Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5091/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə3, Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı cavabdehin X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 14 noyabr 2007-ci il tarixli, 2122 saylı sərəncamının qanunsuzluğunun tanınması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(112)-9485/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 14 noyabr 2007-ci il tarixli, 2122 saylı sərəncamının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə SOCAR-dan şirkətə daxil olmuş məktubdan və məktuba əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Binəqədi qəsəbə Bələdiyyəsinin 14 noyabr 2007-ci il tarixli, 2122 saylı sərəncamı ilə X1 istifadəsinə, dövlətin müstəsna istifadəsində saxlanılan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan və Azərbaycan Respublikası Prezidentinin imzaladığı 29 aprel 2005-ci il tarixli, 901-İİQD saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilərək, Qanun statusu almış “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişlə neft-qaz əməliyyatlarının aparılması üçün İddiaçı şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları və 1 saylı mədənin 4-cü sahəsində yerləşən 140941 saylı neft quyusunun, neft xəttinin və borunun mühafizə zolağı daxilində 400 kv.m. torpaq sahəsi ayrılmışdır. Məlum olduğu kimi, Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2000-ci il tarixli, 908 saylı Sərəncamı ilə, həmin sərəncama əlavə edilmiş yə Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş xəritədə göstərilən ərazilər Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış və həmin torpaq sahələri 23 oktyabr 2000-ci il tarixli Protokolla Binəqədi qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir (sərəncamın, xəritənin və protokolun surətləri əlavə edilir). Qeyd edilən xəritədə göstərilmiş və Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış torpaq sahəsi əslində Şirkətin Saziş ərazisinin hüdudlarından kənarda yerləşir (müqayisəli xəritə əlavə edilir). Lakin Binəqədi qəsəbə Bələdiyyəsi səlahiyyət hədlərini aşaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaqlarla kifayətlənməyərək, özünün ərazisindən kənarda olan və Şirkətin Saziş ərazisinin hüdudları daxilində yerləşən torpaqları da müxtəlif nömrəli və tarixli qərarlarla vətəndaşların istifadəsinə ayırmışdır. Həmçinin, Binəqədi qəsəbə Bələdiyyəsi qanunsuz olaraq, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ona ayrılmış torpaq sahəsindən kənarda, Şirkətin Saziş ərazisinin hüdudları daxilində, 1 saylı mədənin 4-cü sahəsində yerləşən 140941 savlı neft quyusunun, neft xətinin və borunun mühafizə zolağı daxilində vətəndaşın istifadəsinə 400 kv.m. torpaq sahəsi ayırmışdır. Qeyd edilən torpaq sahələri İddiaçı şirkətinin müstəsna istifadəsinə verilmiş Saziş ərazisinin hüdudları daxilində yerləşdiyindən, Şirkətin qanunla qorunan hüquqlarını və Dövlət tərəfindən verilmiş təminatlarını kobud surətdə pozduğundan, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşdiyindən və Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneəçilik törətdiyindən, Bakı şəhər Binəqədi qəsəbə Bələdiyyəsinin sözügedən sərəncamı qanunsuzdur. Üçüncü şəxs tərəfindən həmin bələdiyyə sərəncamına istinad edilərək Saziş ərazisinin bir hissəsi istifadə edildiyindən, bələdiyyə sərəncamının qanunsuzluğu məhkəmə qaydasında tanınmalı və ləğv edilməlidir. Binəqədi qəsəbə Bələdiyyəsinin sərəncamı “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Qanunun 4-cü və 5-ci maddələrinin tələblərini, yəni “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində göstərildiyi kimi maddi hüquq normalarının pozulması ilə verildiyindən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsində göstərildiyi kimi, bu qərarla torpaq sahəsinin ayrılması Şirkətin və Dövlət tərəfindən imzalanmış Saziş üzrə Dövlətin maraqlarına ziyan vurduğundan, Binəqədi qəsəbə Bələdiyyəsinin 14 noyabr 2007-ci il tarixli, 2122 saylı sərəncamı qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(112)-9485/2025 saylı qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(112)-9485/2025 saylı qərardadından iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şirkət Saziş əsasında onun istifadəsinə verilmiş kontrakt sahəsinin torpaqları barəsində iki ayrı şəxsin, yəni Bələdiyyənin və vətəndaşın arasında hər hansı razılaşmanın, qərar və ya sərəncamın mövcud olmasından məlumatlı ola bilməzdi. Hər kəsə bəllidir ki, bu günə kimi istənilən bələdiyyə qurumu tərəfindən vətəndaşa torpaq sahəsinin ayrılması barədə verilmiş qərar və sərəncamlar heç bir dövlət orqanında, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmamış və bu gün də belə bir hal mümkün deyildir. Torpaq sahəsinin mülkiyyətçisi barədə məlumatlar isə istər əvvəlki zamanda, istərsə də hazırda Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin təsdiqlənmiş bazasında mövcud olmalıdır. Lakin göründüyü kimi, Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin vətəndaşa torpaq ayırma barədə qərarı adıçəkilən orqanda qeydiyyata alınmamış və bu barədə məlumat da həmin orqanın bazasında mövcud deyildir. Belə olan halda Şirkətin həmin qərarın mövcudluğundan xəbərdar olması tamamilə yalnış və absudr bir fikirdir. Bundan başqa, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki,Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” AzərbaycanRespublikası Dövlət Neft Şirkəti ("xxxx"), X4 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almış Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsi 43,46 kv. km. təşkil edir. 2006-cı ildə iddiaçı tərəfindən həmin ərazinin monitorinqi keçirilmiş və kontrakt sahəsinin hüdudları daxilində 30.000-dən çox özbaşına tikili aşkar edilmişdir. Aşkar edilmiş özbaşına tikililərin ən azı yarısının müxtəlif Bələdiyyələr və İcra Hakimiyyətləri tərəfindən verilmiş qanunsuz qərarlar və sərəncamlar əsasında ayrılmış torpaq sahələrinin üzərində inşa edildiyini ehtimal edilsə belə, bu həcmdə inzibati aktların 1 ay ərzində mübahisələndirilməsinin fiziki cəhətdən mümkün deyil. 15.000 sayda inzibati aktı 30 gün müddətində mübahisələndirmək nəinki Şirkətin, bu sayda iddia ərizəsini qəbul edib qeydiyyata alınmasını, həmçinin digər prosessual hərəkətləri Qanunla nəzərdə tutulmuş müddətlər çərçivəsində təşkil etmək məhkəmənin imkanları xaricindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 izahatında birinci instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İnzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 14 noyabr 2007-ci il tarixli, 2122 saylı sərəncamının etibarsız hesab edilməsi haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddətin olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olmuş mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, sözügedən inzibati akt İnzibati Prosessual Məcəlləsi və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Həmin dövrlərdə isə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları 11 sentyabr 1964-cü il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSRnin Mülki Prosessual Məcəlləsinin müddəaları əsasında həll olunurdu. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. İddiaçı həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, yeni qanuna istinadla həmin inzibati aktlar mübahisələndirilə bilməz. İş materiallarından iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-1567/2025 saylı qərarında aşağıdakılar göstərilmişdir: “ ... 9. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul edilmiş qərardad(lar)da (xx.xx.2024-cü il tarixli 2-1(102)-2384/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXVİİ fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər.
10. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığı üçün belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
11. Qanunvericiliyin tələbləri baxımından, iddiaçı Mülki Prosessual Məcəlləsinin 01 yanvar 2011-ci il tarixədək qüvvədə olmuş 298-ci maddəsinin tələblərinə görə, özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Buna görə, iddiaçının hüququnu pozduğunu iddia etdiyi inzibati aktı ona məlum olduğu gündən 1 ay müddətində məhkəmədə mübahisələndirə bilərdi. 1
2. Məlum olduğu gün dedikdə, iddiaçının həmin aktın mövcudluğu barədə həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir.
13. Hazırkı halda, mübahisə predmeti olan qərarın iddiaçıya rəsmi qaydada təqdim olunduğuna dair işdə sübutlar mövcud olmasa da, işin xüsusi halları baxımından, iddiaçı bələdiyyə qərarının mövcudluğunu bilməli idi. Belə ki, mübahisələndirilən qərar 2007-ci ildə qəbul edilmiş, iddiaçı isə onun etibarsızlığına dair 17 ildən sonra məhkəməyə müraciət etmişdir.
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur”. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə verilmişdir. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. İddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 2-1(112)-9485/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov