Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-509/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «əlilliyin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9204/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9204/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. (hakim: R.Kərimli) Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, faktiki yaşayış yeri Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Xocasən şosesi,160a ünvanında 5 ilə yaxın müddətdir yaşayır. Həm də səhhəti ilə əlaqədar olaraq Şirvan şəhərinə gedə bilmədiyi üçün məhkəmə işinin Bakı İnzibati Məhkəməsində keçirilməsini xahiş edir. Apellyasiya baxışı zamanı İddiaçı və iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə iddiaçının və iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi inzibati işi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsini qərar almış və mövqeyini onunla əsaslandırmışdır ki, iddia üzrə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, iddiaçının tələbi mahiyyətcə “məcburetmə haqqında” iddiaya uyğun olduğundan, mübahisə üzrə ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin tələbləri ilə tənzimlənməlidir. Yəni, İddiaçı hazırkı iddiası üzrə işə İPM-in həmin maddəsinin müddəaları tətbiq edilməklə onun yaşayış yeri üzrə inzibati məhkəmədə baxılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçıya əlillik təyin olunmasından imtinanı verən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq Tibbi-Sosial Ekspert Komissiyasıdır. Gələcəkdə İPM-in 13-cü maddəsinə istinadən iş üzrə cavabdeh dəyişdirilsə belə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin də səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Azərbaycan Respublikası Prezidentinin 1077 nömrəli 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Tibbi-Sosial Ekspertiza və X1»nin 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı yaşayış yeri olan Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatdadır. Həmçinin məhkəməyə ünvanlanmış şikayətdən də görünür ki, iddiaçının yaşayır yeri Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi Sabir küçəsi 10 göstərilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə yaşayış yeri müəyyən edilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı onun əsasən yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Şirvan şəhəri Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9204/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-509/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-509/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver