Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-5092/2025 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının və onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16402/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçının ümumi sığorta stajı mübahisələndirilərək 17 il 4 ay 21 gün təşkil etdiyi bildirilmişdir.
2. Cavabdehin bununla bağlı dəlilləri ondan ibarətdir ki, əmək kitabçasında müvafiq dövlər üzrə doldurulma qaydası pozulmuşdur, belə ki, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək xx.xx.1992-ci il tarixli işdənçıxma əmrində latın qrafikalı möhürdən istifadə olunduğundan, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək xx.xx.1994-cü il və xx.xx.1994-cü il tarixli işdənçıxma əmrləri SSRİ dövrünə məxsus möhürlə təsdiq edildiyindən, xx.xx.1995-ci il tarixindən xx.xx.2004- cü il tarixinədək xx.xx.2004-cü il tarixli işdən azadolma zamanı həmin dövr üzrə qüvvədə olan məcəlləyə istinad olunmadığından və möhür oxunaqlı olmadığından həmin dövlərin sığorta stajına aid edilməsi mümkün olmamışdır. X5 və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xidməti məktubuna əsasən “Soniel” xüsusi firmasında 2002-2004-cü illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır. Sözügedən firmanın 1995-2001-ci illərə dair hesabat məlumatları olmasına baxmayaraq isə həmin müəssisədə işləməsinə dair qeyd aşkarlanmamışdır
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək cavabdeh orqanın (DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı) əsassız iradlarının qanunsuz hesab edilməsi, cavabdeh orqan tərəfindən onun sığorta stajının 27 il 9 ay 22 gün olmasının təsdiq edilməsi, ərizədə qeyd olunan halları nəzərə alaraq pensiya hüququnun müəyyən olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “iddiaçıya 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2022-ci ilin avqustun 25- də sığorta stajının 27 il 9 ay 22 gün olmasına baxmayaraq, pensiya yaşı çatdığına görə sosial müavinət təyin edildi. 4 saylı Bakı DOST Mərkəzinə nə üçün pensiya yox, müavinət təyin edildiyi haqqında müraciətinə cavab olaraq şifahi şəkildə bildirildi ki, onun 1995- 2004-cü illər ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu dövr nəzərə alınmayıb və sığorta stajına daxil edilməyib. İddiaçı həmin dövrdə Vergilər Nazirliyi və DSMF qarşısında bütün öhdəlikləri yerinə yetirmişdir. Bu ilin aprel ayında sahibkarlıq fəaliyyəti ilə bağlı dövrə aid sənədlərin bir qismini taparaq (əmək kitabçası, əlavə 1, təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında şəhadətnamə əlavə 2, işçilərin işə qəbulu haqqında 1 nömrəli əmr əlavə 3, firmanın Nəsimi rayon DSMF şöbəsi tərəfindən qeydiyyata alınması barədə bildiriş əlavə 4, Nəsimi rayon üzrə DVM-nin 1996,1997 və 1999-cu illər üzrə yoxlama aktları əlavə 5, Nəsimi rayon DSMF müfəttişliyi tərəfindən 1998-ci il üzrə yoxlama aktı əlavə 6, Nəsimi rayonu Əmək və Məşğulluq Mərkəzinin 1999-cu il üzrə yoxlama aktı əlavə 7) 4 saylı DOST mərkəzinə təqdim edilərək 1995- 2004-cü illərin sığorta stajına daxil edilməsi üçün müraciət etdi. Lakin iddiaçının müraciətinə cavab olaraq, DSMF xx.xx.2025-ci il tarixli 3-17-1/2- M-112253/2025 nömrəli məktubu ilə (əlavə 8) bildirdi ki, onun təsis etdiyi firmaya işə qəbul olunma qeydi əmək kitabçasında rus dilində yazılıb və sözügedən dövr üçün əmək haqqı arayışları təqdim edildikdən sonra həmin dövrlər sığorta stajına daxil olunmasına baxıla bilinər. Bununla yanaşı iddiaçının sığorta stajının 19 il 9 ay 16 gün təşkil edildiyi qeyd edilmişdir. xx.xx.2025-ci ildə təkrar müraciətlə əmək kitabçasında rus dilindəki qeydi azərbaycan dilində tərcümə edərək notarial qaydada təsdiq etdirdi (əlavə 1). Əmək haqqı arayışlarının təqdim edilməsinə gəldikdə isə qeyd etdi ki, orqanların