Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-5095/2025 11.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrdə dəyişiklik edilməsi və s.” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X1 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrdə dəyişiklik edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-15996/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia müddətinin bərpa edilməsini, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmri əsasında baş vermiş vəzifə dəyişikliyi nəticəsində vəzifə maaşının azaldılmasının qanunsuz hesab olunması, bu hüquqi vəziyyətin nəticələrinin aradan qaldırılması, əvvəlki 980 manat məbləğində olan vəzifə maaşının saxlanılması, azaldılmış maaşı (2021-2023 illərdə) və nəticədə pensiya fərqlərinə (2023-2025 illərdə) görə geriyə dönük ödənişlərin (maaş, əlavələr, digər ödənişlər və pensiya fərqləri) həyata keçirilməsi, ehtiyata buraxılarkən pensiya hesablanmasında 980 manat olan əvvəlki vəzifə maaşının əsas götürülməsinin təmin edilməsi və qanunvericiliyə uyğun olaraq, gecikdirilmiş məbləğlərə görə faizlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o – ehtiyatda olan polkovnik İddiaçı, Azərbaycan Ordusunda 30 il (1993-2023) həqiqi hərbi xidmət keçmişdir, Vətən Müharibəsinin iştirakçısıdır və 2023-cü ilin yanvar ayında öz arzusu ilə ehtiyata buraxılmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N №-li hərbi hissənin kadrlar şöbəsinin rəisi (v/m-980 manat) vəzifəsində “polkovnik” ştat kateqoriyasında xidmət etmiş və müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, müvafiq əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndinə (bərabər vəzifəyə) əsasən xidməti zərurət olduqda tutduğu vəzifədən azad olunmuş və N №-li hərbi hissənin kadrlar şöbəsinin rəisi (v/m-860 manat) vəzifəsinə “polkovnik” ştat kateqoriyasına təyin olunmuşdur. Hər iki vəzifə eyni adda və ştat kateqoriyası “polkovnik” dərəcəsinə uyğun olsa da, bu dəyişiklik nəticəsində vəzifə maaşı 980 manatdan 860 manata endirilmişdir. Dəyişiklik onun razılığı alınmadan, yalnız “xidməti zərurət” adı ilə həyata keçirilmişdir və hüquqi baxımdan, belə hallarda, qulluqçuların sosial təminat hüquqlarının qorunması, xüsusilə də vəzifə maaşının əvvəlki səviyyədə saxlanılması məqsədi ilə bu hal əmrdə ayrıca göstərilməli və təmin edilməlidir. Əmr Müdafiə Nazirliyinin hüquq idarəsi ilə razılaşdırılaraq heç bir düzəliş, dəyişiklik aparılmadan imzalanmışdır. Nəticədə onun vəzifə maaşı qanuni əsas olmadan azalmışdır. 2023-cü ilin yanvar ayında müdafiə nazirinin müvafiq əmri ilə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddənin “j” bəndi ilə (öz arzusu ilə) N №-li hərbi hissənin şəxsi heyətin uçotu şöbəsinin rəisi “polkovnik” ştat kateqoriyası vəzifəsindən ehtiyata buraxılmış və pensiya hesablanmasında vəzifə maaşı 860 manatla hesablanmışdır. O, dəyişiklik nəticəsində əmək haqqının qanunsuz azaldıldığından və bu azaldılmanın pensiya hesablanmasına birbaşa təsir etdiyindən xəbərsiz olmuşdur. Rəsmi məlumat verilməməsi və müqayisə imkanın olmaması səbəbi ilə uzun müddət dəyişiklik nəticəsində maaşının qanunsuz azaldıldığını fərq etməmişdir. 2021-ci ildə maaşının azaldığını dərk etməmiş, mövcud halın hüquq pozuntusu olmasını 2025-ci ilin avqust ayında hüquq pozuntusunu gec başa düşdüyü nəzərə alaraq, həmçinin bu halın onun maddi təminatında itkilər, pensiya hesablanmasında mənfi təsir və ümumilikdə sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi nəticələrini görərək, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəsininə və Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisinə ərizə ilə müraciət etmişdir. Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2025-ci il tarixli, x/o 4/2- 5960 №-li cavab məktubunda onun xidmət yerinin dəyişdirilməsi zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarının aşkar edilmədiyi, inzibati aktın qəbulundan 2 ildən artıq müddət keçməsi və şikayət verilməsi ilə bağlı müddətin üzürlü səbəblərdən buraxılmadığı nəzərə alınaraq, N №-li hərbi hissədə müvafiq vəzifəyə təyin olunmaq barədə əmrin dəyişdirilməsinə hüquqi əsaslar müəyyən edilmədiyi bildirilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının iddia ərizəsi əsassızdır və mətndə qeyd olunan səbəblərə görə təmin edilə bilməz. İddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi mümkün sayıla bilməz. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndi ilə (bərabər vəzifəyə) xidməti zərurət ilə əlaqədar olaraq N №-li hərbi hissənin kadrlar şöbəsinin rəisi vəzifəsindən azad olunaraq N №-li hərbi hissənin kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçının mübahisəsi ondan ibarətdir ki, N №-li hərbi hissənin kadrlar şöbəsinin rəisi vəzifəsinin görə vəzifə maaşı ilə razılaşmaması ilə bağlıdır. İddiaçının vəzifə maaşı tutduğu vəzifəyə uyğun olaraq hərbi hissənin ştatında nəzərdə tutulmuş məbləğə görə ödənilib. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli, 22 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin 3.1-ci bəndinə əsasən: “Hərbi qulluqçulara vəzifə maaşları tutduqları vəzifələrə uyğun olaraq hərbi hissənin ştatında nəzərdə tutulmuş məbləğdə və ya tarif dərəcələrinə görə ödənilir”. İddiaçı 2021-ci il tarixdə həmin vəzifəyə təyin olunandan hər ay pul təminatı alıb və onun miqdarını bilib, çünki maaş kartı şəxsin özündə olur və oradan çıxarış etmək, həmçinin bununla bağlı müvafiq banka və ya xidmət etdiyi inzibati orqana müraciət etməklə məlumat toplamaq olar. Buna görə İddiaçı yalnız 2025-ci ildə (yanvar 2023-cü ildə ehtiyata buraxılıb), 2021-ci ilin yanvarından təyin olunmuş vəzifənin miqdarı barədə illərlə xəbərsiz olması, hətta ehtiyata buraxılandan 1 il 8 ay aydan sonra xəbər tutması barədə sözləri mötəbər sayıla bilməz. İddia müddətinin tətbiqi ilə bağlı bildirmək lazımdır ki, iddiaçı iddia müddətini xeyli ötürmüşdür. O, 2021-ci ildə təyin olunmuş vəzifə maaşı ilə razı olmaması ilə bağlı 2025-ci ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1101/2022 nömrəli qərarı (bəndlər 22-28) nəzərə alınmalıdır. Həmin qərara əsasən: “... iddianın mümkünlük (b.23) şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. ... Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslığının yoxlanılması istisna olunur, (b. 24)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, “inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərara alınır ki,... məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini ... yoxlamalıdırlar (2.3-cü bənd); ... Məhkəmənin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (... iddianın verilməsi müddətinə əməl olunması) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. İPM-nin 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində göstərilib ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-15996/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş müddətin bərpasına dair vəsatət təmin olunmamış və iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi və ya apellyasiya instansiya məhkəməsinin işə mahiyyəti üzrə baxaraq 980 manat vəzifə maaşının bərpa edilməsi və pensiya hesablamasının buna uyğun aparılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İnzibati Prosessual Məcəlləyə görə müddət şəxs hüququnun pozulduğunu bildiyi andan hesablanır. İddiaçı bu pozuntunu 2023-cü ildə ehtiyata buraxıldığı vaxt yox, yalnız 2025-ci ildə real şəkildə bilmişdir. Yəni müddət həmin tarixdən hesablanmalıdır. Bu mübahisə “davam edən hüquq pozuntusu” xarakteri daşıyır. Aşağı maaş əsasında pensiya hesablanması hər ay təkrarlanan pozuntudur, buna görədə müddət tətbiq oluna bilməz. Dövlət orqanı (Müdafiə Nazirliyi) yaratdığı səhvlərə görə müddət vətəndaşın ziyanına işləyə bilməz. Hazırlanan əmr hüquqi baxımdan yoxlanılsaydı, maaşın əsassız azaldılması dərhal aşkar edilərdi. Vəzifə eyni adda, eyni ştat kateqoriyasında olduğundan əmr onunla razılaşdırılmamışdır, məlumat verilməmişdir. İddiaçı heç vaxt pensiya hüququnun olduğu halda yuxarı vəzifə maaşı olan halda aşağı vəzifə maaşa keçirilməsini təsdiq etməmişdir. Ona izah verilməyib, əmrin nəticələri izah edilməyib. Əmr yenidən redaksiyaya təqdim olunarkən “xidməti mənafeyi nəzərə alınmaqla əvvəlki vəzifə maaşı saxlanılmaqla” sözləri qeyd edilməli idi. Hərbi qulluqçu xidmətin tələbi ilə bərabər vəzifəyə keçirilirsə, əvvəlki maaşın saxlanılması qanuni tələbdir. Pensiya onun və ailəsinin əsas dolanışıq mənbəyidir. Bu iş yalnız formal hüquqi məsələ deyil, həm də sosial ədalət məsələsidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli iddiaçıya məxsus olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə doğulmuşdur; EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli N nömrəli əmrinə və “HXH” əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır; 7489748 nömrəli Əmək kitabçasının surətindən görünür ki, müdafiə nazirinin xx.xx.2021-ci tarixli, 0117 nömrəli əmri ilə N nömrəli hərbi hissənin Kadrlar Şöbəsinin rəisi vəzifəsindən N nömrəli hərbi hissənin Kadrlar Şöbəsinin rəisi vəzifəsinə keçirilmiş, müdafiə nazirinin N nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı xx.xx.2023-cü il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır; N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Şəxsi heyətin uçotu şöbəsinin (Q1) rəisi polkovnik İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2023-cü ilin hesabından 45 (qırx beş) təqvim gün müddətinə növbəti məzuniyyət verilməklə, xx.xx.2013-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə göndərilmişdir. Apellyasiya icraatı zamanı verilmiş sorğuya cavab olaraq: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli 14/2-130 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası müdafiə nazirinin 20 yanvar 2021-ci il tarixli müvafiq əmri “məxfi qrifli” olduğu üçün Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2025-ci il tarixli 2-1(103)-5095/2025 nömrəli məktubunun icrasını təmin etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunaraq, iddia müddətləri ötürülmüş, bununla da iddiaçı həmin əmri mübahisələndirmək imkanını itirmişdir. İddiaçı tərəfindən əmrin (Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021ci il tarixli əmri) mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasından 4 (dörd) ildən artıq bir müddət keçdiyindən həmin müddət bərpa oluna bilməz. İddiaçının iddia ərizəsində qeyd etdiyi digər tələblər də mübahisələndirilən əmrin nəticələrindən irəli gəldiyindən iddia digər hissələrdə də mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, müdafiə nazirinin xx.xx.2021-ci il tarixli əmti ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 78-ci maddəsinin “b” bəndi ilə (bərabər vəzifəyə) xidməti zərurət ilə əlaqədar olaraq N №-li hərbi hissənin kadrlar şöbəsinin rəisi vəzifəsindən azad olunaraq N №-li hərbi hissənin kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçının mübahisəsi həmin əmrlə təyin edildiyi vəzifəyə görə ona ödənilmiş vəzifə maaşı ilə bağlıdır. Başqa sözlə, iddiaçının tələbləri bilavasitə həmin əmrin mübahisələndirilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan əmr istər xidmətin xüsusiyyətləri baxımından, istərsə də iddiaçının hərbi hissənin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışması baxımından ona qəbul edildiyi ərəfədə məlum olmuşdur. Lakin həmin əmrin mübahisələndirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası bildirir ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. Lakin iddiaçı prosessual müddətin hər-hansı üzrlü səbəbdən ötürüldüyünü iddia ərizəsində əsaslandıra bilməmişdir. Qeyd edilməlidir ki, qüvvədə olan qanunvericilik (İPM-in 38.1-ci maddəsi) belə aktların mübahisələndirilməsi (dəyişdirilməsi və ya ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. İddiaçı isə 5 ilə yaxın iddia müddətini ötürmüşdür. O da nəzərə alınmalıdır ki, qanunvericiliyə əsasən müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına yol verilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-15996/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-15996/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-5095/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-5095/2025
11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver