhkəmə tərəfindən qəbul olunmuş 16 sentyabr 2020-ci il tarixli qərar ləğv edilməli, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, bu torpaq sahəsi 30 ildən artıqdır ki, vətəndaşın istifadəsindədir. Torpağın təyinatı ev tikintisi üçündür. Cavabdeh 3 dəfə cavab verir. Birinci elektron bazada olmadığını qeyd edir. İkinci deyir ki, bizim üzərimizə öhdəlik qoyulmayıb. Üçüncü deyir ki, guya onlar buraxılmayıb. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavbdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1(112)- 5407/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 1414 №-li, 29.09.2000-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı binanın yaxınlığındakı torpaq sahəsi əlavə olunmuş cizgi əsasında abadlaşdırma, yenidənqurma və istirahət güşəsi təşkil edilməsi məqsədi ilə həmin binanın 61-ci mənzilində yaşayan İddiaçı ayrılmışdır. Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 39 №-li, 05.02.2007-ci il tarixli İddiaçı fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi haqqında qərarına əsasən Binəqədi rayonu, 6 mkr., Ə.Əlixanov küçəsi, 89 saylı yaşayış binanın yaxınlığında 150 kv.m. bələdiyyəyə məxsus torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün alqı-satqı yolu ilə əlavə edilmiş cizgiyə uyğun olaraq İddiaçı mülkiyyətinə (hər kv.m. üçün YAM ilə 4 manat 16qəp. ödəmək şərtilə) ayrılmışdır. Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 27 №-li, 05.02.2007-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr, Ə.Əlixanov küçəsi, 89 saylı binanın qarşısında 150 kv.m. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının 23.01.2007-ci il tarixli, PRN01 qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün İddiaçı verilmişdir. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 29.09.2014-cü il tarixli, 2-1(81)-4220/2014 saylı qərarına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1353/2015 saylı, 31.03.2015-ci il tarixli qərarına əsasən Bakı şəhər Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 40 №-li, 08.05.2015-ci il tarixli qərarı ilə torpaq sahəsinə dair alqısatqı aktı tərtib olunmuşdur. İddiaçı qeyd edilən torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanladığı **********51 №-li, 06.07.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, təqdim edilmiş alqı-satqı aktı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Həmçinin elektron kadastr baza məlumatına əsasən ayrılmış torpaq sahəsinin perimetrik ölçü və faktiki sahə arasında uyğunsuzluq mövcuddur. Bununla yanaşı torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşmişdir. Ona görə də müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın predmeti olan torpaq sahəsinin ilkin olaraq iddiaçının istifadəsinə verilməsi barədə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 29.09.2000-ci il tarixli 1414 saylı sərəncamından da görünür ki, qeyd edilən torpaq sahəsi abadlaşdırma, yenidənqurma və istirahət guşəsi təşkil edilməsi məqsədilə iddiaçının istifadəsinə verilmişdir. İlkin olaraq iddiaçıya torpaq sahəsi ayrılarkən həmin torpaq sahəsində hər hansı tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır. Sərəncamdan da göründüyü kimi torpaq sahəsi Bakı şəhəri, 6-cı mikrorayon, Ə.Əlixanov küçəsi, 89 saylı binanın yaxınlığında yerləşdiyindən həmin binanın sakini olan iddiaçıya yuxarıda qeyd edilən məqsəd üçün ayrılmışdır. Cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsinə dair dövlət reyestrində qeydiyyatın aparılmasından imtina edilməsinin əsaslarından biri kimi məhz torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasının həyətindəki yaşıllıq massivində yerləşməsi olmuşdur. Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Torpaq Məcəlləsinin 86-cı maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Qeyd edilən qanunvericilik normalarından da göründüyü kimi mübahisə predmeti olan torpaq sahəsi hər iki tərəfdən əhatə olunmuş çoxmərtəbəli yaşayış binalarının yaşıllıq massivində yerləşməklə mənzil mülkiyyətçilərinin ümumi istifadəsində olan torpaq sahəsi olmuşdur. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 8 iyul 2014-cü ilədək qüvədə olmuş “Torpaqların alqısatqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Lakin iddiaçı tərəfindən göstərilən qaydaların qeyd edilən müddəalarına riayət edilməmiş, alqı-satqı aktı olmadığı kimi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən də təsdiq edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.5-ci maddəsinin 12.12.2008-ci il tarixə qədər qüvvədə olan redaksiyasında qeyd edilir ki, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. İş materiallarında iddiaçıya yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün torpaq ayrılmasının qanunauyğunluğu barədə rəy mövcud deyil. İddiaçının adına ümumi istifadədə olan torpaq sahəsinə dair məhkəmə qərarına əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi isə hüquqi cəhətdən heç bir əhəmiyyət kəsb etmir. Belə ki, torpaq sahəsinin planı və ölçüsü fiziki və ya hüquqi şəxsin istifadəsində və ya icarəsində olan torpaq sahəsinin tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini əks etdirən xəritədir. Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması üçün sənədlərdən biri kimi torpaq sahəsinin plan və ölçüsü qeyd edilmişdir. Lakin həmin sənəd hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri ilə birlikdə təqdim edildiyi təqdirdə hüquqi nəticə yaradır. Qeyd edilənlərdən də göründüyü kimi özlüyündə torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi hər hansı bir əhəmiyyət kəsb etmir. Digər məhkəmə qərarına münasibətdə isə kollegiya qeyd edir ki, həmin iddia tələbi Bakı şəhəri Binəqədi rayon Binəqədi bələdiyyəsinə qarşı yönəlmiş, həmin məhkəmə mübahisəsi zamanı bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulub-tutulmadığı mübahisə predmeti olmadığı kimi, həmin iş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti də tərəf kimi iştirak etməmişdir. Beləliklə də, qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Bunun üçünsə bələdiyyə ilk öncə müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırmalı, həmin orqan isə torpaqların bir kateqoriyadan digərinə keçirilməsi barədə qərar qəbul etməlidir. Yalnız bundan sonra, yəni torpaq sahəsinin məqsədli təyinatı dəyişdirildikdən sonra torpaq sahəsindən təyinatı dəyişdirilmiş istifadə mümkün hesab oluna bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər.” Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda da iddiaçıya satılmış torpaq sahəsinin satışı onun təyinatına və hüquqi rejiminə uyğun gəlməməsi hüquqların dövlət qeydiyyatından imtina üçün əsas ola bilər və bu səbəbdən cavabdeh, iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Başqa sözlə, iddianın təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı iddiasının əsaslılığı ilə bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmiş, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamış, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2-1(112)-5407/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1(112)-5407/2020 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva İlham Kərimli