bütün yoxlama aktlarında ona məxsus firmanın bütün maliyyə ödənişlərinin ödənilməsi ilə yanaşı işçilərin əmək haqqı fondu göstərilmiş və DSMF ödənişlərinin edildiyi qeyd olunmuşdur. Qanunvericiliyə əsasən, həmin dövrə dair maliyyə sənədlərinin saxlama müddəti keçmişdir (Vergilər Məcəlləsinin 77.5-ci maddəsinə əsasən 7 il) və tərəfindən sənədlərin təqdim olunması mümkün deyil. Müraciətinə cavab olaraq, DSMF xx.xx.2025- ci il tarixli 3-17-1/2-M- 146263/2025 nömrəli məktubla (əlavə 9) əmək kitabçasında qeyd olunmuş möhtəbərliyinə əsaslı şübhələr olan “Layihə-2000” kooperativində, 1 nömrəli geyim mağazasında və təsis etdiyi “SONİEL” xüsusi firmasında əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yarandığını qeyd etdi. DSMF xx.xx.2025-ci iltarixli 3-17-1/2-M211329/225 nömrəli məktubla (əlavə 10) özlərinin birinci dəfə qeyd etdiyi (xx.xx.2025 tarixli məktubunda) iddiaçının sığorta stajını azaldaraq 19 il 9 ay 16 gündən 17 il 4 ay 21 gün təşkil etdiyini qeyd etdilər. Bundan başqa əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1992ci il tarixinədək işlədiyi müddətdə işdənçıxarılma əmrində latın qrafikası möhürdən istifadə olunduğu irad tutulur. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildən latın qrafikasına keçməyə başlamışdır. Məktubda qeyd olunan o biri müəssisələrin kargüzarlıqda köhnə möhürlərdən istifadəsinə gəldikdə isə bu məsələ onun səlahiyyətinə daxil deyil və onun günahı deyil. Bundan başqa, xx.xx.2004-cü il tarixli əmrdə möhürün oxunaqlı olmadığı göstərilir. Əlavə 1-də bu iddianın da əsassız olduğu aydın görünür. Məktubda 1995-2001-ci illərə dair hesabat məlumatları olmasına baxmayaraq, həmin müəssisədə işlədiyinə dair qeyd aşkarlanmamasına irad olaraq, “SONİEL” firmasının təsisçisi özüdür, bütün yoxlama sənədlərini imzalayırdı və firma yerləşən mülkiyyət şəxsən ona aid idi. Firma işçilərinin məvaciblərinin verilməsi, maliyyə işlərinin aparılması prosesləri şəxsən özünün iştirakı ilə aparılırdı. Müəssisədə işləmədiyi haqqda iradın nəyə əsaslandığı ona aydın deyil. Əldə etdiyi sənədlər-qeydiyyat sənədləri, vergi və DSMF yoxlama aktları, fəaliyyətinin aparılmasına dair sübutlar fəaliyyətinin reallığını və qanuniliyini sübut edir. Lakin cavabdeh qurum bu sənədləri yetərli hesab etmir, əmək kitabçasında edilən qeydlərin bəzilərinin doldurulma qaydasının pozulması, bəzilərinin azərbaycan dilində yazılmamasını, möhürlərin köhnə nümunədə olmasını əsas gətirərək onun sığorta stajını tanımasından imtina edir.Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçıya pensiyanın təyin edilməsindən imtina məktubunda qeyd edilmişdir ki, “xx.xx.2025-ci il tarixli 3-17-1/1-M-127178/2025 nömrəli müraciətinizə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Təqdim etdiyiniz sənədlərin surətlərində olan məlumatlara əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 17 il 4 ay 21 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 2 ay 21 gün sığorta stajınıza uyğun olaraq 17738,57 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 86,32 manat olmaqla, ümumilikdə 17824,89 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və sizə əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək (xx.xx.1992- ci il tarixli işdənçıxma əmrində latın qrafikalı möhürdən istifadə olunduğundan), xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək (xx.xx.1994-cü il və xx.xx.1994-cü il tarixli işdənçıxma əmrləri SSRİ dövrünə məxsus möhürlə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulmuşdur. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”nın 4.1-ci bəndinə əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək (xx.xx.2004-cü il tarixli işdən azadolma zamanı həmin dövr üzrə qüvvədə olan məcəlləyə istinad olunmadığından və möhür oxunaqlı olmadığından) olan dövrün doldurulma qaydası pozulmuşdur. Məlumat üçün bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan “Layihə-2000” kooperativində xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, 1 nömrəli geyim mağazasında xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək və “Soniel” xüsusi firmasında xx.xx.1995-ci il tarixinədək xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin (bundan sonra - Mərkəz) xx.xx.2025ci il tarixli məktubuna əsasən bildiririk ki, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1994- cü il tarixindən xx.xx.1994-cü il tarixinədək olan illər üzrə əmək fəaliyyətinizə dair arxiv sənədləri Mərkəzin arxivinə təhvil verilməmişdir. X5 və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xidməti məktubuna əsasən “Soniel” xüsusi firmasında 2002-2004-cü illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır. Sözügedən firmanın 1995-2001-ci illərə dair hesabat məlumatları olmasına baxmayaraq isə həmin müəssisədə işlədiyinizə dair qeyd aşkarlanmamışdır. Məlumat üçün bildiririk ki, ilkin müraciətinizdə təqdim etdiyiniz sənədlər əsasında sizin sığorta stajınız qanunvericiliklə tələb olunan 25 ildən az olduğu üçün əmək kitabçanızda və əmək fəaliyyətinizi təsdiq edən digər sənədlərdə qeyd olunan dövrlərin mötəbərliyi tərəfimizdən araşdırılmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə ümumi sığorta stajınız 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz araşdırılaraq pensiya təyinatı hüququnuza yenidən baxılacaqdır. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Sözügedən maddənin tələblərinə əsasən sizə xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətiniz üzrə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır”.
6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı müaciəti üzrə xx.xx.2025-ci il tarixli 3- 17-1/2- M-112253/2025 nömrəli imtina məktubu ünvanlanmışdır. İddiaçı ünvanlanan imtina məktublarında qeyd olunmuşdur ki, onun qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində kifayət qədər pensiya kapitalının olmaması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində iddiaçı yenidən eyni məzmunlu müraciətlə inzibati orqana müraciət etmişdir. 23 iyun 2025-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan “Layihə2000" kooperativində xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, 1 nömrəli geyim mağazasında xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək və “Soniel" xüsusi firmasında xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdı. Daha sonra isə iddiaçının əmək fəaliyyəti dövrləri ilə bağlı müvafiq araşdırılma aparıldıqdan sonra 8 sentyabr 2025-ci il tarixində iddiaçıya pensiya təyin edilməsinin mümkün olmaması haqqında məktub göndərilmiş və işin halları iddiaçıya izah olunmuşdur. Belə ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək (xx.xx.1992-ci il tarixli işdənçıxma əmrində latın qrafikalı möhürdən istifadə olunduğundan), xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cj il tarixinədək (xx.xx.1994-cü il və xx.xx.1994-cü il tarixli işdənçıxma əmrləri SSRİ dövrünə məxsus möhürlə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulmuşdur. 25 dekabr 1991-ci il tarixində "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə ölkədə artıq latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tədbirlər planı müəyyənləşdirilmişdi. Həmin Qanundan görünür ki, tədbirlər planının son mərhələsi 1993-cü ildən sonra həyata keçirilmişdi və ondan sonra tam olaraq latın qrafikalı əlifbaya keçid baş vermişdi. Əksinə əmək kitabçasındakı xx.xx.1994 və xx.xx.1994-cü il tarixli əmrlər SSRİ dövrünə aid möhürlə təsdiqlənmişdir. Halbuki, həmin dövrdə artıq Azərbaycan Respublikasında latın qrafikalı əlifba qüvvədə idi və SSRİ-yə aid möhürlərin istifadəsi hüquqi baxımdan əsassız idi bununla yanaşı əmək kitabçasının mötəbərliyini şübhə altına salır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"nın 4.1-ci bəndinə əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək (xx.xx.2004-cü il tarixli işdən azadolma zamanı həmin dövr üzrə qüvvədə olan məcəlləyə istinad olunmadığından və möhür oxunaqlı olmadığından) olan dovrun doldurulma qaydası pozulmuşdur. İşin hərtərəfli araşdırılması məqsədilə həmçinin müxtəlif araşdırmalar aparılmış və müvafiq orqanlar tərəfindən əldə edilmiş məktublarda müsbət hallar aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin (bundan sonra Mərkəz) xx.xx.2025-ci il tarixli məktubuna əsasən, xx.xx.1992-ci il tarixindən xx.xx.1994- cü il tarixinədək və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək olan illər üzrə əmək fəaliyyətinizə dair arxiv sənədləri Mərkəzin arxivinə təhvil verilməmişdir. X5 və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xidməti məktubuna əsasən “Soniel" xüsusi firmasında 2002-2004-cü illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır. Sözügedən firmanın 1995-2001-ci illərə dair hesabat məlumatları olmasına baxmayaraq iddiaçının həmin müəssisədə işlədiyinə dair qeyd aşkarlanmamışdır. Beləliklə iddiaçının mübahisələndirilməyən iş stajı 17 il 4 ay 21 gün, mübahisələndirilən dövr isə xx.xx.1991-xx.xx.1992; xx.xx.1992-xx.xx.1994; xx.xx.1994-xx.xx.1994; xx.xx.1994-xx.xx.1994; xx.xx.1995-xx.xx.2004-cü il tarixləri arasındakı dövrü əhatə edir. İddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 2 ay 21 gün sığorta stajıa uyğun olaraq 17738,57 manat. xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 86,32 manat olmaqla, ümumilikdə 17824.89 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və iddiaçıya əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. İş materiallarında olan H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 1975-ci il tarixdən 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında xx.xx.1992-ci il tarixli 638 №-li qərarının 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Sözügedən dövrlər üzrə onun əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) yaşayış yeri üzrə Fondun müvafiq qurumuna təqdim edildikdən sonra İddiaçı təkrar müraciəti əsasında sığorta stajına daxil edilməsinə baxıla bilər. İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərnə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Qanunvericilikdə əmək kitabçasının doldurulma qaydasının pozulmasında işçinin təqsirinin olmaması əmək kitabçasının mötəbər olduğu anlamına gəlmədiyindən qeyd olunan dövrlər İddiaçı ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16402/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə əmək kitabçasının düzgün doldurulmadığı - təşkilatların möhürünün gah latın qrafikalı möhürlə, gah SSRİ dövrünə məxsus möhürlə təsdiq edilməsi, həmçinin möhürün oxunaqlı olmadığının qeyd edildiyi iddia edilən dövrlərinə (xx.xx.1991-xx.xx.1992; xx.xx.1992-xx.xx.1994; xx.xx.1994-xx.xx.1994; xx.xx.1994-xx.xx.1994; xx.xx.1995- xx.xx.2004-cü il tarixləri) nəzərən qeyd edir ki, hamıya bəlli olan haldır ki, 1991-ci ildə kiril qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür.
9. Məhkəmə şəxsin (iddiaçının) işlədiyi dövrlə bağlı əmək kitabçasında işdən azadolma əmrinin xx.xx.2004-cü il tarixində qeyd edilməsinə baxmayaraq xx.xx.1999-cu il tarixinədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının doldurulması zamanı yanlışlığa yol verilməsi şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün (inzibati icraat zamanı lazımi həcmdə sübutetmə vasitələrindən istifadə etməklə) əsas ola bilər.
10. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir.
11. Məhkəmə, həmçinin mübahisələndirilən (xx.xx.1995-xx.xx.2004) dövrlərə dair iddiaçının işlədiyi və təsisçisi olduğu “Soniel” xüsusi firmasında 2002-2004-cü illərə dair hesabat məlumatlarının iş qovluğunda aşkarlanmaması, 1995-2001-ci illərə dair mövcud hesabat məlumatlarında isə həmin müəssisədə işlədiyinə dair qeydin olmamasına münasibətdə qeyd edir ki, bu hal iddiaçının həmin tarixlərdə çalışmadığını deməyə əsas deyil, belə ki, “SONİEL” firmasının təsisçisi iddiaçı özüdür, müvafiq yoxlama aktlarında ona məxsus firmanın bütün maliyyə ödənişlərinin ödənilməsi ilə yanaşı işçilərin əmək haqqı fondu göstərilmiş və DSMF ödənişlərinin edildiyi qeyd olunmuşdur. Vergi Məcəlləsinin 77.5-ci maddəsinə əsasən, həmin dövrə dair maliyyə sənədlərinin saxlama müddəti keçmişdir (7 il) və tərəfindən sənədlərin təqdim olunması mümkün deyil. Onun işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda cavabdeh tərəfindən əmək kitabçasında aparılmış həmin qeydin həqiqiliyini təkzib edəcək sübutlar da məhkəməyə təqdim edilməmişdir.
12. İddiaçının işlədiyi müəssisə mövcud olmuş və onun həmin müəssisədə xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək işləməsi əmək kitabçasında müvafiq qeydlərlə təsdiq olunduğundan (2002-ci ilədək olan dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələbi mövcud olmadığından) cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmaqla cavabdeh tərəfindən sübutetmə vəzifəsi icra edilməmişdir. Belə ki, məhkəmə araşdırması nəticəsində iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün faktiki şərtlərin mövcudluğu sübut edilmiş, cavabdeh isə konkret halda pensiya təyin edilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etməsinə baxmayaraq, belə şərtlərin mövcudluğunu sübut etməmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-16402/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:
1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 22–1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
24. Daha sonra məhkəmə Kollegiyası iddia tələbi və apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, işin hallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
25. Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2025-ci il tarixli 2-1(112)-16402/2025 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək iddiaçıya 65 yaşdan, xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
26. Məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərarı ləğv edilməli, iddiaçının iddia tələbi isə təmin olunmamalıdır.
27. Belə ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək (xx.xx.1992-ci il tarixli işdənçıxma əmrində latın qrafikalı möhürdən istifadə olunduğundan), xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək (xx.xx.1994-cü il və xx.xx.1994-cü il tarixli işdənçıxma əmrləri SSRİ dövrünə məxsus möhürlə təsdiq edildiyindən) olan dövrlərin doldurulma qaydası pozulmuşdur.
28. 25 dekabr 1991-ci il tarixində "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə ölkədə artıq latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tədbirlər planı müəyyənləşdirilmişdi. Həmin Qanundan görünür ki, tədbirlər planının son mərhələsi 1993-cü ildən sonra həyata keçirilmişdi və ondan sonra tam olaraq latın qrafikalı əlifbaya keçid baş vermişdi.
29. İş materiallarından görünür ki, əmək kitabçasındakı xx.xx.1994 və xx.xx.1994-cü il tarixli əmrlər SSRİ dövrünə aid möhürlə təsdiqlənmişdir.
30. Halbuki, həmin dövrdə artıq Azərbaycan Respublikasında latın qrafikalı əlifba qüvvədə idi və SSRİ-yə aid möhürlərin istifadəsi hüquqi baxımdan əsassız idi, həmçinin əmək kitabçasının mötəbərliyini şübhə altına salır.
31. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir.
32. Yuxarıda istinad olunan normanın məzmunundan da görünür ki, iddiaçının əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək (xx.xx.2004-cü il tarixli işdən azadolma zamanı həmin dövr üzrə qüvvədə olan məcəlləyə istinad olunmadığından və möhür oxunaqlı olmadığından) olan dövrün doldurulma qaydası pozulmuşdur. Bu səbəbdən də yaranmış şübhələrlə bağlı işin hərtərəfli araşdırılması məqsədilə müvafiq orqanlar tərəfindən əldə edilmiş məktublarda iddiaçının xeyrinə hallar aşkar edilməmişdir.
33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzinin (bundan sonra Mərkəz) xx.xx.2025-ci il tarixli məktubuna əsasən iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək olan illər üzrə əmək fəaliyyətinə dair arxiv sənədləri Mərkəzin arxivinə təhvil verilməmişdir.
34. Həmçinin, Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının xidməti məktubuna əsasən “Soniel” xüsusi firmasında 2002-2004-cü illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır.
35. Sözügedən firmanın 1995-2001-ci illərə dair hesabat məlumatları olmasına baxmayaraq iddiaçının həmin müəssisədə işlədiyinə dair qeyd aşkarlanmamışdır. İnzibati Məhkəmənin mövqeyinə görə isə əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir.
36. Məhkəmə Kollegiyası qeyd edir ki, xx.xx.1995-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər üzrə iddiaçının əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış) cavabdehə və məhkəməyə təqdim edilməmişdir.
37. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, iddiaçının əmək fəaliyyətini təsdiq edən əmrlərin surəti də yoxdur, əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış da müəyyən olunmur, halbuki əmək kitabçasına və iddiaçının (nümayəndəsinin) bildirdiyinə görə iddiaçı xx.xx.1995-xx.xx.2004-cü il tarixləri arasındakı dövrdə “Soniel” xüsusi firmasının direktoru işləmişdir və əmək kitabçasına vurulmuş möhür hələ də iddiaçının özündədir.
38. İddiaçı əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarış və.sair) arxivə niyə təhvil vermədiyini izah edə bilməmişdir.
39. Məhkəmə Kollegiyası nəzərə alır ki, neçə ki, firmanın mübahisələndirilən dövr üzrə direktoru iddiaçı olmuşdur, iddiaçı məhkəmə baxışı zamanı əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri arxivə niyə təhvil verilməməsini izah edə bilməmişdir və iddiaçının əmək fəaliyyətini təsdiq edən zəruri sənədlərin arxivə təhvil verməməsi iddiaçının məsuliyyət sferasına aiddir, əmək kitabçasına vurulmuş möhür hələ də iddiaçının özündədir, bu hallar xx.xx.1995-xx.xx.2004-cü il tarixləri üzrə iddiaçının heç bir əmək fəaliyyəti və əmək fəaliyyətini təsdiq edən əmrlər olmadan əmək kitabçasındakı qeydlərin iddiaçının özü tərəfindən doldurularaq möhürlə təsdiq edildiyini istisna etmir.
40. Beləliklə, iddiaçının əmək fəaliyyəti barədə sənədin-yəni əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr vardır və zəruri sənədlər arxivə verilmədiyindən Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində akt tərtib olunması tələbinin yerinə yetirilməsi də mümkün deyildir.
41. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-i il tarixli 175 nömrəli Qərarının 4.1-ci bəndində göstərilmişdir ki, xx.xx.2006-cı il tarixədək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən həmin dövr sığorta stajı kimi nəzərə alınır.
42. İnzibati icraat haqqında” Qanunun 19.1- ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdimolunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
43. Bu normada qanunverici bütün sənədləri və dəlilləri deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına uyğun formada tərtib edilmiş sənədləri və dəlilləri nəzərdə tutmuşdur.
44. Hazırki iş üzrə iddiaçının əmək kitabçası sözügedən qaydalara uyğun olmadığından “İnzibati icraat haqqında” Qanunun 19.1- ci maddəsinin təsir dairəsinə düşmür.
45. Əlavə olaraq məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 2 ay 21 gün sığorta stajıa uyğun olaraq 17738,57 manat, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 86,32 manat olmaqla, ümumilikdə 17824,89 manat (2025ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 46080 manat pensiya kapitalından azdır və iddiaçıya əmək pensiyasının minimum məbləğindən (320 manat) az olmayan pensiya təyinatına imkan vermir.
46. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır.
47. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir:
48. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
49. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib.
50. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
51. Sözügedən Qanunun 22–1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.
52. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Formalaşmış təcrübəyə əsasən 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir (Azərbaycan Respulikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il 2-1(102)-269/2024 nömrəli qərarı). İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən iddiaçının ümumi iş stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğu üçün və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir.
53. Birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam və hərtərəfli araşdırmamışdır.
54. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16402/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilərək iddia rədd olunmalıdır.
55. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16402/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.