Məhkəmə qərarları › İş №2-1(103)-509/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-509/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-509/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4056/2024 saylı 22 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli sərəncamına əsasən Bakı şəhərinin ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinə həvalə olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə “CNİM FZC Engineers” arasında “Bakı bərk məişət tullantılarının yandırılması zavodu”nun layihələndirilməsi, tikilməsi və istismar edilməsi ilə əlaqədar xx.xx.2008-ci il tarixli Bakı tullantıların enerjiyə çevrilməsi müqaviləsi imzalandığı, müqaviləyə uyğun olaraq Podratçı ölkədaxili layihələndirmə-tikinti və əməliyyat xidmətləri üzrə bütün hüquq və öhdəliklərini "xxxx" MMC-yə həvalə etmiş, hazırda həmin hüquq və ödəliklərin “Paprec Enerji Azərbaycan” MMC tərəfindən həyata keçirildiyi, “Paprec Enerji Azərbaycan” MMC tərəfindən bərk məişət tullantılarının yandırılması və elektirik enerjisinin istehsalı ilə bağlı inşa edilmiş zavodun “Paprec Enerji Azərbaycan” MMC tərəfindən istismarına nəzarətin isə İddiaçı ASC-yə həvalə olunduğu müəyyən olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli, **********261200 nömrəli çıxarışından görünür ki, qurumun adı İddiaçı açıq səhmdar cəmiyyəti, qeydiyyata alındığı tarix xx.xx.2009-cu il, dövlət qeydiyyat nömrəsi (VÖEN) **********, təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyət, maliyyə ili 1 yanvar-31 dekabr, hüquqi ünvanı AZ1122, ünvan 3dənilmiş) 9.149.672,00 manat, təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı Azərbaycan Respublikası - 100 %-dir. 2023-cü il üzrə Təmiz Şəhər ASC-yə mədaxil və məxaric olan pul vəsaitlərinin aylar üzrə bölgüsündən görünür ki, mənfəət (+), ziyan (-) yanvar ayı üzrə 2,988,120.79, fevral ayı üzrə 5,158,141.86, mart ayı üzrə 4,871,119.71, aprel ayı üzrə 4,828,016.41, may ayı üzrə 6,056,048.47, iyun ayı üzrə 7,648,008.66, iyul ayı üzrə 7,922,111.18, avqust ayı üzrə 8,930,616.84, sentyabr ayı üzrə 11,481,069.61, oktyabr ayı üzrə 9,580,262.60, noyabr ayı üzrə 7,634,808.18, dekabr ayı üzrə -617,799.07, yekun -617,799.07 manat olmuşdur. Cavabdeh vergi orqanı İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli **********669900 nömrəli məktub göndərərək, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 672-VİQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2023-cü il ərzində Cəmiyyətə 37.500.000 manat subsidiya ayrılması barədə məlumat təqdim edilmiş, 2023-cü ilin yanvar-iyun ayları ərzində Cəmiyyətə ayrılmış subsidiya məbləği üzrə bank hesabına daxil olmuş vəsaitlər barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixli nömrəli məktubla təqdim edilmiş və qeyd olunan məktubda 2023-cü ilin yanvar-iyun ayları ərzində Təmiz Şəhər ASC-yə ayrılmış subsidiya məbləğləri aşağıdakı formada olmaqla, xx.xx.2023 – 1.691.250 manat, xx.xx.2023 – 2.261.250 manat, xx.xx.2023 – 2.666.250 manat, xx.xx.2023 – 2.737.500 manat, xx.xx.2023 – 2.722.500 manat və xx.xx.2023 – 2.876.250 manat olmaqla cəmi 14.955.000 manat təşkil etdiyi qeyd edilmişdir. Vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********345500 nömrəli məktub göndərilmişdir. xx.xx.2023-cü il tarixli **********922500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarından görünür ki, qərar 2023-cü ilin may ayının əlavə dəyər vergisinə münasibətdə qəbul edilmişdir. Qərarda təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqları olaraq -19.963,29 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 412.008,24 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 431.971,53 manat göstərilmişdir. Sonradan 2023-cü ilin may ayının əlavə dəyər vergisinə münasibətdə xx.xx.2023-cü il tarixli **********015700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Qərarda təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqları olaraq -19.963,29 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 412.008,24 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 431.971,53 manat göstərilmişdir. İddiaçı sonuncu qərardan subordinasiya baxımından yuxarı inzibati orqana inzibati şikayət vermiş, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 26 oktyabr 2023-cü il il tarixli, **********561200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********015700 nömrəli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla bağlı İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 2023-cü il 28 sentyabr tarixli **********015700 nömrəli qərarı ləğv edilməklə, Cəmiyyətə 2023-cü ilin may ayı üzrə hesablanmış 412.008,24 (dörd yüz on iki min səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində ƏDV-nin ləğv edilməsi, o cümlədən Cəmiyyətə ayrılmış və ya gələcəkdə ayrılacaq subsidiya məbləğlərinin idarə tərəfindən ƏDV-yə cəlb olunmasının qarşısının alınması məqsədilə Cəmiyyətin idarənin onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim etmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4056/2024 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddianın dəqiqləşdirilməsi barədə ərizəsi qəbul edilərək, İddiaçı açıq səhmdar cəmiyyətinin iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 28 sentyabr 2023-cü il tarixli **********015700 nömrəli qərarı ləğv edilməklə Cəmiyyətə 2023-cü ilin may ayı üzrə hesablanmış 412.008,24 (dörd yüz on iki min səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində ƏDV-nin ləğv edilməsi” kimi icraata qəbul olunmuşdur. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (“Cəmiyyət”) təsis olunduğu 2009-cu ildən bu günə qədər tullantıların idarəolunması xidmətləri göstərməklə yanaşı, həm də dövlət büdcəsindən ayrılan subsidiyalar əsasında fəaliyyət göstərir. Cəmiyyətin göstərdiyi xidmətlərdən əldə olunan gəlirlər həm ƏDV, həm də mənfəət bəyannamələrində əks olunur. Dövlət büdcəsindən ayrılan subsidiya məbləğləri isə müəssisənin yaranmış zərərinin qarşılaması səbəbindən mənfəət bəyannamələrində gəlir kimi tanınsa da, həmin məbləğlər ƏDV-nin vergitutma obyekti olmadığından, o cümlədən mahiyyətcə yeni dəyər yaratmadığından qanunvericiliyə uyğun olaraq Cəmiyyət tərəfindən ƏDV məqsədləri üçün gəlir kimi tanınmamışdır. Qeyd edilməlidir ki, Cəmiyyətdə onun təsis olunduğu dövrdən bugünədək iki dəfə müxtəlif vaxtlarda vergi orqanı tərəfindən səyyar vergi yoxlaması, o cümlədən Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən isə bir dəfə yoxlama keçirilmiş və yoxlamalar nəticəsində tərtib edilmiş aktlarda ayrılmış subsidiyaların ƏDV-yə cəlb edilməməsi məsələsinə heç bir irad bildirilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, vergi orqanının münasibətinin dəyişməsi üçün həmin dövrdən bəri aidiyyəti qanunvericilikdə də heç bir dəyişiklik olmamışdır. Qeyd olunanlara baxmayaraq, Cəmiyyətə ayrılmış subsidiya məbləğlərinə vergi orqanının 2023-cü il 8 avqust tarixli **********922500 nömrəli qərarı ilə 412.008,24 manat məbləğində ƏDV hesablanmışdır (qərarın surəti əlavə olunur). Bununla bağlı həmin qərardan Cəmiyyət tərəfindən elektron sistem vasitəsilə şikayət verilmiş (xx.xx.2023), o cümlədən vergi orqanının dəvəti üzrə Cəmiyyətin nümayəndəsi tərəfindən qanunvericiliyin müvafiq müddəaları və tələbləri barədə ətraflı izahat verilmişdir (xx.xx.2023). Buna baxmayaraq, Cəmiyyətin əsaslı izahları nəzərə alınmamış və vergi orqanının 2023-cü il 28 sentyabr tarixli **********015700 nömrəli qərarı ilə qeyd edilən ƏDV məbləği dəyişdirilmədən saxlanılmışdır (qərarın surəti əlavə olunur). Vergi orqanı qərarını qanunvericiliyə uyğun olmayaraq subsidiya məbləğlərinin ƏDV-nin hesablandığı xidmətlərin faktiki dəyərinə aid edilməsi ilə əsaslandırmışdır. Bu əsassız yanaşmaya dair Cəmiyyətin nümayəndəsi növbəti dəfə araşdırmanın gedişində iştirak edərək (xx.xx.2023) zəruri izahları vergi orqanına təqdim etmişdir. Vergi orqanına kifayət qədər aydın şəkildə izah olunmuşdur ki, subsidiya məbləğini mahiyyətcə Cəmiyyətin xidmət satışı gəlirlərinə aid etmək tamamilə absurddur və o, Cəmiyyətin satışdankənar gəlirlərinə aid edilərək yalnız mənfəət vergisinə cəlb oluna bilər, ƏDV-nin isə vergitutma obyekti ola bilməz, çünki ƏDV-nin obyekti ola bilmək üçün hər hansı bir real mal, iş və ya xidmət təqdim edilməlidir. Subsidiya məbləği ilə bağlı isə heç bir mal, iş və ya xidmətin təqdim edilməsindən söhbət gedə bilməz və nəticə olaraq, bu zaman ümumiyyətlə ƏDV-nin vergitutma obyekti mövcud olmur. Bununla belə, vergi orqanı 2023cü il 26 oktyabr tarixli **********561200 nömrəli qərarı ilə şikayəti təmin etməmiş və bu dəfə öz yanaşmasını belə əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən, subsidiya hesabına mallar (xidmətlər, işlər) alınarkən ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilməlidir (qərarın surəti əlavə olunur). Həmçinin, Cəmiyyət ayrılmış subsidiya məbləğini əməliyyat və texniki xidmətlərin alınmasına yönləndirdiyi üçün həmin məbləğ xidmətlərin faktiki dəyərinə aid edilməklə ƏDV-nin vergitutma obyektini təşkil etməlidir. Qeyd edilməlidir ki, vergi orqanının bu izahları vergi qanunvericiliyinə və ƏDV-nin mahiyyətinə tamamilə ziddir və həmin izahlarla mövcud vəziyyət, o cümlədən qanunvericiliyin tələbləri arasında faktiki və məntiqi uyğunluq yoxdur: birincisi, haqqında bəhs olunan subsidiya iddia olunduğu kimi mal, iş və ya xidmətlərin alınmasına deyil, Cəmiyyətin əməkdaşlarının əmək haqlarının ödənilməsinə yönəldilmişdir; ikincisi, subsidiya məbləğlərinin mal, iş və xidmətlərin təqdim edilməsi faktı ilə əsassız şəkildə əlaqələndirilərək həmin məbləğlərin özlərinin də ƏDV məqsədləri üçün vergitutma obyekti kimi qələmə verilməsi tamamilə yolverilməzdir. Belə ki, Vergi Məcəlləsinin 12.3-cü maddəsində vergitutma obyektlərinin dairəsi aydın şəkildə göstərilmişdir: gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (isin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləri. Bunlar ümumi vergitutma obyektləri olmaqla, Vergi Məcəlləsinə əsasən müxtəlif vergi növləri üzrə fərqləndirilməklə tətbiq edilir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən, ƏDV-nin vergitutma obyektlərini malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxaldır. Göründüyü kimi, subsidiya məbləğləri ƏDV-nin vergitutma obyektlərinin sırasında ümumiyyətlə qeyd edilməmişdir. Bundan başqa, subsidiya məbləğlərinin malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsinə yönəldildiyi halda onların faktiki dəyərinə aid edilməli olduğu və bunun əsasında dolayı şəkildə ƏDV-yə cəlb edilməli olduğu barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Bu səbəbdən, qeyd edilən hallar vergi orqanının diskresion səlahiyyətinə aid olmadığından, onun mövcud qanunvericiliyi öz mülahizəsi əsasında şərh etməklə subsidiyanı vergitutma obyektinə daxil etməsi və ona ƏDV hesablaması yolverilməzdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, kameral vergi yoxlaması zamanı 2023-cü ilin may ayı ərzində Cəmiyyət tərəfindən göstərilən xidmətlər üzrə çəkilən xərclərin bir hissəsinin qarşılanması məqsədi ilə dövlət büdcəsindən 2.722.500,0 manat, iyun ayı üzrə 2.876.250,0 manat məbləğdə subsidiyanın ayrılmasına, eyni zamanda qeyd edilən məbləğlərin Cəmiyyət tərəfindən podratçı təşkilatlara onların gördüyü işlərin müqabilində köçürüldüyünün və ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirildiyinin müəyyən edilməsinə baxmayaraq 2023-cü ilin may-iyun ayları üzrə təqdim edilmiş ƏDV bəyannamələrində subsidiya məbləğinin gəlir kimi tanınmadığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********525900 nömrəli və xx.xx.2023-cü il tarixli **********345500 nömrəli məktublar göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən bəyannamədə olan uyğunsuzluq barədə məktuba cavab olaraq əsaslı izahat məktubu təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən əlavə dəyər vergisi bəyannaməsi üzrə 2023-cü ilin may üçün 431971.53 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********922500 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra Cəmiyyət tərəfindən xx.xx.2023-cü il tarixdə 2023cü ilin may ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilməsinə baxmayaraq mövcud kənarlaşmalar aradan qaldırılmadığına görə əlavə dəyər vergisi bəyannaməsi üzrə 2023-cü ilin may üçün 431971.53 manat hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********015700 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Araşdırma zamanı Cəmiyyətin əsas fəaliyyətinin tullantıların yığılması və məhv edilməsindən (Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində) ibarət olduğu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə “CNİM FZC Engineers” arasında “Bakı bərk məişət tullantılarının yandırılması zavodu”nun layihələndirilməsi, tikilməsi və istismar edilməsi ilə əlaqədar xx.xx.2008-ci il tarixli, Bakı tullantıların enerjiyə çevrilməsi müqaviləsi imzalandığı, müqaviləyə uyğun olaraq Podratçı ölkədaxili layihələndirmə-tikinti və əməliyyat xidmətləri üzrə bütün hüquq və öhdəliklərini "xxxx" MMC-yə həvalə etdiyi, hazırda həmin hüquq və ödəliklərin “Paprec Enerji Azərbaycan” MMC tərəfindən həyata keçirildiyi, “Paprec Enerji Azərbaycan” MMC tərəfindən bərk məişət tullantılarının yandırılması və elektirik enerjisinin istehsalı ilə bağlı inşa edilmiş zavodun “Paprec Enerji Azərbaycan” MMC tərəfindən istismarına nəzarətin isə İddiaçı ASC-yə həvalə olunduğu müəyyən edildi. “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli sərəncamına əsasən Bakı şəhərinin ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi Cəmiyyətə həvalə olunmuşdur. Eyni zamanda “X4 Proqramı” çərçivəsində bərk məişət tullantılarının yığılaraq yandırılması prosesi nəticəsində əldə edilmiş elektirik enerjisinin Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərlə (zərərlə) təqdim etməsi səbəbindən Cəmiyyət tərəfindən çəkilən xərclərin bir hissəsinin Dövlət büdcəsindən ayrılmış subsidiya hesabına həyata keçirildiyi, yəni “Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 17-ci maddəsinə müvafiq olaraq Cəmiyyət tərəfindən növbəti ilin büdcə layihələri və sonrakı üç il üçün icmal büdcə göstəricilərinə dair təkliflər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunduqdan sonra həmin təkliflər əsasında “Bakı bərk məişət tullantılarının yandırılması zavodunun əməliyyat və texniki xidmət xərclərinin (zərərin) ödənilməsi üçün Dövlət büdcəsindən subsidiya ayrıldığı müəyyən edildi. Vergi orqanı tərəfindən Cəmiyyətə elektron qaydada xx.xx.2023-cü il tarixli **********669900 nömrəli məktub göndərilərək “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 672-VİQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2023-cü il ərzində Cəmiyyətə 37.500.000 manat subsidiya ayrılması barədə məlumat təqdim edilmiş 2023-cü ilin yanvar-iyun ayları ərzində Cəmiyyətə ayrılmış subsidiya məbləği üzrə bank hesabına daxil olmuş vəsaitlər barədə məlumatın təqdim edilməsi xahiş edilmişdir. Cəmiyyət tərəfindən məlumatlar xx.xx.2023-cü il tarixli nömrəli məktubla təqdim edilmiş və qeyd olunan məktubda 2023-cü ilin yanvariyun ayları ərzində Təmiz Şəhər ASC-yə ayrılmış subsidiya məbləğləri aşağıdakı formada olmaqla xx.xx.2023 – 1.691.250 manat, xx.xx.2023 – 2.261.250 manat, xx.xx.2023 – 2.666.250 manat, xx.xx.2023 – 2.737.500 manat, xx.xx.2023 – 2.722.500 manat və xx.xx.2023 – 2.876.250 manat olmaqla, cəmi 14.955.000 manat təşkil etdiyi qeyd edilmişdir. Təqdim edilmiş məlumata istinad edilərək 2023-cü ilin may ayında Dövlət büdcəsindən Cəmiyyətə ödənilmiş 2.722.500 manat subsidiya məbləğinə görə kameral vergi yoxlaması ilə 415296,61 manat ƏDV məbləği (2 722 500,0/1.18x18%), "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBDD seriyalı 402198 nömrəli elektron qaimə-faktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən, həmçinin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş EBDD seriyalı 003651 nömrəli elektron qaiməfaktura üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləğinin faktura məbləğindən çox olduğuna görə 60,89 manat ƏDV məbləği artıq əvəzləşdirildiyinə görə və Cəmiyyətin ƏDV sub uçot hesabına ödənilmiş məbləğlərlə müqayisədə təqdim edilmiş ƏDV bəyannaməsində bəyan edilmiş ƏDV məbləği arasında yaranmış kənarlaşmaya görə 16614,03 manat ƏDV məbləği olmaqla ümumilikdə 431971,53 manat ƏDV məbləği hesablanmışdır. Araşdırma ilə Cəmiyyət tərəfindən göstərilən xidmətlər üzrə çəkilən xərclərin qarşılanması məqsədilə dövlət büdcəsindən ayrılan subsidiya məbləğləri həmin xidmətlərin faktiki dəyərinə aid edildiyi üçün ƏDV-nin vergitutma obyektini təşkil etdiyi müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir. Vergi Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Buna əsasən Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına görə dövlət büdcəsindən ayrılan subsidiya hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilməlidir. Əldə olunmuş məlumata əsasən Cəmiyyət tərəfindən Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunan təkliflərdə 2021-ci il üzrə Cəmiyyətin faktiki gəlirləri 10 238,7 min manat (o cümlədən zibil tullantılarının daşınması və elektrik enerjisinin satışı), əmək haqqı və onunla DSMF ödənişlər cəmi 8144,2 min manat təşkil etdiyi qeyd edilmiş, həmin il üçün Dövlət büdcəsindən ayrılan subsidiya məbləği isə 33 000,0 min manat olmuşdur. Göründüyü kimi, Dövlət büdcəsindən ayrılan subsidiya bilavasitə Cəmiyyətə göstərilmiş xidmətlərin dəyərinin ödənilməsi üçün sərf olunması nəzərdə tutulmuş, eyni zamanda faktiki olaraq xidmət göstərən təşkilatlar (o cümlədən əməliyyat və texnikixidmətə görə "Paprec Enerji Azərbaycan" MMC-yə) tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar üzrə aparılmış ödənişlər əsasında ƏDV məbləğləri əvəzləşdirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4056/2024 saylı 22 avqust 2024-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4056/2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 28 sentyabr 2023-cü il tarixli **********015700 nömrəli qərarının ləğv edilərək, Cəmiyyətə 2023-cü ilin may ayı üzrə hesablanmış 412.008,24 (dörd yüz on iki min səkkiz manat iyirmi dörd qəpik) manat məbləğində ƏDVnin ləğv edilməsi barədə yeni qərar qəbul ediulməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılaraq bildirilmişdir ki, subsidiyanın dövlət tərəfindən iddiaçıya ayrılmasının məqsədinin (məhkəmənin qeyd etdiyi 1-ci əsas) onun cari xərclərini ödəməsi olması, həmçinin bunun səbəbinin (məhkəmənin qeyd etdiyi 2-ci əsas) iddiaçının xərclərinin çatışmayan hissəsini qarşılamaq olması faktı ilə gəlirin ƏDV-dən azad olmaması (məhkəmənin qeyd etdiyi 3-cü əsas) arasında heç bir əlaqə mövcud deyil. Qanunvericlikdə gəlirin, o cümlədən daha konkret olaraq - subsidiyanın ƏDV məqsədləri üçün vergitutma obyekti olması müəyyən edilməmişdir. Bu səbəbdən, subsidiyanın ayrılmasının səbəb və məqsədi, o cümlədən hansı xərclər üzrə (dövlət tərəfindən qiymətinin tənzimlənib-tənzimlənməməsindən asılı olmayaraq) ayrılması onun ƏDV-yə cəlb edilməsi baxımından heç bir əhəmiyyət daşımır. Cəmiyyətə ayrılmış subsidiyaya münasibətdə hər hansı mal, iş və xidmət təqdim edilmədiyindən, yəni ƏDV-nin vergitutma obyekti formalaşmadığından həmin məbləğ ƏDV-yə cəlb edilə bilməz. Subsidiyanın xidmət, iş və malların bazar dəyərinə münasibətdə ƏDV-yə dolayı şəkildə cəlb edilməsi isə tamamilə qanunvericiliyə ziddir. Belə ki, qanunvericilikdə heç bir halda dolayı vergitutma mexanizmi və ya obyekti (predmeti) müəyyən edilməmiş, üstəlik Vergi Məcəlləsi ilə dəqiq müəyyən edilməyən və tənzimlənməyən vergilərin tutulması birbaşa qadağan edilmişdir. Dolayı vergitutmaya münasibətdə həm də məhkəmənin nəzərindən yayınmışdır ki, Cəmiyyətə ayrılmış subsidiyanın böyük bir hissəsi əmək haqqı xərclərinin qarşılanmasına yönəldilmişdir. Vergi Məcəlləsinin 175.6-cı maddəsindən görünür ki, ƏDV məbləğləri mal, iş və xidmətlərin alınması üçün istifadə olunan subsidiya məbləğlərinə deyil, birbaşa olaraq məhz alınmış mal, iş və xidmətlərin özünə tətbiq olunur. Subsidiyanın özünün ƏDV predmeti olması ilə bağlı həmin maddə heç bir əsas yaratmır və əhəmiyyət daşımır. Həmin maddəyə uyğun olaraq ƏDV-nin əvəzləşdirilib-əvəzləşdirilməməsinin isə subsidiyanın ƏDV-nin obyekti olub-olmaması ilə heç bir əlaqəsi yoxdur. Subsidiya məbləğinin qanunvericiliklə ƏDV-dən azad edilməsinin (yaxud bu məqsədlə hər hansı mexanizmin) müəyyən edilməsinin zərurət kimi qeyd edilməsi əhəmiyyətsizdir, çünki subsidiya ümumiyyətlə ƏDV-nin vergitutma obyekti deyil. Başlıca olaraq qeyd edilməlidir ki, iddiaçının ərizəsində və məhkəmə çıxışlarında əsaslandığı hallara məhkəmə tərəfindən zəruri münasibət bildirilməmiş, bununla yanaşı, məhkəmə tərəfindən verilən hüquqi əsaslandırmalar və istinad olunan normalar işin faktiki hallarına, o cümlədən mübahisənin predmetinə uyğun olmamışdır. Belə ki: a) subsidiyanın dövlət tərəfindən iddiaçıya ayrılmasının məqsədinin (məhkəmənin qeyd etdiyi 1-ci əsas) onun cari xərclərini ödəməsi olması, həmçinin bunun səbəbinin (məhkəmənin qeyd etdiyi 2-ci əsas) iddiaçının xərclərinin çatışmayan hissəsini qarşılamaq olması faktı ilə gəlirin ƏDV-dən azad olmaması (məhkəmənin qeyd etdiyi 3-cü əsas) arasında heç bir əlaqə mövcud deyil. Belə ki, məhkəmənin subsidiyanın müəssisənin gəliri kimi qəbul edilməsi nəticəsinə gəlməsi ağlabatan olsa da, bu gəlirin ƏDV-dən azad olmaması – yəni, ƏDV-yə cəlb olunmalı olduğu nəticəsinə gəlməsi nə anlaşılan, nə də hüquqi cəhətdən əsaslı deyil. Bu nəticəyə gələrkən məhkəmənin diqqətindən yayınmışdır ki, “ƏDV-dən azad olma” halının tətbiq edilməsi üçün hər hansı bir gəlirin olması faktı kifayət deyil və bunun üçün mütləq ƏDV-nin vergitutma obyekti mövcud olmalıdır. Halbuki, mövcud vergi qanunvericiliyinə əsasən fəaliyyətdən əldə olunan bütün gəlirlər heç də həmişə ƏDV-nin vergitutma obyektlərini ehtiva etmir. Vergi Məcəlləsinin 159.1-ci maddəsində ƏDV-nin vergitutma obyektləri dəqiq göstərilmişdir malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, vergi tutulan idxal və ticarət əlavəsi (Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən, 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən). Göründüyü kimi, qanunvericlikdə gəlirin, o cümlədən daha konkret olaraq - subsidiyanın ƏDV məqsədləri üçün vergitutma obyekti olması müəyyən edilməmişdir. Bu səbəbdən, subsidiyanın ayrılmasının səbəb və məqsədi, o cümlədən hansı xərclər üzrə (dövlət tərəfindən qiymətinin tənzimlənib-tənzimlənməməsindən asılı olmayaraq) ayrılması onun ƏDV-yə cəlb edilməsi baxımından heç bir əhəmiyyət daşımır. Nəticə olaraq, Cəmiyyətə ayrılmış subsidiyaya münasibətdə hər hansı mal, iş və xidmət təqdim edilmədiyindən, yəni ƏDV-nin vergitutma obyekti formalaşmadığından həmin məbləğ ƏDV-yə cəlb edilə bilməz. Subsidiyanın xidmət, iş və malların bazar dəyərinə münasibətdə ƏDV-yə dolayı şəkildə cəlb edilməsi isə tamamilə qanunvericiliyə ziddir. Belə ki, qanunvericilikdə heç bir halda dolayı vergitutma mexanizmi və ya obyekti (predmeti) müəyyən edilməmiş, üstəlik Vergi Məcəlləsi ilə dəqiq müəyyən edilməyən və tənzimlənməyən vergilərin tutulması birbaşa qadağan edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, belə əsassız və dolayı vergitutmaya münasibətdə həm də məhkəmənin nəzərindən yayınmışdır ki, Cəmiyyətə ayrılmış subsidiyanın böyük bir hissəsi əmək haqqı xərclərinin qarşılanmasına yönəldilmişdir. Bu halda əmək haqqıya yönəldilmiş subsidiya məbləği hansı əsasla mal, iş və xidmətlərlə əlaqələndirilə bilər? Vergi Məcəlləsinin yuxarıda qeyd olunan müddəalarının davamı olaraq, məhkəmənin 175.6-cı maddəyə istinad etməsi də (4-cü əsas) əsaslı olmamışdır. Birincisi, ona görə ki, həmin maddədə də məhz mal, iş və xidmətlər üzrə ƏDV-dən söhbət gedir. İkincisi, həmin maddənin ikinci cümləsində məhkəmənin qeyd etdiyinin əksinə olaraq, subsidiya hesabına mal, iş və xidmət alınarkən ƏDV məbləğlərinin əvəzləşdirilməsinə istisna olaraq yol verildiyi nəzərdə tutulmuşdur. Buradan da aydın şəkildə görünür ki, ƏDV məbləğləri mal, iş və xidmətlərin alınması üçün istifadə olunan subsidiya məbləğlərinə deyil, birbaşa olaraq məhz alınmış mal, iş və xidmətlərin özünə tətbiq olunur. Üçüncüsü, yuxarıda da qeyd olunduğu kimi, məhkəmənin diqqətindən yayınmışdır ki, Cəmiyyətə ayrılan subsidiya məbləğlərinin böyük bir hissəsi əmək haqqı ödənişlərinə yönləndirilmişdir. Bu səbəbdən, mal, iş və xidmətlərin alınması üzrə ƏDV ilə bağlı olan 175.6-cı maddəyə istinad olunması ümumiyyətlə düzgün olmamışdır. Subsidiyanın özünün ƏDV predmeti olması ilə bağlı həmin maddə heç bir əsas yaratmır və əhəmiyyət daşımır. Həmin maddəyə uyğun olaraq ƏDV-nin əvəzləşdirilib-əvəzləşdirilməməsinin isə subsidiyanın ƏDV-nin obyekti olub-olmaması ilə heç bir əlaqəsi yoxdur. Məhkəmənin subsidiya ödənişlərinin ƏDV-dən azad edilməsi ilə bağlı qanunvericilikdə hər hansı mexanizmin müəyyən edilməməsini (5-ci əsas) qeyd etməsi də əsaslı deyil və bu yanaşmanın işin faktiki halları ilə heç bir əlaqəsi yoxdur. Belə ki, qanunvericiliyin hansısa predmeti vergidən azad etməsi (yaxud azadetmə mexanizmi müəyyən etməsi) ilə həmin predmetin ümümumiyyətlə vergitutma obyekti olub-olmaması bir-birindən tamamilə fərqli məsələlərdir. Bu səbəbdən, subsidiya məbləğinin qanunvericiliklə ƏDV-dən azad edilməsinin (yaxud bu məqsədlə hər hansı mexanizmin) müəyyən edilməsi əhəmiyyətsizdir, çünki subsidiya ümumiyyətlə ƏDV-nin vergitutma obyekti deyil. Yuxarıda qeyd olunanlarla bağlı iddia ərizəsində, o cümlədən birinci instansiya məhkəməsində keçirilmiş bütün proseslərdə ətraflı izahların verilməsinə baxmayaraq, iddiaçının qanuni tələbi təmin edilməmiş və qərar maddi hüquq normaları - Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8, 3.9, 12.1.1, 12.3, 13.2.10, 13.2.11, 159.1-ci və 175.6-cı maddələrinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.17-ci maddəsinin tələbləri pozulmaqla çıxarılmışdır. “Elektron Məhkəmə” sistemi vasitəsilə İddiaçı ASC tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinə dair yazılı izahat verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi (ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Vergi Məcəlləsinin 12-ci maddəsinə əsasən, vergi müəyyən edildikdə, vergi ödəyicisinin vergi öhdəliyi dəqiq şəkildə müəyyən olunmalıdır. Maddə 12.1-də göstərildiyi kimi, vergi öhdəliyi yalnız vergitutma obyektinin, bazasının, dövrünün, dərəcəsinin, eləcə də onun hesablanması və ödənilməsi qaydalarının müəyyənləşdirildiyi halda yarana bilər. Subsidiya ilə bağlı vergi qanunvericiliyində bu elementlər nəinki dəqiq şəkildə müəyyən edilməmişdir, ümumiyyətlə, nəzərdə tutulmamışdır. Odur ki, vergi orqanın subsidiya vəsaitinə münasibətdə hesabladığı ƏDV məbləğinin qanunda nəzərdə tutulmuş heç bir hüquqi əsası olmadığını bir daha vurğulamaq istərdik. Yuxarıda qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, əlavə ƏDV öhdəliyinin hesablanması iki halda tətbiq oluna bilər: - Vergi tutulan dövriyyədən hesablanan verginin məbləğinin artmasından; - Əvəzləşdirilməli olan verginin məbləğinin azalmasından. Kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərara əsasən, yuxarıda sadalanan əlavə ƏDV hesablanmasının iki halından heç biri vergi orqanı tərəfindən dəqiqliklə göstərilməmişdir. Tam əksinə, heç bir hüquqi əsas olmadan, ƏDV məqsədləri üçün əvəzləşdirilməli olan vergi məbləğlərinə istinad edilərək vergi tutulan dövriyyədən əlavə ƏDV öhdəliyi hesablanmışdır. Vergi orqanının qəbul etdiyi qərar tamamilə əsassız olduğundan, əlavə ƏDV-nin hesablanması üçün yuxarıda göstərilən üsulların heç birinin tətbiq edilə bilməyəcəyini bir daha vurğulamaq istərdik. Halbuki, ƏDV-nin vergitutma obyekti dəqiq və tam aydın şəkildə Vergi Məcəlləsinin 159-cu maddəsində öz əksini tapmışdır. Belə ki, yalnız malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyekti kimi qəbul edilə bilər. Subsidiya isə dövlət tərəfindən Şirkətin xərclərinin qarşılanması məqsədilə ayrılan maliyyə vəsaitidir və heç bir malın, işin və ya xidmətin təqdim edilməsi qarşılığında verilmiş ödəniş deyil. Bu səbəbdən, subsidiya məbləğlərinin ƏDV məqsədləri üçün vergitutma obyekti kimi qəbul edilməsi qanuna ziddir və qanunla, ümumiyyətlə, nəzərdə tutulmamışdır. Beləliklə, Vergi Məcəlləsinə əsasən, vergi tutulan dövriyyədən əlavə vergi öhdəliyi hesablanmamalıdır. ƏDV məqsədləri üçün əvəzləşdirilən vergi məbləğinə gəldikdə isə, məhkəmənin Vergi Məcəlləsinin 175.6-cı maddəsinə düzgün olmayan şəkildə istinad etməsi də, həmçinin əsassız və yanlışdır. Həmin maddəyə əsasən, məhkəmənin mövqeyinin tam əksinə olaraq subsidiya hesabına alınan malların ƏDV məbləğinin əvəzləşdirilməsinə istisna olaraq yol verildiyi aydın şəkildə nəzərdə tutulmuşdur. Bu da təsadüfi deyil, çünki ƏDV məbləği yalnız alınmış mal və ya göstərilmiş iş və xidmətlərin özünə tətbiq olunur, yəni yalnız əlavə dəyər yaradan əməliyyatlara münasibətdə istifadə olunur. Bu o deməkdir ki, ƏDV məqsədləri üçün əvəzləşdirilən ƏDV-nin məbləği azaldıla bilməz. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərara gəldikdə, Şirkətin müəyyən xərclərinin dövlət büdcəsindən maliyyələşməsi ilə əlaqədar əlavə ƏDV öhdəliyinin hesablanması ilə bağlı Vergi Məcəlləsində heç bir müddəa nəzərdə tutulmamışdır. Yuxarıda qeyd edildiyi kimi, Vergi Məcəlləsinin ƏDV bölməsində yalnız büdcə xərcləri ilə əlaqəli maliyyələşmə mənbəyinə dair istinad mövcuddur və bu, konkret olaraq subsidiyaların ƏDV məqsədləri üçün vergi məbləğinin əvəzləşdirilməsinə dair xüsusi tənzimləmə ilə əlaqədardır. Həmçinin qeyd etmək lazımdır ki, məhkəmənin Şirkətin fəaliyyətindən əldə etdiyi gəlirin ƏDV-dən azad olmaması və belə olan halda subsidiya ödənişlərinə dair hər hansı bir mexanizmin müəyyən edilməməsi ilə bağlı yanaşması da işin faktiki halları ilə əlaqəsizdir və əsassızdır. Vergi Məcəlləsinin 164-cü maddəsi ƏDV-dən azad edilən əməliyyatların dairəsini tam və dəqiq şəkildə müəyyən etmişdir, lakin həmin maddə subsidiya ödənişləri ilə bağlı heç bir müddəa nəzərdə tutmamışdır. Bu səbəbdən, məhkəmənin sözügedən məsələ ilə bağlı yanaşması Vergi Məcəlləsinin tələblərinə və ƏDV-nin mahiyyətinə uyğun deyildir. Qeyd edilənlər, həmçinin, iddiaçının Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 3-cü maddəsində göstərildiyi kimi, vergilərin müəyyən edilməsi və tutulması prinsipləri ümumi, bərabər və ədalətli olmalıdır. İddiaçının dövlətdən aldığı subsidiya məbləğlərinin ƏDV-nin vergitutma obyekti ilə əlaqələndirilməsi iqtisadi cəhətdən əsaslandırılmamış və vergi ödəyicilərinə qarşı diskriminasiya yaradacaq bir yanaşma kimi qəbul edilməlidir. Əlavə olaraq, nəzərinizə çatdırmaq istərdik ki, Şirkətdə iki dəfə müxtəlif vaxtlarda vergi orqanı tərəfindən səyyar vergi yoxlaması və Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən audit yoxlaması keçirilmiş və subsidiyalara münasibətdə heç bir kənarlaşma aşkar edilməmiş, beləliklə, bu barədə heç bir irad da bildirilməmişdir (müvafiq aktların surəti əlavə olunur). Bir daha da vurğulamaq istərdik ki, həmin dövrdən bəri qanunvericiliyə heç bir dəyişiklik qəbul edilməmişdir. Bu səbəbdən, inzibati orqan tərəfindən diskresion formada inzibati praktikanı dəyişməsi “İnzibati icraat haqqında” Qanununun 13-cü maddəsinin (Etimad hüququnun qorunması prinsipi) tələblərinə də ziddir. Vergi Məcəlləsinin 3.9-cu maddəsinə istinadən, vergi qanunvericiliyi elə bir şəkildə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Bu prinsipin pozulması vergi ödəyicilərinin hüquqlarını poza və hüquqi qeyri-müəyyənliyə yol aça bilər. Eyni zamanda, Vergi Məcəlləsinin 3.8-ci maddəsində aydın şəkildə qeyd olunur ki, heç bir şəxs qanunda müəyyən edilməyən və ya fərqli qaydada müəyyən edilmiş vergiləri ödəməyə məcbur edilə bilməz. Subsidiya məbləğlərinin ƏDV məqsədləri üçün vergitutma obyekti kimi qəbul edilməsi qanunvericiliyə uyğun olmayan bir ödəniş forması yaratmaqla İddiaçının üzərinə əsaslandırılmamış vergi öhdəliyi qoyulması tamamilə qanuna ziddir. Tərəflərin izahatları: İddiaçının vəkili və nümayəndəsi Vəkil və iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, vergi orqanının xx.xx.2023-cü il tarixli **********015700 saylı qərarının 415.296,61 manat məbləğində ƏDV-nin hesablanması hissəsində ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 15 may 2025-ci il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********015700 saylı inzibati aktın ləğv edilməsi üçün subordinasiya baxımından yuxarı inzibati orqana şikayət vermiş, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 26 oktyabr 2023-cü il il tarixli, **********561200 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə inzibati şikayəti təmin edilməmişdir. İddiaçı bundan sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən qərarın ləğvi ilə bağlı məhkəməyə qanunla müəyyən edilmiş müddət daxilində müraciət edildiyi üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı tələbi “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 28 sentyabr 2023-cü il tarixli **********015700 nömrəli qərarının qismən ləğv edilməsi” barədədir. İddiaçının iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası işin mahiyyəti ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir:

1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən onun qanunla müəyyən edilmiş qaydada qəbul edildiyi müəyyən edilir. Bu hal işin mübahisəsiz halıdır. Lakin həmin inzibati aktın maddi-hüquqi baxımdan qanuniliyi yoxlanılarkən Kollegiya aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.9-cu maddəsinə görə vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin; 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir; 16.1.3-cü maddəsinə görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.7-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2016-cı il tarixli sərəncamı ilə “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri” təsdiq edilmişdir. Həmin sənədin 7-ci bəndində göstərilmişdir ki, kameral vergi yoxlamaları zamanı aydın, şəffaf və ədalətli hesablama metodologiyasının tətbiqi və kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılmışdır.(müəyyən edilmişdir ki, kameral vergi yoxlamaları vergi bəyannamələri təqdim edildikdən sonra növbəti 30 gün müddətində həyata keçirilməlidir və bu müddət başa çatdıqda həmin bəyannamələr üzrə kameral vergi yoxlamaları həyata keçirilə bilməz). Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən maddələrin mənasına görə kameral vergi yoxlaması, verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin, yəni bəyannamənin təqdim edildiyi gündən 30 gün müddətində həyata keçirilməlidir. Bu məntiqi nəticə müddəaların ardıcıllığından irəli gəlmişdir. Çünki ilk olaraq vergi ödəyicisi bəyannaməsini və orada əks edilmiş göstəricilərlə bağlı digər sənədlərini təqdim etməlidir ki, məhz bu sənədlərdə vergi orqanı ziddiyyət və ya səhv aşkar etdikdə əlavə sənədləri tələb edə bilsin. Müddəaların tələblərinin işin hallarına münasibətdə tətbiqi isə onunla bağlıdır ki, vergi orqanı ilk olaraq hansı əsasdan çıxış etməklə iddiaçı tərəfindən vergilərin az göstərildiyini mənbəyi məlum olan məlumatlara istinadən, yerlərə getmədən aşkar etdiyini bildirməlidir. Hazırki işdən müəyyən olunur ki, Təmiz Şəhər ASC-yə xx.xx.2023-cü il tarixdə ayrılmış subsidiya məbləği 2.722.500 manat olmuşdur. Vergi ödəyicisinin 2023-cü ilin may ayının əlavə dəyər vergisinə münasibətdə vergi orqanı tərəfindən əvvəlcə xx.xx.2023-cü il tarixli **********922500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar, sonradan isə xx.xx.2023-cü il tarixli **********015700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Sonuncu qərarda təqdim edilmiş bəyannamə, hesabat üzrə iddiaçı tərəfindən hesablanmış vergi və ya sığorta haqları olaraq -19.963,29 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 412.008,24 manat, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 431.971,53 manat göstərilmişdir. Vergi ödəyicisi mübahisələndirdiyi qərardan inzibati şikayət verərkən vergi orqanının yalnız 2023-cü ilin may ayı üzrə müəssisəyə ayrılmış 2.722.500 manat subsidiya məbləğinə hesabladığı 415.296,61 manat ƏDV ilə bağlı narazı olduğunu, 16.674,92 manat hesablama hissəsində isə qərarın əsaslı olduğunu bildirmişdir. Həmçinin vergi orqanı qeyd olunan hesablamanın 415.296,61 manat hissəsinin iddiaçıya ayrılmış 2.722.500 manat subsidiya məbləğinə (2.722.500 /1.18 * 18%), 16.614,03 manat hissəsinin isə "xxxx" MMC-nə və "xxxx" MMC-nə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsi nəticəsində yaranmış kənarlaşmaya əsasən hesablandığını bildirir. Vergi orqanı həyata keçirilmiş 415.296,61 manat hesablamanı belə əsaslandırır ki, iddiaçıya dövlət büdcəsindən 2023-cü ilin may ayında 2.722.500 manat subsidiya məbləği ayrılmış və həmin məbləğ hesabına iddiaçı tərəfindən digər vergi ödəyicilərinə (podratçı təşkilatlara) ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmiş, lakin dövlət büdcəsindən ayrılmış subsidiya məbləği ƏDV bəyannamələrində 18% dərəcə ilə vergiyə cəlb olunan dövriyyə kimi bəyan edilməmişdir. Belə ki, cəmiyyət tərəfindən göstərilən xidmətlər üzrə çəkilən xərclərin qarşılanması məqsədilə dövlət büdcəsindən ayrılan subsidiya məbləğləri həmin xidmətlərin faktiki dəyərinə aid edildiyi üçün ƏDV-nin vergitutma obyektini təşkil edir. İddiaçı isə hesab edir ki, 2023-cü ilin may ayı üzrə ona ayrılmış subsidiya məbləği istər özü-özlüyündə, istərsə də vergi orqanının dediyi kimi, xidmətlərin göstərilməsi müqabilində başqa vergi ödəyicilərinə ödənilmiş ƏDV məbləğlərinin əvəzləşdirilməsinə görə dolayısı yolla ƏDV üzrə vergitutma obyekti hesab oluna bilməz. Göründüyü kimi, 2023-cü ilin may ayında iddiaçıya dövlət büdcəsindən 2.722.500 manat subsidiya məbləğinin ayrılması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı qeyd olunan 2.722.500 manat subsidiya məbləğinin ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olub-olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir; 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir; 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir; 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir; 173.1-ci maddəsinə əsasən ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir; 173.2-ci maddəsinə əsasən vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir; 174.1-ci maddəsinə əsasən bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur; 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur; 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. ... 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrıayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. ... 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV-nin məbləği əvəzləşdirilmir; 177.2-ci maddəsinə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir; 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Sadalanan normaların birgə təhlilindən aydın olur ki, ƏDV ödəyicisi hesabat dövrü, yəni təqvim ayı bitdikdən sonra növbəti ayın 20-dək bəyannamə təqdim edir və bəyannamədə təqvim ayı ərzində baş tutmuş əməliyyatları, o cümlədən vergiyə cəlb edilən dövriyyəni, həmin dövriyyədən 18% dərəcə ilə hesablanan verginin məbləğini, alınmış mallar (işlər və ya xidmətlər) üzrə əvəzləşdirilməli olan ƏDV məbləğini və onların arasındakı fərqi - dövlət büdcəsinə ödənilməli olan verginin məbləğini əks etidirir. “Vergiyə cəlb edilən dövriyyə” dedikdə isə, təvqim ayı ərzində Azərbaycan Respublikasının hüdudlarında müstəqil sahibkarlıq fəaliyyəti çərçivəsində malların təqdim edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üzrə əməliyyatlar nəzərdə tutulur. İşin apellyasiya baxışı zamanı vergi orqanından mübahisələndirilən dövr üzrə vergi ödəyicisinin ƏDV və mənfəət bəyannamələri, şəxsi hesab vərəqəsi, e-qaimə fakturaları tələb olunmuş və həmin sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərdən, o cümlədən şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisinə xx.xx.2025-ci il tarixə 100.849.483,41 manat vergi hesablanılmış, 11.743.865,81 manat ödənilmiş, 92.231.953,46 manat azladılmış, əhatə etdiyi dövrün son tarixinə saldo 3.086.392,77 manat və sosial üzrə bölüşdürülməmiş ödənişlər 246.551,23 manat olmuşdur. Vergi orqanının vergi ödəyicisi ilə bağlı təqdim etdiyi sənədlərdən görünür ki, iddiaçı ona dövlət büdcəsindən 2023-cü ilin may ayı üzrə ayrılmış subsidiya məbləğini fəaliyyəti zamanı əldə etdiyi iş və xidmətlərin müqabilində ödənişlərə cəlb edərkən həmin əməlyyatlar vergitutulan əməliyyatlar olduğu üçün ƏDV məbləğlərini haqlı olaraq ödəmişdir. Lakin həmin subsidiya məbləğini 18% ƏDV dərəcəsi ilə vergiyə cəlb etməməkdə və bu barədə məlumatı (hesablanmış ƏDV məbləğini) ƏDV bəyannaməsində göstərməməkdə də haqlı olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, vergi qanunvericiliyinin tələbinə görə, ƏDV üzrə vergitutulan dövriyyənin formalaşması üçün aşağıdakı şərtlər ödənilməlidir: mallar təqdim edilməli, işlər görülməli, xidmətlər göstərilməli; əməliyyat Azərbaycan Respublikasının hüdudlarında həyata keçirilməli, əməliyyat müstəqil sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirilməlidir. Hazırki işdə subsidiya məbləği iddiaçıya hər hansı malın təqdim edilməsi, işin görülməsi və ya xidmətin göstərilməsi müqabilində və ya müstəqil sahibkarlıq fəaliyyəti çərçivəsində ayrılmamışdır. Qeyd olunan subsidiya məbləği iddiaçıya fəaliyyətini zərərlə həyata keçirdiyi nəzərə alınaraq yalnız maddi yardım məqsədilə ödənilmişdir ki, bu da vergi orqanı tərəfindən mübahisələndirilmir. Bu isə o deməkdir ki, qeyd olunan şərtlə təqdim edilən subsidiya məbləği ƏDV üzrə vergitutma obyekti hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçının həyata keçirdiyi fəaliyyət üzrə əldə etdiyi gəlirlər Vergi Məcəlləsinin 159-cu maddəsinin tələbi baxımından ƏDV məqsədləri üçün vergiyə cəlb olunan əməliyyat hesab edilir. İddiaçının həyata keçirdiyi fəaliyyət çərçivəsində əldə etdiyi iş və xidmətlərə görə ödədiyi ƏDV məbləğləri vergitutulan əməliyyatlarla bağlı həyata keçirilmiş ödəniş hesab edilir. Belə olan halda Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən iddiaçının həmin əməliyyatlarla bağlı ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ olmuşdur. Vergi orqanının istinad etdiyi Vergi Məcəlləsinin 175.6-cı maddəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin norma ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslərə aid olduğundan, iddiaçının fəaliyyəti isə ƏDV-yə cəlb olunan fəaliyyət hesab edildiyindən, həmin norma hazırki halda iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, dövlət büdcəsindən iddiaçıya ayrılmış subsidiya məbləği ƏDV üzrə vergitutma obyekti hesab edilmədiyindən, vergi orqanı tərəfindən həmin məbləğin xidmətlərin faktiki dəyərinə aid edilib, onun ƏDV-yə cəlb edilməsi və buna görə əlavə vergilər hesablanması qanunsuz olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, oxşar inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qərarında yuxarıda qeyd olunan şəkildə sərgilənmişdir (2-1(102)-2322/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Adı çəkilən qərarda (həmçinin hazırki işdə) vergi orqanının istinad etdiyi Vergi Məcəlləsinin 175.6-cı maddəsinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin norma ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslərə aid olduğundan və iddiaçının fəaliyyəti ƏDV-yə cəlb olunan fəaliyyət hesab edildiyindən, həmin norma hazırki halda iddiaçıya münasibətdə tətbiq edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə cavabdeh orqan 28 sentyabr 2023-cü il tarixli **********015700 nömrəli qərarının mübahisələndirilən hissədə qəbul edilməsi üçün zəruri olan faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya baxışı zamanı vergi ödəyicisi tərəfindən onun əvvəlki fəaliyyət dövrünün yoxlanılması ilə bağlı (hansı ki həmin fəaliyyəti dövründə də müəssisəyə subsidiyalar ayrılmışdı) vergi orqanının qəbul etdiyi xx.xx.2017-ci il tarixli **********095967 saylı Səyyar vergi yoxlaması aktı təqdim olunmuşdur. Həmin səyyar vergi yoxlaması aktından da görünür ki, ayrılmış subsidiyaların vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilməmə məsələsinə əvvəlki dövrlərdə heç bir irad bildirilməmişdir. Bu isə o deməkdir ki, vergi orqanı eyni faktiki hallara söykənən və eyni hüquqi vəziyyətdə olan münasibətə fərqli inzibati praktikadan çıxış edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur və inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Nəzərə alınmalıdır ki, etimad hüququ, xüsusilə inzibati hüquqda dövlət idarəçiliyinin şəffaflığını, hüquqi müstəvidə düzgünlüyünü və proqnozlaşdırıla bilən olmasını təmin etmək baxımından əhəmiyyətli bir rola malikdir. Belə ki, etimad hüququ hüquqi bir anlayış olaraq, dövlətin və onun orqanlarının, hüquqi şəxslərin və vətəndaşların gözləntilərinə uyğun şəkildə fəaliyyət göstərməsini və onlara qarşı dürüst, şəffaf, ardıcıl və ədalətli davranmasını təmin edən bir hüquq prinsipi olaraq çıxış edir. Bu hüquq, dövlət və şəxlər arasındakı qarşılıqlı etimadın və əməkdaşlığın təməlini qoyur və dövlətin, inzibati orqanların və ya digər müvafiq qurumların vətəndaşlar və hüquqi şəxslərlə münasibətlərində qarşılıqlı etimadın qorunmasını tələb edən bir prinsipdir. İnzibati praktikada şəxlərin etimadının qorunması çox vacibdir, çünki bu, həm hüquqi stabilliyi, həm də sosial ədaləti təmin edir. Şəxslərin dövlətə və onun orqanlarına olan etimadı, cəmiyyətdə hüquq mühafizəsi, sosial sülh və iqtisadi inkişaf üçün mühüm rol oynayır. Eyni zamanda, etimad hüququnun qorunması həmçinin dövlət orqanlarının müəyyən səlahiyyətlər üzrə hüquqi varisləri tərəfindən də təmin edilməlidir, çünki etimad hüququ, dövlətin fəaliyyətinə olan inamı və güvəni qorumağa yönəlmiş bir hüquqi prinsipdir. Dövlət orqanlarının hüquqi varisləri, əvvəlki orqanların inzibati fəaliyyətlərində müəyyən edilmiş hüququn tətbiqi təcrübəsinə (davranış qaydasına) etimadını davam etdirərək, bu etimadı zədələməməli və qorumağa davam etməlidirlər. Belə ki, dövlət orqanlarının hüquqi varisləri, əvvəlki orqanların fəaliyyətini davam etdirirlər və əvvəlki orqanlar tərəfindən yaradılmış hüququn tətbiqi təcrübəsini qorumaq və hüquqi sabitliyi təmin etmək məsuliyyətini daşıyırlar. Etimad hüququ, vətəndaşların dövlət orqanlarının qərarlarına olan etimadını qorumağa kömək edir və bu etimad, dövlət orqanlarının hüquqi varisləri tərəfindən də davam etdirilməlidir. Əgər müvafiq səlahiyyət verilmiş yeni dövlət orqanı əvvəlki orqanın qərarlarını və fəaliyyətini dəyişərsə, bu, vətəndaşların etimadını zədələyə bilər. Vətəndaşların hüquqlarının qorunması, hüquqi varisin davamlı və ardıcıl fəaliyyətindən asılıdır. Əgər dövlət orqanının hüquqi varisi, əvvəlki orqanların verdiyi qərarları vətəndaşların etimadını qoruyacaq şəkildə tətbiq etməzsə, bu, hüquqi sabitliyə və vətəndaşların hüquqlarına zərər verə bilər. Dövlət orqanları arasında hüquqi davamlılıq və inzibati praktikada ardıcıllıq təmin edildikdə, vətəndaşlar dövlətin qərarlarının proqnozlaşdırıla bilən və şəffaf olduğunu hiss edirlər. Bu, sosial etibarı və dövlətə olan etimadı artırır. Dövlət orqanlarının hüquqi varisləri, əvvəlki orqanların fəaliyyətlərini davam etdirərək, bu etimadın qorunmasına məsuliyyət daşıyır. Digər tərəfdən, bu da danılmaz faktdır ki, inzibati praktika zamanla dəyişə bilər. Lakin inzibati praktikanın dəyişməsi həm əsaslı və obyektiv hallardan irəli gəlməli, müəyyən qanuni məqsədlərə və ictimai mənafenin qorunmasına xidmət etməli, həm də hüquqi təhlükəsizliyi qorumaq üçün əvvəlki vəziyyətlərə deyil, inzibati praktikanın dəyişdiyi andan sonrakı hallara şamil olunmalıdır. Hazırkı halda, işin araşdırılmış hallarından görünür ki, iddiaçıya münasibətdə ona əvvəlki dövrlərdə də dövlət büdcəsindən ayrılmış subsidiyalara görə ƏDV-yə cəlb olunma ilə bağlı vergi orqanı tərəfindən iradlar bildirilməmiş və bu inzibati praktika tətbiq olunmaqla uzun müddət (hazırki işdə mübahisələndirilən kameral vergi yoxlaması keçirilənədək) davam etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər; 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 4056/2024 saylı 22 avqust 2024-cü il tarixli qərarı ləğv edilməli və iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 28 sentyabr 2023-cü il tarixli **********015700 nömrəli qərarı 415.296,61 manat vergilərin hesablandığı hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4056/2024 saylı 22 avqust 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin 28 sentyabr 2023-cü il tarixli **********015700 nömrəli qərarı 415.296,61 manat vergilərin hesablandığı hissədə ləğv edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X6 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar