Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-509/2024 22.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasyianın yenidən hesablanıb ödənilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə öhdəlyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia ərizəsinə əlavə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək pul təminatına daxil olan 64 manat miqdarında ərzaq pulu nəzərə alınmaqla kompensasiyanın yenidən tam şəkildə hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mayor rütbəli ehtiyatda olan zabitidir və ikinci dərəcəli müharibə əlilidir. xx.xx.2001-xx.xx.2019-cu illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir.xx.xx.2008-xx.xx.2019-cu illərdə Müdafiə Nazirinin müvafiq nömrəli əmrinə əsasən, xüsusi təyinatlı hərbi hissədə xidmət keçmiş və Müdafiə Nazirinin 0699 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanununun 20.12-ci maddəsinə və həmin Qanundan irəli gələn Nazirlər Kabinetinin 23 noyabr 2004cü il tarixli 180-24 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq xəsarət aldığına görə Müdafiə Nazirliyi tərəfindən iddiaçıya 3 illik pul təminatı miqdarında kompensasiya təyin olunmuş və Müdafiə Nazirliyi tərəfindən onun hesabına 50598 manat məbləğində kompensasiyanın ödənilmişdir. Lakin hazırda ona məlum olmuşdur ki, ödənilmiş kompensasiya məbləği tam şəkildə olmamış, düzgün hesablanmamışdır. Belə ki, Müdafiə Nazirliyi tərəfindən iddiaçıya məxsus kompensasiya məbləği hesablanan zaman pul təminatına (təminat xərcliyinə) daxil olan ərzaq pulu əvəzinə ödənilən 64 manat məbləği nəzərə alınmadığından ümumi kompensasiya məbləğinə hesablanmamış və onun hesabına köçürülməmiş, son nəticədə isə hesabına 52902 manat ödənilməli olduğu halda yalnız 50598 manat məbləğində pul ödənilmişdir. Beləliklə də pul təminatı 1469.50 manat x 36 ay =52902 manat – 50598 manat =2304 manat 64 manat ərzaq pulu x 36 ay =2304 manat miqdarında xəsarətə görə kompensasiyanın qalıq hissəsi yaranmışdır. Həmin 2304 manat kompensasiya qalığı ilə bağlı 14 mart 2023-cü il tarixində Müdafiə Nazirliyinə ünvanladığı ərizəyə verilmiş 31 mart 2023-cü il tarixli cavab məktubuna əsasən, ona məxsus olan kompensasiyanın yenidən düzgün şəkildə hesablanmasından və ödənilməsindən həmişəki kimi analoqu olmayan cavab verilməklə imtina edilmişdir. Belə ki, cavab məktubunu hazırlayan maliyyəçi-hüquqşunas ilk növbədə pul təminatının cəmi ilə təminat xərcliyinin cəminin ayrı-ayrı anlayış olmasını qara hərflər ilə qeyd etməklə, Azərbaycan Respublikasının qanunvericiliyinə və hüquq elminə bir yenilik gətirmiş olmuşdur. Növbəti fikirlərində isə Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamənin daha dəqiq hansı maddəsinə və bəndinə istinad göstərmədən,ümumi söz toplusundan ibarət sitatları ilə həmin Əsasnaməni Azərbaycan Respublikasının qanunvericiliyindən üstün hesab etmiş, nəticə etibarı ilə cavabdehin mövqeyi qanunvericiliyə zidd olduğuna görə məhkəməyə müraciət etmişdir...» Cavabdeh iddia ərizəsinə qarşı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsində pul təminatına və təminat xərdiyinə aid olan bütün ödənişlər cəm halında göstərilmişdir. Bu ödənişlərin hamısının pul təminatına aid edilməsi səhvdir və qanunauyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş "Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları" "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun icrası məqsədi ilə hazırlanmışdır. Lakin Qanunda pul təminatı (təminat xərcliyi) ifadəsi göstərilməsinə baxmayaraq, Qaydalarda kompensasiyanın ödənilməsi üçün təminat xərcliyi deyil, yalnız pul təminatı göstərilmişdir. Pul təminatı: əsas pul təminatı və pul təminatının əlavə növlərindən ibarətdir. Əsas pul təminatına vəzifə və rütbə maaşları, pul təminatının əlavə növlərinə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarı ilə təsdiq edilmiş üstəlik pul təminatı növləri daxildir. Nazirlər Kabinetinin qeyd olunan qərarı qüvvəyə mindiyi gündən hal-hazırki vaxtadək yüzlərlə, minlərlə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə sözügedən 3 illik kompensasiya yalnız pul təminatından ödənilmişdir və hal-hazırda da ödənilir. Pul təminatının tərkibinə heç bir vaxt ərzaq payı əvəzinə pul kompensasiyanın məbləği daxil edilməmişdir."Hərbi qulluçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir". Məhkəmə tərəfindən 3 illik pul təminatının ödənilməsi ilə bağlı pul təminatının tərkibinə ərzaq payı əvəzinə pul kompensasiyası məbləğinin daxil edilməsi barədə iddia təmin edildiyi təqdirdə, bu hal hal-hazırda xidmət edən, həmçinin hərbi xidmətdən buraxılmış, statistik məlumatlara əsasən 1 ildə təxminən 410 nəfər hərbi qulluqçuya şamil ediləcək ki, bu da orta hesabla bir ilə 1 166 400,0 manat olmaqla 19 ilə (2004-2023-cü illər) 22 161 600,0 manat büdcə vəsaitlərinin artıq, səmərəsiz və qanunsuz sərf edilməsinə səbəb olacaqdır. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşlarına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinətin verilməsi sözügedən Qanunun 20.6-cı bəndi ilə, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilməsi isə həmin qanunun 20.7-ci bəndi ilə tənzimlənir. Qeyd edilən müavinətlərin ödənilməsi üçun pul təminatının tərkibinə hərbi qulluqçulara, o cümlədən İddiaçı ödənilən ərzaq payı əvəzinə pul komoensasiyası heç vaxt daxil edilməmişdir.Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli hərbi hissə tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli 2 nömrəli arayışda pul təminatının tərkibinə ərzaq payı əvəzinə pul kompensasiyası daxil edilmişdir. Hal-hazırda mövcud olan rəhbəredici sənədlərin tələblərinə zidd olduğu üçün qeyd edilən arayışda pul təminatının tərkibinə ərzaq payı əvəzinə pul kompensasiyasının daxil edilməsi qanunauyğun deyildir və səhvdir. Bu səbəbdən də qeyd edilən arayış əsas kimi qəbul edilə bilməz. Qeyd edilir ki, pul təminatı haqqında xx.xx.2023-cü il tarixli, 2 nömrəli arayış İddiaçı müraciəti əsasında "X1 Dövlət Agentliyinə" təqdim etmək üçün ona verilmişdir…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı pul təminatına daxil olan 64 manat miqdarında ərzaq pulu nəzərə alınmaqla kompensasiyanın yenidən tam şəkildə hesablanması və (fərqin) ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmə tələbi mümkünsüz saymaq əvəzinə, heç bir hüquqi əsas olmadan iddianı təmin etmişdir. Belə ki, məhkəmə qərarında "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin adında "Pul təminatı və maddi təminat" ifadəsi nəzərə alınmamışdır.Qeyd edilən qanunun 10-cu maddəsindən aydın görünür ki, pul təminatı və maddi təminat ayrı ayrı təminat növləridir. Maddi təminat növlərinə ərzaq, əşya və digər təminatlar aiddir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinin icrası ilə bağlı tərtib edilmiş Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin 1.2-ci bəndinə uyğun olaraq Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq əlavə növlərindən ibarətdir. Pul təminatının aylıq əlavə növləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarında üstəlik verilən pul təminatı növləri siyahısında hərbi qulluqçulara ödənilən ərzaq payı əvəzinə ödənilən pul kompensasiyası qeyd edilməmişdir. Bundan əlavə, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçular xidmət etdikləri hərbi hissənin komandirinin əmri ilə xidmət dövründə pul təminatına və maddi təminatlara (ərzaq, əşya, mənzil, tibb) qoyulurlar. Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin ərzaqla təminatı haqqında Əsanamə"nin 2.3-cü bəndinə uyqun olaraq "hərbi qulluqçulara və digər heyətlərə dövlət hesabına xörək və ya ərzaq məhsulları şəklində verilir, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun olaraq onlar üçün nəzərdə tutulmuş ərzaq payları əvəzinə ərzaq paylarının dəyəri həcmində pul kompensasiyası ödənilir." Həmin «Əsasnamə»nin 2.10-cu maddəsində göstərilmişdir: ərzaq paylarının verilməsinə və pul kompensasiyasının ödənilməsinə icazə verilən hərbi qulluqçuların və digər heyətin siyahıları, eləcə də ərzaq paylarının və ya pul kompensasiyasının verilməsi müddətləri hərbi hissə komandirinin əmri ilə hər ayın sön u elan olunur. Pul kompensasiyasının ödənilməsi üçün cədvəllər ərzaq xidməti rəisi tərəfindən tərtib edilir və hərbi hissə komandiri tərəfindən təsdiq edilir." Hərbi qulluqçulara ödənilən ərzaq payı əvəzinə pul kompensasiyası pul təminatına deyil, maddi təminatın bir növü olan ərzaq təminatına aid olan ödənişdir. “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991 -ci il tarixli Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin (Pul təminatı və maddi təminat hüququ) 5ci bəndiində qeyd edilmişdir: "Hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər." Qeyd edilən qanunun 10-cu maddəsindən göründüyü kimi ərzaq təminatı maddi təminatın bir növüdür və pul təminatına heç bir aidiyyəti yoxdur. Göstərilənlər nəzərə alınmaqla ərzaq payı əvəzinə pul kompensasiyanın hərbi qulluqçuların pul təminatına aid (daxil) edilməsi qanunsuz və əsassızdır…» Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Gözəlov apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmamış, cavabdeh tərəfindən ərzaq payının onun təminat xərcliyində nəzərə alınmamasını əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. Birinci instansiya məhkəməsi qərarında iddianı təmin edərkən, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-20.2-ci maddələrinə istinadən qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiçıhər ay 64 manat ərzaq təminatına görə ödəniş almış, ona pensiya təyin edilməsi üçn verilmiş məlumat vərəqində də həmin məbləğ pultəminatının tərkibində göstərilmişditr. Odur ki, iddiaçıya ödənilən 3 illik pul təminatına həmin aylıq 64 manat ərzaq təminatı məbləği də cavabdeh tərəfindən daxil edilməli olduğu halda edilməmiş, bununla da həm “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının yuxarıda sadalanan normaları, həm də “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 5-ci bəndinin, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1-ci, 20.2-ci və 20.12-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi həm də "Hərbi qulluqçuların statusu haqqında", Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun tələblərinə əsasən isə hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Təhlil olunduqda, Qanunun qeyd olunan normaları fərqli qaydaları nəzərdə tutduğu aydın görünür. Belə ki, Qanunun 20.1-ci maddəsindən göründüyü kimi, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçuların sosial müdafiəsi və dövlət hesabına ərzaq və əşya əmlakı və ya əvəzində onlara kompensasiyası verilməsi - "Hərbi qulluqçuların statusu haqqında", Azərbaycan Respublikasının Qanunu və həmin Qanunun tələblərinə əsasən Nazirlər Kabineti tərəfindən müəyyən etdiyi normalar üzrə müəyyənləşdirilir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinin 5-ci hissəsi isə nəzərdə tutur ki, hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. Azərbaycan Respublikasında dolanacaq xərclərinin indeksi dəyişildikdə pul kompensasiyasının normalarını Azərbaycan Respublikasının Nazirlər Kabineti yenidən nəzərdən keçirib dəyişdirir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.2ci maddəsinin tələbindən isə göründüyü kimi, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatının konkret tərkibi sadalanır ki, həmin tərkibə də daxil olan komponentlər - vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, üstəlik verilən pul təminatının digər növləri, kompensasiyalar və müavinətlərin daxil olduğu təsbit olunur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 1-ci bəndi ilə aşağıdakı üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir: · zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; · bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; · elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; · kursant vəzifəsi üçün əlavə; · paraşütlə tullanmaq üçün pul mükafatı; · dalğıc işləri üçün pul mükafatı; · hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; · hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; · hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; · dənizçilər üçün pul təminatı; · döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; · qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı; · müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; · şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; · xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi; · gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; · hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; · Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; · hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; · xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; · gündəlik və mənzildə yaşamaq xərcləri; · səhrada (çöldə) xidmətetmə pulu; · ev kirayəetmə pulu. Həmin Qərarın 2-ci bəndinə əsasən isə Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir Sözügedən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinin icrası ilə bağlı tərtib edilmiş Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı - vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq əlavə növlərindən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş "xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nda da məhz nəzərdə tutulur ki, hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiya ödənilir. Beləliklə də, qeyd olunan maddi hüquq normalarının təhlili onu deməyə əsas veir ki, “ərzaq payı”, “pul təminatı” anlayışına aid edilə, yəni pul təminatının tərkib hissəsi sayıla bilməz. Bu baxımdan, məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçıya “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Qanununun 20.1.2-ci maddəsinə və həmin Qanun icrasından irəli gələn Nazirlər Kabinetinin 23 noyabr 2004- cü il tarixli, 180-24 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat subyektinin hərbi qulluqçusu olaraq, iddiaçıya xəsarət aldığına görə cavabdeh tərəfindən 3 illik pul təminatı miqdarında (50598 manat məbləğində) kompensasiya hesablanarkən xidmət dövründə “ərzaq payı” üçün aldığı 64 manat kompensasiynin nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. İPM-in 14.3-cü maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin qeyd edilən hallarından isə göründüyü kimi, 64 manat miqdarında ərzaq pulu nəzərə alınmaqla, ona ödənilən mübahisəli kompensasiyanın yenidən tam şəkildə hesablanıb ödənilməsini zəruri edən faktiki şərtlər mövcud deyil, əksinə, qanunvericiliyin tələbləri ərzaq pulunun həmin kompensasiyanın tərkibində nəzərə alınmasını istisna edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina olunması əsaslıdır. Əsaslı imtina isə onun hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin məzmunundan isə görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8979/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-509/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-509/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver